• cümə, 29 Mart, 11:05
  • Baku Bakı 5°C

“Qazprom”un sakit həyatı başa çatır

07.02.17 09:00 1201
“Qazprom”un sakit həyatı başa çatır
Donald Trampın prezident kürsüsünə əyləşməsi Birləşmiş Ştatların Rusiyanı Avropanın qaz bazarından sıxışdırıb çıxarmaqla bağlı ənənəvi siyasətini dəyişəcəyi barədə ehtimalları doğrultmayıb. Əksinə, yeni administrasiya Rusiyanı bu bazardan çıxarmaq siyasətini daha da gücləndirəcək. Məsələn, ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett bildirib ki, ABŞ Avropanı Rusiya asılılığına gətirib çıxaracaq "Şimal axını-2” və buna bənzər layihələrə qarşı çıxır.
Eləcə də yeni dövlət katibi Reks Tillerson da Avropanı ABŞ enerji daşıyıcıları ilə təmin edəcəyini vəd edir. Ötən il ABŞ Avropaya üç, Türkiyəyə isə sıxılmış təbii qazla dolu iki tanker göndərib. Ekspertlər bununla bağlı xəbərdarlıq edirlər - "Qazprom”un sakit həyatına son qoyulur və ən geci 3-5 ildən sonra qaz bazarında rəqabət güclənəcək. "Birləşmiş Ştatların məqsədi bütün Avropa boyu şəffaf və elastik şəbəkəyə dəstək verilməsi və onun gücləndirilməsidir, - deyə Afinada keçirilən enerji forumunda ABŞ-ın Yunanıstandakı səfiri (Ukraynadakı keçmiş səfir) bildirib. Onun sözlərinə görə, Vaşinqton Xəzər qazını Yunanıstan, Albaniya və İtaliyaya aparıb çıxaracaq Transadriatik qaz kəmərini dəstəkləyir. Bununla yanaşı, Birləşmiş Ştatlar Avropanı Rusiya qazından asılı vəziyyətə gətirəcək layihələrə qarşıdır. Söhbət ilk növbədə "Şimal axını-2” layihəsindən gedir. Səfir Ukrayna ilə də bağlı bir neçə kəlmə işlədib və bildirib ki, bu ölkənin qaz kəmərləri etibarlıdır və burada başqa söhbət ola bilməz. Payett əlavə edib ki, Vaşinqton Brüssellə Avropa İttifaqının enerji təhlükəsizliyi səviyyəsini yüksəltmək üçün sıx əməkdaşlıq edir.
Enerji siyasətinə bu cür yanaşma - heç də əvvəlki hakimiyyətin siyasətinin davamı deyil, Vaşinqtonun uzunmüddətli strategiyasıdır. Və bu siyasətin müəyyən olunmasında prezidentlərin dəyişməsi rol oynamır. Əgər Trampın prezident seçilməsindən sonra kimdəsə ikitərəfli münasibətlərin istiləşəcəyi barədə ümid yaranıbsa, bunun heç də digər məsələlərə təsir edəcəyi fikri formalaşmamalıdır - "Qazprom”un Avropa bazarından sıxışdırılıb çıxarılması siyasəti nəinki davam etdiriləcək, hətta gücləndiriləcək. Buna sübut isə qeyd etdiyimiz kimi, yeni dövlət katibinin reaksiyasıdır. Məlumat üçün bildirək ki, əvvəl o, Exxon Mobil-in rəhbəri olub, indi isə dövlət katibidir. Ötən ilin sonlarında Tillerson da Ukraynadan yan keçməklə Almaniyaya təbii qazın daşınmasını nəzərdə tutan "Şimal axını-2” layihəsinin Avropanın Rusiyadan asılılığının güclənməsinə gətirib çıxara biləcəyindən narahatlığını ifadə etmişdi: "Balansın pozulacağına gətirib çıxaracaq şəraiti diqqətlə analiz etmək gərəkdir. Bütün bu təhlükələrə Birləşmiş Ştatların ən yaxşı cavabı – özünün təbii resurslarının mənimsənilməsi ola bilər. Biz avropalıların yalnız bir dominantın asılılığında qalmaması üçün müxtəlif inkişaf variantları təqdim edə bilərik”. Bundan bir nəticəyə gəlmək olar ki, ABŞ Avropaya Rusiyadan "xilas” olmaq üçün Amerika yanacağını təklif edir. Donald Trampın vəd etdiyi və hökmən həyata keçirəcəyi planlar sırasında ABŞ-da enerji inqilabı da var. Eləcə də öz istehsalını artırmaq üçün baryerlərin azaldılması və karbohidrogen ehtiyatlarının ixracı da nəzərdə tutulub.
ABŞ nəinki yanacağın ixracını azaltmaq, əksinə, xarici bazarlara enerji daşıyıcısı kimi çıxmaq istəyir. 2016-cı ildə ABŞ ilk dəfə sıxılmış təbii qazını Avropaya ixrac etməyə başlayıb. ABŞ Enerji Nazirliyinin açıqladığı rəqəmlərə görə, ötən il Avropaya sıxılmış təbii qazla dolu üç tanker göndərilib - apreldə Portuqaliyaya, iyulda İspaniyaya, noyabrda İtaliyaya. Əlavə iki tanker Türkiyəyə göndərilib – sentyabr və noyabrda. Özü də amerikalılar israr edirlər ki, onların təqdim etdikləri qaz Rusiya kəmərləri ilə daxil olan qazdan ucuzdur. Məsələn, Wall Street Journal yazır ki, fərq hətta 30 faizdir. Rusiya ekspertləri isə bununla razı deyillər. Onların hesablamalarına görə, ABŞ sıxılmış qazı Rusiya qazından 30 faiz bahadır. Vəziyyət doğrudan da qeyri-müəyyəndir. ABŞ Enerji Nazirliyinin məlumatından çıxış edərək bu nəticəyə gəlmək olar ki, Portuqaliyaya qaz bir milyon Britaniya termal vahidinə (MMBtu) - 3,41 dollara başa gəlib. Halbuki, 2016-cı ilin aprelində Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Almaniya ilə sərhəddə Rusiya qazı 4 dollara başa gəlib.
Ötən ilin noyabrında ABŞ-ın Avropaya ixrac etdiyi sıxılmış qazın həcmi son 60 ildə ilk dəfə olaraq yüksək həddə çatıb. Lakin ABŞ-ın təqdim etdiyi həcm Avropa bazarı üçün dəryada bir damcı deməkdir. "Qazprom” ötən il rekord həcmdə qaz ixrac etdiyini açıqlayıb - il ərzində qazın ixracı 12,5 faiz artaraq təqribən 180 mlrd. kub metr təşkil edib. "Bu, tarixi göstəricidir. Bu həcmdə qaz nəqli nə sovet dövründə, nə də Rusiyanın yeni tarixində olmayıb”, - deyə Rusiyanın qaz nəhənginin rəhbəri Aleksey Miller bildirib. "Qazprom”un Avropa bazarında iştirak payı 34 faizə yüksəlib. ABŞ-ın ötən il tankerlərlə Avropaya daşıdığı sıxılmış qaz isə 500 mln. kub metr olub. Bundan əlavə, "Qazprom”da israr edirlər ki, Amerika qazı heç də bütün avropalı istehlakçılara gedib çıxmır.
Ekoloqlar da ABŞ qazının ətraf mühitə ziyan vurmasından narahatlıqlarını ifadə ediblər. İyul ayında ətraf mühitin qorunması ilə məşğul olan təqribən 40 təşkilat İspaniyaya ABŞ sıxılmış qazının gəlməsinə etiraz ediblər. İspaniyada təqribən 7 qaz terminalı var və belə bir fikir var ki, bu ölkə qazın diversifikasiyasında əhəmiyyətli rol oynayır. "Sberbank” CIB-in analitiki Valeri Nesterov hesab edir ki, Avropada mütəmadi olaraq "Qazprom” təsiri eroziyaya uğrayır və "Qazprom” tək Şimali Afrika, Norveç deyil, sıxılmış təbii qaz tərəfindən də rəqabətlə üzləşir. "Əvvəlcə bu, Qətər qazı idi, indi isə Avropa qazı. 2018-2019-cu illərdə həddən artıq həcmdə qaz artımı gözlənilir”, - deyə rusiyalı ekspert bildirib. Onun qənaətincə, yaxın 3-5 ilə ərzində ABŞ qazı "Qazprom” üçün təhlükə törətməyəcək. Uzunmüddətli perspektivdə isə nəsə söyləmək çətindir. O, əlavə edib ki, "Qazprom” qiyməti aşağı salmaq üçün resurslara malikdir. Lakin ekspert maraqlı bir fikir səsləndirir. Onun sözlərinə görə, avropalılar qiymət baha olsa belə, enerji daşıyıcılarının rəngarəngliyini xoşlayırlar.
Rəyi soruşulan digər ekspertlər isə qeyd edirlər ki, Tramın gəlişindən sonra belə, ABŞ-ın siyasəti dəyişməyəcək. "ABŞ isteblişmenində Moskva ilə sərt siyasətin xeyli tərəfdarı var və yeni prezident də onlarla hesablaşmalı olacaq”, - deyə "Amarkets”dən olan ekspert Artem Deev bildirib. Onun sözlərinə görə, istənilən administrasiya Avropaya qazın diversifikasiyası ilə bağlı siyasət yürüdəcək. "Avropa İttifaqı – böyük və mənfəətli bazardır və bunun uğrunda hər zaman mübarizə aparılacaq. Bu, istənilən biznes növünə aiddir, qaz bazarı isə bu planda ən gəlirlidir”. Bunu isə "İctimai Duma” Mərkəzinin eksperti Pavel İvçenkov bildirib. Bütövlükdə isə ekspertlər ABŞ-ın xarici qaz bazarında öz payını əldə etmək üçün səylərini məntiqli adlandırırlar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər