• cümə axşamı, 28 mart, 22:00
  • Baku Bakı 13°C

Qələmlərinə güvənən gələcək jurnalistlər - Reportaj

28.09.18 09:30 3551
Qələmlərinə güvənən gələcək jurnalistlər - Reportaj
"Bu sahəyə marağım 8-9-cu sinifdən yaranıb. Ən böyük arzum "Xəzər Xəbər”də Xanım Yadigarlının yerinə keçməkdir”.

"5 yaşımdan bu peşəyə maraq göstərirəm. İndi özümü daha çox şoumen kimi görürəm. Azərbaycan teleməkanında bir çox dəyişikliklər etmək istəyirəm. Mən də Murad Dadaşovun yerinə keçmək istəyirəm”.

X.Yadigarlının yerinə keçmək istəyən Arzu Məmmədli, Murad Dadaşovun "çörəyinə göz tikən” isəƏkbər Mustafayevdir. Bu, təbii ki onların zarafatla etdikləri bir arzudur, amma həm də o deməkdir ki, iddialıdırlar, hələ ixtisasları üzrə təhsil almağa yeni başlasalar da.


Ölkə gündəmində olan hadisələri oxumalı

Bakı Dövlət Universitetində, jurnalistika fakültəsinin birinci kursunun "Jurnalistikaya giriş” dərsindəyik. Dərsi Akif Rüstəmov tədris edir. O, auditoriyaya daxil olan kimi, tələbələrlə xoş salamlaşma olur. Cəmi bir neçə gündür dərsə başlasalar da, müəllimlə tələbələr arasında çox yaxşı ünsiyyət olduğu görünür. Əslində, jurnalistdə olmalı keyfiyyətlərdən biri də ünsiyyət qurma bacarığıdır, bu da onlarda çox yaxşıdır.

Müəllim tələbələrlə qısamüddətli salamlaşmadan sonra dərsin mövzusunu deyib, o istiqamətdə danışmağa başlayır. Mövzu Azərbaycanda KİV-in yaranması idi. Bu dəfə mühazirə idi, Akif müəllim mühazirəni oxumamışdan öncə giriş xarakterli söhbət edir. Və ölkədə günün aktual hadisəsi haqqında soruşur... Bir az susqunluq, bir az müzakirə, əslində, bir az da çaşqın qalırlar. Bəlkə də hansı cavabı verəcəklərini bilmirlər.

A.Rüstəmov onlara gündəmi izləməyi məsləhət gördü: "Sizin ixtisasınız elədir ki, ölkə gündəmində olan hadisələri oxumalı, məlumatlı olmalısınız. Bu, jurnalist üçün vacib məqamdır. Bunu ona görə dedim ki, vacibdir, indi buna diqqət etməyə bilərsiniz, hələ indi başlamısınız, amma gələcək üçün vacibdir.


Jurnalistika ilə bağlı sualları çoxdur

Dərs haqqında qısa məlumat verir, ötən dərsdə dünyada mətbuatın yaranmasından danışdıqlarına qısa olaraq toxunduqdan sonra ölkə mətbuatına keçilir. Azərbaycan mətbuatının ilk dövrləri, bu illərdəki çətinliklər, mətbuat fədailəri, imzaları bu günə qədər gəlib çatan adamlar yada salınır.
Jurnalistikaya qəbulda son illər qabiliyyət imtahanı da tətbiq olunur, çünki burda çalışmaq üçün müəyyən bir bacarıq toplusu olmalıdır. Onlardan biri də sual vermə bacarığının olmasıdır... Çünki jurnalist oldunsa, məişət səviyyəsində belə hansısa məsələni dəqiqləşdirmək çox sual vermək adəti yaranır, ya da bəlkə belə adamlar bu sahəni seçir, bunu tam dəqiq deyə bilmərəm. Amma dərs sırasında gördüm ki, hətta dərsin mövzusuna aid olmasa belə, tələbələrin jurnalistika ilə bağlı sualları çoxdur. Sevib gəldikləri peşəni daha yaxından tanımaq, dərinliklərinə bələd olmaq istəyirlər. Televiziya kanalları, onların xəbər təqdimatındakı fərqlər, jurnalistlərin hüquqları ilə bağlı suallar verdilər.


"Sakit olun”

30 tələbə, dərs, suallar varsa, müzakirə gedirsə, bəzən müəllimin "sakit olun” səsi otaqda eşidilir. Amma dərsin birinci yarısı bitdiyi üçün fasiləyə çıxırlar. Bu arada vaxtdan istifadə edib Akif müəllimin tələbələrlə bağlı təəssüratlarını öyrəndik. Deyir ki, gənclərlə işləmək onun üçün xoşdur. Nə az, nə çox düz 50 ildir ki, bu universitetdədir, illərdir jurnalistlərə, yeni başlayanlara dərs keçib: "Jurnalistikaya giriş” fənni onlara ixtisasları haqqında məlumat verir. Jurnalistika nə vaxt, harda yaranıb? İlk qəzet harada çıxıb? Jurnalist sözü necə yaranıb? Qəzet sözünün mənşəyi hardandır? Bu sualların cavabını öyrədəndən sonra Azərbaycan jurnalistikasının yaranmasına keçirik. Niyə "Əkinçi”ini milli mətbuat orqanı adlandırırıq, ondan əvvəl çıxan qəzeti yox? Bu yoldan başlayıb tədricən müstəqillik dövrünün mətbuatına çıxırıq”.

