• şənbə, 20 Aprel, 07:14
  • Baku Bakı 14°C

“Qərb Krımda Rusiyanın qabağını almasa...”

14.03.14 10:06 1915
“Qərb Krımda Rusiyanın qabağını almasa...”
Ukraynadakı Maydan hadisələri fevral ayının ikinci yarısında pik həddinə çatdı. Proseslərin gedişində Qərbin də dəstək verdiyi müxalifət hakimiyyəti ələ aldı, prezident Yanukoviç ölkədən qaçdı. Ukraynanı itirmək istəməyən Rusiya buna cavab olaraq Krım Muxtar Respublikasına hərbi müdaxilə etdi. Bu arada Ukraynanın baş naziri Arseniy Yatsenyuk mətbuata açıqlama verərək deyib ki, Rusiya prezidenti Vladimir Putinin birinci ssenarisi Krımı bu və başqa formada ələ keçirmək, ardınca isə paytaxt Kiyevi və bütün ölkəni işğal etməkdir. Ukraynada baş verən hadisələr, Krıma hərbi müdaxilə, Qərbin bu proseslərdə rolu və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, əgər Qərb Rusiya ilə mübarizədə Ukraynanı köməksiz qoysa, bu regiondakı proseslərə necə təsir edər?
- Gürcüstan ərazilərinin ardınca Krımın da işğal olunması Rusiyanın Qərbə meydan oxuması sayılır. Sanki Rusiya bununla Çar dövrünün siyasətini həyata keçirir, harada nə görürsə, qamarlamağa çalışır. Əgər Qərb Krımda Rusiyanın qabağını almasa, Kremlin iştahası bir qədər də artacaq. Hələlik Qərb gözləmə mövqeyindədir, referendumu gözləyir. Krımdakı referendumdan sonra ikinci mərhələdə Rusiyanın başı çox ağrıyacaq. Çünki Qərb başa düşəcək ki, Rusiyanın bu iştahasının qarşısı mütləq alınmalıdır. Bu da müəyyən sanksiyalardan ibarət olacaq. Fikir verin, Krıma müdaxilə olunan zaman rublun məzənnəsi aşağı düşdü və Rusiya təxminən 50-60 milyard dollar itirdi. Bu, bilirsiniz nə deməkdir? Rusiya Soçidəki olimpiadaya 60 milyard dollar xərcləmişdi. Amma bir gün içində bu qədər vəsaiti itirdi. Digər tərəfdən, Vladimir Putin Soçi olimpiadası ilə Rusiyanın beynəlxalq nüfuzunu, imicini yüksəltmək istəyirdi. Krımı işğal etməklə Kremlin bu istəkləri boşa çıxdı. Ona görə də Krımdakı referendumdan sonra Qərbin Rusiyaya qarşı müəyyən sanksiyalarının işə düşməsi gözləniləndir. Ancaq bu, o demək deyil ki, Avropa ölkələri Rusiya qazından imtina edəcəklər. İstər-istəməz ABŞ, Avropa ölkələri Rusiyanın son siyasətindən qorxublar. Onlar əllərindən gələni edəcəklər ki, Rusiya getdikcə zəifləsin. Bu təhlükə gec-tez Rusiyanı gözləyir. Çünki sovetlər birliyi Qərblə iqtisadi əməkdaşlıq etmədən də yaşaya bilirdi. Amma indi Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatı ilə inteqrasiya edib. Bu baxımdan, əgər müəyyən qədər sanksiyalar işə düşsə, bank əməliyyatlarında məhdudiyyətlər qoyulsa, Rusiya iqtisadiyyatında çox böyük təlatümlər yaşanacaq. Bütün bunları nəzərə almayan Kreml hazırda Krımı işğal edib “qələbəsini” qeyd edir. Lakin düşünmürlər ki, bu, “pir” qələbəsidir. Krımın ayaq üstə tutulması, yaşaması üçün Rusiya il ərzində 10 milyard dollara yaxın vəsait xərcləməlidir. Bunları nəzərə alaraq hesab edirəm ki, ikinci mərhələdə Rusiyanı çox ağır durum gözləyir.
- Krımın Rusiya tərəfindən işğal edilməsi Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə təsir göstərə bilər?
- Rusiya gələcəkdə separatçılara birbaşa dəstəyini artıra bilər. Ermənistan tərəfdən mütəmadi pozulan atəşkəsdən istifadə edən Rusiya Dağlıq Qarabağ separatçılarına dəstək verə bilər. Ona görə də özümüz bu məsələlərdə son dərəcə diqqətli olmalıyıq, ermənilərin və Moskvanın əlinə hər hansı bəhanə verməməliyik. İntensiv şəkildə atəşkəs pozularsa, ermənilər bunu əsas gətirib Rusiyadan açıq dəstək istəyə bilərlər. Bu gün erməni cəmiyyətində müzakirə olunan məsələlərdən biri də Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədlərində olduğu kimi Ermənistan-Azərbaycan sərhədlərində də rus qoşunlarının yerləşdirilməsidir. Bu da ermənilərin növbəti təxribatı, Kremli öz oyunlarına qatmaq istəyidir. Faktiki olaraq biz, Ermənistan-Rusiya ittifaqı ilə üz-üzə qalmışıq. Bölgədə növbəti dəfə müharibə başlasa, biz bu ittifaqla savaşmalı olacağıq.
