• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Qəlbimizdə yaşayan Zəlimxan Yaqub

21.01.19 15:00 1597
Qəlbimizdə yaşayan Zəlimxan Yaqub
Ötən əsrin yetmiş beşinci ilin yazı idi? mən Lənkəran radio verilişləri redaksiyasında işləyirdim. Nə üçünsə mərhum jurnalist dostum Kamal Rəhmanovla görüşməyə getdim. Yanında iki nəfər tanımadığım adam gördüm. Çox şən və gümrah görünürdülər, söz sahibinə oxşayırdılar. O vaxtlar Kamal Respublika Kitabsevərlər Cəmiyyəti Lənkəran şəhər şöbəsinin məsul katibi idi. Əvvəllər isə "Leninçi” indiki "Lənkəran” qəzetində məktublar şöbəsinin müdiri işləyirdi. Kamal Rəhmanov dünyasını dəyişənə kimi Milli Məclisdə mətbuat xidmətinin əməkdaşı idi.
O, qonaqları təqdim etdi.
– Tanış ol! Respublika Kitabsevərlər Cəmiyyətinin sədri, şair Zəlimxan Yaqub və şair Ağa Laçınlı. İndi gedərik limonlu çay içməyə. Həm də şəhərin tarixi yerləri, təbiət guşələri ilə qonaqları tanış edərik. Kamal müəllim sonra əlavə etdi.
– Həmkarım Azad Zülaloğlu Lənkəran radio verilişləri redaksiyasının əməkdaşıdır. Məhsuldar jurnalistdir. Həm də bir neçə ildir "Baləminin sərgüzəştləri” adlı müasir lətifələrini yığıb çap etdirir, şən zarafatlarından qalmır, dost qədri biləndir, ona görə də xətrini çox istəyirik.
Sonra Zəlimxan Yaqub dedi:
– Gedək mənzərəli bir yerdə xatirə şəkli çəkdirək.
Bu təklif hamının ürəyincə oldu. İndiki zabitlər evinin yanındakı bağa keçdik. Həm münasib yer idi, həm də yaşıllıq göz oxşayırdı. Fotoqraf mərhum Əliskəndər Zeynalov idi. beləliklə də, həyatımızın bir anı, o günü xatırladan şəkli xoş bir xatirə kimi şəxsi arxivimdə qalır. Onu qırx iki il keçdikdən sonra (1975-ci ildə çəkilib) oxuculara təqdim etmək dostları xatırlamaq bizim borcumuzdur.
Həmin vaxt Ağa Laçınlı dərsi olduğu üçün gecə qatarı ilə Bakıya getdi. Zəlimxan Yaqubu ata yurdum Boladiyə qonaq aparmağa dəvət etdim. Biləndə ki, həm də şair Şəkər Aslanın doğulduğu kənddir, Zəlimxan müəllim buna sevindi. Şairin boladi kəndində atam Zülal kişi ilə görüşünü indi də yaxşı xatırlayıram. Atam Zəlimxan Yaqubu mehribanlıqla, ehtiramla qarşıladı. Ona müraciətlə Borçalı eli sazlı-söhbətli adamların məkanıdır. Elə bilirəm ki, sən də saz və söz adamısan. Bizdə istədiyin qədər qala bilərsən, gözümüzün üstündə yerin var. Qonaq da Allahındır, ruzi-bərəkət də.
Evimiz kəndin mərkəzində yerləşir. Zəlimxan Yaqub bir gün atamgildə qonaq qaldı. O vaxt atam kənd klubunun müdiri işləyirdi. Zəlimxan müəllim kəndin ziyalıları, ağsaqqalları ilə görüşürdü. Şair Lənkəranın, Boladinin təbiətinə, əsrarəngiz, təkrarsız gözəlliklərinə vurulmuşdu. Saf hava, bol günəş, Mirəhmədxanın evi, mayak və XIX əsr dairəvi qalası xüsusilə şairin marağına səbəb oldu, şəhərin səliqə-sahmanı xoşuna gəldi. Zəlimxan müəllim bir neçə gündən sonra Bakıdan mənə zəng edib dedi:
– Təzə kitabım çıxıb. Bakıda satışda qurtarıb, Lənkəranda kitab mağazalarında olar, mümkündürsə ondan 10-15 nüsxə tap, mənə göndər. Mən şairə söz verdim ki, kitabı tapan kimi sizə göndərərəm.
İndiki "Lənkəran” qəzet redaksiyasına yaxın kitab mağazası var idi, mağazanın müdiri mərhum Qüdrət Əsədullayevdən kitabın mağazada olub-olmadığını soruşdum. O, dedi ki, kitabdan qalıb. Amma oxucular onu tez alırlar. Mən həmin kitabdan 15 nüsxə aldım.
Elə oldu ki, mən bir neçə gün sonra Bakıya getməli oldum. Kitabı səliqə ilə büküb axşam qatarla yola düşdüm. Səhər qatar Bakıya çatan kimi Kitabsevərlər Cəmiyyətinə getdim. Orada mənə bildirdilər ki, Zəlimxan Yaqub indi "Azərbaycan” jurnalında işləyir. Redaksiyanın yerini bildiyim üçün həmin ünvana getdim. Zəlimxan müəllim məni mehribanlıqla qarşıladı. Dost-tanışları soruşdu. Mən dedim ki, kitabları gətirmişəm, bu limonları da dəmlədiyiniz Lənkəran sayı ilə içərsiniz.
– Böyük zəhmət çəkmisən, sağ ol – dedi.
Zəlimxan müəllim əlavə etdi:
– Lənkəran çayının dadı çox yaxşı və ətirlidir. Çünki təbiidir.
Sonra Zəlimxan Yaqub oturduğu masanın siyirməsini çəkib 5 avqust 1975-ci il tarixli "Azərbaycan gəncləri” qəzetindən bir nüsxə mənə verib dedi:
– Təzə şeirim çıxıb, oxuyarsan.
Qəzetin ədəbiyyat səhifəsində onun "Düşübdür” şeiri dərc olunmuşdur. Qəzet bu gün də mənim şəxsi arxivimdə qalır. Ayrılarkən Zəlimxan Yaqub mənə qeyd etdi:
– Bakıda qalmağa yerin yoxdursa bizə gedərik.
– Sağ olun, axşam qatarla gedəcəyəm, sabah işdə olmalıyam – dedim.
Mehribancasına görüşüb ayrıldıq. Xalq şairi Zəlimxan Yaqubla çəkilən foto şəkilin ona məhəbbətin və ehtiramın ifadəsi kimi saxlayıram.
Amansız ölüm səmimi insan, Xalq şairi Zəlimxan Yaqubu bu həyatdan vaxtsız apardı. Şair 2016-cı ildə ömrünün 66-cı ilində dünyasını dəyişdi. İndi şair əbədiyyətə qovuşaraq xatirələrdə yaşayır.

Azad Zülaloğlu


banner

Oxşar Xəbərlər