AZE | RUS | ENG |


Qəbələ, Quba, İsmayıllı, Dubay, Antalya...

Qəbələ, Quba, İsmayıllı, Dubay, Antalya...
Azərbaycan vətəndaşları Novruz tətillərini əsasən bu şəhərlərdə keçirmək niyyətindədirlər

Artıq Novruz bayramına sayılı günlər qalıb. İnsanlar istirahət günlərini xüsusi və yaddaqalan etmək üçün həm ölkə xarici, həm də ölkə daxilində səyahət etməyi planlaşdırırlar. Bəs Azərbaycanda əhali istirahət və bayram günlərini daha çox harada qeyd edəcək? Suallarımıza cavab tapmaq üçün turizm şirkətləri ilə əlaqə saxladıq.
 
Ölkə daxilində qiymətlər bahadır
 
Omega Turizm şirkətinin əməkdaşı deyir ki, artıq istirahət günlərində ölkənin turizm obyektlərində yer tapmaq mümkün deyil: "Ölkə daxilindəki turizm obyektlərində yerlər dolub. Özü də ölkə xarici ilə müqayisə etdikdə, daxilində qiymətlər bahadır”. 

Həmsöhbətimiz bildirdi ki, turizm şirkətində xaricə sifariş verənlərin əksəriyyəti Türkiyəyə, Gürcüstana, Dubaya gedir: "Ölkə daxilində yerlərin tez dolması yüksək göstəricilərə görə yox, turizm obyektlərinin az olmasına görədir. İnsanların əksəriyyəti hər il olduğu kimi bu il də nisbətən ucuz başa gəldiyi üçün xarici ölkələrə üz tuturlar”.

 Dream Travel Agency-dən qəzetimizə verilən məlumata görə, 1-2 günlük istirahət üçün ölkə daxili sərfəlidir: "İnsanların ölkə daxilində və xaricdə istirahət etməsi istirahət günlərinin sayından asılıdır. 1-2 günlük istirahət etmək istəyənlər üçün ölkə daxili sərfəlidir. Amma 1 həftədən artıq istirahət etmək istəyənlər xarici ölkələrə üstünlük verirlər. İstirahət üçün seçilən isə daha çox Türkiyə və Avropa ölkələridir”.

İntoursit travel-in əməkdaşı deyir ki, xaricə müraciət edənlər Türkiyə və Dubayı seçirlər: "Xarici ölkəyə gedənlər əsasən 1 ay öncədən sifariş verirlər. Amma bayram günlərində istirahət üçün insanlar şimal, şimal-qərb bölgələrini seçirlər. Əsasən Quba, Qusar, Qax, Qəbələyə üz tuturlar”.
 
İnsanlar istirahət üçün Göy gölü seçirlər
 
VİP Travel daxili turizm departamentinin rəhbəri Əli Salayev deyir ki, son zamanlar insanlar istirahət üçün daha çox "Göy-göl”ü seçirlər. Həmsöhbətimizin sözlərinə görə, ötən illərlə müqayisədə ölkə daxilində istirahət etmək istəyənlərin sayı artıb: "Azərbaycanda xarici turistlərin və öz vətəndaşlarımızın daha çox üz tutuqları yer Qəbələ, Şəki, Qusar və Göy göldür. Ötən illərə nisbətən öz ölkəmizdə istirahət etmək istəyənlərin sayı çoxalıb. Amma yay mövsümündə insanlar daha çox xarici ölkələrə üz tuturlar. Avropa ölkələrində viza tələb edildiyinə görə getmək çətin olur. Qardaş ölkə Türkiyədə - Antalya Bodrum, Gürcüstanda Batumiyə üz tuturlar. Qış vaxtı isə ən çox tələbat isti ölkələrə, xüsusilə də Dubaya olur”.

Tempus Travel Baku-dan verilən məlumata görə isə ölkə daxilində istirahət etmək istəyənlər azdır: "Azərbaycanlılar Novruz bayramını qeyd etmək üçün daha çox İstanbula və Dubaya üz tuturlar. Ölkə daxilində isə Qəbələ, Şəki  və İsmayıllı rayonlarında istirahətə üstünlük verirlər. Amma müqayisə etdikdə görürük ki, insanlar istirahət etmək üçün daha çox xaricə gedirlər”.

Master Travel-in da müştəriləri daha çox xaricə getmək üçün müraciət edirlər: "Bizim şirkətə daha çox Dubaya, Misirə, Türkiyəyə getmək üçün müraciət edirlər. Ölkə daxilinə müraciət isə ötən illərə nisbətən azdır. Novruz bayramını Azərbaycanda qeyd etmək istəyən həmvətənlərimiz daha çox Şamaxı, Qəbələ, İsmayıllı, Qax rayonlarına üz tuturlar”.

Turizm şirkətləri deyir ki, əhalinin xaricdə istirahətə üstünlük verməsinin əsas səbəbi ölkədə birgünlük istirahətin qiyməti ilə xarici ölkələrdə bir həftə istirahət etməyin eyni qiymətdə olmasıdır. Maraqlıdır, Novruz bayramını xaricdə və Azərbaycanda qeyd etmək neçəyə başa gəlir? Əvvəlcə ölkə xaricindən başlayaq...

Xaricdə istirahət neçəyə başa gəlir?

Novruz bayramında Amsterdam turu bir nəfər üçün 864 manata başa gəlir. Qiymətə 5 gün, 6 gecə mehmanxanada gecələmə,b gündə l dəfə qidalanma və sığorta daxildir. Aviabilet və viza isə əlavə ödənilir. 

Bayramı Gürcüstanda keçirmək istəyənlər 3 gecə, 4 gün üçün 287 manat ödəməlidirlər. Amma Bakı-Tbilisi-Bakı istiqamətində nəqliyyat xidmətləri qiymətə daxil deyil. Qiymətə ekskursiyalar zamanı nəqliyyat xidməti, rusdilli bələdçi, restoranda bayram yeməyi və səhər yeməyi daxildir.

Antalya turu isə 4 gecə 5 gün  üçün 542 manatdır. Qiymətə 4 gecə 5 gün gecələmə, qidalanma və aviabilet daxildir.

Azərbaycanlıların bayram günlərini keçirmək üçün ən çox üz tutduğu şəhərlərdən biri də Dubaydır. Dubayda 3 gecə 4 gün istirahət etmək üçün 503 AZN ödəməlisiniz. Qiymətə aviabilet, oteldə gecələmə, sığorta, qidalanma (səhər yeməyi) və transfer daxildir.

Çox insanın xəyalı Hindistana səfər etməkdir. Bayramı Hindistanda keçirmək istəyənlər 6 gün 7 gecə üçün 2109 manat ödəməlidirlər. Viza rüsumu isə əlavə olaraq 40 dollardır. Qiymətə gecələmə və aviabilet səhər yeməyi daxildir.

Bəs ölkə daxilində qiymətlər necədir?

Şəmkir Excelsior Hoteldə 3 gün 4 gecə gecələmək 225 manata başa gəlir. Qiymətə 3 gecə 4 gün oteldə gecələmə, səhər və şam yeməyi, Jasmin Spa`dan istifadə, qatarla şəhər və Annenfeld ekskursiyası, qala gecəsi və Dj şou proqram, Tonqal ətrafında möhtəşəm atəşfəşanlıq, kosa və keçəl əyləncəli şou proqram daxildir.

Şamaxı Şirvan Hotelə 2 gecə üçün 140 AZN ödəməlisiniz. Qiymətə 2 gecə oteldə gecələmə, gündə 3 dəfə qidalanma, qala şou, Diskoteka Dj-ilə, hovuz, SPA, Fitnes, kino klub, Sakit göl tətil məkanına ödənişsiz vəsiqə daxildir.

Şəkidə 2 gün istirahət 195 manatdır. Qiymətə komfortlu nəqliyyat, hoteldə gecələmə, qidalanma, yemək zamanı canlı musiqi, kosa və keçəl, qapalı hovuz, türk hamamı, sauna, fitness mərkəzindən istifadə, diskoteka daxildir.

Quba - Qusar - Laza turu 1 gecə üçün 95 manatdır.

Şəki - Qax - Zaqatala-Balakən turu 2 gecə, 3 gün üçün 245 manatdır. Qiymətə nəqliyyat, oteldə gecələmə, qidalanma, bələdçi xidməti, foto çəkiliş daxildir.
 
Tarix yaxınlaşdıqca, qiymət qalxır
 
Şamaxı Sakit göl turu isə 3 gün üçün 690 AZN təşkil edir. Əgər bu turda iştirak etmək istəyirsinizsə nəzərə alın ki, tarix yaxınlaşdıqca qiymət də qalxır. Qiymətə oteldə gecələmə, səhər yeməyi, JAZZ musiqi, SPA və fitness, hovuz, türk hamamı və kino klub daxildir.
Bayramda istirahət günlərini evinizdən kənarda – xaricdə və ya ölkə daxilində keçirmək istəyirsinizsə, cibiniz dolu olmalıdır. Amma unutmayın ki, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır...

Aygün ƏZİZ
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202