Bunların içindən 5-6 yaxşı jurnalist də çıxsa, böyük şeydir

Akif müəllim bildirdi ki, 30 tələbənin içərisindən 5-6 yaxşı jurnalist yetişsə, bəsdir: "Artıq illərdir ki, yeni başlayan gəncləri, onların bu sahəyə yanaşmalarını görürəm. Bəzən yeni başlayanda "mən bu ixtisası istəmirdim, təsadüfən düşmüşəm”i dilə gətirən, bir müddət təhsil aldıqdan sonra "nə yaxşı ki jurnalistikanı seçmişəm” deyən olub. Bu qrup hələ indi başlayıb. Bir ildə 50 nəfər tibb ixtisasını bitirə bilər, amma bu, o demək deyil ki, hamısı həmin sahə üzrə yaxşı mütəxəssis olacaq. Elə qrup olub ki, 25 tələbədən 15-16-sı bu sahəyə gedib. Bunların içindən 5-6 yaxşı jurnalist də çıxsa, böyük şeydir. Bunu zaman göstərəcək”.
Müəllimləri tələbələrin içərisində dünyagörüşlüsünün az olmadığını deyir: "Mən ara-sıra sual verməklə onların dünyagörüşünü yoxlayıram. Cavablardan hiss olunur ki, içərilərində dünyagörüşü yaxşı olanlar var. Qəzet çoxdur, hamısını oxumaq mümkün deyil, amma heç olmasa gündə bir-iki qəzetə baxmaq mümkündür. Televiziya kanallarını izləsinlər. Hər birinin xəbəri necə təqdim etdiklərini müqayisə etsinlər. Bunları onlara təlqin edirdik. Hələ ki yeni başlayıblar, onlardan böyük şeylər gözləmək də olmaz. Amma zamanla yəqin ki yetişəcəklər”.


Vətənə xeyirli jurnalist olmaq istəyirəm

Sonda isə jurnalist olmaq üçün bu yola çıxan gənclərin təəssüratlarını öyrəndik. Ürəkləri dolu, ixtisasları ilə bağlı danışmaq istəkləri çox idi. Ləman Quliyeva 6-cı sinifdən bu ixtisasda oxumağı arzulayırmış: "Jurnalistikaya qəbul olmaq 6 illik arzum idi. Məni həm də bu sahəyə gəlməyə motivasiya edən heç tanımadığım bir çox adamlardan "səndən yaxşı jurnalist olar” cümləsini eşitməyim oldu. Vətənə xeyirli jurnalist olmaq istəyirəm”.

Könül Hüseynova tanınmış jurnalist olmaq arzusundadır: "Çox şadam ki, bu fakültəyə qəbul olmuşam. Televiziya və radio sahəsində tanınmış jurnalistlərdən biri olmağı arzu edirəm. Magistr təhsili almaq fikrim var”.

Lətif İsmayılov isə elə tələbə vaxtı jurnalistikada iş həyatına atılmaq fikrindədir: "Universitet haqqında təəssüratlarım çox gözəldir. Universiteti bitirəndən sonra da bu istiqamətdə çalışmaq fikrindəyəm. Amma tələbə vaxtı da işləmək fikrim var”.

Möhtəşəm diktor olmaq istəyirəm

Səkinə Seyidəliyevanın ən böyük arzusu yerinə yetib: "Ən böyük arzum jurnalist olmaq idi. Keçən il müəllimliyə qəbul oldum, imtina etdim, bu il təzədən imtahan verdim. Qələmimə və diksiyama güvənirəm. Möhtəşəm diktor olmaq istəyirəm. Bir də qəzetdə çalışmaq, yazmaq fikrim də var”.

Şəhanə Paşazadə isə anasının yolunu davam etdirəcək: "Anam da jurnalistdir, onun yolunu davam etdirmək istədim. Universiteti bitirdikdən sonra təhsilimi Amerikada davam etdirib, karyeramı da orda qurmaq fikrindəyəm. BBC kimi kanalda çalışmaq istəyim var”.

Qrup nümayəndəsi Aytac Əliyeva televiziya və radio istiqamətinə maraq göstərir. Şou yox, siyasi gündəm, xarici xəbərlər onu cəlb edir. Onunla yeni başladığı qrup nümayəndəsi olmağı ilə bağlı da söhbət etdik. Deyir ki, orta məktəbdə də 11 il sinif nümayəndəsi olub. Qrup nümayəndəsi olmağın böyük məsuliyyət olduğunu deyən Aytac bildirdi ki, çətin və məsuliyyətli işləri xoşlayır. Tələbə dostları da ona çətinlik yaratmır və buna görə də işi bir az da asanlaşır. Dərslər indi başladığı üçün Aytacın ilin sonunda da fikirlərini öyrənmək maraqlı olardı...

Yola yeni çıxan gələcəyin qələm adamlarına təhsillərində uğurlar, iddialarının real olmasını arzulayırıq.

Aygün Asimqızı


















banner

Oxşar Xəbərlər