• şənbə, 20 Aprel, 10:12
  • Baku Bakı 14°C

“Qazprom” Türkmənistana qayıdır

17.04.19 17:51 458
“Qazprom” Türkmənistana qayıdır
Türkmənistanla Rusiya arasında qaz məsələsinə görə yaşanan problemlər deyəsən artıq arxada qalıb. Üç il bundan öncə Türkmənistanda defolt elan edilən "Qazprom” yenidən bu ölkəyə dönür. Rusiya mediasının yazdığına görə, "Qazprom” artıq birmənalı olaraq türkmən qazının alınmasını bərpa edib. Əksər ekspertlər Rusiyanın bu cəhdini qabaqlayıcı addım hesab edirlər, yəni "Qazprom” perspektivdə Rusiyadan yan keçməklə Avropaya yönələcək resursları öz əlində cəmləşdirir. Rusiyanın enerji nəhəngi bəyan edib ki, üç il davam edən fasilədən sonra Türkmənistan qazının idxalını bərpa edib. "Qazprom”un sözçüsü Sergey Kupriyanov deyib ki, təchizat artıq bərpa olunub. Bu xəbəri Türkmənistanın "Turkmenqaz” dövlət qaz şirkəti də təsdiq edib. Bununla belə, Rusiyanın Türkmənistandan idxal etdiyi qazın həcmi və qiyməti barədə məlumat verilmir. Rusiya bundan əvvəl ildə 10 milyon kubmetr qaz idxal edirdi və 2010-cu ildə, Çin onun yerini tutmazdan əvvəl Türkmənistanın ən böyük qaz alıcısı idi. Rusiya Türkmənistandan qazın idxalını 2016-cı ildə dayandırmış və bu, Türkmənistanın iqtisadiyyatına böyük zərbə vurmuşdu. Rusiya bu qərarını qlobal qaz qiymətlərinin yüksəlməsi ilə izah etmişdi. "Qazprom” və "Turkmenqaz” arasında alış-veriş şərtlərinə dair danışıqlar da məhz qiymət mübahisəsinə görə dalana dirənmişdi. Məlumat üçün bildirək ki, Türkmənistan qaz ehtiyatına görə, dünyanın dördüncü ölkəsidir.
Rusiyanın "Nezavisimaya qazeta” nəşrində dərc olunan məqalədə vurğulanır ki, türkmən qazının yenidən Rusiyaya nəqli 25 illik müqavilə əsasında bərpa ediləcək. "Qazprom” və "Türkmənqaz” arasında razılaşma 2003-cü ildə imzalanıb. Qeyd edildiyi kimi, əvvəlcə Rusiyanın qaz nəhəngi türkmən şirkətindən ildə 10 milyard kub metr qaz alırdı. Sonradan isə çatdırılma ildə 4 milyard kub metrə düşdü: "Lakin 2016-cı ildə "Qazprom” türkmən qazının alınmasından imtina etdi. Qiymətin aşağı salınması ilə bağlı Türkmənistanla hər hansı bir kompromis əldə olunmadı. "Qazprom” da öz növbəsində qazın alınmasından imtinanı "müqavilə pauzası” adlandırmaqla kifayətləndi. Türkmən qazının alınmasından imtina, hətta Stokholm arbitraj məhkəməsinə kimi gedib çıxdı. Tərəflərin qiymət mübahisəsi ona gətirib çıxardı ki, "Qazprom” bu ölkədəki fəaliyyətini dayandırdı. 2015-ci ilin iyununda "Qazprom eksport” da "Türkmənqaz”la məhkəmədə görüşdü. Yalnız ötən ilin payızında "Qazprom”un rəhbəri Aleksey Millerin Aşqabada səfərindən sonra gərginlik azaldı. Mart ayında isə bəlli oldu ki, "Qazprom” türkmən qazının alınması ilə bağlı danışıqları bərpa etmək istəyir. "Biz qaz sahəsində əməkdaşlığımızın böyük perspektivlərini görürük. Ən əsası bu o deməkdir ki, yaxın perspektivdə türkmən qazının alınması ilə bağlı işləri davam etdirəcəyik”, - deyə qəzet, şirkət rəhbərinin o zaman səsləndirdiyi fikirləri sitat kimi verib.
Almaniyanın "Deutshe Welle” nəşrinə müsahibəsində "Pflueger international” konsaltinq şirkətinin rəhbəri Araş Duero bildirib ki, Avropada türkmən qazına olan maraq əvvəlki illərdə olduğu kimi, yenə də qalır: "Məsələn, Almaniya Türkmənistanla çoxdandır ki, əməkdaşlıq edir. Layihələr çox idi. Söhbət Xəzərin dibi ilə Azərbaycana, oradan isə Türkiyəyə keçməklə Avropa İttifaqına Cənub Qaz Dəhlizi ilə qaz infrastrukturun qurulmasından gedirdi. Lakin bu günə kimi də, bu və digər buna bənzər layihələr reallaşmamış formada qalır. Türkmən qazının əsas alıcısı Çin olaraq qalır”. Qəzetə müsahibəsində ekspertlər hesab edirlər ki, Türkmənistandan qazın bərpası "Qazprom” üçün strateji xarakter daşıyır. "Türkmənistanın prioriteti Çin olsa da, qazın diversifikasiyasını da həyata keçirmək niyyətindədir. Bura Rusiya vasitəsilə Avropaya qazın nəqli daxildir. Nəzərə alaq ki, bunun üçün müvafiq qaz nəqliyyat sistemi də mövcuddur”, - deyə "BKS premier” analitik şirkətinin aparıcı analitiki Sergey Suverov bildirib. "Alpari” analitik mərkəzinin direktor müavini Natalya Milçakova isə hesab edir ki, "Qazprom” qazın nəqlinin bərpasını heç də Avropa qaz bazarında özünə əlavə rəqib axtarmaq üçün reallaşdırmır. O xatırladır ki, Türkmənistan "Qazprom”la münasibətləri kəsdikdən sonra "Cənub Qaz Dəhlizi” layihəsində iştirak etməyə və 30 il ərzində Avropaya minimum 30 milyard kub metr qaz nəql etməyə hazır idi: "Lakin həm türkmən, lap elə özbək qazının Avropaya nəqli yalnız o halda mümkün olar ki, dəhliz tam tikilib başa çatsın”. Əlavə edib ki, vəziyyət həm də o baxımdan qəlizdir ki, Türkmənistandan fərqli olaraq Özbəkistanın Xəzər dənizinə çıxış imkanları yoxdur. Bundan əlavə, bir sıra qaz yataqlarında təbii qaz zərərli qatışıqlarla çirklənib və onun təmizlənməsi istehlakçılar üçün əlavə xərc tələb edir. Bu da qiymət artımına səbəb olacaq. Bu səbəbdən də Türkmənistan və Özbəkistanın "Qazprom”a Avropaya qaz çatdırılmasında alternativ ola biləcəkləri az ehtimal olunandır. TEK – mediasiya və hüququn inkişafı Fondunun direktoru Aleksandr Paxomov hesab edir ki, Türkmənistana öz məhsulunu bazara çıxarmaq hava-su kimi lazımdır: "Türkmənistan Çinə boru xətti ilə qazın nəqlində dominant mövqeyə (87 faiz) malikdir. Rəqəmlərlə baxsaq, görərik ki, ötən ilin 12 ayı ərzində Çin Mərkəzi Asiyadan gələn boru xətləri ilə 47 milyard qaz idxal edib. Və özü də burada söhbət tək türkmən qazından və yanacağından getmir”.
"Türkmən qazının Avropa bazarına çıxışı üçün yeganə variant Xəzərin dibi ilə Azərbaycan vasitəsilə boru xəttinin inşasıdır. Bu da nəzəri baxımdan qazı TANAP layihəsinə ötürmək imkanı verə bilər. "Qazprom”un türkmən qazını alması isə Aşqabadın Transxəzər qaz kəmərinə olan marağına azalda bilər”, - deyə "Finam” şirkətinin ekspert-analitiki Aleksey Kalaçev bildirib. "Bu mövzu TANAP layihəsinin birinci xəttinin işə düşməsindən sonra aktual ola bilərdi”, - deyə o, əlavə edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər