• cümə axşamı, 25 aprel, 12:06
  • Baku Bakı 23°C

“Qəbələ” “sülh”lə başladı, “Zirə” məğlub qayıdır

14.07.17 10:42 1105
“Qəbələ” “sülh”lə başladı, “Zirə” məğlub qayıdır
Dünən Avropa Liqasının 2-ci təsnifat mərhələsində növbəti oyunlar keçirilib.
Kaspi.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimizdən "Qəbələ” də bu mərhələdən mübarizəyə qoşulub. "Qırmızı-qaralar” avrokubokların yeni mövsümünə Polşanın "Yaqelloniya” klubuna qarşı ev oyunu ilə start verib.
Əvvəlki iki mövsümdə qrup mərhələsinə kimi irəliləməyi bacarmış Roman Qriqorçukun yetirmələri bu mövsümdə də ən azı eyni nəticəni təkrarlamağı planlaşdırır.
Ötən mövsümlə müqayisədə heyətində ciddi dəyişikliklər olan yeni "Qəbələ”nin Polşanın vitse-çempionu ilə oyunda necə çıxış edəcəyi maraq doğururdu. Təəssüf ki, qarşılaşma təmsilçimiz üçün uğurlu başlamayıb. Qriqorçukun çalışdırdığı komanda erkən qola üzülüb. Təmsilçimiz buna yalnız fasilədən sonra cavab verə bilib. Matçda başqa qol olmayıb və tərəflər meydanı heç-heçə ilə tərk ediblər - 1:1.
Bu klublar arasındakı cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.
Dünən Avropa Liqasındakı təmsilçilərimizdən "Zirə” də növbəti sınağına çıxıb. İlk təsnifat mərhələsində Lüksemburq "Differdanj”ını mübarizədən kənarlaşdıran (2:0, 2:1) "qartallar”, bu dəfə Rumıniyanın "Astra” klubu ilə qarşılaşıb.
Ötən mövsümdə Avropa Liqasının 1/16 finalına kimi irəliləmiş "Astra” bu il də ən azı eyni nəticəni təkrarlamağı planlaşdırır. Lakin ötən mövsümlə müqayisədə rəqibin heyətində ciddi dəyişikliklərin baş verməsi "Zirə”nin xeyrinə olan amil idi.
Təəssüf ki, qəsəbə təmsilçisi Rumıniyadakı qarşılaşmada istədiyi oyunu sərgiləyə bilməyib. Oyun Azərbaycan klubunun məğlubiyyəti ilə başa çatıb - 1:3. Zirəlilər bir həftə sonra bu rəqibi doğma meydanda qəbul edəcək.
banner

Oxşar Xəbərlər