• çərşənbə, 24 Aprel, 04:17
  • Baku Bakı 14°C

Qərb məhkəmələrinin qurbanları

07.04.15 05:51 972
Qərb məhkəmələrinin qurbanları
Hakimlərin yarıtmaz fəaliyyəti nəticəsində insanların qanunsuz olaraq həbsxanalarda çürüməsinə dair çoxsaylı faktlar var
Son illər Qərbin, xüsusən də Birləşmiş Ştatların məhkəmə və penitensiar sistemlərinin fəaliyyətində, həmçinin ölkənin qanunvericilik praktikasında çoxsaylı problemlər qeydə alınır. Özünü dnyanın ən ədalətli məhkəmə və hüquq-mühafizə sisteminə malik dövlət kimi təqdim edən ABŞ-da da bu sahədə ciddi problemlərin olduğu üzə çıxır. Məsələn, bu günlərdə Amerika Birləşmiş Ştatlarının Alabama ştatında həbsxanada təxminən 30 il edam cəzasını gözləyən şəxsin azadlığa buraxılması əsl şok effekti yaşatdı. “BBC” telekanalı xəbər verir ki, 58 yaşlı Entoni Rey Hinton 1985-ci ildə Birmingem şəhərində iki restoran menecerinin qətlində günahkar bilinərək ölüm cəzasına məhkum olunmuşdu. Bütün bu illər ərzində məhkum günahkar olmadığını iddia edib. Nəhayət, keçən il onun işinə yenidən baxılması qərara alınıb. Yeni kriminal ekspertiza zamanı mütəxəssislər qətl yerindəki güllələrin Hintonun evində tapılmış revolverə aid olduğunu sübut edə bilmədiyindən məhkəmə işi bağlamaq məcburiyyətində qalıb. Hintonun vəkili Brayan Stivenson müştərisinin mühakimə olunmasının səbəbini onun yetərli hüquq məsləhəti ala bilməməsi ilə izah edib. Bu, ədliyyə sistemindəki problemlərlə bağlı rast gəlinən yeganə fakt deyil. ABŞ-da etmədiyi cinayət üzündən 39 il günahsız yerə həbs yatan Riki Cekson nümunəsi də var. O, bununla bağlı açdığı təzminat davasını qazanıb. ABŞ məhkəməsi 39 il etmədiyi cinayət üzündən dəmir barmaqlıqların arxasına atılan Ceksona 1 milyon dollar təzminat ödənməsinə qərar verib. Ötən ilin noyabrında Riki Ceksonun etmədiyi bir cinayətdən görə 39 il həbs cəzasına məhkum edildiyi aydınlaşmış və o, sərbəst buraxılmışdı. ABŞ hüquq tarixinə qara bir ləkə olaraq düşən bu qərar səbəbilə R.Cekson təzminat davası açmışdı. Məhkəmə ABŞ Ədliyyə Nazirliyinə qarşı açılan təzminat davasını təmin edib. Məhkəmənin qərarının eşidən Cekson “Voov, bu çox ecazkar bir qərardır” deyib.
Qeyd edək ki, 59 yaşlı Riki Ceksona 1975-ci ildə 13 yaşlı bir uşağın şahidliyi ilə 39 il həbs cəzası verilmişdi. İndi 57 yaşı olan Cekson ABŞ-da təqsirsiz halda ən uzun müddət həbsxana həyatı yaşayan şəxs kimi tarixə keçəcək. Ötən həftə 53 yaşına çatan yalançı şahid Eddi Vernon kilsəyə gedərək uşaq vaxtı etdiyi bu əmələ görə rahibdən bağışlanmasını istəyib. O, etirafında cinayət baş verən anda hadisə yerində olmadığını, məktəb avtobusunda olduğunu bəyan edib. Bunun ardınca, polis idarəsinə yollanan E.Vernon hər şeyi olduğu kimi etiraf edib. Köhnə işi yenidən qaldıran məhkəmə R.Ceksonun təqsirli bilinməsində başqa heç bir sübutun olmadığını və sabiq şahidin səhv ifadə verdiyini nəzərə alaraq, onun azadlığı barədə qərar verib.
Şimali Karolina həbsxanasında 30 il yatan şəxslərin günahsız olduğu da məlum olub. 30 il məhkumluq həyatı yaşayan şəxslər məhkəmə tərəfindən günahsız elan olunaraq sərbəst buraxılıb. Belə ki, Henri Mak-Kollum və Leon Braun qardaşlarının regional məhkəmə tibbi ekspertizasının DNT analizləri nəticəsində günahsız olduqları sübuta yetirilib. Qardaşların əqli qüsura malik olduqları bildirilir. Qeyd edək ki, onlar 1984-cü ildə 11 yaşlı qızın zorlanması və qətlə yetirilməsində təqsirli bilinərək edam və ömürlük həbs cəzalarına məhkum ediliblər. Bildirək ki, 1983-cü ildə Robeson rayonunda qətlin törədildiyi yerdə tapılan siqaret kötüyünün DNT analizindən keçirilməsi zamanı aşkar edilib ki, əsl qatil isə qətlin törədildiyi yerin yaxınlığında dayanan şəxs imiş. İndi 74 yaşı olan həqiqi cinayətkar törətdiyi başqa bir cinayət əməlinə görə, ömürlük həbs həyatı yaşayır. Günahsız məhkumlarının işinə baxan prokuror Ken Rozun sözlərinə görə, iki əqli qüsura sahib olan gənci törətmədikləri bir işdə ittiham edərək ömürlərinin 30 ilini əllərindən alan ABŞ-ın ədalət sistemi həqiqətən ürəkağrıdıcıdır. 1973-cü ildən indiyədək ABŞ-da 150 nəfər səhvən məhkum edilmiş şəxs azadlığa buraxılıb. Özü də belə hallara tək Birləşmiş Ştatlarda deyil, Avropada da rast gəlinir. Konkret olaraq Almaniyadan danışsaq, buradan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) gedən şikayətlərin və hüquqları Almaniya məhkəmələri tərəfindən pozulan şikayətçilərin udduğu proseslərin sayı xüsusilə artıb. Ən geniş yayılan şikayətlər məhkəmə araşdırması uzun müddət davam edən işlərlə bağlı olanlardır. Belə ki, AİHM-ə müraciət edən Almaniya vətəndaşlarının 51 faizi istintaq prosesinin uzanmasından şikayətçidirlər. Almaniya əsas hüquq və azadlıqların pozulmasına görə AİHM tərəfindən təkcə 2010-cu il ərzində 26 dəfə günahkar elan olunub. Ağır cinayətlər törətmiş təhlükəli şəxslərin həbs cəzasını çəkib qurtarandan sonra da ədliyyə orqanları tərəfindən azadlığa buraxılmaması ilə bağlı faktlar var. Belə ki, onların azad olunması cəmiyyət üçün təhlükə törətməkdə davam edirdi. AİHM bu qayda və təlimatı nəzərdən keçirməyi alman qanunvericilərinə bir vəzifə olaraq tapşırıb.
Almaniya Konstitusiya Məhkəməsinin AİHM-in qərarlarının alman məhkəmələri üçün məcburi xarakter daşımaması haqdakı hökmünü də biabırçı və yolverilməz fakt saymaq olar. Bundestaqın rüsvayçı qərarı da Almaniyada böyük qalmaqala səbəb oldu. Ölkə parlamenti müxalifətin və yerli ictimaiyyətin etirazlarına, beynəlxalq təşkilatların tənqidi mövqelərinə baxmayaraq, Federal Kriminal Polis İdarəsi haqqında qanunu 2009-cu il noyabrın 12-də hakim koalisiyanın səs çoxluğu ilə qəbul etdi. Bu qanun məhkəmə qərarı olmadan on-line axtarışlar aparmağa, həmçinin heç bir günahı olmayan vətəndaşların ev və mənzillərini video və audio müşahidə altında saxlamağa icazə verir. Almaniyanın penitensiar sistemində də ciddi problemlər var. Belə ki, Almaniyanın İşgəncələrin Qarşısının Alınması üzrə Federal Komissiyası rəsmi Berlini məhbusların, o cümlədən deportasiya həbsxanasına salınan şəxslərin saxlanma şəraitinin lazımi səviyyədə olmamasına görə 2011-2012-ci illər ərzində müntəzəm surətdə ittiham və tənqid edib. Nasistlərin hakimiyyəti dövründə gestaponun xüsusi məhbəsi olmuş Frankfurtdakı deportasiya həbsxanasındakı vəziyyət xüsusilə böyük narahatlıq doğururdu. Barəsində deportasiya qərarı verilmiş immiqrantların saxlandığı bu həbsxananın kameralarındakı dəhşətli şərait ölkənin ictimai rəyini və vətəndaş cəmiyyətini daha çox narahat edirdi. Frankfurt şəhər rəhbərliyi bu həbsxananın fəaliyyətinin dayandırılması ilə bağlı saysız-hesabsız müraciət, tənqid və tələblərdən sonra və Almaniya Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında nəhayət ki, 2005-ci ildə bu barədə qərar verməli oldu.
Kamran
banner

Oxşar Xəbərlər