• çərşənbə, 24 Aprel, 15:18
  • Baku Bakı 27°C

Qəbələdə musiqi bayramı yaşanır - Fotolar

01.08.18 21:15 1586
Qəbələdə musiqi bayramı yaşanır - Fotolar
Festival bayramdır deyirlər, hələ bu, musiqi festivalıdırsa, onda ikiqat bayramdır. Qəbələdə keçirilən X Beynəlxalq Musiqi Festivalının 31 iyulda təşkil olunan rəsmi açılış mərasimi də bizə bu bayramı yaşatdı. Gözəl bir ənənəyə çevrilən bu festival öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb. Bu gün də festival öz ənənəsinə sadiq qalır.
Canlı musiqi, canlı ifa və canlı heykəllər
Heydər Əliyev Fondunun və "Gilan Holding”in təşəbbüsü, eləcə də dəstəyi ilə keçirilən beynəlxalq festivalın açılışında biz də iştirak etdik. 10-cu dəfədir keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən dünya musiqiçilərini bir araya gətirdi desək, yəqin ki, yanılmarıq. Təbiətlə harmoniya, təmiz hava, sıx meşəli dağlar və bir də musiqinin yeri əvəzsizdir. Bu gözəllikdən ilhamlanmaq bizə də nəsib oldu. Media nümayəndəsi kimi qatıldığımız budəfəki festival da əvvəlkilər tək cəlbedici idi. Amma festivalın tərtibatında ötən illərə nisbətən dəyişiklik vardı.

Heydər Əliyev Konqres Mərkəzinin həyətində, açıq məkanda baş tutan festival yerinə daxil olar-olmaz bizi canlı heykəllər qarşıladı. Klassik musiqi dünyasının canlı portreti olan bu heykəllərlə festivala gələn tamaşaçılar şəkillər çəkdirməkdən zövq alırdılar. Bu heykəllər hər 10-15 dəqiqədən bir başqa bir formada dayanır, hətta ziyarətçilərlə salamlaşaraq onları məmnun etməyə çalışırdılar. Klassik musiqi dünyasının sənət adamları ilə yanaşı, işıqlı və hündür robot adamın, eyni zamanda taxtadan ayaqları olan hündür adamın performansı meydan tamaşalarını xatırladırdı. Dizayndan əlavə, festivalın builki proqramı da çox zəngindir. Belə ki, musiqi bayramına Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunub. Onların ifasında musiqi dinləmək, təbiətin, torpağın qoxusunu hiss etmək insana bir başqa zövq verir.
Festival öncəsi məkanı gəzərək biz də bayrama toplaşan tamaşaçılar kimi, əyləncənin dadını çıxardıq. Festivalın keçiriləcəyi məkanın yaxınlığında təhlükəsizlik xidmətinin, yanğınsöndürmə maşınlarının, eləcə də təcili tibbi yardım heyətinin keşik çəkdiyinə şahidlik etdik. Həmçinin tamaşaçıların rahatlığı üçün üzü konsert zalına olan təpəciklərdə uzun döşəkcələr yerləşdirilmişdi.
Rəsmi hissə
Festivalda mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Elmira Axundova və bir çox tanınmış mədəniyyət xadimləri iştirak edirdilər.

Mədəniyyət naziri "Kaspi” yə açıqlamasında festivalın dünya miqyasındakı yerindən danışdı: "Biz bu festivala başlayarkən heç kim düşünmürdü ki, dünya musiqi cədvəlində Qəbələ Musiqi Festivalı böyük tamaşaçı auditoriyasının diqqətinə səbəb olacaq. Bu illər ərzində Mehriban xanım Əliyevanın dəstəyi ilə bağlı olan məsələlər dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin Qəbələyə gətirilməsinə imkan verdi. Siz özünüz də bunun şahidisiniz. Bu özü özlüyündə böyük göstəricidir. Beynəlxalq auditoriya mədəni turizm məqsədi ilə gəlir və bu bizi olduqca sevindirir. Mən bu festivala dəstək göstərən təşkilatçılara təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, bu festival Azərbaycanın mədəni tarixində ən nüfuzlu mədəni hadisəyə çevrilib”.
Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov dedi ki, bu il Qəbələ Beynəlxalq Musiqi Festivalı öz yubileyini, 10 yaşını qeyd edir və festival çox uğurla başlayıb. O, gənc musiqiçilərimizin konsertlərinin artıq dinləyicilər tərəfindən rəğbətlə qarşılandığını bildirdi: "Əminliklə deyə bilərik ki, bu festival da uğurla davam edəcək. Çünki yarandığı gündən indiyədək festivalın əsas qayəsi insanları birləşdirmək, onları sülhə, əmin-amanlığa çağırmaq, Azərbaycanımıza qonaq dəvət etmək olub. İndi Azərbaycanımız sülhün, əmin-amanlığın, inkişafın, insana, vətəndaşa xidmətin nümunəsi kimi, eləcə də özünün multikultural və tolerantlıq istiqamətində gördüyü işlərə görə artıq dünyanın hər yerindən görünür. Bu gün Qəbələmiz də dünyanın hər yerindən görünür. Bu onun nəticəsidir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət artıq Azərbaycanı, onun insanlarını dünyada tanıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan bu gözəl festival çox böyük inkişaf yolu keçib. 10 il ərzində təkmilləşib, püxtələşib, insanlara xidmət edib, onları gözəl işlərə, inkişafa, tərəqqiyə, mədəniyyətə, sülhə çağırıb”.
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli "Kaspi”yə açıqlamasında festivalın dünya musiqi aləmində tutduğu yerdən danışdı: "Qəbələ Musiqi Festivalı çox gözəl və özündə böyük bir musiqi dünyası daşıyan bir festivaldır. Hansı ki, burada görkəmli Azərbaycan bəstəkarı olan Qara Qarayevin xüsusi məktəbinin olduğu hiss edilir. Bu festivalda Arif Məlikovun tələbələrinin iştirakı da gerçəkləşir. Ümumiyyətlə, festivalın maraqlı proqramı var. Siz diqqət etsəniz, bunun çox rəngarəng olduğunu görərsiniz. Burda hər bir janr öz yerini tapır. Bizim üçün isə əsas onun maarifçilik xəttidir. Biz konsertdən əvvəl bəstəkarlar haqqında leksiya oxuyuruq. Bu bizim üçün çox vacibdir”.

Müsahibimiz klassik musiqilərə marağın azalması ilə bağlı sualımıza cavab olaraq təbliğatın böyük rol oynadığını bildirdi: "Bu sənət çox çətindir. Tamaşaçılar telekanallarımızın nümayiş etdirdiyi ucuz mahnıları eşitməyə öyrəşiblər. Onun üçün məhz burada səsləndirilən əsərləri çətinliklə qəbul edirlər. Biz də çalışırıq ki, tamaşaçıların zövqü daha yaxşı olsun. Festivalda hamı iştirak edə bilər”.
Festival Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarına ünvanladığı təbrik məktubunun səsləndirilməsi ilə açıq elan olundu. Məktubda festivalın əhəmiyyətindən söz açılır, musiqiçilərə uğurlar arzulanırdı.
Konsert proqramı

Rəsmi hissədən sonra konsert proqramı başladı. Mərasimdə dirijor Fuad İbrahimovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarı Q.Qarayevin "Alban rapsodiyası”, "Leyli və Məcnun” simfonik poeması, solistlər Murad Adıgözəlzadənin ifasında A.Məlikovun fortepiano və orkestr üçün konserti, Yeganə Axundovanın ifasında A.Qəmbərlinin fortepiano və orkestr üçün konserti səsləndirildi.

Ümumiyyətlə, festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, "Qaytağı” ansamblı, "Clarte” klarnet kvarteti, "Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, Jovenes Clasicos del Son instrumental qrupu (Kuba), Tbilisi Big Band orkestri (Gürcüstan), Gypsy Band (Budapeşt), xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, xalq artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə tərəfindən təşkil olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən "Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər çıxışlar edəcəklər.

Builki festival daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə qeyd olunan festivalda bəstəkar yad edilərək, festival çərçivəsində onun ölməz əsərləri səslənəcək. X Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 8-dək davam edəcək.
Xəyalə Rəis
Qəbələ-Bakı


banner

Oxşar Xəbərlər