• çərşənbə, 24 Aprel, 04:26
  • Baku Bakı 14°C

Qənimət Zahidin “mühacir” əməliyyatı

25.07.15 11:05 1860
Qənimət Zahidin “mühacir” əməliyyatı
Qohumlarını yanına aparmağı planlaşdıran bu şəxs saxtakarlıqlara xeyir-dua da verib
Deyəsən, mühacirətdə yaşayan Qənimət Zahid qohum-əqrəbası üçün darıxmağa başlayıb. Özü buraya gəlib onları görə bilmədiyinə görə Zahidovları öz yanına aparmağı planlaşdırıb.
Əvvəlcə məsələ haqda xəbər verək. Bu günlərdə sözügedən şəxsin 3 yaxın qohumu müxtəlif qanunsuz əməllərə görə polis tərəfindən saxlanılıblar və azmüddətli inzibati həbs cəzası alıblar. Bu mövzuda yenə də ən radikal mövqeni “Azadlıq” qəzeti sərgiləyir. Onlar bu mövzunu da fürsət bilib kəskin yazılarla çıxış edir, iqtidara böhtan atmağa çalışırlar. Hətta məsələyə müxtəlif şəxslərin (təbii ki, öz dostlarının) münasibətlərini də öyrənib tirajlayırlar.
AXCP sədrinin müavini Gözəl Bayramlı açıqlamasında deyib ki, guya hakimiyyət bu insanlara qarşı ölçüyəgəlməz şəkildə ciddi mübarizə aparır. Sonra isə özü öz dediyini təkzib edib və bildirib: “Qənimət bəyin qohumlarının siyasətə heç bir aidiyyəti yoxdur”.
Göründüyü kimi, cəbhəçilər Zahidovların yol verdiyi inzibati xətaları tam əks formada təqdim edib, bu məqamdan da hakimiyyətə qarşı qarayaxma kampaniyası kimi istifadə etmək istəyirlər. Bu məsələdə əsas hədəf isə Q.Zahidin qohumlarının da xaricə köçməsini təşkil etmək, guya bu ölkədə təqibə məruz qaldıqlarını nümayiş etdirməklə xaricdə sığınacaq almaq marağıdır. Faktiki olaraq, həmin şəxslər konkret maddələrlə ittiham olunaraq həbs olunublar. Maraq üçün qeyd edək ki, Q.Zahidin qardaşı oğlu Tural Zahidov iyulun 18-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirildiyinə görə polis idarəsinə gətirilib və ona 30 sutka cəza verilib. Onun əmisi oğlu Rövşən Zahidova isə 25 sutka inzibati həbs cəzası verilib. Rüfət Zahidov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi ilə ittiham edilir. Müxalif düşərgə isə vəziyyətə fərqli don geyindirməyə çalışmaqla özünü daha da gülünc duruma salır. Ən pisi isə odur ki, onlar bu mövzu ətrafında ciddi ajiotaj yaratmağa çalışır, beynəlxalq təşkilatları da bu işə cəlb etməyə çalışırlar. Məsələn, “Sərhədsiz Reportyorlar” təşkilatı onlara dəstək nümayiş etdirərək, Q.Zahidin qohumlarının həbs olunmasına etirazını bildirib. Deməli, bu təşkilat da unudub ki, heç kim heç nədən sığortalanmayıb və müxalif bir şəxsin qohumu olmaq heç kimə əlavə imtiyaz vermir. Əslində, müxaliflərin dəstəkçi axtarmalarına heç bir ehtiyac yoxdur. Onsuz da məsələlərdən az-çox xəbəri olanlar dərhal başa düşdülər ki, indi də Q.Zahid “mühacir biznesi”nə girişir və öz qohumlarına da “şərait yaratmağa” çalışır. Xəbəri olmayanlar üçün deyək ki, onun qohumları özləri polislərə müqavimət göstəriblər və bununla təzyiqə məruz qalmış imici yaratmağa çalışırlar ki, gələcəkdə bu faktdan istifadə edib xarici havadarlarına nümayiş etdirsinlər. Bundan sonra isə başqa ölkədə sığınacaq və müəyyən güzəştlər alsınlar. Bunun üçün heç tutarlı səbəb də tapmayıblar və 20-30 həftəlik inzibati cəzanı repressiya kimi təqdim etməyə çalışıblar. Əgər iqtidar sizin iddia etdiyiniz kimi amansız olsaydı və o şəxsləri doğrudan da təqib etsəydi, o zaman onları 20-30 həftəlik deyil, bir neçə illik həbs etdirərdi. Ona görə də bu söz-söhbətin, səs-küyün mühacirətə getmək üçün yaradılan bazadan başqa bir şey olmadığı gün kimi aydın olur. Buradan çıxan digər nəticə isə odur ki, deməli, AXCP-nin saxta mühacir biznesinin təşkilatçılıq məsuliyyətini bütünlüklə Q.Zahid üzərinə götürür. Onun bundan əvvəl Fikrət Hüseynli, Natiq Ədilov və digərləri ilə bu mövzuda iş birliyi çoxdan məlumdur. Deməli, sözügedən şəxs artıq bu işlə geniş şəkildə məşğul olmağa başlayıb. Ola bilsin ki, AXCP bu işə “qonşudan qalma dala” deyərək başlayıb və bu mövzuda Müsavatdan geri qaldığına görə ciddi narahatlıq keçirib. Xatırladaq ki, bir müddət öncə Müsavat Partiyasının saxta mühacir biznesi ilə məşğul olduğu haqda konkret faktlar yayılmışdı. Bu fürsətdən yararlanan şəxslər mühacirət üçün fırıldaqçı yollarla sənəd düzəltdiklərini etiraf etmiş, hətta ödədikləri pulun məbləğini də açıqlamışdılar. “Yeni Müsavat” qəzetinin hazırda İsveçrədə mühacir həyatı yaşayan sabiq əməkdaşı Elbəyi Həsənli isə daha dəhşətli faktlar və konkret adlar açıqlamışdı. Bildirmişdi ki, Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib. Belə arayışlar isə mühacirətə getmək üçündür: “Müsavat Partiyasının hazırda başında olan dəstənin bəzi üzvləri haqda əlimdə olan faktları jurnalist olaraq müstəqil şəkildə araşdırmağa başlayacağam. Bu faktlar isə dəhşətli bir iddianı ortaya qoyur. Müsavat Partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər. Hazırda Avropanın ayrı-ayrı ölkələrində miqrasiya xidmətləri bu cür saxta “müsavatçıları” aşkarlayıb və ciddi araşdırmalar gedir. Müsavatın konkret funksionerlərinin imzası olan saxta vəsiqə və arayışların bəzilərinin surətləri artıq bizim də əlimizdə var. Həqiqət qardaşlıqdan da irəlidədir. Müsavat Partiyasının hazırkı rəhbərliyi, xüsusi ilə də Arif Hacılı və Gülağa Aslanlı ortaqları qabaqdangəlmişlik edərək, özləri bəyanat yayıb “saxta mühacirləri ifşa etməyə” başlayıblar. Halbuki şəkilli arayışı 1500, şəkilsizi 800 manata satırlar. Bu işlə neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl, Vaqif Davud, Nemət Kərimli və bir neçə başqa rayon təşkilat sədrləri məşğul olaraq mühacirət biznesinə girişiblər. Şəxslərin adını partiyaya yazdırır, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya “müsavatçı” ixrac edirlər”.
Göründüyü kimi, artıq bu Müsavat bu işdə tək deyil və əzəli düşmən olan iki partiya bu işdə də bir-birinə “rəqib” olacaq.
H.Əsgər
banner

Oxşar Xəbərlər