• cümə axşamı, 18 aprel, 12:44
  • Baku Bakı 22°C

Qədim el adəti - elçilik

22.11.17 12:00 19311
Qədim el adəti - elçilik
Toy adətləri dünya mədəniyyətinin tərkib hissəsidir. Hər bir xalqın özünəməxsus toy adət-ənənələri var. Xalqımızın ən qədim toy adət-ənənələrindən biri də bu mərasimin ilk mərhələsi olan "elçilik”dir. Elçilik evliliyin bünövrəsi, təməlidir. Bu təməl ilk gündən sağlam, düzgün qoyulmalıdır. Əks halda, gələcək ailədə çoxsaylı problemlər qaçılmaz olur. Toyun ilk mərhələsi olan elçilik mərasimi qədim zamanlardan bu günə kimi ailə böyüklərinin, valideynlərin, ağsaqqal, ağbirçəklərin xeyir-duası, razılığı ilə başa çatdırılmışdır. Elə buna görə də bu el adəti uzun illərdir ki, mühafizə olunmuş və evliliyin bünövrəsinin qoyulmasında ən əsas rolu oynamışdır.
Ağsaqqallar "yüz ölçüb, bir biçməyə” məcbur idilər
Keçmişdə kənd yerlərində qızlar daha çox bulaq başında, toyda-mağarda , şəhər yerlərində isə həftə hamamında oğlanın yaxınları tərəfindən görülüb-bəyənilər, məsləhət görülərdi. Oğlan da toyda-mağarda və ya bulaq başında məsləhət görülən qızı görər, öz fikrini bildirərdi. Əgər oğlan qız haqqında müsbət qərar verərdis,ə elçilik mərasiminə başlanılardı. Çox zaman da oğlan qızı haradasa görüb-bəyənərək ailəsinə evlənmək istədiyini bildirərdi. Elçilik mərasimi tayfa böyükləri, ağsaqqal, ağbirçəksiz olmazdı. Bu mərasimdə ağsaqqal, ağbirçək, tayfa böyüklərinə daha çox yer verilməsi gələcək ailəyə onların zamin durması demək idi. Oğlan tərəfindən qız evinə elçi gələn ağsaqqallar onun evlənmək yaşına çatdığını, ağıllı-kamallı olduğunu dəqiq bildikdən, iş-güc sahibi olub ailəsinə qazanc gətirdiyinə əmin olduqdan sonra qız evinə elçiliyə gedərdilər. Həmçinin qızın evlilik yaşına çatması, razılığının olması, ailəsi də araşdırılmalı idi. Çünki elçi gedən ağsaqqalların üzərinə gənc ailələrin dağılmamağı üçün məsuliyyət öhdəliyi qoyulurdu və ağsaqqallar "yüz ölçüb, bir biçməyə” məcbur idilər.
Bölgələrə görə, elçilik adəti də fərqlidir. Amma ümumiləşdirdikdə, bu mərasim elə bütün bölgələrdə toyun, evliliyin başlanğıcı sayılır. Elçilik mərasimi özü də bir neçə mərhələdən ibarətdir: "qızbəyənmə”, "qızgördü”, "xəbərgöndərmə”, "kiçik elçilik”, "elçilik”("hə” alma, üzüktaxdı”). Müasir dövrümüzdə keçmişdəki elçiliyin belə uzun mərhələlərdən keçməsi gənclərdə bəzən təəccüb, bəzən maraq, bəzənsə istehza doğurur. Amma dərindən araşdırıb düşündükdə, gələcək ailədə problemlərin olmaması, qohumların bir-birini yaxşı tanıması, gənclərin bir-birini başa düşməsi, yeni qurulan ailənin təməlinin sağlam olması, gələcəkdə dünyaya gələcək uşaqların düzgün tərbiyələndirilməsi üçün bu mərhələlərin nə qədər vacib olduğu aydın olur.
