• cümə axşamı, 25 aprel, 10:44
  • Baku Bakı 14°C

Qəbələ musiqi mərkəzinə çevrilir

27.07.13 10:25 2472
Qəbələ musiqi mərkəzinə çevrilir
Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı hesab olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il beşinci dəfə keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. Festival iyulun 24-də başlayıb.
İyulun 24-də “Qafqaz Resorte” otelinin kamera zalında keçirilən musiqi bayramında ilk konserti koreyalı pianoçu Hi Youn Çhoe təqdim edib. Konsertdə məşhur pianoçu Hi Youn Çhoenin ifasında Pyotr Çaykovskinin “Şelkunçik” süitası və Frederik Şopenin “Noktürn” əsərləri səslənib. Sonra isə açıq havada qurulan səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Konsertdən öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına ünvanlandığı təbrik məktubu oxunub.
Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – Qəbələ V Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. Məhz mədəniyyət xadimlərinin məqsədyönlü fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurması təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail olub. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir. Biz zəngin mədəniyyətimiz vasitəsilə ölkəmizi dünyada tanıtmağa nail olmuşuq, bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir.
Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənəvi xarakter alıb. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir”.
Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri salamlayıb, festivalın işinə uğurlar arzulayıblar.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.
Festivalda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.
Konsertdə P.Çaykovsinin “Yevgeni Onegin” operasından Polonez, K.Sen-Sansın Rondo-kapriççiozo”, T.Qasımzadənin “Balet suitası”, A.Qəmbərlinin “Divertisment”, F. Əmirovun “Nəsimi haqqında dastan”, simfonik poeması, K.Əkbərovun “Azərbaycan” poemasından parçalar səsləndirilib. Skripkada Cavad Tağızadə, pianoda Səidə Tağızadə, violində Toğrul Qəniyev, celloda Aleksey Miltix çıxış edib. Musiqiçiləri dirijorlar Yalçın Adıgözəlov və Fəxrəddin Kərimov müşayiət edib.
Fərhad Bədəlbəyli: “Festivalda rəngarəng konsertlər olacaq”
Qəbələ V Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli mətbuata müsahibəsi zamanı Qəbələ V Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngin olduğunu və festivalın nüfuzunun ildən-ilə artdığını söyləyib: “Bu ilki festivalın proqramı çox zəngindir. Festivalda rəngarəng konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcək. Düşünürəm ki, Qəbələ V Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq Qəbələ V Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu möhtəşəm musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olub. F.Bədəlbəyli festivalda simfonik və kamera konsertlərinin, muğam gecəsinin, caz axşamlarının musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini qeyd edib. Bu il festivalın proqramında yubileylərə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli bu sırada dahi italyan bəstəkarı Cüzeppe Verdinin iki yüz illik yubileyinin qeyd edilməsi ilə yeni bir ənənənin davam etdirilməsindən danışıb.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Mərkəzi Musiqi Məktəbinin tələbəsi Nazxanım Dadaşova Qəbələ Beynəlxalq Musiqi Festivalında ikinci dəfə iştirak etdiyimə görə özümü xoşbəxt saydığını söyləyib: “Bu festivala pianoçu kimi qatılmağım mənim üçün həm karyera, həm də musiqinin sirlərinə daha yaxından yiyələnmək üçün çox vacibdir. Musiqi bayramına dəvət edildiyimə görə festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirirəm. Qeyd edim ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəniyyətini dünyaya təqdim etmək üçün ən yaxşı vasitədir. Artıq Qəbələ əyalət şəhərindən milli və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə çevrilir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri buna əyani sübutdur. Burada klassik və kamera musiqisinin səsləndirilməsi hamıda xoş ovqat yaradır. Mən festivalda çox zəngin olan, insanları daim heyrətləndirən və dünyada özünəməxsusluğu ilə seçilən Azərbaycan musiqisinin yerli və xarici ölkə tamaşaçıları tərəfindən böyük maraqla qarşılandığının bir daha şahidi oldum”.
Polad Bülbüloğlu: “Arzu edirəm ki, festivalın 50 illik yubileyi keçirilsin”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələdə jurnalistlərə müsahibəsində ənənəvi olaraq hər il belə yüksək səviyyəli beynəlxalq musiqi festivalının keçirilməsinə görə çox sevindiyini, festivalın proqramının ildən-ilə genişləndiyini və dünyada daha da məşhurlaşdığını söyləyib: “Səviyyəsi çox yüksək olan Qəbələ Beynəlxalq Musiqi Festivalı illər keçdikcə dünyada daha da məşhurlaşır. Azərbaycanda hər 2-3 ildən bir Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi keçirilir. Qəbələ V Beynəlxalq Musiqi Festival çərçivəsində ilk dəfə olaraq bu müsabiqələrin laureatlarının konserti təqdim ediləcək. Mən xüsusi olaraq buna görə Qəbələyə gəlmişəm. Əgər dəvət etsələr, mən də orada bir-iki mahnımı oxuyaram. Rusiyada bu festivalı yaxşı tanıyırlar. Bu il festivalın 5 illiyi tamam olur. Arzu edirəm ki, bu musiqi tədbirinin 50 illik yubileyi keçirilsin”.
Səfir Polad Bülbüloğlu bu festivalın musiqi səviyyəsinin çox yüksək səviyyədə olduğunu qeyd edərək yüksək səviyyədə festival təşkil etməyin çətin olduğunu bildirib: “5 il əvvəl bu festival ilk dəfə keçirilən vaxt konsertləri izləmək üçün gələn tamaşaçıların sayı az olurdu. Amma indi tamaşaçılar üçün yer tapılmır. Minlərlə insan konsertləri izləmək üçün Qəbələyə gəlir. Artıq insanların bu festival barədə geniş məlumatları və ən əsası isə buna maraqları var. Müxtəlif rayonlardan musiqi məktəblərini təmsil edən müəllim və şagirdlərin bu festivalı həvəslə izləməsi çox sevindirici haldır. Belə möhtəşəm musiqi tədbirləri onların inkişafı üçün bir təkandır. Mən çox sevinirəm ki, belə mötəbər tədbir paytaxtda deyil, məhz bölgədə keçirilir. Gözəl otellər, yollar, hava limanı və digər imkanlar festivalın yüksək səviyyədə keçirilməsinə şərait yaradan amillərdir. Bilirsiniz ki, bu günlərdə Qəbələ 2013-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib. Təqdimat mərasiminə 10 ölkədən 130 qonaq gəlmişdi və onlar şəhərin gözəlliyi, burada keçirilən tədbirlərin möhtəşəmliyi ilə bağlı təəssüratlarını hələ də bizimlə bölüşürlər. Mən bir azərbaycanlı, səfir və keçmiş mədəniyyət naziri olaraq bu uğurlara çox sevinirəm”.
Qeyd edək ki, festivalın konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış ediblər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər