• çərşənbə axşamı, 16 aprel, 15:20
  • Baku Bakı 19°C

Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başlayıb

05.01.18 14:35 783
Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başlayıb
Qəbələ şəhərində 12-ci Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalına start verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, "Gilan Holdinq”in təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzi, "Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi və "Qafqaz Resorte” otelində keçiriləcək festivalın proqramı çox zəngindir.

İlk öncə "Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində festival iştirakçıları üçün "Safari” səhra velosipedi idman növü üzrə yarış keçirilib. Kişi, qadın və uşaqların iştirak etdiyi yarışda ilk 3 yeri tutan iştirakçılara hədiyyələr verilib.

Ukraynanın CİTA turizm şirkətinin direktoru Radomir Lisak bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən hər il turistlər üçün müxtəlif ölkələrə maraqlı və musiqili-əyləncəli səfərlər təşkil edilir. Şirkətin xətti ilə Qəbələyə Ukrayna, Belarus və Avropa ölkələrindən 1000-dən çox turist gəlib. Onların Qəbələnin "Qafqaz” brendli beşulduzlu otellərində yerləşdirilib. İstirahət üçün Qəbələyə ailəvi gələn turistlər yanvarın 11-dək davam edəcək festival çərçivəsində idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşam isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak edəcəklər. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.

R. Lisak bildirib ki, turistlər Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər. O, belə səfərlərin keçirilməsində əsas məqsədin Qəbələnin turizm imkanlarının xarici turistlərə təqdim edilməsi olduğunu bildirib. R. Lisak qeyd edib ki, festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və "Noçnıye Snayperı” qrupu, Vladimir Zelenski, Natalya Moqilyovskaya və "Kvartal 95” yumor qrupu olacaq.

Qeyd edək ki, 2009-cu ildən keçirilən bu festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukraynada təşkil edilib. Bu illər ərzində festivalın iştirakçıları arasında Valeri Meladze, Ani Lorak, "Noçnıye Snayperı”, Diana Arbenina kimi tanınmış ifaçılar olub. Festivalın təşkilatçıları aktiv istirahət etməyi sevənlər üçün bir həftə ərzində müxtəlif əyləncə proqramlar hazırlayıblar. Festival bu günədək 15 000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.

Məlumat üçün bildirək ki,APAHoldinq Qəbələ 12-ci Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalına İnformasiya dəstəyi verir.
banner

Oxşar Xəbərlər