• cümə, 29 Mart, 18:29
  • Baku Bakı 14°C

Qəlbin aclığından ağlın toxluğuna

17.06.19 14:30 1613
Qəlbin aclığından ağlın toxluğuna
İki qadın və gözləntilər

Əsərin sonlarına yaxın Dollinin Anna ilə görüş səhnəsi öz-özlüyündə çox mürəkkəb bir səhnədir. Bu səhnədəki ştirixlər, elementlər həm də Ananın yaşadığı mühitin xarakterini açır. Dolli onu at üstündə görəndə düşünür ki, Anna Kareninanın indiki halı yaşına uyuşmur, bu cür miniklə gəzmək ədəbsizlikdir. Ancaq ata minmək Annanın işvəkarlığına xas hərəkətdir və bu, onun gözəlliyini daha da tamamlayır. Belə olan təqdirdə Dolli dərhal öz fikrindən daşınır. Ancaq Dollinin ilk fikri Annanın gözəlliyini rəqib gözündə görməsinin nişanəsidir, bu amili qətiyyən nəzərdən qaçırmaq olmaz. Anna da öz növbəsində Dollini sancmaq istəyir. O, ağzını doldurur ki, Dolliyə arıqladığını desin, fəqət ona heyranlıqla baxan Dollinin gözlərindən oxuyur ki, o, hədsiz dərəcədə gözəlləşib və bu məqamda onun sözü dilindəcə qalır.
Sonra qadın psixologiyasının daha iynəli, dolaşıq bir məqamı üzə çıxır: Anna düşünür ki, birdən ərini, uşaqlarını atıb getmiş bir qadının bunca gözəlləşməsi, daxilən həyat ilə ləbaləb olması, sevincinin aşıb-daşması Dollidə təəccüb, hətta ikrah oyada bilər. Belə olan təqdirdə Dollinin duyulası təəccübü də olduqca təhqiramizdir.
Qadın psixologiyasında belə bir anlaşılmaz məqam da var: Bəzən bir-birini sevməyən qadınlar bir-birini alçaltmaq üçün onları xoşbəxt edən səbəbləri gözdən salır, onlara rişxəndlə axtarır. Yəni, bir tərəf digərinə hiss etdirir ki, sənin xoşbəxtliyinə baiskar filankəsdirsə, xoşbəxt olmana səbəb bu cür adiliklərdirsə, gör sən nə qədər aciz, məğlub və yazıq insansan. Oxşar vəziyyət üstüörtülü şəkildə Anna ilə Dolli arasında da yaşanır. Anna Karenina qadın fəhmi ilə eyni münasibəti qarşı tərəfdən duyur və onun qarşılığında cavab verir: "Sən mənə baxırsan və düşünürsən ki, mənim vəziyyətimdə olan bir adam xoşbəxt ola bilərmi? Nə etmək olar! Etiraf etmək xəcalətli olsa da, mən bağışlanmayacaq qədər xoşbəxtəm. Sanki başıma sehrli bir iş gəlib, sanki qorxunc və dəhşətli yuxu gördüm, birdən ayılıb hiss etdim ki, bu qorxuların heç biri yoxdur. Mən yuxudan ayılmışam. Mən iztirablı və qorxunc hisslər keçirdim, indisə artıq çoxdan, xüsusilə burda olduğum vaxtdan bəri elə xoşbəxtəm ki!”.
Anna hər nə qədər cəmiyyətin fikrini gözə almamağa çalışsa da, insanların onun haqqında nə düşündüyünü bilmək istəyir, çünki o, öz əməlinə kənar gözlə baxmağın təşnəsini qəlbində tamamilə söndürə bilmir. Bu mənada Tolstoy sanki bu baş qəhrəmanla – Anna Karenina ilə oynayır: Onu gah cəmiyyətlə münasibətdə ucaldır, gah cəmiyyətlə eyni mövqeyə qoyur. Anna özü də ruhən və mənən bu get-gəllərin arasında sıxışıb qalıb. Bu məsələləri (Anna və cəmiyyət münasibətləri kontekstində) şərh edərkən bir yerdə bir cür, başqa bir yerdə fərqli mülahizə yürütməyimin səbəbi də budur. Hadisələri süjet axarı ilə şərh etdiyimiz üçün fikirlərimiz baş qəhrəmanın xarakterinə və düşdüyü duruma görə dəyişir. Yəni əsəri paralel – oxucularla eyni anda oxuyurmuşuq kimi şərh edirik, mütaliəni bitirmiş biri kimi deyil.
Sonra nə baş verir? Anna Karenina təkidlə Dollidən soruşur: "Sən mənim vəziyyətimi necə təsəvvür edirsən, nə düşünürsən, nə?”
Ancaq Annanın aldığı cavab onun ürəyini soyutmur, çünki o cavab ağılla, qəlbə dəyməmək üçün verilir və səmimiyyətdən çox-çox uzaqdır: Dolli deyir: "Mən heç bir şey hesab etmirəm, mən səni həmişə sevmişəm. Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevməlisən”.
Nə üçün bu cür kamil, fələsəfi cavab Annanın ürəyincə olmur, çünki Anna bilir ki, dildə deyilən bu sözlərin qəlbin iradəsi, ürəyin mövqeyi deyil. Anna əsərdəki ilk xəyanət anından sonra demək olar ki, romantikdən realistə çevrilir, onu çılpaq həqiqətlər, insanı yaralayan doğru sözlər, ədalətli kəskin mövqe daha çox razı salır, nəinki üstüörtülü, pərdəli fikirlər, qeyri-səmimi təskinliklər. Anna Dollinin o sözlərindən sonra fikrə gedir və eyni qeyri-səmimiliklə də cavab verir: "Əgər sənin günahın olsaydı, gəlişin və bu sözlərin üçün hamısı bağışlanardı”.
Anna bu məqamda ruhunu idarə edə bilmir, maraqlarının dikətsini cilovlamağı bacarmır, arzuladığı, planlaşdırdığı kimi olmağa gücü çatmır. Bəs Anna necə olmaq istəyir, onun xilası nədədir? O deyir: "Mən istəmirəm ki, mənim nəyisə sübut etməyə çalışdığımı düşünsünlər. Mən heç bir şeyi sübut etmək istəmirəm, mən, sadəcə yaşamaq istəyirəm. Özümdən başqa heç kimə pislik etmək istəmirəm”.
Tolstoyun qəribə bir detalçılığı var, özü də o, bu cür detalları işarələrin dilinə deyil, mahiyyətin dilinə çevib oxuculara çatdırır. Dolli Annanı görərkən fikir verir ki, onda qəribə bir vərdiş yaranıb, o, özü haqqında danışarkən nədənsə gözlərini qıyıb danışır, əvvəllər isə onun belə bir adəti yox idi. Əsərin içərisində bu detal ilk baxışdan adi təsir bağışlayır və yazıçının təsvirçiliyi kimi yadda qalır. Sonra Dolli Vronski ilə də söhbət edir. Onlar öz aralarında Annanın əvvəlki ərindən hələ də boşanmamağı və bu barədəki problemlərdən danışırlar və bu müşkülün həlli yolları barədə fikir mübadiləsi aparırlar. Bu məqamda Dollinin yadına Annanın yeni vərdişi – qəribə halda gözlərini qıymağı düşür və o, qeyri-ixtiyari fikirləşir ki, Anna ancaq həyatın mənəvi tərəflərindən danışanda gözlərini bu cür qıyır: "Anna sanki öz həyatına gözlərini qıyaraq baxır ki, hər şeyi görməsin”. Bu detalla bir qadının digərinin həqiqətinə münasibəti açılır. Tolstoy yenə dahiliyindən qalmır: Vronski Dollidən soruşur: "Bu vəziyyətin ağırlığına baxmayaraq siz onu yenə də sevirsiniz və ona kömək etmək istəyirsiniz. Mən düzgün anlamışam?” Dolli cavab verir: – "Əlbəttə”. Tolstoy "Əlbəttə” yazmaqla və az əvvəl Dollinin Annanın gözünü qıymasını xatırlaması ilə onların arasındakı münasibəti daha da aydınlaşdırır.
Tolstoy sanki üst qatda hər şeyin əla olduğuna şübhə yaratmamağa çalışır, onlar arasında davam edən canlı dialoqlar, əslində, həm də buna xidmət edir, ancaq dərin qatdakı münasibətlərdə olduqca mürəkkəb qadın psixologiyası çözülür. Qadınların kişilərdən bir qüvvətli cəhəti də onların hisslərini mümkün qədər büruzə verməmələridir, qadınlar kişilərə nisbətdə sevmədiyi nəsnələrə daha çox dözə bilir. Vronski ilə Dolli söhbət zamanı kübar cəmiyyət məsələsindən də danışırlar. Dolli deyir ki, Annanın indiki durumu kübar cəmiyyətdə olduqca ağırdır. Vronski isə cavab verir ki, bizim bu malikanədə kübar cəmiyyətə ehtiyacımız yoxdur, biz öz yaşayışımızla xoşbəxtik. Bu zaman Dollinin düşüncələri bütün çılpaqlığı ilə açılır: "İndiyə kimi, bəlkə də, həmişəlik siz xoşbəxt və sakitsiniz. Mən Annaya baxıb görürəm ki, o, xoşbəxtdir, tamamilə xoşbəxtdir, o artıq bunu mənə deyib. – Darya Aleksandrovna gülümsəyərək dedi və bunu söyləyərkən qeyri-ixtiyari qəlbini şübhə bürüdü, görəsən, Anna, doğurdanmı, xoşbəxtdir?”
Tolstoy bu şübhə məsələsini xüsusi vurğulayır. Bu məqam həm qadınların bir-birinə qarşı dərin qatdakı nifrətlərinin ifadəsidir, həm də aldanmaz qadın instinktinin göstəricisidir. Tolstoy qadın düşüncəsini bütün çılpaqlığı ilə, mürəkkəbliyi ilə açır – nəticədə üzdə yox, dərinliklərdə axan sular görünür. Burda əsas məqam nədir? Dolli gələn kimi cəmiyyətin mövqeyi yenidən Anna və Vronski məhəbbətinə müdaxilə etməyə, onları onunla hesablaşmağa vadar edir. Tolstoy göstərir ki, cəmiyyətdən tam mənada xilas, az qala, mümkünsüzdür, bu dünyada bu dünyasız yaşamaq olmur...

Xoşbəxtliyin istəyi

Vronskinin durumu daha çətindir, çünki o, Annadan fərqli olaraq mahiyyət etibarı ilə, demək olar, heç nəyə tam sahib deyil. Onun heç sözün böyük mənasında sahib olduğu əzəmətli keçmişi də yoxdur. Bu vəziyyətdə o sadəcə xəyallarına söykənib yaşaya bilməz, o, real həyatına sahib çıxmalıdır. Hər halda, reallıq bunu ondan tələb edir. Belə olan təqdirdə Vronski düşdüyü durumdan bir çıxış yolu tapmalıdır və nəticədə əldə etdiklərinə daha artıq sahiblənmək haqqını qazanmalıdır. Darya Aleksandrovna onların malikanəsinə gələndə Vronski onunla təkbətək söhbətləşmək üçün fürsət axtarır, girəvə gəzir. Ancaq belə bir fürsət, bu cür bir məqam axır ki yetişir: onlar təkbətək qalırlar. Və Vronski uşaqları və Anna barədəki qəlbindəki narahatlığını Daryanın önündə belə dilə gətirir: "Biz məhəbbətin ən müqəddəs bağlarıyla birləşmişik. Bizim uşağımız var, bizim yenə də uşağımız ola bilər. Lakin qanun və bizim vəziyyətimizin şərtləri belədir ki, qarşıya minlərlə çətinlik çıxır. Anna indi, bütün çəkdiyi iztirablardan və sınaqlardan sonra ruhən istirahət etdiyi bir vaxtda bunları görmür və görmək də istəmir. Bu, aydındır. Lakin mən görməyə bilmərəm. Mənim qızım qanuna görə mənim qızım deyil, Kareninindir. Mən bu yalanı istəmirəm”. Sonra Vronski daha da hiddətlənir: "Sabah oğlum olacaq, mənim oğlum, ancaq o qanuna görə Karenindir, o nə mənim adımın, nə də sərvətimin varisi deyil. Biz ailədə nə qədər xoşbəxt olsaq da, uşağımız olsa da, mənim onlarla aramda bir əlaqəm yoxdur”. Bu xüsusda söhbət Vronski tərəfindən yenə davam etdirilir: "Əsas odur ki, gördüyüm işlərin mənimlə birgə ölməyəcəyinə və varislərimin olacağına əmin olmaq lazımdır. Bu əminliksə məndə yoxdur. Özünün və sevdiyin qadının uşaqlarının onların deyil, başqa birisinin, onlara nifrət edən, onları tanımaq istəməyən bir şəxsin olacağını əvvəlcədən bilən bir adamın vəziyyətini təsəvvür edin. Axı bu, dəhşətdir”.
Vronskinin bunları danışmaqda məqsədi ondan ibarətdir ki, Darya Aleksandrovna Annadan xahiş etsin ki, o, Kareninə məktub yazıb boşanmalarını istəsin. Vronski Daryaya deyir ki, Karenin özü bildirmişdi ki, Anna boşanmaq barədə ona müraciət etsə, o imtina etməyəcək. Əgər Anna ilə Karenin boşansa, onda Vronski tam mənada uşaqlarının və qadınının hüquqi və dini sahibi olacaq. Bu məqamı nə üçün yazıram? Çünki Tolstoy bu məqamda insanın naəlaclığını, çarəsizliyini dərin boyalarla əks etdirir. Göstərir ki, ey insan, sən hansısa işə təzə-təzə başlayanda gedəcəyin yol sənə asan görünür, amma elə ki o yolun ortasına yetişirsən, onda başa düşürsən ki, hələ qət ediləsi məsafə çoxdur və keçdiyin yol daha səni bezdirib, boğaza yığıb və bu, özü-özlüyündə də çox mənasızdır, əbəs yerə canında taqət qalmayıb, dizində təpər yoxdur. Ona görə də məhəbbətin ilk qərarları çox vaxt tələsik olur, adətən, sonrakı çətinliklər nəzərə alınmır. Vronskidə də vəziyyət belədir, o, Annanı sevəndə, onunla ailə quranda bu cür müşküllərin meydana çıxacağını düşünmürdü, hətta bu haqda ona həmin anda nəsə desəydilər, o cavab verərdi ki, uşaqların kimə aid olacağı məsələsi onu düşündürmür, Annanın kimin soyadını daşıması xırda məsələlərdir, əsas olan birgəlik, məhəbbətin gücü sayəsində əldə olunan xoşbəxtlikdir. Ancaq Vronski yaşadıqca, reallıqlarla üzləşdikcə görür ki, yox, məhəbbətin mənzili uzaq imiş, ömür "bu gün-sabah” qədər qısa deyilmiş, yaşadıqca meydana min cür çətinlik çıxır, gərək onları həll edəsən, onlardan keçəsən.
Bu problemin Vronskini düşündürməsi artıq real məhəbbətin qaydaları ilə hesablaşmaq, cəmiyyətin tabularına uyğunlaşmaq deməkdir. Əgər qəhrəman bu məqama gəlib yetişibsə, deməli, Vronskinin qəlbində azad eşq azalıb, yerinə hamıya göstərilən, nümayiş etdirilən adi məhəbbət gəlibdir. Məhəbbət qurban tələb edəndə o daha çox reallıq kimi təzahür edir. Məhəbbətdə, səadətdə mütləq platonik nələrsə olmalıdır, əks halda, həyat onları ayaqları altına atıb əzir. Vronski dəli-doluluqdan, göz yummaq bacarığından, nəzərdən düşmək qorxusundan uzaqlaşıb – o, artıq varislik tələb edir, həqiqi atalığını bərpa etmək istəyir. Daha dərin qatda isə cismən və ruhən sahibləndiyi qadına rəsmən də yiyələnmək iddiasındadır. İnsan vətənindən ayırdığı heç nəyə sonacan sahib ola bilmir. Ağacı əkildiyi yerdən çıxardıb başqa bir yerdə basdırırsan, o əvvəlki kimi qol-budaq atmır, quşu öz yuvasından başqa bir yerə aparırsan, ora tam yovuşa bilmir, məhəbbəti də göylərdən yerə endirəndə o məhv olur. Tolstoy bütün bunlar azmış kimi faciəyə ikinci işarəni də edir: Vronski bu düşüncələrə o vaxt qapılıb ki, Anna həddən artıq məsuddur, könül xoşluğu ilə yaşayır, hətta özü haqqında "bağışlanmayacaq qədər xoşbəxtəm” deyir. Yəni Anna məhəbbətin zirvəsinə çatanda Vronski üzü aşağı enməyə başlayır.

Qəlbin və ağlın sirri

İnsan qarşı tərəfə tam aydın olandan sonra onun üçün nəyisə gizlətməyin mənası, demək olar, qalmır. Sanki səni saatlarla çılpaq görmüş birindən əllərini gizlədirsən... Anna bir məqamdan– Dollinin Vronski ilə söhbətindən sonra tam açılmaq – ürəyindəkiləri ona boşaltmaq istəyir. Dolli ona deyir ki, sən ərindən boşanmalısan, əks halda, indiki və sonrakı uşaqların Kareninin soyadını daşıyacaq. Anna yenidən ana olmaq istəmədiyini bildirir və açıq şəkildə etiraf ki, həkim ona ana olmağı qadağan edib, əksi baş versə, o ağır xəstəliyə düçar olacaq. Bu ağır durumda Anna bədbəxtliklərindən birini açır – ana olmaqdan imtina etdiyini bildirir. Eyni zamanda, o ərinə kömək etmək istəyir, əgər o, xəstələnib yataq dustağına çevrilsə, həmin arzusu ürəyində qalacaq. Anna bədbəxtliyini gizlətdiyi Dolliyə çıxılmazlığının birini beləcə etiraf edir.
Sonra Anna daha irəli gedir və gərginliyini daha dəqiq ifadə etmək üçün deyir: "Morfisiz yuxuya gedə bilmirəm”. Beləcə, onun bədbəxtliyinin ikinci gizlini də açılır.
Anna boşanmaq istəyir, ancaq əvvəlki ərinin Lidiya Aleksandra ilə münasibətlərindən sonra bu məsələnin də mümkünsüz olacağını düşünür və bu xüsusda ərinə müraciət edib sözünü yerə salmaq istəmir. O, Dolli qarşısında üçüncü etirafı ilə də faş olur.
Və Anna daha bir faciəsini açır: Əgər əri razılıq verib boşansa ona oğlunu verməyəcəklər və o, nəticədə oğlunu görmək imkanlarını itirəcək və uşaq daim anasına nifrət edərək böyüyəcək.
Və Anna əsl faciəsini sonda dilə gətirir: "Mən iki məxluqu: Serjojanı və Alekseyi, demək olar ki, eyni dərəcədə, lakin özümdən artıq sevirəm”. Sonra əlavə edir: Yalnız bu iki məxluqu sevirəm, onların biri digərini istisna etmir. Mən onları birləşdirə bilmərəm, mənəsə yalnız bu lazımdır. Əgər bu mümkün deyilsə, onda mənim üçün fərqi yoxdur. Hamısı, hamısı birdir. Necə olsa hamısı bitəcək. Buna görə də mən bu barədə danışa bilmirəm, bu barədə danışmağı xoşlamıram. Məni heç bir şeydə qınama, günahlandırma”.
Anna yaşadığı iztirabları ilə Dollidən aşağı mərtəbədə dayanıb – ancaq bunu hər ikisinin anlaması üçün gərək onlar rəqiblik mərtəbəsini keçələr – bir-birlərinə tam açılalar. Dolli gələrkən "Bağışlanmayacaq qədər xoşbəxtəm” deyən Anna Karenina sonra sadaladığı müşküllərlə, əslində, çıxılmazlıqda olduğunu – bədbəxtliyinin islanmış düyünə çevrildiyini dilə gətirir. Beləcə onların arasındakı buzlar əriyir.
Tolstoy özü barədə etiraf edirdi ki, mən yalnız Allaha inananda xoşbəxt oluram. Anna Karenina isə xoşbəxtliyinə inananda xoşbəxt olur. Ancaq xoşbəxtlik sadəcə xoş günlərə olan inam deyil, daha çox xoş günlərin nəticəsidir. Xoşbəxtliyə inanmaqla tam xoşbəxt olmaq mümkünsüzdür. Anna Karenina, sanki, yuxudadır, nə vaxt ki, səadətinə qapılır xoşbəxt olur, nə zaman ki, həqiqətinə – reallığa qayıdır, onda çıxılmazlığını bütünlüklə dərk edir. Anna Karenina sanki romantizm və realizm arasında vurnuxur. Xatirəsi olan, yəni keçmişi olan insanla xoşbəxt olmaq çətindir, çünki yaşadıqları həmin adamdan heç zaman bütünlüklə qopmur və bu daim qarşı tərəfi problemlərə sövq edir. Anna yeni həyata başlaya bilər, amma o, özü yeni deyil, yaşanılmış biridir – buna görə də onun keçmişindən tam xilası mümkünsüzdür.
Tolstoy əsər boyunca ailə problemlərini dərinləşdirir. Biz Annanın üzünü gülən görürük, ancaq onu xoşbəxtliyi tam aşkar olmur. Müəllif qəsdən bu məqamı bu şəkildə qabardır – bütün çılpaqlığı ilə verir. Tolstoy Annanın faciəsinə o qədər qapılır ki, nəticədə Kitti və Levinin səadətini unudur, romandakı o xətti sönük canlandırır, xoşbəxtliklərini ötəri əsaslandırır. Tolstoy Levin və Kiti xəttini örnək göstərir – amma o səadətin detallarını dəqiqliklə açmır. Levin və Kiti xəttini əsaslandırmamaqla Tolstoy şüurun mahiyyətini (beyni) gizli saxlayır, Anna və Vronskinin bütün bəlalarını göstərməklə isə qəlbin sirlərini faş edir.

Rəqabət mühiti

Və Anna Karenina ilə bağlı hər hissədə onun faciəsinə daha bir faciə əlavə olunur. Vronskini tanıyandan sonra Annanın yaşadıqlarına fikir versəniz, dediklərimin yanlış olmadığını görə bilərsiniz. Kaşin quberniyasında seçkilər olanda Vronski də ora getməli olur və təbii ki, Anna onsuz çox darıxacaq. Vronski düşünür: "Əvvəl-əvvəl indi olduğu kimi ortada anlaşılmaz, gizli bir şey olacaq, sonra buna öyrəşəcək. Hər halda, mən hər şeyi ona qurban verə bilərəm, öz kişilik müstəqilliyimi yox”.
Bura qədər Vronski ilə Annanın məhəbbəti o qədər də məişət səviyyəsinə enmir, amma bu məqamda Vronski ona adi bir qadın gözündə baxır. Anna isə adi yox, qeyri-adi qadındır, o, ən çox verdiyi qurbanlarla – gözə aldığı nəticələrlə alidir. Məişət isə məhz qeyri-adiliyi gözdən salmağın, həyatı gündəlik yaşanan təkrarların mənasızlığına çevirməyin ustasıdır. Bu məqamda həyat həqiqəti məhəbbət həqiqətini üstələyir. Anna Karenina isə həyatını məhəbbətə qurban vermiş biridir, onun səadət tapması üçün gərək məhəbbət hökmran ola. Annanı öz məhəbbəti sıxışdırır, onu dalana dirəyir, məhəbbətin əlindən qaçıb, özünü "həyatın altına atıb öldürür”.
Nədənsə bir sıra hallarda ailə həyatı quran, yaxud böyük sevgi yaşayan bəzi insanların qəlbinə günün birində belə bir şübhə toxumu səpilir ki, o, öz azadlığını, müstəqilliyini məhəbbətə, ailəyə qurban verib. Sonra həmin adamlar öz azadlıqlarını nümayiş etdirmək, öz aləmlərindəki buxovdan yaxa qurtarmaq istəyirlər. Belədə azadlıq öz gücünü məhəbbətə göstərir. Vronski seçkilərə getməyi ona görə istəyir ki, evdən uzaqlaşsın – sübut etsin ki, o, ailə-məişət buxovlarından azaddır, Annadan ayrı yaşaya bilir, onun ailədən başqa da dəyərli seçimləri var. İnsanın özünü sevdiyi insana sübut etməsi onun daxilən zəifliyinin əlamətidir. Ümumiyyətlə, gücün göstərilməsi, dönə-dönə özünüsübut nümayişi zəiflik əlamətidir. Vronski nə üçün azadlığını itirdiyini zənn edir? Nə üçün o, öz azadlığını məhəbbətində görmür? Bu cür çevrilmənin kökündə nə dayanır? Tolstoy bu romanı dünyanın mahiyyəti ilə həmahəng qurub. Təbiətin, insan xislətinin qanunları əsərin mahiyyətinə, obrazların xislətinə hopub, ona görə də onlar bəzən özləri də bilmədən ona tabe olurlar. Zaman insanı insanın nəzərində adiləşdirir. Gözümüz alışan şeylər bizə çox zaman köhnə kimi görükür. İnsan qərar verəndə əksərən zamanı unudur. Səadət ümidi insanı bəzən tamamilə çaşdırır. Vronski də Annayla səadəti öz nəzərində adiliyə çevirir. Beləcə o buna görə də özünü azadlığını itirmiş hesab edir. İnsan isə zəiflədiyini başa düşən kimi, qarşısında dayananları rəqib kimi görürlər. Beləcə Vronski özünü – azadlığını sübut etməyə çalışır: "Vronski seçkilərə ona görə gəlmişdi ki, həm kənddə darıxırdı, həm də Annanın qarşısında özünün azadlığını bildirmək... ...istəyirdi”.
Bu hərəkəti Anna anlayır və beləcə onların məhəbbət aralarında bir rəqabət mühiti yaradır. Nəticədə Anna da Vronskiyə qarşı hərəkət etməli olur – ona məktub yazır. Məktubun mətnin də bilinir ki, Anna məkrinə məğlub olaraq çaş-baş qalıb. Anna Vronskiyə məktub yazır ki, qızı Ani xəstədir və halı pisdir. Eyni zamanda Vronskinin yanına gəlmək istədiyini deyir. Anlaşılmaz bir vəziyyət yaranır: Ani ağır xəstədirsə anası niyə onu qoyub ərinin yanına getmək istəyir. Vronski bu çaş-başlıqdan başa düşür ki, Anna məktubu məkrlə yazıb. Məktubdakı düşməncə ahənd, qəzəb tonu Vronskinin ürəyini yumşaldır və o gəlib görür ki, qızı sağalıb, halı yaxşıdır. O yenidən geri qayıdır. Evdən çıxanda Annaya soyuq nəzərlərlə baxır və qadının ürəyinə şübhə toxumu səpilir: "Bu baxışlar göstərir ki, o, məndən soyumağa başlayıb”.
Ancaq bu qarışıq vəziyyət Annanı qəti qərar verməyə vadar edir: O başa düşür ki, əgər Vronski ilə münasibətləri kəskinləşdirərək boşansa, onda həyatı tamam nizamdan çıxacaq və o, yaşadıqlarını unutmaq üçün gündüzlər başını iş-güclə qatacaq, gecələr isə morfi içəcək. Tolstoy bu məqamda unutmağın, məhəbbət əzabından xilas olmağın məkrli yolunu seçməsini göstərir. Çünki yada salmamaq, başını iş-güclə qatmaq, dərman içib, morfi istifadə edibunutmaq kimisə həyatından məcburən çıxarmaqdır. Başqasını bu yolla tez-tələsik həyatından çıxara bilərsən, amma bu çox məkrli yoldur. Bu, kimisə beynindən təhqiramiz formada qovmaqdır. Bu gərginlik – bu üsul göstərir ki, Anna psixoloji cəhətdən vəziyyəti, yumşaq desək, olduqca gərgindir. Bu gərginlik içərisində o qərar verir ki, Vronskini namüəyyən vəziyyətdən xilas etməlidir – yəni, ərindən boşanmalı və onunla evlənməlidir.
Annanın gərginliyini göstərən başa bir detal isə budur: "O nə qədər çalışsa da bu qızı sevə bilmirdi, saxta məhəbbət göstərməyi isə bacarmırdı”. Anna ruhi gərginlik ucbatından qızını – Anini sevə bilmir. Eyni zamanda Annanın məkri bir başa formada da üzə çıxır: O başa düşür ki, məktubu ilə, hərəkətləri ilə Vronskini bezdirir, ancaq ürəyindən keçir ki, eybi yox, qoy o bezərək evə gəlsin, ancaq təki daim onun yanında olsun. Onlar arasında belə bir dialoq olur. Anna deyir ki, əgər Moskvaya gedib məni də aparmasan,onda səndən boşanacağam. Tolstoy bu söhbətdə Annaya baxan Vronskinin gözlərini "təqib olunan qəzəblənmiş bir adamın baxışları” kimi təsvir etməklə, qəhrəmanın daxilən necə sıxıldığını göstərir.
Beləcə Anna Karenina Aleksey Alekseyevə məktub yazıb boşanmağı xahiş edir. Vronski ilə Anna Moskvaya köçüb birgə yaşayırlar.
Beləcə Vronskinin azadlıq ehtirası və onun hərəkətlərindəki əksi Annanın ruhi dincliyini əlindən alır, onu daha da məkrli edir, məhəbbət mühitinin yanında yeni bir rəqabət meydanı yaradır. Bu amil də Anna Kareninanı faciəyə aparan yolu bir az da hamarlaşdırır...

Gözəllik və detal

Tolstoy Anna Karenina obrazını o qədər mükəmməl yaradıb ki, əsər irəlilədikcə sanki oxucu da ona heyran, bəlkə də, bir az da irəli getsək, deyə bilərik ki, oxucu da Annaya aşiq olur. Romandakı bütün kədərin, ağrının, ailə faciəsinin içində – əsərin bir neçə yerində müəllif Annanın gözəl simasını təsvir edir. Bununla da yazıçı sanki bizi ayıldır. Фyıldır ki, əziz oxucular, kədərə, ayrılığa, ortalıqda qalmağa aludə olmayın, Annanın timsalında gözəlliyi, özü də mükəmməl gözəlliyi seyr edin. Sanki müəllif bununla həm Annaya xanım olduğunu hiss etdirir, həm də bizim yadımıza salır ki, o, bir qadındır və özü də qeyri-adi dərəcədə gözəl qadındır. Sual oluna bilər ki, axı burda məxsusi nə var, məgər dünyada gözəl qadın azdır? Xeyr, gözəl qadın çoxdur, amma tamamlanmış qadın azdır. Tolstoy bütöv şəxsiyyətin simasında gözəl bir varlığın faciənin mahiyyətinmi açır.
Bəs Annanı bunca gözəl edən nədir? Annanı bu qədər gözəl göstərən onun ruhunun azadlığı və zənginliyidir. O, uşaqlar üçün kitab yazır, çoxlu jurnalları oxuyur, dəbdə olan nəşrləri mütaliə edir, bir sözlə, bütün problemlərin məngənəsində belə dünyanın mahiyyətini bacardıqca dərindən anlamağa çalışır. Tolstoy detalları ilə də möhtəşəmlik yaradan yazıçıdır, bir nümunəyə nəzər salaq: "Aldığı xarici qəzet, jurnallarda təriflənən kitabları gətizdirib yalnız tənhalıqda mümkün olan xüsusi bir diqqətlə oxuyurdu”. Doğurdan da, tənhalıq anlarımızda oxuduğumuz kitablara başqa vaxtlar mütaliə etdiklərimizlə müqayisədə daha artıq bağlanırıq, onları daha dərindən anlayırıq. Vronskinin seçki üçün getdiyi günlərdə Annanın tənhalığını Tolstoy bu cür dolğun bir detalla – kitabları xüsusi diqqətlə oxuması ilə əlaqələndirir.
Annanın mütaliə edən, müzakirə aparan, dünyanın gərdişini düşünən obrazı onun yalnız fiziki gözəllik deyil, eyni zamanda mənəvi gözəllik sahibi olduğunu göstərir. Gözəlik bağışlanılmaz bir şeydir. Xüsusən də, əgər fiziki və mənəvi gözəllik bir adamda cəm olursa, onun əzabı ikiqat, düşmənləri birə min artır. Tolstoy varlığın – gözəlliyin insana qənim kəsilməsini də Anna obrazının başına gələnlərim timsalında göstərir.

İradə asudəliyi

Müəllif əsər boyunca iradəsinin gücüylə seçimlər etmək haqqının oxucunu özünə verir. Və bu seçimlər, bu cür iradə asudəliyi romanın dinamikasını artırır. Nəticədə biz oxucular məntiqimizin gücüylə romanın hansı axara yönələcəyini tam müəyyənləşdirə bilmirik, çünki Anna öz həyatının qərarlarını özü verir və həmin qərarlar son dərəcədə gözlənilməzdir. Bu obrazın yox, insanın gözlənilməzliyidir. İnsanlar (oxucular) isə praqnozagəlməz adamlara qarşı daim maraq duyurlar. Anna müəllif üçün də, oxucular üçün də gözlənilməz qəhrəmandır. Ona görə də Tolstoydan soruşanda ki, "Annanı niyə öldürdün”, cavab verib ki, onu mən öldürmədim, o, özü özünü qatarın altına atdı. Yəni Tolstoyun əsas qəhrəmanı obraz olmaqdan çıxıb – o sanki canlı insandır və onu heç kəs idarə edə bilməz. Anna Karenina obrazı yaradıcılığın sırf müəllifdən asılı olmayan, təbii bir qanunauyğunluğa tabe qəhrəmandır.

Bağışlamaq

Tolstoy bir müəllif kimi (insan kimi) Anna Kareninanı sevir, fəqət bağışlamır. Çünki Tolstoyun nəzərində din sevgidən yuxarıda dayanır. Yəni əsərin nəticəsi kimi müəllifin qənaəti belədir ki, ailə müqəddəsdir və onu heç nəyə – heç bir istəyə, ehtirasa qurban vermək olmaz, nəticəsindən asılı olmayaraq bu cür hərəkətlərin bəraəti yoxdur. Müəllif romanı haqqında "bir qadının hekayəti”dir deməsi də bu fikri təsdiqləyir. Bəs Annanı, doğurdan da, bağışlamaq olarmı və Anna özü bunu istəyirmi? Əsərin VII bölməsində Levin Annanın yaşadığı evə gəlir, aralarında səmimi söhbət olur. Sonra Levin gedərkən Anna onun arvadına – Kitiyə keçmişdə olan hadisələrlə bağlı bir ismarıc göndərir: "Arvadınıza deyin ki, mən onu əvvəlki kimi sevirəm, əgər o indiki vəziyyətimə görə məni bağışlamaq istəmirsə, məni heç vaxt bağışlamasını arzu etmirəm. Bağışlamaq üçün mənim çəkdiyim əzabları yaşamaq lazımdır, qoy Allah onu belə əzablardan qorusun”. Əslində, Anna bu sözləri Kitinin timsalında onu bağışlamayan bütün insanlara deyir. Bu məqamdan aydın olur ki, Anna ona qarşı münasibətlərə görə heç kəsi ittiham etmək fikrində deyil. O başa düşür ki, onu yalnız onun yaşadıqlarını yaşayanlar tam mənada anlaya bilərlər. "Anna Karenina” haqqında yazdığım bu kitabı heç kəsi ittiham etməyənlərə – günahlandırmayanlara ithaf etməyimin bir səbəbi də Annanın bu mövqeyi, alqışlanası cəsarətidir. O, istəmir ki, biz onun halına düşək, onun yaşadıqlarını yaşayaq və yalnız bundan sonra onu bütün reallığı ilə anlayaq. Bununla – belə sərrast mövqeyi ilə Anna həm də özünü qoruyur, əməllərinə daha alt qatda bəraət qazandırır, yəni onun fikrinin ikinci tərəfi ondan ibarətdir ki, mənim yaşadıqlarımı yaşamayanların məni ittiham etməyə haqqı yoxdur. Başqasını özü kimi duymaq bacarığı isə hər adama verilmir. Haşiyə: Avropa xalqlarına aid nağılların birində nəql olunur ki, bir gün camaat gəlir sehrbazın yanına və sehrlə müharibələri dayandırmağı xahiş edirlər. Sehrbaz bütün silahları məhv edir. Müharibə etmək istəyənlər bu dəfə ağacları kəsib silah düzəldirlər. Sehrbaz həmin ağacları da məhv edir. İş o yerə çatır ki, dünyada lazım olan hər şeydən silah düzəldə bilən insanların əlindən sehrbaz hər şeyi alır. Belə olan təqdirdə onlar aclıqdan ölməli idilər. Bir uşaq sehrbaza məsləhət görür ki, sən bütün məhv etdiklərini geri qaytar, əvəzində insana Özgəsini Özü Kimi Duymaq Bacarığı ver, qoy kim kimə neyləsə həmin ağrını da, sevinci də özü yaşasın. Sehrbaz uşağın dediyini edir və başqasının ağrısını öz ağrısı kimi duyan insanlar bir də silaha əl atmırlar. Dünyada sülh, əmin-amanlıq bərqərar olunur.
İttiham etmək başqalarını özün kimi duymamaqdan doğan nöqsandır. Əgər ən müxtəlif məqamlarda özümüzü başqalarının yerinə qoya bilsək, onların nələr çəkdiyini bütün ağrısıyla duya bilsək, özümüzü qarşı tərəfin düşdüyü vəziyyətdə və onunla qarşılıqlı münasibətdə olan insanların yerinə qoysaq, bir anlıq da olsa ittiham etdiyimiz adamın xarakterinə sahiblənə bilsək, onda heç zaman başqalarını ittiham etməyə, onun əməllərinə yarlıq yapışdırmağa tələsmərik. Çünki ittiham etmək, günahlandırmaq tələskənlik – əlüstü cəzalandırmaq xarakterindən irəli gəlir. Bağışlamaq isə daim sonrakı mərhələdir, sonuncu instansiyadır. Bağışlamaq Allahdan bir addım irəlidə dayanmaqdır. Əməlləri Tanrının ittihamından daha əvvəl qiymətləndirib, günahlara azadlıq verməkdir. Bağışlamaq Allaha xas əlamətdir, ona görə də bizi dəfələrlə bağışlamış insana (xeyirxah müəllimə, anaya, sadiq dosta və s.) daim sığınırıq, onların bizim günahlarımızı bilməsi bizi alçaltmır. Ancaq bizi bağışlamayanların önündə günahlarımız özümüz üçün belə alçaldıcı mahiyyət qazanır. Cənnət ilə cəhənnəmin yolu da məhz bu məqamda ayrılır. Cəhənnəm bağışlanmayacaq günahların cəzalandırıldığı, insanın əməlinə görə cəzalandırıldığı yeridir, cənnət isə əksinə. İnsan cənnətdən qovulub deyə, daim cənnətə (onun müxtəlif formalarına, onun insanda təcəlla edən məqamlarına) can atır. Bizi bağışlayanlar bizə cənnət, bizi ittiham edənlər isə cəhənnəm vəd edirlər. Cənnətə can atan insanların bağışlayan insanlara can atmasının əsas səbəbi budur. Anna Karenina isə onu ittiham edənlərin – ona cəhənnəm düzəldənlərin arasında yaşayırdı, ona görə də onun ölümündə haradasa xilasa canatma var. O sanki onlarla adam tərəfindən ittiham edilməkdən, düşdüyü ağır vəziyyətlərin əlindən cana doyaraq şüuraltı olaraq bir kəs – Yaradan tərəfindən ittiham olunmağı seçir və ona görə də özünü qatarın altına atır...

Sualın qoyuluşu

Əgər "Anna Karenina”nın ilk cümləsi[1] xoşbəxtliklə bədbəxtliyin sərhədlərini müəyyənləşdirən fikirdirsə, əsərin Yeddinci fəslinin XXIII hissəsinin ilk iki abzası dağılmağa doğru yol alan ailələrin ümumi faciəsinin əksidir: "Ailə həyatında qəti qərara gəlmək üçün ya ər-arvad arasında çəkişmə, ya da razılıq olmalıdır. Ər-arvadın münasibəti qeyri-müəyyən olduqda, yəni onların arasında nə nifrət, nə də məhəbbət olmadıqda hər hansı bir qərar vermək mümkün deyil. Ərlə-arvadın bir-birini təngə gətirmələrinə baxmayaraq, bir çox ailələr illərlə ona görə dağılmır ki, bu ailələrdə nə tam nifrət, nə də razılıq olur”.
Tolstoy əsərin ilk cümləsində dediyi fikrin, sanki, əvvəlinə keçir bu fikirlə, – gələcək faciəni qarşılayan fikrin daha zəruri, vacib hissəsi ilə məhz bu məqamda rastlaşırıq. Anna və Vronski qərar vermək anına gəlib yetişiblər: Anna boşanmalıdır, oğluna sahib çıxmalı, cəmiyyətin ona olan münasibətini qəbul etməli, olanları unutmalı, ora-bura köçmədən bir evdə oturaqlaşmalı, Vronskiyə olan məhəbbətini bədbəxtlikləri ilə əlaqələndirməməli, əsər boyu bir-birini üstələyən ana-qadın qarşıdurmasının axırına çıxmalı, taleyini bütünlüklə anlayıb qəbullanmalı və ən nəhayət yeni həyatına uyğunlaşmalıdır. Vronski də öz növbəsində tutduğu mənsəbdə sabitqədəm olmalı, Annanı bütün problemləri ilə qəbul etməli, ailə problemlərinin həlini yekunlaşdırmalı, bir yerdə binə tutmalı, özgəsinin uşağına öz balası kimi baxmalı, cəmiyyətin ailəsinə olan rəyini gözarı etməli, bütün yaşananlara "bu da mənim həyatımdır” nəzəriylə baxmağı bacarmalıdır. Bütün bunlar Annadan və Vronskidən, onların fərqli xarakterlərindən (od və su) asılıdır, amma bu problemlər əsər uzandıqca çözülmür ki, çözülmür. Məhz bu havadan asılı qalmaq ovqatı, "nə oyanlıq, nə buyanlıq olmaq” vəziyyəti tərəfləri daha da çıxılmaz vəziyyətə salır və bütün proseslər sonucda psixoloji sarsıntılar kimi meydana çıxır. Yəni Anna Karenina belə demək mümkündürsə, artıq dəliliyin astanasına gəlib yetişir. Anna bu hissədən sonra artıq qadın kimi yox, ittihamçı kimi çıxış edir, o, daha öz şəxsi faciələri ilə yola gedə bilmir, dərdləri, problemləri onun amansız düşməninə çevrilir.
Məhəbbətin çoxlarını yanıldan ittihamçı bir sualı var. Həmin sual haçansa tərəflərdən çoxlarının qəlbində "peyda olur”: "O daha məni sevmir?!" Əgər bu sualın toxumu qəlbə səpilibsə, deməli, daha o sualı verən deməli, əvvəlki kimi sevmir, yaxud sevəni öncəki sayaq dərindən duya bilmir. Çünki insan özündən çox zaman ya şübhələnmir, ya da iş-işdən keçəndən sonra qızırğalanır. Şübhə həqiqi hissləri, saf duyğuları məhv edən başlanğıc virusudur. Anna Kareninanın qəlbində bir vaxtlar canı qədər sevdiyi Vronski haqqında "onun həyatında bir qız var?", "Məni əvvəlki kimi sevmir?" sualları yarananda o, həmin sualların cavabını özündə axtarmırdı. O, özünə sual vermirdi ki, "mən daha onu əvvəlki kimi sevmirəm?", "Ona əvvəlki qədər bağlı deyiləm?". Məhəbbət xoşbəxtliyinin əsas şərtlərindən biri (həm də) "sevgi boyunca" düzgün sual verib, doğru cavab almaqdır. (Çexovun yaradıcılığını yüksək qiymətləndirənlərdən biri deyirdi ki, Çexov ona görə böyük yazıçı deyil ki, o əsərində hansısa problemi qoyur və həll edir. Xeyr. Çexovun böyüklüyü ondadır ki, o əsərlərində sualı düzgün qoyur). Necə ki içəridəki hadisədən xəbərsiz biri otağa daxil olan kimi qarşısına keçən hər kəsi günahlandırır, eləcə də öz qəlbindən xəbərsiz insan... Anna Karenina da belədir. O, şübhəyə qapılır, – günahkar axtarır. Nəticədə özünü – varlığını unudur. Öz günahını unutmaq öz varlığını unutmaqdır... Günah bizə cəhənnəm, günahsızlıq isə cənnət vəd edir. Deməli, xoşbəxtlik üçün insanın ən böyük seçim qabiliyyəti günahını və ya günahsızlığını tanımaqdır. Dolsayısı ilə desək, öz həyatına verdiyin sualı düzgün qoymaqdır.

Tam anlamaq

Annanı ittihamçı ovqatında, günahlandıran rolunda gördükdən sonra bəlli olur ki, daha onun da məhəbbəti əvvəlki qüdrətində, gücündə deyil. Tolstoy, əslində, hər iki tərəfin məhəbbətinin azalmasını, problemlərin onların sevgilərini də zədələdiyini göstərir. Əsərin bu hissəsinə qədər biz Vronskini mətin, taleyinin sahibi, etdiklərinə cavabdeh, sevdiyi qadına tam sahib, ən əsası yaşadıqlarına görə peşman olmayan biri kimi görürük. Ancaq bu hissədə müəllif yazır ki, Vronski peşman idi və onu bu ağır vəziyyətə Anna Karenina saldığına görə peşman idi. Və Tolstoy oxucunun yanıldığını da göstərmək istəyir. Müəllif başa salır ki, siz ancaq obrazın taleyini oxuyur, o barədə düşünürsünüz, sizlər – mütaliə edənlər – hadisələrə kənardan baxırsınız, olanları hadisə, süjet kimi qiymətləndirirsiniz, ancaq obrazların qəlbindəkilərini, yaşdıqlarını tam bilmirsiniz. Bu detalla da göstərmək istəyir ki, onun baş qəhrəmanları sadəcə obraz deyillər – onlar canlı insandırlar, sizin oxuduğunuzsa əsər deyil – həyatın özüdür. Həyatı da, insanı da sonacan anlamaq və qiymətləndirmək mümkün deyil. Bəs biz oxucular haradan bilirik ki, obrazların taleyi haqqında yanılmışıq. Tolstoy Anna ilə Vronskinin bir-birindən narazılığı haqqında yazarkən qeyd edir ki: "Bu, daxili narazılıq idi”. Yəni, sizlər bütün olanlara kənardan baxırsınız, Vronkinin taleyi ilə barışdığını zənn edirsiniz, ancaq müəllifin təqdim etdiyi Vronskinin zahiri həyatı ilə tanışsınız, əsas məsələ isə qəhrəmanların içərisində gedir: "Onları bir-birindən ayıran narazılığın zahiri səbəbi yox idi və bunu aydınlaşdırmağa nə qədər çalışsalar da, narazılıq aradan qalxmır, əksinə, daha da artırdı. BU DAXİLİ NARAZILIQ İDİ, Anna Vronskinin məhəbbətinin azalmasından narazıydı, Vronski Annanın xatirinə özünü ağır vəziyyət saldığı üçün peşmanlıq çəkirdi. Anna Vronskinin bu vəziyyətini yüngülləşdirməkdənsə, onu daha da ağırlaşdırdığı üçün narazılıq getdikcə artırdı. Nə Anna, nə də Vronski öz narazılıqlarının səbəbini açıb demir, ancaq bir-birini haqsız hesab edir və əllərinə fürsət düşən kimi bunu bir-birlərinə sübut etməyə çalışırdılar”.


***

Roman sona yaxınlaşdıqca müəllif, sanki, sonralar baş verəcək faciəni əsaslandırmağa – labüdləşdirməyə çalışır. Hərçənd ki, Tolstoy Annanın ölümünün səbəbi barədə ona sual verəndə deyib ki, "o özü-özünü qatarın altına atıb”. Yəni müəllif qəhrəmanın taleyinin ancaq ondan asılı olmadığını vurğulayıb. Bu barədə az əvvəl də danışmışdıq. Eyni məsələyə təkrar qayıdış isə səbəbsiz deyil. Deməli, əsər sona yaxınlaşdıqca təbii olaraq, dramatizm artır, problemlər çoxalır, roman psixoloji cəhətdən ağırlaşır, sarsıntıların mənzərələri genişlənir. Özü də bu ağırlıq daha çox Anna obrazında cəmlənir. Anna Kareninanın artıq psixoloji problemləri, qısqanclığı, təkliyinin yaratdığı düşüncələr meydana gəlir və bu da özü-özlüyündə faciəyə aparan xətti "qalınlaşdırır”: "Anna üçün Vronski özü, onun bütün vərdişləri, arzuları, bütün mənəvi və cismani xüsusiyyətləri bir şeydən – qadınlara məhəbbətdən ibarət idi, Annaya görə yalnız ona yönəlməli olan bu məhəbbət azalmışdı; deməli, Annanın fikrincə, Vronski məhəbbətinin bir hissəsini başqalarına, yaxud başqa bir qadına salmalıydı. Buna görə də Anna qısqanırdı. Anna onu hər hansı bir qadına Anna xeyli, məhəbbətinin azalmasına qısqanırdı. Qısqanclıq üçün əsas olmadığından o bu əsası axtarırdı. Anna xırda bir şey üçün cürbəcür bəhanələr gətirib qısqanırdı. Vronskini gah subay sayıldığı üçün asanlıqla tovlaya biləcəyi kobud qadınlara, gah görüşə biləcəyi kübar qadınlara, gah da xəyalında yaratdığı, Vronskinin ondan ayrılıb evlənmək istədiyi qıza qısqanırdı Bu son qısqanclıq ona hər şeydən çox əzab verirdi. Xüsusilə ona görə ki, Vronskinin ürəyini açdığı dəqiqələrdən birində ehtiyatsızlıq edib anasının onu başa düşmədiyini və knyajna Sarokinayla evlənmək üçün onu dilə tutduğunu demişdi. Anna Vronskini qısqanaraq ona acığı tutur və hirsini ona tökmək üçün hər şeydə bir bəhanə axtarırdı. Vəziyyətinin acınacaqlı olduğu üçün o, Vronskini günahlandırırdı. Moskvada dişini sıxa-sıxa yaşayaraq keçirdiyi əzablı intizarı, Aleksey Aleksandroviçin qətiyyətsizliyi və astagəlliyini, öz tənhalığını – hər şeyi onun boynuna yıxırdı. Əgər o sevsəydi Annanın vəziyyətinin çox ağır olduğunu anlar, onu bu vəziyyətdən çıxarardı. Annanın kənddə deyil, Moskvada yaşamasının da günahı ondaydı, Vronski Annanın istədiyi kimi kənddə batıb qalaraq yaşaya bilmirdi. Vronskiyə cəmiyyət lazım idi və Annanı bu dəhşətli vəziyyətə o salmışdı. Üstəlik Vronski bunu anlamırdı. Annanın öz oğluyla əbədi ayrılmasının da günahkarı o idi”.
Annanın psixologiyasının yerində olmadığı başqa bir məqamda da üzə çıxır: Anna gah birdən-bir yumşalır və düşünür: "Günah məndədir, onu əsəbiləşdirirəm, boş yerə qısqanıram, Onunla barışacağam, sonra birlikdə kəndə gedərik, onda daha sakit olaram”, gah da durduq yerə əsib-coşur: Uşaqlara olan, onun naminə qurban verdiyim Seryojaya olan məhəbbətimi o anlaya bilməz.... Yox, o başqa qadını sevir, başqa cür ola bilməz”. Onlar kəndə getmək üstündə dalaşanda Anna əsassız yerə düşünür: "O mənə nifrət edir bu, aydındır. Mən sevmək, sevilmək istəyirəm, o isə daha məni sevmir. Deməli, hər şey bitmişdir”.
Dava-dalaş səhnələri əsər irəlilədikcə daha da şiddətlənir: "At məni at... Axı mən kiməm. Pozğun bir qadın. Sənin boynundan asılmış bir daş. Sənə əzab vermək istəmirəm, istəmirəm!. Əl çəkirəm səni, rahat nəfəs ala bilərsən. Sən məni sevmirsən, sən başqasını sevirsən”. Yaxud əsərin başqa bir yerində Anna Vronski barədə düşünür: "Bəli, o daha ikiüzlülük etmir, mənə nifrət etdiyini açıq-aşkar göstərir”.
Müəllif Vronski və Anna Kareninanın ailə münaqişələrinin, söz-söhbətlərinin fonunda, əslində, məhəbbətin adiləşməsini göstərir. Çünki dava-dalaş mühitində, söz-söhbət zamanı tərəflər bir-birinə olmazın sözlərini deyirlər, bu cür insanları bir-birindən incik salan rəftarlar məhəbbətin də axırına çıxır. Dava olana qədər tərəflərin arasında pərdə olur, onlar hələ bilmirlər ki, bir-birlərinə nəyi deyə bilərlər, nəyi yox. Dava isə insanların bir-birinə nə deyə biləcəklərini aydınlaşdırır. Bu aydınlıq tərəflərin münasibətinin axırına çıxır.
Ancaq əsər irəlilədikcə, ailə münaqişələri artdıqca, konflikt kəskinləşdikcə müəllif göstərir ki, Anna ilə Vronskinin davalarında məhəbbət özü ayaq altında qalıb tapdanır, onların qeyri-adi taleyi çoxlarının yaşadığı adi taleyə dönür, onlar qeyri-adi qurbanlar verib qovuşsalar da bəsit reallıqlarla acizliklə hesablaşmalı olurlar. əgər belədirsə onların başqalarından fərqi nədədir?
Məhəbbət ən çox sevişmə zamanı, bir də məhəbbət münaqişələri vaxtı adiləşir. Sevişəndə bədənlərin çılpaqlığı bir başa bir-birini sevən müqəddəs ruhlara təsir edir, tərəflərin bir-birinə olan saf niyyətlərinin pərdəsi açılır, məhəbbəti qoruyan ehtiyatlılıq, utancaqlıq hislərinə artıq yer qalmır. Tolstoy roman boyunca bu cür adiləşmələri də əks etdirmir. Sadəcə "qadınla kişinin arasına baş verə biləcək hadisə baş verdi” yazıb bu məsələnin üstündən sükutla keçir. Davada, münaqişədə isə hörmət, çəkingənlik məhv olur. Beləcə tərəflər heç zaman deyilməsinə ehtiyac olmayan son sözlərini də dilə gətirirlər. Bir tərəfin digər tərəfə sirli, maraqlı edən məsələlərdən biri də "ona nəyi demək olar, nəyi demək olmaz” ehtiyatlılığıdır. Elə ki o pərdə aradan çəkilir, insani münasibətlər aliliyini itirir və daha heç nə əvvəlki kimi olmur. Beləcə, tərəflər bir-birinin götürə biləcəyi söz yükünün miqdarını öyrənirlər.

İdeala canatım

Tolstoy müəllif kimi "bəşəri xilaskar” missiyasına sadiq qalır. Adiləşməkdə olan məhəbbəti xilas etməyə çalışır. Əgər Anna Karenina özünü qatarın altına atmasaydı, onda gec-tez onun Vronsiylə aralarındakı məhəbbət adiləşib məhv olacaqdı. Anna özün öldürməklə, sanki, məhəbbəti ölümün əlindən alır. Anna Vronskini sevməklə qəlbində sevməyə güc tapıb –qəlbindəki sevgi gücünü tanıyıb, yəni o, öz məhəbbətini yaradıb. Əgər Vronskiyə nifrət etsə, aralarındakı məhəbbət davalarda sönsə, Anna, sanki, öz yaratdığını öz də öldürmüş olacaqdı. Annanın məhəbbətin ağırlığını çiyinlərində sonacan daşımağa gücü və inamı yoxdur, onu həyat həkdən salıb. Ona görə də o dalaşanda dərhal "ayrılaq”, "bir-birimizdən uzaqlaşaq” deyir. Çünki o qəfil başlayan məhəbbəti qəfil də (ölüm kimi anidən) bitirmək istəyir. Əslindəsə, münasibətləri yarımçıq saxlayır. Yarımçıq qalan çox şey, əslində, davam edir.
Bu qəfillik – birdən haqlamaq ölümə xas əlamətdir. Anna qorxur ki, birdən Vronski, doğurdan da, onu atar, anasının ona məsləhət bildiyi qızla evlənər, yaxud aralarında getdikcə artan ailə münaqişəsi onları məhəbbətinin axırına çıxar. Annanı qorxudan budur, ona görə də o, qəfil bir qərar verməlidir. Bu qərar ya tələsik ayrılıqdır, ya da yubanmaz ölüm. Anna ikincini seçir. Çünki Vronski bütün davalarda Annanın ayrılmaq təklifini ya rəddə edir, ya da o sözlərin üstündən sükutla keçir. Ona görə Anna şüuraltı olaraq Vronskinin etməyə məcbur olmadığı bir çarə axtarır ki, həmin çarə də ölümdür. Anna yaşasaydı, bəlkə də, məhəbbət ölə bilərdi. O. Anna özünü qatarın altına atır və məhəbbəti xilas edir. Anna ölür, ancaq məhəbbəti yaşayır. Leyli ölür, Məcnun ölür, ancaq məhəbbətləri sağdır. Tolstoy da, Füzuli də qəhrəmanın deyil, idealın varisliyi prinsipini əsas götürürlər. Annanın idealı məhəbbətin varlığıdır, insanın bütün vəziyyətlərdə sevməyi və o eşq üçün hər şeyi etmək bacarığına sahib olmasıdır, Məcnunun idealı Allaha qovuşmaqdır. Bu əsərlər idealın yaşamasına xidmət edən əsərlərdir.

Qəhrəmandan xilas

Romanın sonuna doğru, elə bil, müəllif Annanın ölümünə tələsir. Sanki, bu ailə davaları, bu bədbəxtliklər, bu çıxılmaz durum Tolstoyun da ruhunu sarsıdır. Müəllif istəyir ki, bu dava-dalaş, bu gərginlik bitsin. Nəyə görə belə düşünürəm? Birincisi əsərdəki son mübahisələr çox keçidsiz, birbaşa və tələsik verilir. Konflikt sürətlə kəskinləşir, pik həddə çatır və xilası ölümdə görən Anna ona doğru da yeyin addımlarla irəliləyir.
İkincisi, Tolstoy bu ailə münaqişələri zamanı o qədər tələsir ki, Annanın ölümünə yaxın ikinci xətti olan Kiti və Levin xəttini davam etdirmir. Çoxlu davalar olur və məlum aqibətlə Anna gözlərini dünyaya əbədi yumur.
Üçüncüsü, Anna Karenina romanın VIII bölməsinin son hissəsində özünü qatarın altına atır və bununla da yeddinci hissə bitir. VIII hissədən əsər yenidən xüsusi bir aramla başlayır, sanki müəllif baş qəhrəmandan canını qurtardı və rahatlığa qovuşdu. Beləcə, roman əsərin əvvəlindəki ləngərinə – asta təhkiyəsinə qayıdır. Annasız bir dünya var artıq. Ancaq həmin dünya heç də rahat, gözəl dünya deyil. Anna ölümü ilə hər şeyi həll edəcəyini düşünürdü, ancaq Vronski onsuz psixoloji xəstəliyə düçar olun, onların uşağını da Annanın əri Karenin saxlayır. Yəni Annanın izi hər iki ailədə yenə də ağrılı, unudulmaz formada yaşayır. Anna Karenina, sanki, müəllifin də beynini qarışdırıb, onun da ruhuna hakim kəsilib, onun da həyatını zülmətə çevirmişdi.
Dördüncüsü, Tolstoy Annangilin ailə problemləri zamanı onun ancaq ölümlə xilas olacağını düşünür. Bir necə situasiyada dediyimiz məsələyə baxaq:
Dava-dalaş mühitində Vronski cana yığılanda düşünür ki, bəlkə də, o ərinin yanına qayıtmaq istəyir, Anna isə düşünür ki, yəqin Vronski anasının dediyi qızla evlənmək istəyir. Onlar ayrılsalar hər ikisinin həyatı hazırdır, sanki. Ancaq onların heç biri ayrılmaq istəmir. Onlar cəmi bir gün küsürlər, ancaq ona qədər elə olmamışdı ki, onlar mübahisə edəndə bu qədər küsülü qalsınlar. Anna ancaq təsəvvüründə yenidən mübahisə edə biləcəkləri halda Vronskinin ona deyə biləcəyi sözləri canlandırır. Sanki o, özünü mübahisə etməyə hazırlayır. "Vronskinin qəlbində ona olan məhəbbəti yenidən oyandırmaq, onu cəzalandırmaq və Annanın qəlbində məskən salmış şər ruhun Vronskiylə apardığı mübarizədə qalib gəlməsi üçün ölüm yeganə vasitə kimi aydın və canlı şəkildə Annanın təsəvvüründə canlanırdı”.
Annanın öz ölümünə münasibətində də bir qisasçılıq var: "Anna özünə həmişə içdiyi miqdarda tiryək süzərək ölmək üçün şüşənin hamısını içmək lazım olduğunu düşündükdə bu, ona elə sadə və asan göründü ki, artıq hər şey bitdikdən sonra Vronskinin necə peşman olub əzab çəkəcəyini xəyalında canlandırmağa başladı. O, gözləri açıq halda otağında uzanıb, yanıb qurtarmaqda olan şamın işığında tavanın karnizindəki naxışlara və şirmadan düşən kölgəyə baxaraq həyatda olmadığı zaman Vronski üçün yalnız bir xatirə kimi qaldıqdan sonra nələr edəcəyini təsəvvür edirdi”.
Sonra Anna əsər boyu onu izləyən yuxunu görür: "Saqqalı pırtlaşıq bir qoca dəmir üzərinə əyilərək nəsə edir və fransızca mənasız sözlər deyirdi. Anna həmişə bu dəhşətli yuxunu görərkən (onu dəhşətə salan da elə buydu) hiss edirdi ki, bu qoca ona əhəmiyyət vermir, dəmirin üzərinə əyilib nəsə qorxunc bir iş görür”. Bu yuxunu görmək əsərdəki gərginliyi bir az da artırır. Çünki dəmiri döyən kişi əzrailin obrazıdır. Əzrail üçün kimin canını almağı onun üçün əsas deyil, ona görə də həmin qoca Annaya baxmır. Müəllif (tale) bu yuxuya qayıtmaqla, əslində, Annanı sanki dəmir yoluna səsləyir. Ancaq bu yuxu necə bir yuxudur ki, o yuxudan əvvəl Tolstoy Annanın gərginliyini belə ifadə edir: "Anna yuxuda da hətta özünü hiss edirdi”. Belədirsə, o yuxuda da özünü hiss edirsə, deməli, o yuxu da özü-özlüyündə bir oyaqlıqdır, ayıqlıqdır – həyatın özüdür.
Anna ilə Vronski yenə mübahisə edirlər:
– Sabah biz mütləq gedirik, elə deyilmi?
– Siz gedirsiniz, mən yox, – deyə Anna ona tərəf çevrildi.
– Buna dözmək mümkün deyil!
– Siz... Siz buna peşman olacaqsınız.
Anna Karenina öz ölümü ilə Vronskini peşman etmək istəyir. Fikir verirsinizsə, həm müəllifin təsəvvüründə, həm də Annanın öz dünyasında xilas üçün ölümdən başqa bir yol yoxdur.
Ancaq Anna Tolstoydan fərqli olaraq ölümdən qorxur. Vronski evdən gedəndən sonra tək qalmır: "Tək qalmaqdan o qədər qorxurdu ki, xidmətçinin gəlməsini gözləməyib özü onun yanına getdi”. Sonra Anna bir məktub yazır və xidmətçidən göndərir. Məktubda Anna günahkar olduğunu bildirir Vronskiyə və qeyd edir ki, evə gəlsin. Məktubu göndərən kimi: "Anna tək qalmaqdan qorxduğu üçün xidmətçinin arxasınca otaqdan çıxıb uşaq otağına getdi”. Vronski gedəndən sonra Anna tək qalmaq istəmir, çünki tək qalmaq ölümlə baş-başa olmaq demək idi. Anna aynanın qarşısına keçir və saçını nə zaman daradığını xatırlaya bilmir və şişmiş üzünə baxaraq sual verir: "Bu kimdir?” Sonra cavab verir: "bəli, bu mənəm”. Anna, əslində, keçmişi ilə indisi arasındakı dəyişikliyi görür bu sualda, ancaq keçmişindən və indisindən qaçmayaraq "bəli, bu məmən” deyir. Annanın qaça bilmədiyi bu nöqtə, – bu aldanmaz məqam da onun ölüm məqamıdır. Bir azdan Mixaylo gəlir və deyir ki, məktubu Vronskiyə verə bilmədim, O Nijeqorod yoluna tərəf gedib. Anna sonra Vronskiyə teleqram vurur sonra da gəlib oturur kresloda və qızına sual verir: "Annauşka, əzizim mən nə edim?”. Bu sual, əslində, qızına yox, həyata verilmiş sualdır. Uşaq bu sualın cavabını bilə bilməz? Anna uşağa (dünyaya, özünə verdiyi sualın) verdiyi sualın cavabını ölümdən alır. Ölüm onu öz yanına çağırır...
[1] "Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”.

Fərid Hüseyn
banner

Oxşar Xəbərlər