Qızbəyənmə: Adətə görə evlilik yaşında olan oğlan qızı ilk dəfə görür və bəyənirdisə, bunu yaxın adamlarına xəbər verirdi. Bundan sonra qızın yaşadığı yer, kimin qızı olması, ailə üzvləri, nəsil-nəcabəti haqqında məlumat öyrənilirdi. Qıza oğlanın xalası, bibisi, əmisi qızları, bacısı və s. tərəfindən onun görülüb-bəyənildiyi haqda məlumat verilirdi. Bunun üçün qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərilirdi. Qızın valideynlərinin fikri öyrənilməyə çalışılırdı. Eyni zamanda qız evi də oğlanın ailəsini, nəsil-nəcabətini, nə işlə məşğul olduğunu, ailə saxlamaq gücündə ola biləcəyini araşdırmağa başlayırdı.
Qızgördü: Oğlan bəyənib-seçdiyi qız haqqında evlilik fikrini qətiləşdirdikdən sonra ataya, ailə başçısına bu haqda məlumat verilirdi. Əgər ata elçi getməyə razılıq versəydi, onda elçiliyin "qızgördü” mərhələsi başlayırdı. Ailə başçısı qız və onun yaxın qohum-əqrəbası haqda lazımi məlumat toplamağı, qız evini "yoxlamağı” tapşırırdı. Bundan sonra oğlanın yaxınlarından bir neçəsi "görücülük” etmək üçün qız evinə gedirdi. Ayrı-ayrı bölgələrdə bu elçilik qabağı mərhələyə "qızabaxdı, qızgörümü, qızgörümcəyi, görücügetmə, görücügəzmə, bəlləmə” və s. də deyirlər. Keçmişdə bu mərhələ adətən səhər tezdən həyata keçirilirdi. Bunun da məqsədi qızın təmizliyini, səliqə-sahmanını yoxlamaq, qızın tənbəl və ya işgüzar olduğunu görmək idi. Oğlan evindən gələn qadınlar qız evinin qapısını döyüb yoldan keçən insan kimi bir bəhanə ilə həyətə və ya evə daxil olurdular. İçəriyə daxil olan görücülər qızgördüyə gəldiklərini büruzə vermədən gizlicə ətrafa nəzər salar, mətləbə dəxli olmayan müxtəlif söhbətlər edərək, əsas məqsədlərini gizlədərək qız evi haqqında hər bir vasitə ilə ətraflı məlumat öyrənməyə çalışardılar. Qız evinin adamları da özlərini bilməzliyə qoyar, görücülərlə mehriban davranardılar. Söhbət əsnasında, ev sahiblərindən qızına su gətizdirməyi xahiş edən görücülər, gözaltı qızın əl-ayağı, oturuş-duruşu, yerişi və zahiri görkəminə xüsusi diqqət yetirərdilər. Qızın ev işlərini necə bildiyini öyrənməkdən ötrü qəsdən mətbəx işlərindən, yeməklərdən söz açardılar. Bir də görürdün ki, evdən çıxan zaman görücülərdən biri qəfildən qızın ayağı altına kəlağayısını atdı. Əgər bu kəlağayıya ayaq basmış qızın dabanları çatlaq, çirkli olurdusa, kəlağayının zərif ipək sapları mütləq büzülərdi. Bu da qızın özünə qulluq etməməsinə, tənbəl olmasına işarə idi. Həyət qapısından çıxanda görücülər bəyənilmiş qızın anasına eyhamla:"Allah bu qıza bir yaxşı yerdən qapı açsın, halal süd əmmiş birini yetirsin”deyərək sağollaşar və oğlan evinə qayıdaraq bütün gördüklərini və öyrəndiklərini danışardılar. Bu mərhələ elçiliyin əsas mərhələlərindən sayılırdı. Çünki qızgördüyə gedənlər qız və onun ailəsi haqqında yaxşı xəbər gətirərdisə, bundan sonra kiçik elçilik mərasimi başlayırdı. Qız və ailəsi haqqında müsbət rəy olmayanda elçilik mərasimi baş tutmurdu və oğlan üçün başqa qızlar məsləhət görülürdü.
Xəbər göndərmə: Oğlan evi qız evinə qızlarını bəyəndiklərini, elçi gəlmək istədiklərini bildirmək üçün oğlanın xalası, bibisi və ya yaxın qohumlardan münasib birini göndərər, onların "ağızlarını arayardı”. Xəbərə gedənlər qızın, onun anasının qohumluğa razı olub-olmamasını öyrənər, bu məsələyə ailə böyüklərinin (ata, baba, nənə və s.) fikrini öyrənməyi qız evindən xahiş edərlər. Bu mərhələyə kimi artıq qız evi oğlan və oğlan evi haqda məlumatlı olar, topladıqları məlumatları nəzərdən keçirər, qərar verərdi. Qız evi xəbər aparmağa gələnə elçilik üçün razılıq verərdisə, kiçik elçilik mərasimi başlayardı. Bəzən qız evi gələcək qohumluğa razılıq vermirdi. Onda elin-obanın ən mötəbər, hörmətli insanlarından birini qız evinə "minnətə”, onları razılığa gətirməyə göndərərdilər. Həmin şəxs də "elçiyə zaval yoxdur” deyərək qız evinə minnətçi düşərdi.
Kiçik elçilik: Xəbər göndərmədən sonra kiçik elçilik mərhələsi başlayır. Kiçik elçilik mərhələsi ondan ötrü vacibdir ki, bu zaman qızın razılığı öyrənilir, qız evinin son qərarı, son rəyi alınır və elçiliyin son mərhələsinə hazırlıq görülür. Kiçik elçilik mərhələsi qan-qaraçılıq yaranmasının, ağsaqqal, ağbirçək, tayfa böyüklərinin "yox” cavabı ilə pərt edilməsinin, "yüngülsaqqal” olmasının qarşısını almaq məqsədilə edilir. Dörd-beş nəfər yaxın qohum qız evinə gedir. Qızın valideynləri ilə tanış olaraq, elçi düşdüklərini bildirirlər. Əgər razılıqları varsa, ağsaqqal, ağbirçək, tayfa böyüklərini də götürüb, "hə” almağa gəlməkləri üçün icazə istəyirlər. Bir çox bölgələrdə qız evindən qızın razılığı verilməyənə kimi kiçik elçilik mərhələsi bir neçə dəfə davam etdirilir. "Qız qapısı, şah qapısı”, "qız evi, naz evi” deyərək qızın razılığı alınana kimi bu get-gəl davam edir. Kiçik elçilik zamanı qızın atası "qızın fikrini bilmirik, razı olub-olmadığını öyrənmək üçün vaxt verin” deyərək, ilk dəfədən "hə” cavabı verməz. Oğlan evi geri qayıdar və qız evindən cavab gözləyər. Qız evi razı deyilsə, elçiliyin elə ertəsi günü "qızımızın hələ ərə getmək fikri yoxdur”, yaxud da "qızın könlü başqasındadır” deyərək, nəzakətlə "yox” cavabı göndərərlər. Əgər qız evi razıdırsa, bir neçə günə razılıq cavabı göndərərlər. Bundan sonra elçiliyin son mərhələsi başlayar və iki gəncin ailə qurması üçün təməl qoyular.
Elçilik, "hə” alma, "üzüktaxdı”: Oğlan atası ağsaqqal, ağbirçək, tayfa böyüklərini, ən yaxın qohumlarını elçi getmək üçün dəvət edir. Birlikdə qız evinə yola düşürlər. Qız evində onları ailənin yaxın qohumları qarşılayır. Hal-əhval tutduqdan, gələcək qohumların bir-biri ilə tanışlığından sonra ağsaqqallardan biri gəlişlərinin məqsədini açıqlayır. Bu zaman oğlan evinin söz sahibi olan ağsaqqalı adətən "biz sizin qapınıza xeyir iş üçün gəlmişik, qapınızda həmişə xeyir işlər olsun, günləriniz həmişə şadyanalıqla keçsin. Əl bizdən ətək sizdən, ətəyinizi kəsin, əlimizi kəsməyin. Qızınızı oğlumuza istəyirik” deyər. Qız evinin söz sahibi olan ağsaqqalı "qızın anasını çağıraq, görək qız razıdırmı” cavabını verər. Qız anası qıza yaxınlaşaraq "atan səndən cavab gözləyir” soruşar. Qız razıdırsa susar, ya da "atam bilən məsləhətdir” deyərək, razı olduğuna işarə edər. Qızın anası "qız deyir ki, atam, böyüklərimiz bilən məsləhətdir” deyər. Bundan sonra qız evinin söz sahibi "Allah xoşbəxt eləsin” deyə, razı olduqlarını bildirər. Gələcək qohumlar bir-birini təbrik edər, oğlan evinin söz sahibi olan ağsaqqalı "Allah qohumluğumuzu başacan eləsin, Allah bu iki gəncə hər zaman xeyir işlər qismət eləsin” deyərək gənclərə xeyir-dua verər, süfrəyə "şirin çay” gətirilməsini xahiş edər (şirin çay bir çox bölgələrdə qızdan "hə” alınan kimi hazırlanır. Fincana öncə qaynar su, sonra şəkər tozu tökülərək qarışdırılır, daha sonra çay qaşığını şəkərli qaynar suyun üstünə tutaraq dəmlənmiş çay tökülür. Bu zaman fincandakı çay iki rəngli olar. Hər kəs qarşısına qoyulan çayı qaşıqla qarışdırıb içər). Bir çox bölgələrdə (xüsusilə də Naxçıvan) şirin çayı içdikdən sonra nəlbəkiyə "nəmər”, "şirinlik” (pul) qoyular. Şirin çay içdikdən sonra qızın barmağına üzük taxar, başına qırmızı yaylıq salarlar. Bu mərasimdən sonra heç kim həmin qız üçün elçi düşməz. Bəzi bölgələrdə olan adətə görə, elçiliyin sonunda oğlan evinin ağsaqqalı başındakı papağını üç dəfə öz başına və qızın başına qoyar. Bu hərəkət qızın onların namusu sayıldığına işarə olar. Elçilik mərhələsinin uğurla başa çatmasından sonra nişan mərasimi və toya hazırlıq başlayar.
Elçiliklə, qız və oğlanla bağlı deyimlər, atalar sözləri və məsəllər:
· Qız yükü, duz yükü.
· Qız qapısı, şah qapısı.
· Qız evi, naz evi.
· Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar.
· Qız qızıl alma, qızı gözdən salma.
· Qız qaldıqca qızıl olar, yox xəbəri oğlanların.
· Qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı.
· Anasına bax qızını al.
· Atasına oxşayan qız xoşbəxt olar.
· Qonşu qonşu olsa, kor qız ərə gedər.
· Qız evlərdə tanınar, ipək dəzgahda.
· Ərkəsöyün böyüyən oğul avara olar.
· Elçiyə zaval yoxdur.
Sonda qeyd edim ki, bu gün elçilik mərasimi artıq öz mahiyyətini itirmək üzrədir. Müasir elçilik mərasiminə xeyli əlavələr edilmiş, bayağılaşdırılmışdır. Ailənin təməlinin düzgün qoyulması mərhələsini təşkil edən elçilik adəti unudulduqca, bayağılaşdırıldıqca boşanmaların sayı da tədricən artmaqdadır. Təcrübələr göstərir ki, ailə başçısı, ağsaqqal, ağbirçək, valideynlərin razılığı, məsləhəti olmadan qurulan ailələr davamlı, uzun ömürlü, sağlam olmur, həmin ailələrdə narazılıqlar, problemlər çox olur. Təbii ki, bu zaman ən böyük zərbə gənc ailələrdə doğulmuş uşaqlara dəyir. Bir çox hallarda boşanmış cütlüklər uşaqlarına sahib çıxmır, nəticədə uşaqlar ya küçələrdə qalır, ya da uşaq evlərinə verilir. Elçilik adətinin pozulması, tənəzzülə uğraması, elçiliyin düzgün aparılmaması sonda yeni qurulmuş bir ailənin, azyaşlı uşaqların faciəsi ilə nəticələnə bilir. Adətlərimiz bizim milli dəyərlərimizdir. Onlar unudulmamalı, yaşadılıb gələcək nəsillərə ötürülməlidir.
Əpoş Vəliyev,
AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat”şöbəsinin aparıcı elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər