• çərşənbə, 24 Aprel, 19:32
  • Baku Bakı 23°C

Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi - Reportaj

21.04.15 06:37 13345
Qəhrəmanlığın Mübariz İbrahimov zirvəsi - Reportaj
“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu məktub Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun valideynləri, cəbhə yoldaşları və xalqı ilə son təması, vida məktubudur. O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətdən 2007-ci ildə çavuş rütbəsində tərxis olunan M.İbrahimov bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında yenidən hərbiyə qayıdıb və gizir rütbəsində xidmət etməyə başlayıb. Bir müddət sonra isə öz arzusu ilə Tərtər rayonundakı “N” saylı hərbi hissədə, daha dəqiq desək, cəbhə bölgəsində xidmət etməyə başlayıb.
M.İbrahimov anadan olduğu vaxt Ermənistan siyasi rəhbərliyinin məkrli siyasəti nəticəsində Qərbi Azərbaycan ərazisində yaşayan yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından deportasiya edilib, erməni silahlı birləşmələri Azərbaycan ərazilərinə soxulmağa başlayıb. Belə bir vaxtda dünyaya gələn M.İbrahimov ailəsində valideynlərinin vətənpərvərlik, elə-obaya bağlılıq hisslərini bölüşüb, Vətən təəssübkeşliyi mühitində böyüyüb. Uşaq yaddaşına yazılanlar qaya üzərində yonulan, həkk edilən rəsmləri xatırladar, heç zaman silinməz deyiblər. Elə Mübarizin də birinci sinfə gedənə qədər böyüklərindən eşitdiyi, televiziya efirlərindən izlədiyi erməni təcavüzü, Xocalı qətliamı, Dağlıq Qarabağ və ona bitişik rayonlarımızın işğalı, əhalinin qaçqın və məcburi köçkünə çevrilməsi kimi hadisələr yaddaşında dərin, silinməz izlər buraxıb, onu daim düşməndən qisas almağa səsləyib. O, cəbhə xəttində xidmət edərkən də düşmənə sarsıdıcı zərbə vurmağı, Xocalıda törədilən soyqırımının qisasını almağı bir an da olsa ağlından çıxarmayıb.
Bu məqsədlə uzun müddət düşündüyü, arzusunda olduğu planı reallaşdırmaq qərarına gəlib. 19 iyun 2010-cu ildə yuxarıda qeyd edilən vida məktubunu yazaraq, gecə saat 23:30 radələrində düşündüyü əməliyyatı həyata keçirib. Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girmək üçün bir kilometrlik minalanmış məsafəni tək keçib. Əsl bir cəngavər kimi mənfur düşmənin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədəcə məhv edib. Düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, təkbaşına 5 saat bir orduyla döyüşüb. Ermənistan Silahlı Qüvvələrini ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Ermənilər əvvəlcə elə zənn ediblər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaş-baş qalan düşmən əlavə qüvvələrini də köməyə çağırıb. Gizir M.İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu bununla da onu şəhidlik zirvəsinə ucaldıb. O, öz şərəfli ölümü ilə, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında ölkə Prezidentinin həmin tarixdə imzaladığı növbəti Sərəncam da respublikamızın hər yerində igid Vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılanıb. Sərəncama uyğun olaraq, Biləsuvar şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun adı verilib. Həmçinin Biləsuvar şəhərində xüsusi istedada malik uşaqlar üçün inşa olunmuş lisey-məktəb kompleksinə M.İbrahimovun adının verilməsi barədə Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb. Nazirlər Kabinetinin 29 sentyabr 2010-cu il tarixli qərarı ilə bu məsələ də qısa zamanda həllini tapıb. Biləsuvar Rayon İcra Hakimiyyətinin Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun adı verilib.
Bununla yanaşı, Rayon İcra Hakimiyyəti tərəfindən Milli Qəhrəman ailəsi üçün Əliabad kəndinin girəcəyində ikimərtəbəli, ən müasir tələblərə cavab verən fərdi ev də inşa edilib. Biləsuvar rayon mərkəzindən Əliabad kəndi istiqamətinə yol alarkən soraqlaşıb asanlıqla həmin evi tapdım. Məqsədim Milli Qəhrəman ailəsinə baş çəkmək, valideynlərinin Mübarizlə bağlı xatirələrini dinləmək, onların qayğıları ilə maraqlanmaq və qəzetimiz üçün bu barədə bir yazı hazırlamaq idi. Lakin təəssüf ki, həmin evdə yaşayış olmadığını öyrəndim. Ona görə də yerli sakinlərin köməyi ilə Milli Qəhrəmanın ata ocağına, Seyid Hacı Ağakərim kişinin əvvəlki evinə getdim. Vətən məhəbbətinin, yurd sevgisinin, qəhrəmanlıq və mübarizlik timsalının ziyarətgahına çevrilən bu evdə məni Hacı Ağakərim kişinin özü qarşılayıb içəri dəvət etdi və beləliklə, biz çay süfrəsi arxasında Mübarizin ömür yolunu, onun xatirələrini vərəqlədik.
Hacı Ağakərim kişi Allahın ona 3 oğul bəxş etdiyini bildirdi. Öyrəndim ki, oğlanlarından böyüyü Polis Akademiyasının müdavimidir, digəri isə kənddə təsərrüfat işləri ilə məşğul olur. Mübariz barədə danışan şəhid atası dedi ki, övladlarının hər birini, o cümlədən Mübarizi də çox istəyib. Ancaq Mübariz öz davranışlarına görə digər qardaşlarından daim seçilib. Məktəbdə əlaçı şagird kimi tanınmasa da, nizam-intizamlı, sakit təbiətli, valideynlərinə təsərrüfat işlərində yardım edən övlad olub. İdmana böyük həvəs göstərdiyindən 12-13 yaşlarından fiziki tərbiyəsinə xüsusi önəm verib. Halallığı, düzlüyü sevən Mübariz mömin adam kimi üzərinə düşən vəzifələri də artıqlaması ilə yerinə yetirməyə çalışıb.
Hacı Ağakərim kişi deyir ki, oğlanlarının üçü də namaza başlayanda üç qurban kəsib, ətini kənd camaatına paylayıb. Seyid ocağının nəvələrinin də ibadətlə məşğul olmasından sonsuz sevinc hissi keçirib. Müsahibimin sözlərinə görə, hərbi xidmətini başa vurub evə dönəndən xeyli müddət sonra Mübariz təkrar hərbiyə qayıtmaq barədə qərarını da ilk olaraq atasına deyib. Ata-anasının, qardaşlarının xeyir-duası ilə hərbi təlim-tədris mərkəzində gizir rütbəsi almaq üçün kurs keçib. Ardınca da öz xahişi ilə cəbhə bölgəsində xidmət etməyə yollanıb.
Şəhid atası bildirdi ki, ermənilərin törətdiyi Xocalı soyqırımı hər bir azərbaycanlı kimi Mübarizə də çox pis təsir edib, bu barədə söhbət düşəndə o, buna görə ermənilərdən qisas alacağını tez-tez dilinə gətirirmiş. Ordu sıralarında qulluq etdiyi müddətdə hərdən məzuniyyət götürüb evə gələndə atası ilə vətənpərvərlik mövzusunda uzun-uzadı söhbətlər edərmiş. Sonuncu dəfə məzuniyyətdən evə gələndə isə bu barədə söhbət edərkən atası ilə mübahisəsi düşüb. Mübariz cəbhə xəttini keçib ermənilərin bizim torpaqlarda yerləşən hərbi texnikasını partladacağını, erməni əsgərlərini öldürəcəyini bildirirmiş. Atası ona acıqlanaraq, özbaşına belə bir iş tutmamağı, özünü və tabeliyindəki əsgərləri qorumağı tövsiyə edib. Görünən budur ki, Mübariz öz yolu ilə gedib, düşməndən qisas almaq niyyətini gerçəyə çevirə bilib.
Hacı Ağakərim oğlunun şəhid olduğu günün səhərisi baş vermiş bir hadisəni də söhbət əsnasında xatırlatdı. Dedi ki, hadisənin səhəri günü tezdən saat 5-6 arasında hərbi hissədən ona zəng gəlib. Soruşublar ki, oğlunuz evə gəlməyib ki. Hətta bildiriblər ki, Mübariz özü ilə çoxlu silah götürüb və hərbi hissənin ərazisindən naməlum şəkildə uzaqlaşıb. Hacı da cavabında bildirib ki, mən oğlumu yaxşı tanıyıram, onu sərhədin bu tərəfində deyil, o biri tərəfində axtarın. Sonradan M.İbrahimovun vida məktubu tapılıb və məsələnin nə yerdə olduğu aydınlaşıb.
Şəhid atası övladlarını vətənpərvərlik ruhunda tərbiyə etməsindən, Mübariz kimi digər iki oğlunun da elə-obaya, yurda bağlı olduğundan fəxarətlə danışdı. Söhbət zamanı Azərbaycan xalqının bəlalardan daim uzaq olmasını, işğal olunmuş ərazilərimizin tezliklə azad edilməsini, Azərbaycan bayrağının Şuşada, Xankəndində dalğalanmasını uca yaradandan dilədi. Eyni zamanda, mənfur düşmənlərimizə də dua edərək: “Allah onları hidayət etsin”, - dedi. Səbəbini soruşduqda isə: “Ermənistan rəhbərliyi qonşularına qarşı əsassız iddialar irəli sürməklə öz xalqını da bədbəxt edib, onlara bəla gətirib, erməni gəncləri onlar tərəfindən başladılan müharibənin qurbanına çevriliblər. Eyni zamanda bu əsassız iddialarla biz qonşularını da narahat ediblər. Allah onları hidayət etsin ki, düz yola gəlsinlər”, - dedi.
Hacı Ağakərim kişidən onlar üçün yeni inşa edilmiş mənzildə nə üçün yaşamadıqlarını da soruşdum. Elə bu vaxt söhbətə şəhid anası Şamama xanım da qoşuldu. Hər ikisi: “Bu evin, həyətin hər küncündə Mübarizin xatirələri var. O xatirələri tərk edib gedə bilmərik” - dedilər. Bununla yanaşı, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə, bütünlükdə Azərbaycan xalqına minnətdarlıqlarını bildirdilər. Mübarizin tək onların deyil, bütün Azərbaycan xalqının övladı olduğunu qeyd etdilər. Eyni zamanda bildirdilər ki, onları yaşadan, təsəlli verən Azərbaycan xalqının Mübarizə sahib çıxmağı, gənc nəslin onun qəhrəmanlığını özlərinə nümunə saymasıdır.
Rufik İSMAYILOV
Bakı-Biləsuvar-Bakı

banner

Oxşar Xəbərlər