AZE | RUS | ENG |

Qədim dilimizin müasir məsuliyyəti

Qədim dilimizin müasir məsuliyyəti
Dil milləti formalaşdıran amillərdən biridir. Dilimizə hörmət özümüzə hörmətdir


Bu yaxınlarda hələ çap olunmamış bir kitabdan oxudum ki, sovetlər dönəmində dilimizə qarşı haqsızlıqlara dözməyərək hətta Mərkəzi Komitəyə belə anonim məktublar yazılırdı. “İndi Bakıda heç bir idarə ana dilində işləmir... Azərbaycan dilində danışan adamlara bir növ avam, qeyri-mədəni adam kimi baxılır. Özünü sevən heç bir xalq, nə qədər balaca olsa da, bu vəziyyətlə razılaşmaz. İmza Nizami, Füzuli və bütün Azərbaycan xalqı”. Bu o dövr idi ki, Azərbaycan böyük bir imperiyanın əsarətində idi və onun diktəsi ilə hərəkət edirdi. Bəs indi... Təbliğat istənilən ideyanı insanların şüuruna hakim etdirə bilir. Bu işdə kütləvi informasiya vasitələri olduqca mühüm imkandır. Lakin hazırda bu imkandan lazımınca istifadə olunmur, bu səbəbdən daha aktual məsələlərin işıqlandırılmasına çox az rast gəlinir. Televiziyalarda tamaşaçıların zövqünü oxşamaq, reytinq, nəticə etibarilə maddi mənfəət əldə etmək üçün daha çox əyləncə və mətbəx proqramlarına üstünlük verilir. Vərdiş xarakteri almış bu cür verilişlər milli şüurun passivləşməsinə, bir millət kimi özümüzü dərk etmək üçün vacib olan məsələlərin arxa plana keçməsinə kömək edir. Bu baxımdan dilimizin KİV-lərdə və işgüzar üslubdakı (məişətdəki) vəziyyəti istər bu dilin sahibləri, istərsə də ölkəmizə gələn xarici vətəndaşlar üçün heç də həmişə ürəkaçan olmur. Dillə bağlı problemlər zaman-zaman mövcud olub. Hər dövrdə bu problemi müşahidə edən, ona qarşı əzmlə mübarizə aparan və dilimizin xilaskarı olan ziyalı cəmiyyətimiz də fəaliyyət göstərib. Dilimizin bu gün mövcud olmasına görə onlara borcluyuq. Tarix dönə-dönə təkrar olunur. Keçən əsrin əvvəllərində “Anamın kitabı” o dövrün mənzərəsini əks etdirirsə də, sanki, bu gün üçün yazılmışdır . Əsər tamamilə bu günlə səsləşir və hazırkı “Gülbaharlar” dilimizin inkişafına olan ümidlərimizdir. Günümüzün əsərdəkindən fərqli cəhəti yalnız fars dilinin hal-hazırda ingilis dili əvəz olunmasıdır. Uşaqdan tutmuş böyüklərə qədər hər kəsin leksikonunda dilimizdə qarşılığı olduğu halda, həmişəki kimi rus, artıq ingilis, türk sözlərindən istifadəyə rast gəlinir. Hal-hazırda mövcud olan problemlərdən məsələn bunu göstərmək olar: Bəzən paytaxtımızın mərkəzində gəzərkən əcnəbi buranın Azərbaycan şəhəri olduğuna şübhə edər. İlk olaraq ana dilində yox, başqa dillərdə danışan yerlilərə daha çox rast gəlinir. Doğma dilimizdə danışmağa utanırıq, ya da ana dilində danışmaq “kübarlığımıza” xələl gətirir. Digər tərəfdən, şəhərimizdə bir sıra öndəgedən obyektlərin adına diqqət yetirək. Free Style, Enjoyment, Beatrice, Bella və bu kimi adlarla fəaliyyət göstərən, sayı artmaqda olan, təbliğatı televizorlardan düşməyən məkanların adının Azərbaycan dilində olan sözlərlə əvəzlənməsi elə də çətin deyil. Lakin əksər hallarda əcnəbi sözlərə üstünlük verilir və nədənsə hesab olunur ki, bu sözlər Azərbaycan dilində deyil, digər dillərdə daha gözəl səslənir. Dilimizdə qarşılığı olduğu halda əcnəbi sözlərin istifadəsi, xüsusən də televiziyalardakı rəsmi verilişlərdə belə sözlərə yer verilməsi yolverilməzdir. Funksiya sözündə “s” əvəzinə rus “ц”-sinin səslənməsi artıq adi hal alıb, həm də bu qüsurlar yalnız məişətdə deyil, qeyd etdiyimiz kimi, rəsmi xarakterli verilişlərdə, hətta xəbərlərdə də səsləndirilir. Hal-hazırda daha çox müraciət olunan və informasiya mənbəyi kimi çıxış edən müxtəlif sayt və İnternet səhifələri də dilimizin inkişafında müəyyən rol oynamaqdadır. Lakin hədsiz bol və sürətli informasiya məkanı olan İnternetdə mətnin formasına – düzgün yazılış qaydalarına, dilimizə məxsus qanunlara, söz sırasının ardıcıllığına və s. o qədər də önəm verilmir. Geniş oxucu kütləsinin nitqinə təsir baxımından bu mətnlərin dilinə diqqətlə yanaşmaq vacib məsələlərdəndir. Dilimizin qorunması üçün uşaqların və yetişməkdə olan yeni nəslin nitqinin düzgün inkişafı əsas şərtlərdəndir. Bu baxımdan dərsliklər, bədii əsərlər dilin normalarını özündə əks etdirməlidir. Aydın məsələdir ki, uşağın tərbiyəsi ilk olaraq ailədən başlayır, sonra isə geniş cəmiyyət arasında cilalanır. Nəticədə ailə və cəmiyyətin yazılmamış qaydaları insanın davranışını, dəyərlərə münasibətini hər bir millətin öz mentalitetinə uyğun şəkildə formalaşdırır. Bu gün uşaqların dilində türkcə kəlmələrə rast gəlirik. Bu da onların türk kanallarında baxdıqları cizgi filmlərinin, uşaq proqramlarının təsirinin nəticəsidir. Ekranlarımızda uşaqların diqqətini çəkəcək yerli filmlərin və verilişlərin azlığı da bu cür vəziyyətin inkişafına şərait yaradır. Nəzərə alsaq ki uşaqlar gələcəyimizdi, deməli, dilimizin gələcəyi də onlardan asılıdır. Lakin bu işdə hələlik əsas məsuliyyət böyüklərin üzərinə düşür. Bu baxımdan övlad və nəvələrini dünyaya inteqrasiya etdirmək üçün türk, rus və ingiliscə danışmağa məcbur edənlər məktəbdənkənar “müəllimliyin” hər zaman faydalı olmadığını bilməlidirlər. Gültəkin Yusifova, tədqiqatçı-dilçi

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916