• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Qəhvə içməyiniz ücün çox səbəb var

18.10.16 13:58 2799
Qəhvə içməyiniz ücün çox səbəb var
Uzman doktor Yalçın Velibey,
Kardiologiya uzmanı
Dünyadakı insanların təxminən 90 faizi hər gün kofeinli içki içir. Təbii kofeinli içkilər hər kəsin bildiyi qəhvə və çaydır. Həm qəhvə, həm də çay sosial içkilərdir. Çünki gündəlik həyatda gün boyu çay və qəhvəni çox içirik. ABŞ-da hər gün təxminən 150 milyondan çox insan qəhvə içir. İngiltərə və İrlandiya istisna olmaqla, Avropadakı digər ölkələrdə qəhvəni çaydan daha çox içirlər. Bütün dünyada içilən qəhvənin 71 faizi inkişaf etmiş ölkələrin payına düşür. Göründüyü kimi, dünyada qəhvə içilməsi çox yayılıb və getdikcə də artır.

Qəhvə cəmiyyətə reklamlarla geniş şəkildə tanıtdırılır. İş vaxtı masa başında və ya yemək vaxtı, konfranslarda, toplantılarda və ya evdə, qısacası, gundəlik həyatımızın hər anında qəhvəni çox içirik. Qısacası, qəhvə bizim vazkeçilməz içkilərimizdəndir. Kişilər qadınlara nisbətən daha çox qəhvə içirlər. Ayrıca siqaret çəkənlər çəkməyənlərə nisbətən daha çox qəhvə içir. Qəhvə öz təsirini əsasən içində olan kofeinlə göstərir. Ancaq çay və qəhvədə kofeinlə bərabər bir sıra kimyəvi maddələr də (polifenol, katexin, flavonoid və s.) mövcüddur. Belə olduğu halda çaydakı və ya qəhvədəki kimyəvi maddələrin sağlamlığımıza zərərli olub-olmadığı sualı ortaya çıxır.
Qəhvənin faydaları varmı?
Həm çayda, həm də qəhvədə olan kofeinin həm sinir sisteminə, həm ürək-damar sisteminə, həm mədə-bağırsaq sisteminə, həm də endokrin sisteminə bir sıra təsiri mövcuddur. Qəhvənin Parkinson və Alçgeymer kimi xəstəliklərdən qoruduğu müəyyən edilib. Qəhvə yaşlılarda geniş şəkildə rast gəlinən Alçgeymer xəstəliyinin ortaya çıxmasını gecikdirir. Bundan başqa, tez-tez qəhvə içənlərdə qara ciyər sirrozu, qut (podaqra) və şəkərli diabet xəstəliyi daha az ortaya çıxır. Daha da maraqlı olan odur ki, tez-tez qəhvə içən Hepatit C xəstələrində qara ciyər xəstəliyinin inkişafı yavaşlayır. Hətta qəhvə içmək qəbizliyi də azaldır. Ayrıca qəhvənin hər hansı bir xərçəngə səbəb olmadığı bəllidir, əksinə, qəhvə içənlərdə qırtlaq, qara ciyər, prostat, uşaqlıq, ağız boşluğu və udlaq xərçənginə daha az rast gəlinir. Qəhvənin bəzi xərçənglərdən qoruması tərkibində olan antioksidant maddələrlə əlaqəlidir. Göründüyü kimi, qəhvənin faydaları sadalamaqla bitmir. Ancaq qəhvə içənlərin çoxunun qəhvənin bu faydalarından xəbərləri yoxdur. İnsanların çoxu qəhvənin insanı oyanıq tutduğunu, konsentrasiya qabiliyyətini artırdığını və yorğunluğu azaltdığını bilirlər. Qəhvənin sinir sisteminə təsiri içilən miqdarına bağlıdır. Məsələn, gündə 300 milliqrama qədər (3 fincan qəhvə) qəhvə qəbulu insanın oyanıq qalmasına kömək edir, bir şeyə daha cəld reaksiya vermə, öyrənmə, dərk etmə, qərar vermə qabiliyyətini artırır. Yorğunluq və ya gecə iş görülən zaman insanın oyanıq qalma və konsentrasiya qabiliyyətini artırır. Daha maraqlı olan odur ki, qəhvə içmək maşın və təyyarə sürmə qabiliyyətini də artırır. Qəhvə yuxusuzluğun neqativ təsirlərini azaldır. Məsələn, gecə növbəsində çalışan insanlarda yaddaşı, diqqət yetirməyi, orientasiyanı, məntiqli düşünməyi artırır. Qəhvə içmək idman zamanı, xüsusilə də aerobik idmanla məşğul olma zamanı performansı da artırır.
Başağrısının həm dərmanı, həm də səbəbi
Tez-tez qəhvə içməyən insanlar qəhvə içdikləri zaman qəhvə onlarda olan baş ağrısını azalda bilir. Ona görə də baş ağrısının azalmasına kömək eləsin deyə, bəzi ağrıkəsici dərmanların içinə kofein əlavə edilir. Ancaq medalın başqa üzü də var. Belə ki, qəhvə aludəçisi olan, yəni tez-tez çox yüksək miqdarda qəhvə içən bir insanda zaman keçdikcə xroniki baş ağrıları ortaya çıxa bilir. Ayrıca tez-tez qəhvə içən bir insan qəhvə içməyi uzun müddət buraxdığı zaman baş ağrısı ortaya çıxa bilir.
Sağlam insanlar qəhvə içdikləri zaman ürək-damar xəstəlikləri riski azalırmı?
Aparılmış böyük araşdırmalar nəticəsində məlum olub ki, qəhvə içmək sağlam insanlarda ürək-damar xəstəlikləri riskini artırmır. Hətta 229 min sağlam kişi, 173 min sağlam qadın üzərində aparılan çox böyük araşdırma nəticəsində məlum olub ki, qəhvə içmək ürək-damar xəstəliklərinə bağlı ölümləri azaldır. Siqaret çəkən insanlar siqaret çəkməyən insanlardan daha çox qəhvə içirlər. Siqaret çəkmək ürək-damar xəstəliyi baxımından zərərli olduğu üçün, siqaret çəkənlər içdikləri qəhvənin faydasını çox az görürlər.
Bir az da qəhvə haqqında insanların yanlış bildiyi doğrulardan bəhs edəcəm.
Səhv məlumat: qəhvə aritmiyaya səbəb olur
Yayılmış bir düşüncə var ki, qəhvə içmək aritmiyalara səbəb olur. Məhz buna görə də aritmiyası olan insanlara bəzən qəhvə içməyi tamamilə qadağan edirlər. Ancaq iki böyük araşdırma nəticəsində məlum olub ki, çox yüksək miqdarda içməmək şərtilə qəhvə içmək əslində aritmiyaya səbəb olmur. Bu araşdırmanın biri 3137 nəfər, biri də 100 min nəfərin üstündə aparılıb. Yəni yayılmış düşüncənin əksinə olaraq, çox yüksək miqdarda içməmək şərtilə qəhvə içməyin heç bir aritmiyaya səbəb olmadığı sübut olunub. Sadəcə olaraq, aritmiyası olan insanlar gün ərzində çox yüksək miqdarda qəhvə içməməlidirlər. Ona görə də bu cür xəstələrə qəhvə icməyin tamamilə qadağan edilməsi yanlışdır. Gün ərzində çox yüksək miqdarda qəhvə içmək, xüsusilə də ürək xəstələrində, aritmiyalara səbəb ola bilir.

Qəhvənin ürək döyünməsinə səbəb olmasına gəlincə, bəli, bəzi insanlar qəhvə içdikləri zaman ürək döyüntüləri ola bilər. Ancaq bu, qəhvə içən insanların az bir qismində görülür. Ancaq unudulmamalıdır ki, hər ürəkdöyünmə aritmiya demək deyil. Ürəkdöyünmə bir insanın ürək döyüntülərini güclü şəkildə hiss etməsidir. Ürəkdöyünməsi olan bir insanın bir dəqiqədəki nəbz sayının çox olması (taxikardiya) şərt deyil. Ürəkdöyünməsi olan bir insanın ürək döyüntülərinin (nəbz) sayı normal, hətta normadan az da ola bilər. Nəticə olaraq qəhvə içdiyiniz zaman aritmiya olmadan ürəkdöyünmə hiss edə bilərsiniz.
Səhv məlumat: ürək-damar xəstələri qəhvə içməməlidir
Poliklinikaya daha əvvəl infarkt keçirən, stent taxılan və ya şuntlama əməliyyatı olmuş bir çox insan müayinəyə gəlir. Onların içində "həkim, mən qəhvə içə bilərəmmi?”, "gündə neçə fincan qəhvə içə bilərəm?” suallarını verən xəstələr az deyil. 1 milyon 300 min insan üzərində aparılan bir araşdırma nəticəsində hətta gündə 6 fincana qədər qəhvə içməyin bu insanlarda nə infarkta, nə beyin insultuna, nə stent tıxanmasına, nə də ani ölümə səbəb olduğu müəyyən edilib. Yəni nəticə olaraq ürək-damar xəstəsi olan bir insanın qəhvə içməsini əngəlləmək doğru deyil.
Səhv məlumat: qəhvə qanda xolesterinin miqdarını artırır
Yayılmış düşüncənin əksinə olaraq, qəhvə qandakı xolesterinin miqdarını artırmır. 132 min insan üzərində aparılan bir araşdırma nəticəsində filtrlənmiş qəhvənin qandakı xolesterin miqdarını artırmadığı müəyyən edilib. Ancaq filtrlənməmiş qəhvə qandakı xolesterin miqdarını bir az artırır. Ancaq bu artım xəstəyə zərər verəcək qədər çox olmur. Ona görə də qanda xolesterini yuxarı olan insanlara qəhvə içmək qadağan edilməməlidir.
Bəs qəhvə qan təzyiqini qaldırırmı?
Sıx-sıx qəhvə içən sağlam insanlarda qəhvə ya qan təzyiqinə heç təsir etmir, ya da qan təzyiqini kəskin şəkildə (yəni anidən) qısa müddətə çox az qaldırır. Çünki o insanların bədəni qəhvənin təsirinə uyğunlaşıb. Ancaq çox sıx qəhvə içməyən sağlam insanlar qəhvə içdikləri zaman qan təzyiqləri qısa müddətə bir az (5-10) arta bilər. Məsələn, yuxarı qan təzyiqiniz 110-dursa, qəhvə içdiyiniz zaman qısa müddətə maksimum 120-ə qədər qalxa bilər. Ancaq buna baxmayaraq, qəhvə içmək sağlam insanlar üçün əsla qadağan deyil. Xüsusilə də iş yeri və ya ətraf mühitlə əlaqəli olaraq stressi çox olan insanlarda qəhvə sonrası qan təzyiqinin kəskin səkildə bir az artması daha çox ortaya çıxar. Ancaq hipertoniyalı xəstələr qəhvə içdikləri zaman qan təzyiqləri sağlam insanlara gorə bir az daha çox artır. Bu artım qısamüddətli olur. Yəni hipertoniyalı xəstələr qəhvəyə bir az daha həssas olurlar. Ancaq buna baxmayaraq, qəhvə içmək onlar üçün də əsla qadağa deyil.
Qəhvə ani ölümə səbəb ola bilərmi?

Gün ərzində çox yüksək miqdarda (gündə 10 fincandan çox) qəhvə içmək ani ölümə və ya ürək dayanmasına səbəb ola bilər. Bu risk xüsusilə də ürək-damar xəstələrində daha çoxdur.
Qəhvə gündə nə qədər və necə içilməlidir?
Qəhvəyə adətən şəkər, süd və ya krem qatılaraq içilir. Ancaq qəhvəyə şəkərin əlavə edilməsi həm qəhvənin faydalı təsirini azaldır, həm də nəticədə lazımsız yerə şəkər qəbul edilmiş olur. Qəhvəyə krem əlavə edildiyi zaman kremlə bizim üçün zərərli ola biləcək bəzi yağ tursularını da qəbul edirik. Gündə 400 milliqrama qədər kofein qəbulu sağlamlığımız üçün təhlükəsizdir. Bir fincan qəhvədə təqribən 100-110 milliqram kofein var. Ona gorə də gün ərzində 4 fincana qədər qəhvə içmək tamamilə təhlükəsizdir.

Son söz

Nəticə olaraq qəhvə içməyin insan sağlamlığına saymaqla bitməyən bir çox faydaları mövcuddur. Boşuna deməmişlər: "Bir fincan kahvenin kırk yıl hatrı var”. Çox yüksək miqdarda içilmədiyi müddətcə qəhvə içməyin insan sağlamlığına önəmli bir təhlükəsi yoxdur.
Yazımı Türk şair və yazar Cemal Sureyyanın bu cümləsi ilə bitirmək istəyirəm:
Gözlerinin kahvesinden koy ömrüme, kırk yılın hatırına sen kalayım.


banner

Oxşar Xəbərlər