• şənbə, 27 Aprel, 04:51
  • Baku Bakı 14°C

Qəlbiniz işıqlı, gözünüz nurlu, qələminiz iti olsun!

09.12.16 15:16 2056
Qəlbiniz işıqlı, gözünüz nurlu, qələminiz iti olsun!
Azərbaycan mətbuatının zəngin tarixində xüsusi yeri olan və artıq üçüncü əsrdir ki, oxucuların görüşünə gələn "Kaspi” qəzeti, məlum olduğu kimi, hələ XIX əsrin 80-ci illərində neft bumu yaşayan qədim Bakıdarus dilində çıxmağa başlayıb. O dövrün mürgülü ətalətindən qurtularaq müasir sənaye şəhərinə, demək həm də mədəniyyət mərkəzinə çevrilən küləkli şəhərin həyatına mütərəqqi ideyalar gətirən nadir informasiya vasitələrindən biri də bu qəzet idi.
1881-ci ildə Çar imperiyasında nəşrə başlayaraq, Sovet hakimiyyəti gələnədək on mindən çox nömrəsi çıxan qəzetin nəşrini hələ 1897-ci ildə böyük millət fədaisi Həsən bəy Zərdabinin tövsiyəsi ilə qeyrətli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. O, nəşr işləri üçün bütün lazımi şəraiti yaratmış, ilk dəfə qəzetin redaktorluğunu milli kadra - Əlimərdan bəy Topçubaşova tapşırmışdı. Rus dilində çıxmasına baxmayaraq, öz ətrafında Azərbaycan-türk ziyalılarını toplayan "Kaspi”nin səhifələrində Həsən bəy Zərdabi, Əlibəy Hüseynzadə, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Firudin bəy Köçərli, Mahmudbəy Mahmudbəyov, Məhəmməd Tağı Sidqi kimi görkəmli maarifçi ziyalıların, şairlərin, publisistlərin, pedaqoqların imzası görünürdü.
Sovet imperiyası çökdükdən sonra milli dövlətçiliyini bərpa edən Azərbaycanda mətbuat tariximizin dəyərli yadigarı olan "Kaspi” qəzeti də yenidən işıq üzü gördü. Mətbuat tariximizin bilicisi, tanınmış şair, araşdırmaçı-yazar, əməkdar jurnalist, fəlsəfə doktoru Sona xanım Vəliyevanın təsisçiliyi ilə ikinci ömrünü yaşamağa başlayan, qəzet bolluğunda öz fərqli yolunu qoruyub saxlayan "Kaspi” indi ən mötəbər çap məhsullarındandır. Sabit ictimai-siyasi mövqeyi olan, milli mədəniyyətə və milli dövlətçiliyə sədaqəti ilə seçilən bu nüfuzlu qəzet müasir dünya jurnalistikasının bütün qabaqcıl tələblərinə cavab verir.
Xüsusi qeyd etmək yerinə düşərdi ki, təsisçi xanımın mətbuat sahəsinə dərin bələdliyinin daha bir əlaməti müasir dövrlə ayaqlaşan qədim "Kaspi”nin çap versiyası ilə yanaşı, onun çox zəngin və maraqlı internet saytının da uğurla fəaliyyət göstərməsidir. Üç əsrdir yol gələrək gündəlik ictimai-siyasi qəzet kimi ömrünü yaşayan "Kaspi”nin internet portalındakı siyasət, cəmiyyət, iqtisadiyyat, mədəniyyət, idman bölmələrinə daxil olan hər bir oxucu maraqlandığı sahəyə dair bol material tapa bilər. Hər gün yeni sayı həm çap, həm də PDF formatda oxucularla görüşə gələn qəzetin elektron versiyasında eyni zamanda tarixi "Kaspi”nin və Rusiya Müsəlmanlarının qəzetinin tam arxivi mövcuddur. Zəngin illüstrasiyalarla oxucuya daha da yaxınlaşdırılan və oxunuşu xeyli asanlaşan qəzetin redaksiyasında müxtəlif istiqamətli əlavələr də hazırlanır: "Ədəbiyyat”, "Gənclik”, "Teatr” kimi belə əlavələr oxucuları yeni, operativ, maraqlı informasiya ilə dolğun yazılarla özünə cəlb edir. Burada həyatımızın müxtəlif sahələrinə dair və cəmiyyətin müxtəlif təbəqələrinə məxsus insanlarla səmimi söhbətlər, aktual müsahibələr, portret-oçerklər, araşdırma yazıları maraqla oxunur. Bu yazıların arxasında istedadlı qələm sahiblərinin çalışdığı böyük bir yaradıcı kollektivin vicdanlı əməyinin dayandığı, qəzeti bacarıqla idarə edərək, doğru yola istiqamətləndirən qayğıkeş bir rəhbərin zövqü, səriştəsi, yüksək intellekti, mədəniyyəti, ən başlıcası - vətənə məhəbbəti, xalqa təmənnasız xidməti, millətin inkişafı naminə çalışmaq niyyəti aydın görünür. Elə yaradıcı kollektivdə hökm sürən bu uca amallar səbəbindəndir ki, müasir "Kaspi” zəngin klassik irsimizi yaşatmaqla, şərəfli keçmişimizdən yadigar qalan bədii-publisistik əsərləri günümüzə gətirib tanıtmaqla yanaşı, özü də milləti millət kimi yetişdirmək, inkişaf etdirmək, mədəni tərəqqiyə qovuşdurmaq üçün vaxtilə ömrünü fəda etmiş dahilərimizin, qədim-qaim ulularımızın yolu ilə gedir. Müasir dövrdə elmin, mədəniyyətin, maarifin, təhsilin cəmiyyət daxilində daha geniş yayılıb, daha dərin qatlara nüfuz etməsi naminə səmərəli fəaliyyət göstərir. Belə ki, Kaspi Təhsil Mərkəzinin mövcudluğu, "Kaspi”nin nəşrləri silsiləsindən çoxlu sayda kitabların, arxiv materiallarından ibarət topluların, dahi ədiblərimizin həyat-yaradıcılığına dair elmi-tədqiqat əsərlərinin çapı və təqdimatı məhz bu amala sədaqətdən irəli gəlir.
İcazənizlə, onu da deyim ki, mənim də yaradıcı ömrümdə "Kaspi” qəzetinin özəl yeri var. Bu qəzetdə haqqımda yazılar çıxıb, zəhmətkeş və məhsuldar jurnalist Təranə Məhərrəmova ilə maraqlı söhbətlərimiz, müsahibələrimiz dərc olunub, müxtəlif ədəbi-bədii, publisistik məqalələrim işıq üzü görüb. Və əlbəttə ki, mənim üçün ən yaddaqalan hadisələrdən biri 2013-cü ildə "Kaspi” qəzetinin sürprizi olub. O vaxt Kaspi Təhsil Mərkəzi və qəzet Xalq şairi Məmməd Arazın 80 illiyi ilə əlaqədar müsabiqə elan etmişdi və mən "Ağır daşlar altında” patetik fantaziya üslublu yazımı müsabiqəyə göndərmişdim. Təbii ki, yalnız mənəviyyat qanunları ilə yaşayıb da uca amallar meyarına tapınan hər bir yaradıcı insan üçün onun əməyinə verilən qiymət həm zəruridir, həm də əhəmiyyətli. Sözügedən müsabiqədə "Ağır daşlar altında” yazısının qalib elan olunması mənim yaradıcılıq bioqrafiyam üçün həqiqətən gözlənilməz sürpriz, çox əziz və mühüm hadisə oldu. Yazı həm qəzetdə çap olundu, həm qalib kimi mükafatlandırıldı və həm də yekunda toplu şəklində nəşr olunan "Haqqın var yaşamağa” kitabına salındı. Üstəlik, kitabın müəllifi və redaktoru Sona xanım Vəliyevanın qalib əsərlər haqqında ön sözdə əsirgəmədiyi səmimi təqdir cümlələrini də müsabiqədən əlavə, bir dəyər kimi minnətdarlıqla qəbul etdim. Həmin ön sözü oxuduqca müsabiqəyə göndərilən hər bir məqaləyə necə həssaslıqla, diqqətlə, qayğı ilə yanaşıldığı hiss olunurdu…
Budur, artıq 135 ildir ki, "Kaspi” Azərbaycan mədəniyyətinə xidmət edir. Üç əsri keçib gələcəyə yol gedən "Kaspi”yə və saf amallarla yaşayıb qəzeti yaşadan, uğurlarına dəstək verən, səhifələrində səliqə-sahman yaradan bütün dəyərli alim, yazıçı, şair, publisist, jurnalist dostlara yubiley təbrikimi çatdırır, xoş niyyətimi yetirir, Uca Tanrıdan uğurlar diləyirəm.
Bu vətən, bu xalq, bu dövlət naminə çalışan qəlbiniz işıqlı, gözünüz nurlu, qələminiz iti olsun!
Akif ƏLİ,
Nazirlər KabinetininMətbuat xidmətinin rəhbəri,
Yazıçı-publisist,Fəlsəfə doktoru,Əməkdar jurnalist.
banner

Oxşar Xəbərlər