AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qəbələ RLS-lə bağlı təzə versiya

Qəbələ RLS-lə bağlı təzə versiya

Təfsilat
06 Dekabr 2012, 14:17 1746
İki həftədən sonra Rusiyaya məxsus Qəbələ RLS-nin icarə müddəti başa çatır. Bəlli olduğu kimi, Azərbaycan və Rusiya arasında əldə olunmuş əvvəlki razılaşmaya görə, stansiyanın icarəyə verilməsi ilə bağlı danışıqlar altı ay bundan əvvəl başa çatmalı idi. Lakin bu günə qədər də bununla bağlı vahid fikrə gəlinməyib. Proqnozlar bu idi ki, məsələ MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində müzakirə oluna bilər. Lakin bu da baş vermədi. Rusiya nəşrləri də bu səbəbdən məsələyə böyük önəm verməkdə davam edirlər. Məsələn, mövzuya dəfələrlə toxunan Rusiyanın “Nezavisimaya qazeta” qəzeti yazır ki, stansiyanın icarə müddətinin uzadılması ilə bağlı danışıqlar davam edir. Qəzet iddia edir ki, rəsmi Bakı icarə haqqının 7 mln. dollardan 300 mln. dollara çatdırıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin bildirib ki, Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarəsinə dair danışıqlar davam etdirilir. “Digərlərində olduğu kimi, bu məsələdə Azərbaycan milli maraqlarına əsaslanır. Qəbələ RLS-in icarəsinə dair danışıqlar ekspert qrupu səviyyəsində davam edir və hələ ki, heç bir qərar qəbul edilməyib” - deyə qəzet E.Abdullayevdən sitat gətirib.

XİN rəsmisinin verdiyi açıqlama Bakı və Moskvanın Qəbələ RLS-nin gələcək taleyi ilə bağlı razılığı gələ bilmədikləri barədə söz-söhbətlərə son qoymuş olub. Aydın olur ki, iki həftədən sonra stansiyanın icarə müddəti ilə bağlı müddətin başa çatmasına baxmayaraq danışıqlar nəinki aparılır, hətta müəyyən irəliləyişlər də var. Danışıqlar prosesində Azərbaycan nümayəndə heyətini təmsil edən mənbəsinə istinadən qəzet yazır ki, Qəbələ RLS-nin icarə müddətinin uzadılması ilə bağlı kompromis əldə olunub. Adının çəkilməsini istəməyən yüksək rütbəli diplomatın sözlərinə görə, icarə haqqı ilə bağlı kompromis var. Rusiya tərəfi isə RLS-də xidmət edən Azərbaycan hərbçilərinin sayının artırılmasına qarşı deyil. Rusiya nəşri yazır ki, stansiyanın icarə müddəti ilə bağlı danışıqlar mart ayında başa çata bilər. Bu isə onu göstərir ki, tərəflər bu müddətə kimi icarə müddəti ilə bağlı sazişin vaxtını uzada da bilərlər. Rusiya nəşrinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyanın regiondan çox asan şəkildə çıxıb gedəcəyini düşünmək sadəlövhlük olardı. «Əksinə, Moskva Qəbələ RLS-nin minimum 2-3 il müddətinə istismar müddətini qoruyub saxlamaq üçün əlindən gələni edəcək. Bu stansiya Rusiya üçün həyatı əhəmiyyət kəsb edir. İstənilən halda iki həftədən sonra bizə Moskvanın hansı addım atacağı barədə rəsmən məlumat veriləcək”.

Bəzi Rusiya rəsmiləri isə bu qənaətdədir ki, gələn il istifadəyə veriləcək “Voronej” radarı texniki parametrlərinə görə Qəbələ stansiyasını əvəz etməyə qadirdir. Rusiya hərbi nazirliyinin nümayəndəsi polkovnik Aleksey Zolotuxin 2013-cü ildə bir neçə yeni nəsil stansiyanın tikiləcəyini bildirib. “2013-cü ilin ilk rübündə Krasnodar vilayətində zavod hazırlığı texnologiyası üzərində qurulan yeni nəsil Voronej stansiyası hərbi növbətçiliyə başlaycaq” – deyə Zolotuxin vurğulayıb. Bundan əvvəl daha bir stansiya Rusiyanın şimalındakı Kalininqrad vilayətində yerləşdirilib. Voronej stansiyasının əhəmiyyətini vurğulayan bəzi Rusiya rəsmilər deyirlər ki, bu radar Qəbələdəki RLS-nin funksiyalarını öz üzərinə götürə bilər. Bu həftənin əvvəlində müvafiq bəyanatla Rusiya Raket Qoşunları qərargahının keçmiş rəisi Viktor Yesin də çıxış edib. Generalın sözlərinə görə Krasnodar vilayətində yeni radarın tikilməsilə Rusiya "köhnəlmiş" Qəbələ stansiyasından asanlıqla imtina edə bilər. Hərbi ekspert Üzeyir Cəfərov Yesinin bəyanatına münasibəti isə sərt olub. Azərbaycanlı ekspert Qəbələ radarının əhəmiyyət kəsb etmədiyi barədə sabiq rəisin bəyanatını təzyiq “forması” adlandırıb. O deyib ki, Qəbələ Rusiya üçün yalnız sırf hərbi əhəmiyyətli obyekt deyil. “Qəbələ RLS Rusiya üçün Cənubi Qafqazda, Azərbaycanda öz hərbi mövcudluğunu sübut etmək üçün şansdır. Moskva bu şansı əldən vermək istəməz”.

Rusiyalı hərbi ekspertlərdən fərqli olaraq “Yedinaya Rossiya” Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov isə hesab edir ki, Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyət daşıyır və Rusiya Federasiyası üçün həssas məsələdir. “Bu məsələdə konsensus axtarmaq lazımdır. Rusiya hesab edir ki, bu obyekt həmçinin Azərbaycana da kömək edir, çünki ümumi təhlükəsizliyin əsasıdır” - deyə o bildirib. “Bu münasibətləri müəyyən şərtlərlə davam etmək arzusu mövcuddur. Biz hazırda bu şərtlərin nədən ibarət olduğunu müzakirə edirik. Birinci - siyasi, ikinci - hərbi-texniki, üçüncü - məsələnin maddi tərəfidir” - deyə o əlavə edib. Onun sözlərinə görə, bu təmas nöqtələri arasında qızıl məxrəc mövcuddur. Qısa zaman ərzində tərəflər bu məxrəcə çatmaq niyyətindədirlər.

Xatırladaq ki, İnformasiya-analitik mərkəz statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik 7 mln. dollar təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir. RF müdafiə naziri Anatoli Serdyukov 2011-ci ilin iyul ayında Bakıda keçirilən danışıqlar zamanı Rusiya tərəfindən Qəbələ RLS-in icarəsi ilə bağlı yeni sazişin hazırlanması barədə razılığa gəlib. Lakin, tərəflər hələlik icarə haqqı məsələlərinə dair vahid fikrə gəlməyiblər. Bir sıra Rusiya mətbuatının məlumatına əsasən, Azərbaycan ilkin olaraq Rusiya tərəfindən illik 15 mln. dollar istəyib, sonra icarə haqqını 150 mln. dollara, son zamanlar isə 300 mln. dollara qədər artırıb.
Azər NURİYEV