Qərb Poroşenkonu, yoxsa Saakaşvilini dəstəkləyəcək?
Ukraynada sonuncu "Maydan” hadisələrindən sonra siyasi qalmaqallar
bir-birini əvəzləməyə başladı. Hətta Gürcüstanın keçmiş prezidenti Mixail
Saakaşvili Odessa vilayətinin qubernatoru oldu. Lakin Ukraynada ard-arda siyasi
kataklizmlər dünya mediasının gündəmini zəbt etməyə başladı. Hətta bu günlərdə
M.Saakaşvili ilə bağlı baş verən hadisələr yeni siyasi böhrana gətirib çıxarıb.
Ukrayna hüquq-mühafizə orqanlarının keçmiş qubernator Saakaşvili ilə bağlı
atdığı addımlar isə Qərbin heç də diqqətindən kənarda qalmayıb. Hətta bu
bəyanatlarda açıq şəkildə olmasa belə, Saakaşvilinin dəstəkləndiyi hiss edilir.
Halbuki, indiki prezident Poroşenko məhz Qərbin dəstəyi ilə iqtidara gəlib.
Belə olduqda bir çox suallar ortaya çıxır: hazırda Ukraynada nə baş verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, hazırda Ukraynada baş
verənlər, sözün əsl mənasında, "demokratik” eksperimentdir: "Yəni, "Maydan”
hərəkatı başlayanda Yanukoviç istefa verərək ölkəni tərk etdikdən sonra
iqtidarı ələ keçirmiş qüvvələr özbaşınalıq vasitəsilə hakimiyyəti bölməyə
başladılar. Eləcə də daxildə bir çox prosesləri yöndəmsiz şəkildə idarə
etdilər. Bu vəziyyətdən istifadə edən Qərbin siyasi dairələri addım-addım
Ukraynaya müəyyən qüvvələr yeritməyə başladılar ki, özləri üçün proseslərin bu
və ya digər tərzdə getməsini təmin etsinlər. Əslində bu gün bizim Ukraynada
müşahidə etdiyimiz proseslərin bir çoxu ilk dəfə baş verir. Rəngli inqilabların
sxemini daha çox xarici qüvvələr tətbiq edir. Ukraynada daha çox ABŞ Dövlət
Departamenti, eləcə də Qərb dövlətlərinin siyasi elitaları faktiki olaraq öz
modellərini sınaqdan keçirirlər. Hakimiyyətdə olan qüvvələr də bundan istifadə
edib, öz korporativ maraqlarını təmin etməyə başlayıblar. Məsələn, Ukrayna
daxili işlər naziri vəzifəsində oturmuş Arsen Avakov bilavasitə siyasi
prosesləri həm qarışdırır, həm də özü bu proseslərdə "kölgə adam” kimi
moderatorluq edir. Bu isə artıq yolverilməzdir. Çünki güc strukturlarında olan
rəhbər işçilərin siyasi proseslərə qatılmasını dəstəkləmək olmaz. Bütün
zamanlarda dünyanın hər bir ölkəsində qaydalar belə olub. Siyasət siyasi
dairələrin işidir. Biz görürük ki, Yanukoviç dövründən sonra Qərb dünyası
faktiki olaraq, dalğavari bir tərzdə öz namizədlərini Ukraynaya yerləşdirməkdə
davam edir”.
T.Abbasov qeyd etdi ki, M.Saakaşvili, belə desək, inqilabi və
demokratik desantın nümayəndələrindən biridir: "O təsadüfən Gürcüstanda vaxtı
ilə baş vermiş "qızılgül inqilabı”nın prinsiplərini Ukraynada yeritmir. Məsələ
ondadır ki, vaxtı ilə Litvadan, Latviyadan, Polşadan, Slovakiyadan, ABŞ-dan və
digər ölkələrdən bir neçə biznesmen, siyasi fiqur hakimiyyətdə olan komandalara
daxil edildilər. İndiyədək də onların bir çoxu fəaliyyətdədir. Ancaq reallıqda
Ukraynada hərc-mərclik müşahidə edirik. Prezident, baş nazir və Ali Rada hərəsi
bir tərəfə çəkir, bir nöqtəyə vurmurlar. Onlarında arxasından boylanan oliqarxiya
da var. Oliqarxlar isə siyasi cərəyanlarla yaxından sövdələşirlər, birgə
planlar qururlar. Nəticədə də bütün bu bəlalı vəziyyətin ağırlığı Ukrayna
cəmiyyətinin üzərinə düşür. Çünki siyasi proseslərdə sistemlilik yoxdur. İstisna
etmirəm ki, yaxın vaxtlarda Ukraynanın cənub-şərqində olan separatizmin davamını
görəcəyik. Ona görə ki, burada rumınlar, slovaklar, macarlar, polşalılar da
məskunlaşıb. Bunlardan bəziləri artıq muxtariyyət məsələsini gündəmə gətirə
bilərlər. Bu da ondan qaynaqlanır ki, mərkəzi hakimiyyət diqqəti strateji yox,
taktiki məsələlərə yönəldib. Nəticə etibarı ilə bu da Ukraynanın dövlətçiliyi,
gələcəyi üçün təhlükəli və arzuolunmaz haldır. Mərkəzi hakimiyyət özündə güc
tapıb hadisələrə nəzarəti öz üzərinə götürə bilsə, hərc-mərcliyin qarşısı
alınar. Hələ ki, bunun işartılarını görmürük. Görürük ki, xaos Ukraynada baş
alıb gedir və ölkənin gələcək müqəddəratı çox dumanlıdır”.
Politoloq Qabil Hüseynli isə güman
etmir ki, M.Saakaşvili Qərbin yeni planının bir hissəsidir: "Ukraynada yeni bir
"Maydan” hərəkatının başlanması və Qərbin bunu dəstəkləməsi tamamilə mümkün
olmayan məsələdir. Çünki burada qarışıqlıq olsa, daxili sabitlik pozulsa, bu,
Rusiyanın dəyirmanına su tökmək kimi bir şey olardı. Ola bilməz ki, bunu
aparıcı dövlətlərin beyin mərkəzləri düşünməsin və Saakaşvili kimi rasional bir
adama dəstək versin, onun vasitəsilə Ukraynadakı siyasi vəziyyəti dəyişsin. Bu,
mümkün deyil. Demirəm ki, Ukraynada hər şey qaydasındadır. Amma məsələ
burasındadır ki, bu dəfə də sabitlik pozulsa, ölkə tamamilə Rusiyanın cənginə
keçəcək. Lakin bu, baş verməyəcək. Saakaşvili də özünün avantürist
hərəkətlərinə görə hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq”.
Q.Hüseynli əlavə etdi ki, Saakaşvilinin ətrafında olan insanların
çoxu Rusiya xüsusi xidmət orqanlarının adamlarıdır: "Vaşinqtonda bunu bilməmiş
deyil. İndiki halda Saakaşvilinin başlatdığı hərəkat Ukraynaya ziyandan başqa
bir şey gətirmir və yalnız Rusiyanın mənafelərinə xidmət edir”.
Bəxtiyar MƏMMƏDLİ