- Azərbaycan cəmiyyətinin, xüsusən də müxalifətin Krımda baş verən hadisələrə münasibəti qaneedicidirmi?
- Fikrimcə, daha isti münasibət sərgiləmək olardı. Ukraynanı çox ciddi şəkildə dəstəkləməliyik. Hər şeydən öncə bu ölkə bizim strateji tərəfdaşımızdır. GUAM-da bir yerdəyik. Bundan başqa Krım tatarlarının çağırışlarına da həssaslıqla yanaşmaq lazımdır. Düzdür, qarşıda Rusiya amili var və bundan hər kəs ehtiyatlanır. Amma balansı qorumaq şərti ilə mövqeyimizi ortaya qoymalıyıq. Çünki səhəri gün eyni problemlə biz də üzləşəndə haqqımız olmalıdır ki, beynəlxalq aləmdən dəstək istəyə bilək.
- Rusiyanın Krıma müdaxiləsindən sonra baş nazirin sabiq birinci müavini Abbas Abbasovun fikirləri mətbuatda yer aldı. Siz onun hadisələrə yanaşmasını necə qarşıladınız?
- Abbas Abbasov baş nazirin birinci müavini olsa da, “İstiqlal” ordeni alsa da, son açıqlamasında Rusiyanın maraqlarından çıxış etdi. Bu adam öz ətrafı ilə birlikdə Rusiyada lobbi təşkilatı yaradıb. Amma indiyə qədər eşitməmişəm ki, hansısa ciddi layihəni ortaya qoysunlar, Rusiyada yaşayan hansısa azərbaycanlının problemini həll etsinlər. Rus xüsusi-xidmət orqanları Şəmkir sakinini cinayət törətməkdə ittiham edəndə, ona qarşı alçaldıcı rəftara yol verəndə də Abbas Abbasovun təmsil etdiyi təşkilatın hər hansı mövqeyini görmədim. Faktiki olaraq Abbas Abbasov Rusiya iqtidarının, hakimiyyətinin mövqeyindən çıxış edir. Onun son açıqlaması isə son dərəcə ruspərəst, kremlpərəst idi. Rusiyanın Ukraynanı parçalamasına, Krımı işğal etməsinə haqq qazandırmaq buna əyani sübutdur. Bu məntiqlə yanaşsaq, Abbas Abbasov Rusiyanın Ermənistana hərbi-siyasi dəstək verməsinə, Dağlıq Qarabağın işğal olunmasına da haqq qazandırmış olur. Hesab edirəm ki, Kremlin sifarişlərini yerinə yetirən bu adamdan “İstiqlal” ordeni geri alınmalı, belə əməllərini təkrar edəcəyi təqdirdə isə onun vətəndaşlıq məsələsi də gündəmə gətirilməlidir.
- Ukraynadakı proseslər, Krıma rusların müdaxiləsi kimi gərgin hadisələrin fonunda Azərbaycanda dini meyllərlə bağlı məsələlər aktuallaşıb. Buna münasibətiniz necədir?
- Dini meyllərlə əlaqəli məsələ hər zaman aktualdır. Hazırda müxtəlif dini cərəyanlar özünü göstərməkdədir. Azərbaycan müstəqillik qazandıqdan sonra İranın təsirlərindən, radikal şiəlikdən danışırdıqsa, indi onun üzərinə iki dini cərəyan da əlavə olunub. Bunlar nurçuluq və sələfilərdir. Getdikcə bu dini cərəyanlar arasında radikallaşmanın sezilməsi Azərbaycan üçün təhlükələr vəd edir. Sələfilərin bir qismi leqal fəaliyyət göstərir, öz sosial qayğıları ilə məşğul olurlar. Onlara aydındır ki, Azərbaycan Konstitusiyası hər kəsə din-vicdan azadlığı verib. Amma onların içərisində elələri var ki, radikallaşır, silaha əl atır, başqa ölkələrdəki savaşlara qatılırlar. Bunlar Azərbaycan üçün təhlükədir və qanunlar çərçivəsində onlara qarşı tədbirlər görülməlidir. Çox yaxşı haldır ki, artıq bu məsələ Milli Məclis səviyyəsində müzakirə olunur, terrora, terrorçuluğa qarşı qanunlar daha da sərtləşdirilir. Nurçulara gəlincə, onlar arasında da leqal və illeqal fəaliyyət göstərənlər var. Pullu təhsil olsa belə, nurçuların məktəblər, universitetlər yaratması, yüksək təhsil verilməsi çox yaxşı haldır. Amma onların Türkiyə misalında illeqal fəaliyyətləri də müşahidə edilməkdədir. Türkiyədə nurçular dövlətə paralel dövlət yaradıblar. Bir hərəkat ki, din amilini kənara qoyub siyasi proseslərə qarışır, nazirləri dinləyir və bunları öz tabeliyindəki media qurumları vasitəsilə yayırsa, bu artıq dini hərəkat deyil, masonluqdur. Rəcəb Təyyub Ərdoğanın fikri ilə razıyam ki, əgər nurçular din pərdəsi altında belə işlərlə məşğuldurlarsa, o zaman siyasi partiya yaradıb fəaliyyət göstərmələri daha məqsədəuyğundur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər