• cümə, 29 Mart, 14:21
  • Baku Bakı 14°C

Qəhrəmanlığı dünyanın müharibə tarixinə düşən Şeyx

10.01.17 13:30 1152
Qəhrəmanlığı dünyanın müharibə tarixinə düşən Şeyx
"Şeyx Şamilin ölkəsinin azadlığı uğrunda apardığı mübarizə dünya azadlıq mübarizələrinin ən möhtəşəmlərindəndir. Kiçik bir qəbilə başçısının bir ovuc mücahidlə 125 milyonluq dövləti 25 il çaşbaş salması yalnız təpədən-dırnağa vətən, millət sevgisi ilə çuğlaşa bilən bir igidə mənsub ola bilər. Şamil Qumuq mənşəli bir Türkdür. Vətəninin, millətinin xoşbəxtliyi uğrunda hər cür əzaba qatlaşan, qəhrəman bir Türk oğlu!
Adını dəyişməsəydilər...
Kiçik bir aulda dünyaya göz acan bir körpə illər sonra dünyada qəhrəman kimi tanındı. 1797-ci ildə Dağıstanın Gümri aulunda dəmirçi Danqu Məhəmmədin ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Körpənin anası avar bəyi Pirbudağın qızı Bəhi Məsad idi. Ailə uşağın adını Əli qoydu. Bir necə il keçdi. Əlinin tez-tez xəstələnməsi valideynlərini çox narahat edirdi. O zaman dağlı xalqlarının inamına görə, belə olanda uşağın adını dəyişmək lazım idi. Ona görə də, valideynləri Əlinin adını dəyişib Şamil qoydular. Günlər keçir, Şamilin vəziyyəti yaxşılaşır. Yaşına uyğun olmayan qeyri-adi gücə və cəsarətə malik olan Şamil günün çox hissəsini qılınc oynadır, at çapır. Təbiətən çox məğrur olan Bəhi Məsad xanım oğlunu cəsarətli, igid, qorxmaz, tərbiyəli və təhsilli görmək istəyirdi. Bu istəklə onu ilk olaraq Adil Məhəmməd Qazinin yanına aparır və oğlunun təhsili ilə məşğul olmasını xahiş edir. Sonra daha ciddi təhsilə malik olmaq üçün Şamil 12 yaşından 20 yaşına kimi Camaləddin Qaziqumlunun yanında təhsilini davam etdirir. O, burada qrammatika, məntiq və ərəb dilini mükəmməl öyrənməklə yanaşı, ali fəlsəfə və hüquq elminin sirlərinə də bələd olur. Dərsləri və döyüş məşqləri ilə müntəzəm məşğul olan gənc Şamili narahat edən yeganə bir məsələ atasının həddən ziya içkiyə meylli olması idi. O, bir gün atasının qarşısında şərt qoyur: "Əgər bir də onu sərxoş görsə, özünü öldürəcək”. Oğlunun inadkarlığını bilən ata onu itirmək qorxusunu anlayaraq, çətin də olsa içkidən uzaqlaşmalı olur.
Gənc Şamil igidliyi, tərbiyəsi və təhsili ilə aulda hamının sevimlisinə çevrilir. 1832-ci ildə baron Rozen tərəfindən Gümrinin mühasirəsi zamanı Qazi Məhəmməd şəhid olur. Bundan sonra əhli məşvərət və məsləhət edib, Şeyx Şamili özlərinə imam seçirlər.
Övladlarını da azadlıq, müstəqillik ruhunda böyütdü
Yüksək təşkilatçılıq bacarığı və iradəsi sayəsində Şeyx Şamil dağlıları birləşdirərək, yerli feodalları özünə tabe edə bildi. O, buna iş başına keçəndən sonra ilk olaraq camaatın xeyir və mənfəəti üçün mükəmməl islahatlar aparmaqla, adil qanunlar verməklə müvəffəq oldu. Xalqının dərd-sərini bilmək üçün hər kəsin onunla sərbəst görüşmək və şikayətini çatdırmaq üçün imkan yaratdı. Bununla da sərbəstlik içində böyüyüb heç bir halda ram olunmağı sevməyən dağıstanlıları əmrinə itaət etdirə bildi. Bunun da nəticəsində Rusiya kimi bir dövlətə qarşı hürriyyət və istiqlal uğrunda 25 il müqavimət göstərməyi bacardı.
Şəxsi igidlik və sərkərdəlik bacarığı ilə böyük şöhrət qazanan Şeyx Şamil onu sevən və ona dəstək olan xalqına arxalanaraq, hərbi-teokratik dövlət yaratdı. İmamlıqda dünyəvi və dini hakimiyyət Şeyx Şamilə məxsus idi. Beləliklə, 1843-cü ildən, 1859-cu ilə qədər Dağıstan və Çeçenistanda rus ordusu üzərində ardıcıl qələbələr qazanan Şeyx Şamilin uğuru rusları ciddi düşünməyə və narahat etməyə vadar etdi. Çar qoşunları üzərində bir necə dəfə qələbə qazanan Şeyx Şamilin 1839-cu ildə Ahulgo təpəsində 3.000 müridi ilə general Qrabbenin komandanlığı altındakı 10.000-dən çox təchizatlı rus ordusunun mühasirəsinə 80 gün müqavimət göstərməsi dünya müharibə tarixinə düşmüşdür. Tədqiqat əsərlərində göstərilir ki, Şeyx Şamil beş dəfə evlənib. Bu izdivaclardan onun altı oğlu, beş qızı olub. Övladlarını da azadlıq, müstəqillik ruhunda böyüdən, tərbiyə edən Şeyx Şamilin oğlanları da igidlik, sərkərdəlik baxımından heç də atalarından geri qalmayıblar. Onlar döyüşlərdə daima ön cərgədə vuruşublar.
Bizdən fərqli olaraq, zaman ədalətli oldu
1843-cü ildə çar I Nikolay Dağıstanın ümid qapısı olan Darğu qalasının alınması əmrini verdi. Bu əmri yerinə yetirmək Qafqaz canişini Voronsov Daşqova həvalə edildi. Böyük qanlar bahasına Darğunu alan Voronsov Daşqov sonda anladı ki, qalanın zəbtindən bir fayda hasil olmayacaq, Dağıstana, Çeçenistana hökm etmək mümkünsüzdür. Bunu bir daha dərk edən rus ordusu həmişəki kimi yenə də xəyanətə əl atdı. Müsəlmanların, ələlxüsus da naiblərin arasında nifaq salaraq, onları xeyli zəiflətdi. Bir necə naib Hacı Murada qoşularaq, yenidən rusların tərəfinə keçdi. Fürsəti fota verməyən rus ordusu 1859-cu ilin avqustunda general Baryatinskinin rəhbərliyi altında 360 minlik ordu ilə hücuma keçdi. Rus ordusu yenə də xəyanət nəticəsində ilk olaraq Şeyx Şamilin ordusunun su mənbəyini məhv etdi. Çox çətin və amansız döyüşdə sonra avqustun 26-da Şeyx Şamil 400 müridlə Qunub aulunda mühasirəyə alınaraq tutuldu və ailəsi, 40 nəfər yaxını ilə Peterburuqa - II Aleksandrın sarayına gətirildi. Yazılan tədqiqat əsərlərindən və xatirələrdən belə aydın olur ki, nisbətən alicənab olan II Aleksandır sarayında Şeyx Şamili və ailəsini hörmətlə qarşılayaraq "sizi süfrəmin qonağı etməklə böyük bir şərəf duyuram” deyir. Bu zaman Şeyx Şamilin də çardan bir istəyi olur: "Xahiş edirəm, əmr verin ki, kitablarımı və qılıncımı əlimdən almasınlar”.
Mütaliəni çox sevən Şeyx Şamil əslində bu uğurlarına təkcə qılıncının gücünə deyil, həm də bilik və güclü zəkasının sayəsində də nail olmuşdur. Deyilənlərə görə, zəngin kitabxanası olan Şeyx Şamil gərgin döyüşlərdən sonra gününün çox hissəsini bu kitabxanada keçirərmiş. Dəfələrlə köç edən Şeyx Şamilin ilk olaraq daşıdığı xəzinə kitabları olub. Hətta Kalyqada əsirlikdə olan zaman Mirzə Kazım bəylə görüşərkən, mütaliə etmək üçün ondan maraqlı kitablar göndərməsini xahiş edir.
Çox təəssüflər ki, sovet dövründə bəzi ruspərəst alimlərimiz belə bir igid sərgərdəni "millətçi hərəkatın nümayəndəsi, türk sultanının maraqlarına xidmət edən çəsus” kimi təqdim ediblər. Amma Şeyx Şamili "mütərəqqi və demokratik lider, azadlıq fenomeni” kimi təqdim edənlərdə olub. Doğrudur, bu, onlara həyatı bahasına başa gəldi. Görkəmli akademik Heydər Hüseynov əsərində onu belə təqdim etdiyi üçün Azərbaycan KP MK-i SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırır: "Heydər Hüseynov Azərbaycan KP sıralarından xaric edilsin, Stalin mükafatından məhrum edilsin və Akademiyadan işdən çıxarılsın”.
Bizdən fərqli olaraq, zaman ədalətli oldu. Bizə ən yaxın olan Şeyx Şamil kimi bir insan və qəhrəmanı yaddan çıxardığımız halda, zaman onu yaşatdı. Yaşatdı ki, gələcək nəsillər də vətənini, millətini, torpağını onun kimi sevsin, qorusun, azadlığına, müstəqilliyinə onun kimi sahib çıxsın...
Ömrünün son on ilini Kaluqada əsirlikdə olan Şeyx Şamil Sultan Əbdüləzizin köməyi ilə rus çarından icazə alaraq (çar Şeyx Şamilə oğlu Qazi Məhəmmədi girov saxlamaq şərtilə icazə verir) Həccə ziyarətə gedir. Müqəddəs ocaqda Şeyx Şamili çox böyük sayğı ilə qəbul edirlər və ziyarətinə şərait yaradırlar. Lakin Şeyx Şamil ziyarətini tam başa vura bilmir. 1871-ci ilin mart ayında Mədinə şəhərində vəfat edir. Amma əsirlərdir ki, xalqına, millətinə, torpağına olan sevgisi, sayğısı onu daima yaşadır və yaşadacaq.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər