• çərşənbə axşamı, 23 aprel, 23:59
  • Baku Bakı 20°C

Qəhrəmanlar müzakirə edilməlidirmi? - Polemika

03.02.15 08:38 2494
Qəhrəmanlar müzakirə edilməlidirmi? - Polemika
Hər bir xalqın tarixi qəhrəmanları onun milli dəyəri hesab olunur. Tarixi qəhrəmanlarımız əsrlər boyu Azərbaycan xalqının şücaətinin, güclü xarakterinin göstəricisi olub. Lakin son zamanlar bir çoxları tərəfindən həmin tarixi qəhrəmanlarımız müzakirə obyektinə çevrilir və tənqid edilir. Babək, Koroğlu, Şah İsmayıl Xətai kimi qəhrəmanların qınaq hədəfinə çevrilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəs gənclər nə düşünür? Tarixi qəhrəmanlar müzakirə edilməlidirmi?
“Qəhrəmanların qəhrəmanlığı ilə öyünməliyik”
Elnur Hacıyev, tarixçi
Elnur deyir ki, qəhrəmanları tənqid edənlər nəzərə almalıdır ki. qəhrəmanlar da insan olub və onların da səhv etməsi normaldır: “Bir tarixçi olaraq düşünürəm ki, öz dövləti, xalqı, milləti üçün çalışmış, xalqın maraqlarını həmişə öz şəxsi maraqlarından daha öndə tutan, amalı, əqidəsi xalqının müstəqilliyi və azadlığı olan insanları tarixi qəhrəman hesab etmək olar. Əslində dərs dediyimiz şagirdlər bu meyarları bilib, qəbul etsələr, Azərbaycan tarixində kimlərin tarixi qəhrəman olduğunu özləri müəyyən edə bilərlər. Düşünürəm ki,uşaqlara bu şəxs və ya başqa bir şəxsin tarixi qəhrəman olduğunu əzbərlətməkdənsə, “kimləri qəhrəman hesab etmək olar?” kimi suallar verib, onlarda sərbəst düşünməni inkişaf etdirmək daha yaxşıdır. Ancaq bir məsələni heç vaxt unutmamalıyıq. Hər bir insan kimi qəhrəmanlar da insandır . Hər bir insan kimi onlar da müəyyən vaxtda həyatlarında müəyyən səhvlər etmiş ola bilər. Biz uşaqlarımıza qəhrəmanlarımızın xalqı və dövləti üçün etdiyi işlərdən, qəhrəmanlıqlarından danışmalıyıq ki, onlar da xalqının tarixi qəhrəmanı ilə fəxr edə və öyünə bilsinlər”. Müsahibimizin sözlərinə görə, tarixi qəhrəmanların müzakirə olunması düzgün deyil: “Onlar müzakirə olunaraq tənqid edilmək əvəzinə, xalqı üçün canından və qanından keşmiş, və ya keçməyə hazır olan dəyərli insanlar kimi yaddaşlara həkk edilməlidir. Məktəblilər qəhrəmanlarımızı özlərinə nümunə olaraq görməlidirlər ki, əsl vətənpərvər azərbaycanlı kimi formalaşsınlar”.
Müsahibimiz vurğuladı ki, qəhrəmanlar müzakirə edilsə də, tarixi araşdırmalar zamanı müzakirə edilməli və bu müzakirələr onların qəhrəmanlıqlarına kölgə salmamalıdır: “Tarixi araşdırmalar zamanı da ədalətli yanaşma olmalıdır. Mən düşünürəm ki, dövrdən və məkandan asılı olmayaraq, kimsə xalqı, milləti üçün fədakarlıq edibsə və onun işi xalqının tarixində uzun zaman yaşayıbsa, müəyyən səhvləri olsa belə, o şəxs birmənalı şəkildə əsl qəhrəmandır. Biz tarixi qəhrəmanların səhvləri ilə deyil , qəhrəmanlıqları ilə öyünməliyik . Onların fədakarlıqlarını özümüzə nümunə götürüb, əsl vətənpərvər ola bilərik. Xalq yüz illər də, min illər də keçsə, öz qəhrəmanlarını Koroğlusunu, Babəkini, Şah İsmayılını və onların timsalında digər qəhrəmanlarını heç vaxt unutmayacaq. Onlar bizim və gələcəyimizin fəxr və qürur yerimizdir”.
“Belə müzakirələr tarixi dəyişə bilməz”
Aygün Əhmədova, jurnalist
Aygün deyir ki, belə müzakirələr onsuz da tarixi dəyişə və qəhrəmanları yaddaşlardan silə bilməz: “Hər dövrün öz hökmü və qəhrəmanları var. Adi cizgi filmlərini götürsək, psixoloqlar deyirlər ki, bizim uşaqlıq vaxtının cizgi filmləri bu günün uşağı üçün bəzən təhlükə yaradır. Çünki dövr və tələb başqa idi. Eləcə də o vaxtın qəhrəmanları, onların hərəkətləri bu gün qəbul olunmaya bilər. Çünki bu günün tələbi başqadır və zamanla insanların düşüncəsi dəyişdirilə bilər. İllər öncə normal qəbul olunan hərəkətlər bu gün qınaq obyektinə çevrilir, yaxud əksinə, qınaq obyekti olanlar normal hal kimi qəbul edilir. Amma onlar tarixdə qəhrəmanlıqları ilə ad qoyublarsa, bu gün müzakirə etməyə ehtiyac yoxdur. Heç kəs ideal ola bilməz. Hər şəxsiyyətin müəyyən dövr üçün qəbul edilən və qəbul edilməyən hərəkətləri ola bilər və məncə, bunlar normal qəbul edilməlidir. Amma cəmiyyətdə bu cür müzakirələrə həm də normal yanaşmaq lazımdır. Bu, onu göstərir ki, hər kəs azaddır və müstəqil şəkildə öz düşüncələrini ortaya qoyur. Amma mən tərəfdarı deyiləm ki, əsrlərdir bizə qəhrəmanlıq nümunəsi kimi təqdim olunan şəxsiyyətini hansısa bir hərəkətini əsas gətirərək alçaldılmış şəkildə təqdim olunsun. Bəsit yox, elmi, tarixi müzakirələr olunsa, bəlkə daha önəmli faktlar qarşımıza çıxa bilər. Amma bu müzakirələrin tarixdə nəyisə dəyişdirəcəyinə inanmıram”.
“Qəhrəmanların müzakirə obyektinə çevrilməsi normaldır.”
Ülvi Fərzəliyev, müəllim
Ülvi hesab edir ki, tarixi qəhrəmanların müzakirə obyektinə çevrilməsi normaldır. Müsahibimizin sözlərinə görə, onların nailiyyətləri qiymətləndirilən zaman biz istəsək də, istəməsək də müzakirə obyektinə çevriləcək: “Hər bir xalqın tarixində yaşamış şəxsiyyətlər onun qürur mənbəyidir. Xalqımızın mənəvi sərvəti sayılan Babəkin, Şah İsmayılın, Cavad xanın tariximizdə qoymuş olduqları nəhəng, cahanşümul nailiyyətlərin qiymətləndirilməsini istəsək də, istəməsək də, müzakirə mövzusuna çevrilir. Belə müzakirələrin qarşısının alınması mümkün deyil. Xüsusilə qədim əsrlərdə yaşamış şəxsiyyətlər haqqında müzakirələrin açılması, məncə, ziyanlı sayılmamalıdır. Lakin müzakirələrdə iştirak edənlərin mövzunu nə dərəcədə bilməsi , hansı mənəvi-siyasi mövqedən çıxış etməsi nəzərə alınmalıdır”.
Ülvi deyir ki, müzakirələr zamanı qəhrəmanın şəxsi həyatını xalqın tarixi ilə eyniləşdirmək düzgün deyil: “Babək, Nadir şah haqqında son zamanlar aparılan müzakirələrdə bəzi iştirakçıların mövqeləri, məncə , o qədər də uğurlu olmadı. Babək haqqında çıxış edənlərdən bəzilərinin xalq qəhrəmanı haqqında Abbasi - ərəb tarixçilərinin yazdıqları hər fikri misal çəkməsi, Babəkin bəzi məqamlarda yadellilərə qarşı mübarizə aparan şəxsiyyətdən daha çox məzdəki simasında təhlil edilməsi düzgün deyildi. Ümumiyyətlə, qəhrəmanın şəxsi həyatını xalqın tarixi ilə eyniləşdirmək olmaz. Xüsusilə bəzi xalqların tarixində qəhrəman olmayanları qəhrəman kimi təqdim etmə cəhdlərinə rəğmən, formalaşmış qəhrəmanlarımıza yaraşmayan epitetlərin onlara yapışdırılması xalqa və dövlətçiliyimizə mənfi fəsadlar gətirən haldır”
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər