• cümə, 19 Aprel, 22:31
  • Baku Bakı 24°C

Qələbə xəbərinin Vətəndən uzaqda əks-sədası

14.11.20 10:51 1800
Qələbə xəbərinin Vətəndən uzaqda əks-sədası
"Hər bir qarışına bələd olduğum o gözəlliklərin azad olduğunu elə böyük sevinclə qarşıladım ki...”
Müzəffər Azərbaycan Ordusunun Ermənistanla sentyabrın 27-dən bəri davam edən müharibədə qələbə qazanması, torpaqlarımızın işğaldan azad olunması xaricdə yaşayan soydaşlarımızın hədsiz sevincinə səbəb olub. Onlar yaşadıqları ölkələrdə haqq savaşımıza dəstək göstərməkdə davam edirlər.


"Hamımız çox qürurluyuq”

ABŞ-ın Texas ştatında, Hyuston şəhərində yaşayan, "Schlumberger” Neft Şirkətinin Avropa və Yaxın Şərq ölkələri üzrə departamentinin rəhbəri Vüsal Nəzərov deyir ki, yaşadığı Hyuston şəhərində Azərbaycan icması koordinasiya olunmuş şəkildə fəaliyyətdədir: "Texas ştatının Hyuston şəhərində Azərbaycanlıların 5 min nəfərdən çox icması yaşayır. Müharibə başladığı andan etibarən hamının ürəyi Vətənlə döyünür və başda özüm olmaqla, hər kəs xaricdə yaşamağımıza baxmayaraq Ali Baş Komandanın səfərbərlik əmrinin gözləyirik. Təbliğat məsələsi ilə bağlı onu deyə bilərəm ki, işlər burada parelel və koordinasiya olunmuş şəkildə aparılır. Oktyabr ayının 28-də Texasda və digər ştatlarda yaşayan azərbaycanlılar diaspora rəhbərliyinin təşkilatçılığı ilə Hyuston şəhər meriyası önündə "Qarabağa Azadliq!”, "Erməni terrorçuluğuna son soyun!”, "Gəncə üçün dua et!" "Bərdə üçün susma!” şüarları altında icazəli aksiya təşkil etdi. Bu aksiya vasitəsilə Azərbaycan reallıqları işğal olunmuş torpaqlarımız və terrora məruz qalmış şəhərlər barədə yerli əhaliyə məlumatlar verildi. Bundan əlavə, bir qrup insanlarımız, özəlliklə gənclər müasir kommunikasiya vasitələrindən istifadə etməklə sosial media üzərindən Amerika cəmiyyətini məlumatlandırmağa və real faktlar əsasında Ermənistanın işğalçı hərəkəti barədə müəyyən anlayışa sahib olmalarını təmin edirlər. Digər qrup aktiv vətənpərvər fəallar federal və Texas ştatının hökumət rəsmilərinə elektron müraciətlər və zənglər ünvanlayaraq erməni yalanlarına inanmamağa və yaranmış konfliktdə haqlı tərəfin – Azərbaycanın yanında olmağa səsləyirlər”. V.Nəzərov bildirir ki, yerli əhalinin böyük əksəriyyətinin regional və yaranmış konfliktlə bağlı heç bir məlumatı yoxdur: "Əslində bu, bizim işlərimizi daha da çətinləşdirir. Çünki hansı tərəf özünü birinci təqdim edərsə, o toplum da əksər hallarda heç bir araşdırma etmədən həmin tərəfin mövqeyini dəstəkləyir. Təəssüf ki, erməni lobbisi də Amerikada güclüdür və bu da başadüşüləndir. Tarix boyu dövləti, vətəni, torpağı olmayan bir xalq daima yaşadığı ölkələrdə özünü müdafiə psixologiyası ilə sıx birləşir. Eyni zamanda, ermənilər çox yaxşı bilirlər ki, bizdən fərqli olaraq onlar öz dövlətlərinə arxayın ola bilməzlər və Ermənistan dövləti xaricdə yaşayan vətəndaşlarının maraqlarını qoruyacaq gücə sahib deyil. Lakin zaman keçdikcə burada yaşayan azərbaycanlılar öz mövqelərini daha yaxşı ortaya qoyur və yerli icmalarla qeyri-hökumət təşkilatları ilə əlaqələr quraraq ölkəmizin təbliğatını təşkil edirlər”. V.Nəzərov bildirir ki, Azərbaycan icması informasiya müharibəsində fəallıq göstərərək aksiyalar keçirir, sosial media üzərindən kompaniyalar təşkil etmək və hökumət rəsmilərinə müraciətlər ünvanlamaqla mübarizə aparırlar: "Həmçinin diaspora ilə sıx əlaqədəyik və keçirilən hər bir tədbirdə maksimum şəkildə iştirak edərək dövlətimizə, millətimizə dəstək göstəririk. Texasda və digər ştatlarda aksiyalar keçirilib. Uzaq məsafələrə rəğmən bannerlər, sloqonlar Amerika cəmiyyətini maraqlandıracaq şəkildə xüsusi diqqətlə seçilib hazırlanıb. Minlərlə "Qarabağ Azərbaycandır” şüarlı maskalar, köynəklər və digər promosiya məhsulları buradakı vətənpərvər soydaşlarımızın maliyyə dəstəkləri əsasında ərsəyə gətirilib və yerli amerikalılara paylanılıb. Texas, Kaliforniya, Oklahoma və digər aparıcı ştatların senatorlarına, konqres üzvlərinə yerli idarəetmə qurumlarına rəsmi müraciət etməklə Azərbaycanın haqlı mübarizəsinə dəstək olmağa çağırıb. Maliyyə yardımları toplanılmaqla ordumuza və şəhid ailələrinə dəstək olunub. Vətən müharibəsi xaricdə yaşayan bütün azərbaycanlıları sanki ayıltdı və soydaşlarımızı Vətən, dövlət, bayraq və Qarabağ ətrafında tarixdə heç bir zaman görülmədiyi şəkildə sıx birləşdirdi. Demək olar ki, özünü azərbaycanlı hesab edən xaricdə yaşayan hər kəs bütün səylərini Ordumuza, xalqımıza maddi və mənəvi dəstək kompaniyaları üzərində cəmləşdirib. Mübarizəmiz davam edir”. V.Nəzərov qələbə xəbərini böyük sevinclə qarşıladıqlarını deyir: "Hamımız qalibiyyətə görə çox qürurlu və sevincliyik. Bir yerə toplaşıb sevincimizi bölüşürük. Qələbəmizi müzəffər Azərbaycan ordusuna borcluyuq. Allan Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin!”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər