• cümə, 19 Aprel, 16:28
  • Baku Bakı 25°C

Qəfil gələn ölüm

10.06.17 12:00 1295
Qəfil gələn ölüm
Son illər Azərbaycanda ürək-damar xəstəliklərinin yayılma sürəti artır. Hazırda ölkədə hər 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür. Bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi mətbuat konfransında bildirib. F.Qarayevin sözlərinə görə, ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40, 50 yaşdan sonra 50, 60 yaşdan yuxarı insanlarda isə 60 faiz hallarda rast gəlinir. "İnfarktın cavanlaşmasına gəldikdə isə, psixo-emosional halların artması, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma infarkt hallarının artmasına səbəb olur. Oturaq həyat tərzi keçirən texniki işçilər arasında ürək-damar xəstəliyindən əziyyət çəkənlərin sayı daha çoxdur”, - baş kardioloq deyib.
F.Quliyev son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar, ölkədə ürək xəstəliklərinin faizinin artdığını da əlavə edib: "Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10 faiz təşkil etsə də, Azərbaycanda bu göstərici 12-13 faizdir. Ölüm faizinə gəldikdə isə xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1 faiz təşkil edə bilər, əks halda ölüm göstəricisi 3-4 faiz arasında dəyişir”.
Statistik rəqəmlər baxdıqda, vəziyyətin heç də qənaətbəxş olmadığını görmək olur. Bəs görəsən bu xəstəliklərin sayının artmasının əsas səbəbi nədir? Xəstəlik niyə cavanlaşır? Bunun qarşısını necə almaq olar?
Həkim-terapevt Məlahət Abbasova deyir ki, inkişaf etmiş ölkələrdə də ürək-damar sistemi xəstəlikləri aktualdır və artmaqda davam edir: "Kardioloji xəstəliklərin artması ilk növbədə stressli həyat, iş rejimi ilə əlaqədardır. İş yerlərinin, ofislərin ağır şəraitdə olması burada mühüm rol oynayır. İkinci məqam isə müasir həyat tərzidir. Texnologiya inkişaf etdikcə, bu kimi xəstəliklər də sürətlə artır. Böyükdən-uşağa, hər kəs bütün gününü mobil telefon, kompüter arxasında keçirir. Demək olar ki, gün ərzində lazımi miqdarda hərəkət və idman edilmir. Üçüncü əsas səbəb isə fast-foodlardır. İndi hər kəs işinin çox olmasına görə, yeməyə vaxt ayırmaq istəmir və yeməyi çox sürətlə qəbul etməyə üstünlük verir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, bizdə də fast-foodlara meyl durmadan artır. Onların tərkibində isə mədə-bağırsaq sisteminə zərərli maddələrlə yanaşı, kökəlməyə səbəb olan qatqılar var. Kökəlmə isə damarlarda xolestrinin miqdarının artmasına və son nəticədə, damarların daralaraq ürək-damar sisteminin xəstəliklərinə gətirib çıxarır. Odur ki, düzgün qidalanma çox vacibdir. Həmçinin, yediyimiz qidaların, meyvə tərəvəzlərin tərkibi də kardioloji xəstəliklərin yaranmasında mühüm rol oynayır”.
Həkimin sözlərinə görə, inkişaf edən ölkələrdə ürək-damar sistemi xəstəlikləri getdikcə cavanlaşır: "Gərgin həyat tərzi xəstəliyin cavanlaşmasına səbəb olur. Artıq azyaşlılarda və yeniyetmələrdə də bu kimi xəstəliklərə rast gəlinməsi adi hala çevrilib. Oturaq həyat tərzi bu xəstəliklərin əsas səbəbkarlarından hesab olunur. Uşaqlar bu gün demək olar ki, həyətdə oynamır, təmiz hava qəbul etmir. Səhər tezdən məktəbə gedir, günortadan axşama qədər isə evdə qapalı şəraitdə dərslərini ancaq çatdırırlar. Boş vaxtlarında isə ya telefonla oynayır, ya da televizora baxırlar. Ümumiyyətlə, qapalı şərait ürək-damar sistemi xəstəliklərinin əsas səbəblərindən hesab olunur. Bütün bunlar xəstəliyin cavanlaşmasına gətirib çıxarır. Son dövrlərdə ürək qüsuru ilə doğulan uşaqların da sayı artır. Bu viruslarla əlaqəlidir. Əsasən də əhalinin çox olduğu ölkələrdə və iri şəhərlərdə havanın və ekologiyanın çirklənməsi əsas faktorlar arasındadır. Həmçinin, hamiləlik dövründə ananın düzgün qidalanmamağı, ziyanlı vərdişlərinin olması da burada böyük rol oynayır”.
Avropa Kardioloqlar Assosiasiyanın üzvü, kardioloq Nuranə Əliyeva deyir ki, son dövrlərdə ürək-damar xəstəliklərinin geniş yayılmasının başlıca səbəbləri genetik problemlər, düzgün qidalanmamaqdır: "Uşaqlarda anadangəlmə ürək çatışmazlığı anada olan infeksion xəstəliklərin baş qaldırması ilə bağlıdır. Lakin hələ də anadangəlmə ürək xəstəliklərinin yaranma səbəbi tibbə tam məlum deyil. Ona görə də bu amil böyük bir riskə səbəb olur. İnsan yaşadığı müddətdə keçirdiyi stresslər, onun qida rasionu, passiv həyat tərzi ölüm riskinə qədər gətirib çıxarır. Təsadüfi deyil ki, kardioloji xəstəliklərin əsas səbəblərdən biri stress hesab olunur. Təəssüflər olsun ki, artıq stress bizim həyatımızın bir hissəsinə çevrilib. Belə demək olar ki, stressiz həyat təsəvvür etmək mümkün deyil. Ona görə də stressi və onun mənfi təsirlərini aradan qaldırmaq üçün insan mütləq özünə zaman ayırmalıdır. İşdən sonra bir saatlıq gəzinti stressin aradan qaldırılmasına kömək edir. Ümumiyyətlə, passiv həyat tərzi ürək-damar xəstəliklərinin başlıca faktorlarındandır”.
N.Əliyeva deyir ki, vaxtlı-vaxtında müayinə olunmaq çox vacibdir: "Çünki ürək-damar kimi ciddi xəstəliklər vaxtında müayinə olunmadıqda, sonradan daha da mürəkkəbləşə bilər. Bu zaman isə xəstəyə daha ağır müalicə metodları tətbiq edilir. Hətta bəzən cərrahi müdaxiləyə də ehtiyac yaranır. Ürək-damar xəstəlikləri dünyada və Avropada aparıcı yerdədir və ölüm riski də çox yüksəkdir. Hamiləlik dövründə bəzən qadınlar vacib şərtlərə əməl etmir, vaxtlı-vaxtında müayinə olunmurlar. Xəstəliyin gənclər arasında geniş yayılmasının səbəblərindən biri isə müasir həyat tərzi və qida rejimidir. Bu gün gənclər arasında təkcə ürək, qan-damar xəstəlikləri deyil, digər xəstəliklər də geniş yayılıb. Təəssüflər olsun ki, əksər ciddi xəstəliklər indi gənclərdə daha çox müşahidə olunur”.
ŞəbnəmMehdizadə
banner

Oxşar Xəbərlər