• cümə, 19 Aprel, 13:06
  • Baku Bakı 25°C

Qəbirləri standart edə biləcəyikmi?

21.04.15 07:55 1257
Qəbirləri standart edə biləcəyikmi?
Dəfn və yas mərasimləri ölkədə “dəbdəbə”li bir hala gətirilmişdi. Vəfat edənlərin yaxınları qonşularından geri qalmamaq üçün daha yaxşısını etməyə can atırdılar. Bu, problemi daha da böyüdürdü. Bir müddət öncə yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müəyyən addımlar atıldı. Hazırda isə qəbir daşları ilə bağlı dəbdəbənin aradan qaldırılması üçün təkliflər hazırlanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb və hazırda Nazirlər Kabinetində baxılır. O bildirib ki, qanun layihəsində qəbirlərin ölçüsü, məzarlıqlarla bağlı qaydalar əksini tapıb: “Layihədə təklif edilir ki, qəbir adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olsun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Layihədə pullu məzarlıqlar məsələsi yoxdur. Qəbirlər sıralanacaq, yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər”.
İlahiyyatçı Elşad Miri qəzetimizə açıqlamasında bildirdi ki, qəbiristanlıqlarla bağlı standartların tətbiqi müəyyən problemlərin həllində yardımçı ola bilər: “İslam dinində insan vəfat edəndən sonra 4 əsas tələbi yerinə yetirmək lazımdır. Bunlar ölən şəxsin yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn edilməsidir. Bundan başqa edilənlərin heç birinin islama aidiyyəti yoxdur. İslama görə insan dəfn edilərkən sinə və başdaşı olmamalıdır. Sadəcə olaraq baş tərəfinə həmin o tərəfin bilinməsi üçün bir daş qoyulur. İslamda olan qayda budur. Azərbaycanda necə gəldi baş daşının qoyulmasının qarşısını almaq üçün standartın gündəmə gətirilməsi təqdirəlayiq haldır. Heç olmasa qəbiristanlıqlar açıq hava muzeyi abı-havasından çıxarılar və insanların qəbiristanlığa gedəndə axirəti xatırlamalarına bir səbəb olar”.
İlahiyyatçı deyir ki, dünyanın bir çox ölkələrində də qəbiristanlıqlar standartlar əsasında qurulur: “Yaponiya kimi bir sıra inkişaf etmiş ölkələrdə dini inanclarına görə, vəfat edənlər yandırılanda belə küllərinin qoyulması üçün müəyyən yerlər var ki, oradan istifadə olunur. Amerika kimi ölkələrdə də müəyyən qəbir standartlarına riayət olunur. Səudiyyə Ərəbistanında da qəbiristanlıqlarla bağlı standartlar var. Qəbirin üzərinə sinə daşı və ya başqa nə isə qoymaq olmaz. Adi torpaqla örtülməli və sadəcə olaraq baş daşı qoyulmalıdır. Ad və soyad yazılmır. Bu, onların standartıdır”.
E.Miri bir müddət öncə gündəmdə olan özəl qəbiristanlıqların yaradılması və orada qəbir daşları ilə bağlı standartların tətbiqindən də danışdı. Bildirdi ki, özəl qəbiristanlıqların yaradılmasına ehtiyac yoxdur: “Bu gün yas məsələsinə “qonşudan geri qalma” prinsipi ilə baxılırsa, özəl qəbiristanlıq məsələləri də eyni olacaq. “Mənim atam filankəsdən əskik deyil ki, özəl qəbiristanlıqda dəfn olunmasın” - deyəcəklər. Qəbiristanlıq məsələsini biznes amilindən çıxarıb, bələdiyyələrə verib standart qəbirlərin, qəbiristanlıqların formalaşdırılmasına səy göstərilməlidir. Əgər özəl qəbiristanlıq olacaqsa, onların özəl şərtləri də olacaq. O da bugünkü vəziyyətin daha fərqli formada davam etməsinə gətirib çıxaracaq. Yeni standartları özəl qəbiristanlıqlar üçün də tətbiq edə bilərlər. Amma yenə də özəl qəbiristanlıq anlayışını doğru hesab etmirəm. Dünya ölkələrində olduğu kimi qəbiristanlıqların bələdiyyələrə verilməsi və onlar tərəfindən nəzarət edilməsi daha məqsədəuyğundur”.
E.Miri onu da bildirdi ki, qəbiristanlıqlarda dəfn edilənlərlə bağlı qeydiyyat elə aparılmalıdır ki, hansısa qəbiri axtararkən bütün məzarlığı gəzməyə ehtiyac qalmasın: “Dünyanın müxtəlif ölkələrində belə bir şey var. Onlar ilk növbədə hansısa ərazidə kimlərin dəfn olunduğu vaxtı qeyd edirlər. Səudiyyə Ərəbistanında illərdir mövcud olan Bəqi qəbiristanlığı var ki, ümrə, həcc və digər vaxtlarda orada vəfat edən insanları dəfn edirlər. Həmin vaxt dəfn edilənlərin qeydiyyatı aparılır. 7 və ya 10 il sonra oradakı qəbirlər yığılır və şəhərin kənarındakı ümumi bir ərazidə yenidən dəfn olunur. Ümumiyyətlə, qəbiristanlıqlara yanaşmamız dəyişilməlidir”.
Sosioloq Asif Bayramov isə bildirdi ki, problemləri müəyyən standartlara salanda onların dövlət və cəmiyyət üçün həlli bir qədər asanlaşır. Standartdan kənarda qaldıqda isə problemi koordinasiya etmək, bir mərkəzdən idarə etmək xeyli çətinləşir: “Azərbaycanda qəbiristanlıqlar mövzusu xeyli vaxtdır aktualdır. Artıq qəbiristanlıqlar cəmiyyətdəki sosial ayrı-seçkiliyin əyani nümunəsidir. Ona görə də dövlətin qəbiristanlıqları müəyyən standartlara salması bu sosial bərabərsizliyi həll etmək yolunda bir addımdır”.
Sosioloq onu da bildirdi ki, bütün hallarda hər hansı bir sosial problemin, ictimai məsələnin vahid formada həlli üçün addım atılırsa, xalqın ənənəvi mentaliteti, onun mili ənənələri də nəzərə almalıdır: “Ümumiyyətlə, bizim milli ənənəmizə görə, ailə qəbiristanlıqlarının qurulması artıq bir neçə əsrdir davam edir. Ən əski dövrlərdə belə ailələr çalışıblar ki, axirət dünyalarında bir yerə cəmləşsinlər. Dünyasını dəyişən doğmaların qəbirləri müxtəlif qəbiristanlıqlarda paylanırsa, bu, artıq formalaşmış ailə ənənəsinə xələl gətirmiş olur. Biz Qərb dünyasından fərqli olaraq özündə daha çox ailə şüuru ənənəsini daşıyan millətik. Ona görə axirət dünyasının özündə də ailəvi qəbiristanlıqların salınması istəyi normal haldır. Düşünürəm ki, qanun hazırlananda millətin tarixi ənənəsi, xarakteri, milli əxlaqı, mentaliteti nəzərə alınmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər