• çərşənbə axşamı, 23 aprel, 18:48
  • Baku Bakı 20°C

Qəhrəmanlıq zirvəsi

07.02.17 11:50 2255
Qəhrəmanlıq zirvəsi
«Allaha and olsun, istəyim budur ki, Allah yolundaşəhid olum. Sonra dirilib yenə şəhid olum, yenəhəyata qayıdım, yenə şəhid olum».
Həzrət Mühəmməd Peyğəmbər (s)
Şəhid, müqəddəs bir qayə, vətən, millət və Allah yolunda döyüşərkən və ya çalışarkən ölən müsəlmana deyilir. Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır.Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.
Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.
2016-cı ilin aprel ayında baş verən hadisələr Azərbaycanın şanlı döyüş tarixinə qızıl hərflərlə yazılacaq. Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının hamısı qəhrəmandır. Onların bu il aprelin əvvəlində cəmi bir neçə gün davam edən döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Çünki onlar şəhid olsalar da, Birinci Qarabağ müharibəsində məğlub olmuş Azərbaycan Ordusunu qalib orduya çevirə bildilər. Elə öz adlarını da Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar.
Şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızdan biridə Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhid olan kəşfiyyatçı, Polkovnik leytenant Raquf Orucovdur. O, sözün əsl mənasında qəhrəman idi!
Raquf Orucovun düşmən arxasında uğurla həyata keçirdiyi bir neçə xüsusi əhəmiyyətli əməliyyatlar var ki, bunlar Azərbaycan Silahlı Qüvvələrinin tarixində nadir əməliyyatlardan sayılır. Raquf Orucov Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir.
Raquf Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan ilk hərbi hissə komandiridir. Raquf Orucov şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və "İgidliyə görə" medallarına layiq görülüb.
Cəmi 42 il ömür sürməsinə baxmayaraq, həyat və döyüş yolu o qədər zəngin, keşməkeşli və nümunəvi olub ki, Raquf Orucov haqqında danışılan xatirələr, dildən-dilə gəzən qəhrəmanlıq hekayətləri bitib-tükənmək bilmir.
Raquf Orucov 1990-cı ildə Ağdam rayonundan Sovet ordusunda həqiqi hərbi xidmətə çağırılıb. Cəmi 1 il Rusiyada xidmət etdikdən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatları eşidib və dərhal Azərbaycana qayıtmaq barədə qərar qəbul edib. Azərbaycana qayıtdıqdan sonra könüllü olaraq Ağdam rayonundakı özünümüdafiə batalyonuna yazılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə atılıb.Raquf Orucov hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyirmiş. Belə ki, orta məktəbi bitirən kimi Kamil və Feyruz adlı sinif yoldaşları (hazırda Kamil və Feyruz da polkovnik hərbi rütbəsi daşıyır) ilə birlikdə sənədlərini hərbi məktəbə veriblər. Kamillə Feyruz hərbi məktəbə daxil olsalar da, Raquf Orucovun bu arzusu baş tutmamışdı. Ona görə də 1993-cü ildə hələ Ağdamın işğalından əvvəl Ali Hərbi Məktəbə daxil oldu. İki ildən sonra, 1995-ci ilin ortalarında kiçik leytenant rütbəsi ilə cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb.
O sıravi döyüşçüdən peşəkar kəşfiyyatçıyadək ucalıb. Raquf Orucovlar ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdi. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib. Qardaşı Zabil deyir ki, Raquf 1996-cı ildə Murovdakı "N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Oruçov olub: "Kəşfiyyat bölüyünün komandiri kimi bu işin əsas ağırlığı Raqufun üzərinə düşürdü. Onun ən yaddaqalan əməliyyatlarından biri 1998-ci ildə işğal altında olan Kəlbəcərdə olmuşdu. Raquf Kəlbəcər rayonunda kəşfiyyat əməliyyatı zamanı erməni əsgərlərinin andiçmə mərasimini müşahidə edib və həmin tədbirdən gizli videoçəkiliş aparmışdı. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman ümummilli lider Heydər Əliyev tərəfindən "İgidliyə görə” medalı ilə təltif edilmişdi”.
Şəhid polkovnikin komandiri olmuş Rasim Fərşidovun xatirələrindən: "1998-ci il idi. Kəlbəcərin Yanşaq kəndi istiqamətində kəşfiyyat məlumatlarının toplanması, videoçəkiliş üçün kəşfiyyat qrupuna həmin əraziyə getmək barədə əmr verilmişdi. İki qrup müəyyənləşdirdik. Bir qrupda bölük komandiri kimi Raqufun, digərində isə tağım komandirinin dəstəsini seçdim. Özümü də bu iki qrupa zəruri yardım məqsədilə köməkçi dəstə kimi yazdım. Hazırlaşıb yola çıxdıq və axşama yaxın təmas xəttindəki ən son posta çatanda tağım komandiri qəflətən öskürməyə başladı. Planımız belə idi ki, səhərə yaxın təmas xəttini o tərəfə keçməliyik. Amma tağım komandirinin gecə səhərə qədər öskürməsi planımızı pozurdu. Raqufla məsləhətləşdik və qərara aldıq ki, əməliyyatı onun komandiri olduğu qrup təkbaşına həyata keçirəcək. Onun 6 nəfərdən ibarət kəşfiyyat dəstəsi videokamera ilə yola düşdü. Qrup üzvləri Ömər aşırımından Yanşağa qədər uzaq bir məsafə getməli idilər. Lazım olan məntəqəyə çatanda əlaqə saxlayıb apardıqları müşahidələr barədə məlumat verirdi. Bildirdi ki, erməni əsgərləri səhər düzülüşünə dayanıblar, onları çəkirəm. Bir qədər sonra, təxminən səhər saat 8 radələrində yenidən əlaqə saxladıq, dedi ki, düşmən məni görür, nə etməli olduğumu bilmirəm. Çünki bir tərəf açıqlıqdır, yerimi dəyişsəm təhlükə bir qədər də artacaq. Soruşdum ki, qərarın nədir? Dedi ki, qərar qəbul edirəm ki, geri qayıdaq. Dedim geri qayıdın, Allah eləməmiş, bir hadisə baş versə mənə xəbər elə ki, buradan sizə dəstək verə bilək. Səhər saat 10-da onunla belə bir qərar qəbul etdik. Axşam saat təxminən 7 radələri idi, məlum oldu ki, Raqufgil gəlib düşmənin arxasında aşağıda mövqe tutublar, amma yuxarıda ermənilərin postu yerləşdiyindən hərəkət edə bilmirdilər. Qrupun bütün heyəti erməni postundan aşağıda dərənin içində qaldı. Biz də endik dərəyə ki, onlara kömək edək, çünki yükləri vardı deyə yuxarı qalxmaq çətin idi. Bu ərazi elə bir yer idi ki, yalnız kəndirlər vasitəsilə dərənin dibindən yuxarı qalxmaq olardı. Bu cür çətinliklərə baxmayaraq, biz o əməliyyatı da uğurla başa vurduq. Raquf Orucov qayıdıb gələndə bütün briqada sevincindən özünə yer tapa bilmirdi. Axı, igid kəşfiyyatçılarımız salamat qayıtmış, lazım olan məlumatları da toplayıb gətirmişdilər”.
Raquf Orucov da daxil olmaqla aprel döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin hər biri qəhrəmandır! Düz 23 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan düşmənin təkcə beynəlxalq hüquq normaları və siyasətdə deyil, həm də hərbi nöqteyi-nəzərdən Azərbaycandan nə qədər zəif və gücsüz olduğunu məhz onlar sübut etdilər. İndi təkcə işğalçı Ermənistan yox, bütün dünya dövlətləri, o cümlədən Qarabağ savaşı üzərindən özünün çirkin siyasətini, niyyətini reallaşdırmaq istəyən qüvvələr də anladılar və şahidi oldular ki, Azərbaycan Ordusu heç də məğlub ordu deyil!
Əksinə, hər an öz torpaqlarımızı yağı düşmən tapdağından təmizləmək qüdrətindədir.
Rövşən Məmmədov,
Müstəqil araşdırmaçı
banner

Oxşar Xəbərlər