• cümə axşamı, 28 mart, 18:31
  • Baku Bakı 13°C

Qəbələ RLS ləğv olundu

07.04.14 08:15 1081
Qəbələ RLS ləğv olundu
Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılmış və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ radiolokasiya stansiyası («Daryal «RLS) Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarılıb.
Bu barədə APA-ya eksklüziv olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
«Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş»in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə əlaqədar Rusiyanın stansiyanın istismarının dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim etdiyi 10 dekabr 2012-ci il tarixindən stansiyanın fəaliyyəti tam dayandırılıb.
RLS-nın əmlakı və ərazisi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub.
«Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə RLS-in bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə Komissiyanın tərkibi müəyyən edilib və aidiyyəti dövlət orqanları bu Komissiyanın işindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələləri həll edib. Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam başa çatdırıb. Keçmiş Qəbələ RLS-nın əmlakının və ərazisinin gələcəkdə istifadəsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub», - deyə məlumatda qeyd olunub.
APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Qəbələ RLS Müdafiə Nazirliyinin balansından çıxarıldıqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilib. Hazırda stansiyanın ərazisinin və qalan əmlakının mühafizəsi mühafizə polisi tərəfindən həyata keçirilir.
Stansiyanın ərazisində minatəmizləmə əməliyyatları, radioloji və ekoloji monitorinqlər tamamlandıqdan sonra ərazinin gələcək taleyi barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Qəbələ RLS Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiyanın istifadəsində olub.
“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.
banner

Oxşar Xəbərlər