• cümə axşamı, 28 mart, 18:08
  • Baku Bakı 13°C

Qəhrəmanlarımızın mənəvi yaralarına necə məlhəm olaq?

16.01.21 14:30 992
Qəhrəmanlarımızın mənəvi yaralarına necə məlhəm olaq?
"Düşmənə qalib gəlibsənsə, travmanı da məğlub edə biləcək qədər güclüsən”
"Gözümün önündə yoldaşlarımı itirmişəm. 15 dəqiqə öncə deyib güldüyüm dostlarım döyüşdə şəhid oldular. Bunun təsiri, sadəcə, kədərdir. Bilirəm ki, onlar indi ən uca zirvə olan şəhidlik zirvəsinə ucalıblar, amma yenə də insana təsir edir”.
"Bu gün oturub yemək yeyəndə, "mənim toyuma gələrsən” deyən döyüş yoldaşının səhəri gün ayaqlarından tutub nəşini çıxarmağı unutmaqmı olar? Həmin vaxt telefonu zəng çaldı, evdən zəng gəlirdi. O an adam nə edəcəyini, bilmir. İçəridən mənəvi sınmaq gəlir. Müharibənin ağır qanunları var. Amma işığı sifətinə salıb, qoruyucu jileti çıxarıb güllənin hardan dəydiyinə baxmaq, donuzlar ağız atmasın deyə nəşini zirzəmiyə qoymaq ağır şeylərdir. Əlində qol olur, bilmirsən kimindir, deyirsən ki, qoy tapım, nəşi əskik getməsin. Belə şeyləri unuda bilməyəcəyik”.
Bu fikirlər Vətən Müharibəsinin iştirakçıları, qazilərimiz Kənan Babayev və Daşqın Əzizova aiddir. Müharibədən qayıdan qazilər, şəhid ailələri, terror qurbanı olan mülki vətəndaşlar psixoloji travmalardan əziyyət çəkirlər. Son günlər iki qazımızın intihar etməsi də vəziyyətin ciddiliyini göz önünə qoyur.
Açılan silah səsləri, partlayan bombalar, ətrafa od ələyən tanklar və dostlarını gözlərinin önündə şəhid olduğunu görən əsgərlər... Bəs vətən üçün, bizim üçün canlarını fəda etməkdən çəkinməyən, düşməni məğlub edən, bizi arzumuza çatdıran qəhrəmanlarımızı biz necə qoruyaq? Onların mənəvi yaralarına necə məlhəm olaq?
"Flashback”lər, qorxu, narahatlıq, özünütəcrid...
Psixoloq Gülnar Orucova deyir ki, müharibəni görən, yaşayan hər bir insan üçün psixoloqa ehtiyac duyulur. Bu siyahıya qazilər, əsgərlər, şəhid ailələri, hətta mülki əhali belə aiddir: "Məlum məsələdir ki, Bərdədə, Gəncədə, Tərtərdə mülki əhali böyük ziyan gördü. Məsələnin maddi tərəflərini kənara qoyuruq, bunu dövlət qarşılayacaq. Lakin insanlar çox böyük mənəvi, psixoloji zərərlə qarşılaşdı. Müharibədə iştirak edən insanlar müharibədən sonra post-travmatik stress yaşaya bilərlər. Post-travmatik stress pozuntusu (PTSP) ağır somatik travmalar, fiziki təzyiq, başqasının ağır yaralanması və ya ölümünə şahid olma, yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri və s. hallarda yarana bilər. Pasientlərdə yaşanmış hadisə ilə bağlı arzuolunmaz davamlı xatirələr, "flashback”lər (hadisələrin sanki gerçəkliklə baş verməsinə bənzəyən parlaq təəssüratlar), qorxulu yuxugörmələr, travma ilə əlaqəli fəaliyyətdən, yerlərdən, fikirlərdən aşkar şəkildə çəkinmə, digər insanlardan uzaqlaşma, özünütəcrid, yuxu problemləri, btez qıcıqlanma və ya ajitasiya, qorxu hissinin artması, emosiyaların ifadə edilməsində çətinliklər və s. bu kimi hallar müşahidə olunur. Post-travmatik stress ən çox hərbiçilərdə və təbii fəlakətlərdən ziyan görən insanlarda rast gəlinir. Müharibə dönəmində çox hiss olunmur. Amma müharibədən sonrakı aylarda 3-6, bəzən 1 il sonra özünü göstərə bilir. Bu zaman insanın yuxusu pozulur, halı dəyişir, sıxıntılar yaşayır, həyatının əvvəlki kimi olmadığını düşünür. Panikaları, qorxuları, narahatlıqları başlayır. Əsir düşən əsgərlərimiz vətənə gətirilir, bundan sonra onlara xüsusi psixoloq müayinələri və müalicələri təyin olunmalıdır. Yəni bunlar əsirlikdə düşdükləri vəziyyətdən asılı olaraq müxtəlif tip işgəncələr görürlər. Bəziləri ölümü belə gözə alırlar. Gördüyü işgəncələrə görə psixoloji vəziyyətləri dəyişə bilir”.
Psixoloji dəstək olmasa, hansı hallar baş verə bilər?
Psixoloq vurğulayır ki, qazilərimizə və əsirlikdən qayıdan əsgərlərimizə psixoloji dəstək verilməsi mütləqdir. Onun sözlərinə görə, dəstək olmasa, bu insanlarda depressiyalar, eləcə də intihara cəhdlər ortaya çıxa bilər: "Depressiyanın müxtəlif növləri var. Bəzi növlərini insan özü aydınlaşdırıb, həll edib, bacara bilir. Amma bəzi növləri var ki, ancaq mütəxəssislər işləyə bilər. Burada dostların, ailənin köməyi ola bilməz. Qazilər, hərbçilər, əsirlikdən qayıdan əsgərlərə psixoloji dəstək mütləqdir. Qazilərin intihar etmələri ilə rastlaşdıq. Onların travmaları, psixoloji vəziyyətləri normal deyil. Hansısa orqanını itirən insanın yenidən həyata, cəmiyyətə qarışması çətin mərhələdir. Yaşadığı faciə ilə barışmağa güclü iradə lazımdır. Güclü iradə olmayanda, intihara cəhdlər və meyillər yaranır. Nəzərə almaq lazımdır ki, onlar hərbçidirlər və ölümdən qorxmurlar. Onların gözündə ölüm adiləşir. Bir insan düşmənlə vuruşursa, ölüm onun üçün heç nədir. Onlar üçün əziyyətlə barışmamaq acizlik demək deyil. Sadəcə özünü o qədər yüksəkdə görür ki, onunla barışmır və ölümü seçir. Biz onların iradəsini gücləndirməli, mübarizə əzmini yaratmalıyıq ki, sən düşmənlə mübarizə aparıb qalib gəlibsənsə, travmanı da məğlub edə biləcək qədər güclüsən. Bu əzmi yaratmaq lazımdır. İşinin peşəkarı olan həmkarlarıma bu sahədə uğurlar arzulayıram. Hər şey pul demək deyil, onlar bizə görə öz sağlamlıqlarından oldu, vətənin keşiyində durdu. Bizim də bir vətəndaşı kimi bu gün onların qayğısına qalmaq həm peşə, həm də vətəndaşlıq borcumuzdur”.
"Hərbiçilər üçün psixoloqların qəbulu ödənişsiz olmalıdır”
Bu məsələdə dövlətin özəl fəaliyyət göstərən psixoloqlardan dəstək almasının önəmini vurğulayan G.Orucova xidmətlərin ödənişsiz həyata keçirilməsini tövsiyə edir: "Hərbi hospitallarda psixoloji zərbə alan hərbiçilər üçün psixoloqlar fəaliyyət göstərir. Lakin psixoloqların fəaliyyəti yetərsiz qalırsa, özəl sektordan dövlətə dəstək verilməlidir. Çünki hospitalda fəaliyyət göstərən psixoloqun oradakı hər kəsə yardım etməsi mümkün deyil. Bu səbəbdən özəl sektor dövlətə dəstək proqramı hazırlamalıdır. Proqrama əsasən özəl fəaliyyət göstərən psixoloqların qəbulları hərbiçilər və hərbiçi ailələri üçün ödənişsiz olmalıdır. Bu məsələdə özəl və dövlət sektoru birlikdə əl-ələ verib bu insanlara dəstək olmalıdır”.
Məlumat üçün bildirək ki, dünyada da müharibədən sonra post-travmatik stress pozuntusu hallarına rast gəlinib. Bunlardan ən çox müzakirə olunanı isə Vyetnam müharibəsində post-travmatik stress pozuntusudur. Hətta bəzi yerlərdə buna "Vyetnam sindromu” da deyirlər. Vyetnam müharibəsindən sonra Amerika cəmiyyətində döyüşdə iştirak edənlər arasında intihar edənlər oldu. Bundan əlavə, zərərli vərdişlərə qurşanma və ailədaxili konfliktlər artdı.
2440 ailə, 600-ə yaxın zəng...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, noyabr ayından etibarən həm əyani, həm də onlayn psixoloji dəstək qrupları təkcə qazilərə deyil, müharibənin təsirlərindən əziyyət çəkən hər kəsə yardım göstərir: "Ötən il noyabrın 18-dən Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları qeyd edilən kateqoriyalardan olan 2440 ailəyə səfər ediblər. İlkin sorğular əsasında ailə üzvlərindən psixoloji problemləri olanlar müəyyənləşdirilib. Onlarla seanslar təşkil edilərək psixokorreksiya işləri aparılır. Bir hissəsi, ödənişsiz dərman preparatları ilə də təmin olunub. Eləcə də, Agentliyin 5 psixoloqla fəaliyyət göstərən "Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) daxil olan 600-ə yaxın zəngdən 400-dək zəng üzrə evlərə gedilərək əyani şəkildə psixoloji dəstək göstərilib. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində isə 12-si şəhid və yaralı hərbçilərin uşaqları olmaqla, 250 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçidən ehtiyacı olan 17 hərbçi, habelə Sərhəd Qoşunları Hospitalından 11 hərbçi də Agentlik tərəfindən sosial-psixoloji reabilitasiyaya cəlb edilib”.
Qeyd edək ki, Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə psixoloji yardımla bağlı komissiya da yaradılıb. Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə qərar verib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsi təmin ediləcək.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər