• şənbə, 20 Aprel, 01:19
  • Baku Bakı 15°C

Qənnadı və şirniyyat məhsullarımız dünya bazarlarında

27.11.18 20:33 3327
Qənnadı və şirniyyat məhsullarımız dünya bazarlarında
Azərbaycanın "Can-Pa" qənnadı şirkəti 2019-cu ildə məhsullarının Rusiya, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə ixracını təşkil etmək niyyətindədir. Bu barədə Trend-ə şirkətin marketinq üzrə direktoru Günay Xələfzadə deyib. Onun sözlərinə görə, hazırda "Can-Pa" xaricə mal tədarük etmir, lakin şirkət öz məhsullarının təşviqi və ixrac müqavilələrinin imzalanması üçün sərgilərdə fəal iştirak edir.
G.Xələfzadə xatırladıb ki, "Can-Pa"nın məhsulları – rahatluqum, marmelad, draje konfeti, həmçinin noğul Daşkənddə UZPRODEXPO qida sərgisində nümayiş etdirilib: "Özbəkistan bizə yaxın ölkə olduğu üçün bu istiqamətdə ixrac təşkil etmək istəyirik. Biz UZPRODEXPO-nun təşkilatçılarına müraciət edərək 21-23 noyabr tarixlərində keçirilmiş sərgidə öz stendimizi açmışdıq”.
Marketinq üzrə direktor qeyd edib ki, 2019-cu ildə şirkət yerli istehsalı artırmaq, bununla da Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bazarlarına çıxmaq niyyətindədir: "Şirkətimiz 2018-ci ilin 5-9 fevralında AzPromo-nun dəstəyi ilə Moskvada "Prodekspo" sərgisində iştirak etdi. 2019-cu ilin 17-21 fevralında isə Dubayda 24-cü "Gulfood" sərgisinə qatılmağı planlaşdırır”.
Onun sözlərinə görə, şirkət Özbəkistana ixrac həyata keçirmək üçün sertifikat alıb, hazırda isə Moskvaya tədarükün təşkili ilə bağlı danışıqlar aparılır. Xatırladaq ki, "Can-Pa" MMC 2003-cü il martın 18-dən fəaliyyət göstərir. Qənnadı şirkəti həm istehsalatla, həm də pərakəndə satışla məşğuldur.
Bəs görəsən şirniyyatlarımızın xarici bazarlara çıxış potensialı hansı səviyyədədir? Bu imkanları artırmaq üçün nələr edilməlidir?
İqtisadçı eskpert Pərviz Heydərov bildirdi ki, son illər ərzində ölkəmizdə qeyri-neft sektorunun inkişafına diqqət yetirilir: "Hökumətin əsas strategiyalarından biri qeyri-neft məhsullarının ixracını genişləndirməkdir. İxracın genişlənməsi üçün isə ilk növbədə bu sahənin inkişaf etdirilməsi və istehsalın artması tələb olunur. Çünki qeyri-neft sektoru elə bir sahədir ki, təkcə daxili bazara işləyə bilməz. Düzdür, ilkin şərt istehsal olunan məhsulların daxili bazarı təmin etməsidir. Yerli qida və yüngül sənaye məhsullarının ixracını genişləndirmək üçün tələb olunan əsas şərt bu məhsulların rəqabətə davamlılığını artırmaqdır. Yalnız bu halda biz xarici bazarlara məhsul ixrac edə bilərik. Hazırda Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasındadır. Kiçik bir ölkə olan Azərbaycanın ixrac potensialı kifayət qədər böyükdür. Hələlik maşınqayırma, elektronika kimi irihəcmli məhsulların ixracı və yaxın perspektivdə xarici bazarlara çıxış imkanları o qədər də böyük deyil. Çünki bu məhsulların yerli istehsalının təşkilinə nail olmaq mümkün deyil. Bu mənada qida və yüngül sənaye məhsullarının ixracını artırmaq olar. Ona görə də indiki halda bu tip məhsulların ixracını genişləndirmək çox vacibdir. Azərbaycan yeyinti məhsullarının dünya bazarlarına çıxış imkanları olduqca genişdir. Bu siyahıya qənnadı və şirniyyat, emal olunmuş kənd təsərrüfatı məhsulları da daxildir. Biz qeyd olunan sahə üzrə daxili istehsalı tam təmin etməklə yanaşı, xarici bazarlara da çıxış əldə edə bilərik. Sadəcə olaraq həmin işlə məşğul olan şirkətlərin fəaliyyətləri təşviq olunmalıdır. Xarici investisiyalar da yatırıla bilər. Belə ki, xarici sərmayədarlarla birgə bu tip müəssisələrin fəaliyyətini genişləndirmək olar. Hesab edirəm ki, sözügedən istiqamətdə stimullaşdırıcı tədbirlərə ciddi ehtiyac var. Əgər müvafiq addımlar atılarsa, qısa müddət ərzində qida və geyim məhsullarının bütün çeşidləri üzrə ixracımızı genişləndirə bilərik”

İqtisadçı alim Vüqar Bayramov söylədi ki, Azərbaycanda istehsal olunan şirniyyat və qənnadı məhsullarının körfəz ölkələrinə ixracını təşkil etmək olar: "Xüsusilə şəkərbura, paxlava kimi milli şirniyyat növlərimizin ixrac imkanları kifayət qədər genişdir. Çünki onlar öz spesifikliyinə görə xarici bazarlarda diqqət cəlb edə bilir. Körfəz ölkələrində Azərbaycan qənnadı və şirniyyat məhsullarına tələb kifayət qədər yüksəkdir. Bununla yanaşı, qeyd edim ki, qida məhsullarımızın təkcə körfəz ölkələrinə deyil, o cümlədən Avropa bazarlarına da ixracını təmin edə bilərik. Bu mənada ixrac imkanlarımız kifayət qədər genişdir. Əsas məsələ məhsullarımızın yeni bazarlara çıxışını təmin etməkdir. Sahibkarların xarici bazarlara çıxış imkanlarını artırmaqla onların fəaliyyətini təşviq etmək çox mühüm məsələdir. Çünki ixracın şaxələndirilməsi və artırılması üçün yeni bazarlara çıxış çox vacibdir. Bununla yanaşı, məhsulların tələb olunan standartlara cavab verə bilməsi də əsas məqamlardan biridir. Hesab edirəm ki, sahibkarların fəaliyyətinin təşviq edilməsinə ciddi ehtiyac var. Şirniyyat məhsullarının xarici bazarlara çıxarılması ilə bağlı sahibkarların məlumatlandırılmaya ehtiyacı var. Bu isə son nəticədə Azərbaycanın daha geniş və yeni bazarlara öz məhsullarını çıxarmasına şərait yaradır”.
Şəbnəm

banner

Oxşar Xəbərlər