• cümə axşamı, 25 aprel, 09:47
  • Baku Bakı 14°C

“Qazprom” türkmən qazının alışını bərpa etmək istəyir

04.04.19 20:09 538
“Qazprom” türkmən qazının alışını bərpa etmək istəyir
Dünyada təbii qaz ehtiyatlarına görə dördüncü olan Türkmənistanın hələ də bu təbii sərvətindən yararlanmağa müvəffəq olmadığı göz önündədir. Hazırda bu ölkə qazını yalnız Çinə ixrac edir. Türkmənistan indiyədək nə qazın ehtiyatlarına uyğun olan hasilatın həcmini təmin etməyə, nə də iqtisadiyyatı diversifikasiya etməyə müvəffəq olmayıb. Bunun mənfi nəticələrini də bütövlükdə xalq çəkir. Ölkə ciddi ehtiyac içindədir, əhali ərzaq məhsulları və maliyyə sarıdan ciddi sıxıntı keçirməyə başlayıb. Rusiyanın nüfuzlu "Rosbalt” nəşri yazır ki, buna baxmayaraq, türkmən büdcəsində paytaxtın "bəzədilməsi”, heç kimə lazım olmayan nəhəng layihələrin həyata keçirilməsinə vəsait hər zaman tapmaq mümkündür. Sosial ödəmələrə isə vəsait yoxdur. Ölkə rəhbərliyi pulsuz qaz, elektrik enerjisi və suya olan güzəştləri də ləğv edib.
Müəllif belə bir sualla çıxış edir - nədən belə çöküş baş verdi? Türkmənistan illər uzunu praktiki olaraq yalnız qaz satışından öz gəlirlərini formalaşdırmağa müvəffəq olub - iqtisadiyyatın digər sahələri praktiki olaraq inkişaf etməyib. Lakin sonrakı illər qaz da arxa plana keçməyə başladı. Qaz nəqlində yalnız Çinə doğru istiqamət götürülməsi ona gətirib çıxardı ki, ölkə külli miqdarda borcla üzləşdi. Rəsmi Pekin türkmən qaz yataqlarının işlənməsi, mövcud infrastrukturun yaradılması, güclü qaz emalı müəssisələrinin inşasına on milyardlarla dollar sərf etdi. Lakin Aşqabad borcunu qazın qiyməti aşağı düşdüyü bir vaxtda, ən əsası hasilatın həcmi azaldığı vaxt ödəməli oldu. Türkmənistan qazını əvvəlcə İran da alırdı. Sonradan Aşqabad və Tehran arasındakı mübahisə nəticəsində sonuncu türkmən qazının alışını dayandırdı. Türkmənistanla Rusiyanın qaz nəhəngi – "Qazprom”un da arası dəydi və ruslar qaz alışını birdəfəlik kəsdilər.
Rusiya nəşri yazır ki, Türkmənistan öz qazını TAPİ (Türkmənistan - Əfqanıstan, Pakistan-Hindistan) qaz boru kəməri ilə Əfqanıstandan Pakistana və Hindistana uzanacaq boru ilə satmağa çalışırdı. Hətta qaz kəmərinin illik buraxılış imkanları da hesablanmışdı – 33 mlrd. kub metr. Lakin layihə hələ də yerində fırlanır və səbəblər də çoxdur. Əfqanıstanda vəziyyətin qeyri-sabit olması, Türkmənistanın qaz kəmərini doldurmaq imkanlarının qeyri-müəyyənliyi və investor qıtlığı. Lakin belə bir mürəkkəb dövrdə Xəzərin hüquqi statusunun müəyyən olunmasını nəzərdə tutan hüquqi Konvensiya imzalanır. Bu tarixi sənədin imzalanmasından sonra Xəzərin dibi ilə Transxəzər qaz kəmərinin inşası məsələsi yenidən gündəmə gəlir. Kəmər Türkmənistandan Azərbaycana, oradan isə Cənub Qaz Dəhlizi ilə Gürcüstana, Türkiyəyə, ən son olaraq isə Avropa İttifaqı ölkələrinə çatmalı idi. Aİ bu layihəni dəstəklədiyini bəyan etsə də, dəstək kağız üzərində qalıb. Daha çox Birləşmiş Ştatlar bu layihənin reallaşmasında maraqlı idi. Vaşinqton nəyin bahasına olursa-olsun Rusiyanı Avropanın qaz bazarından çıxarılmasına çalışır. Bu günlərdə türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədova göndərdiyi təbrik məktubunda ABŞ prezidenti Donald Tramp bəyan edib ki, dənizin statusu müəyyən olunduqdan sonra türkmən tərəfi öz qazının Avropaya ixracı imkanlarından istifadə edə biləcək. Əlavə edib ki, ABŞ hakimiyyəti və işgüzar dairələri də Türkmənistanla əməkdaşlığın yeni imkanlarını nəzərdən keçirirlər. İdeyaca Trampın Transxəzər layihəsini lobbiləşdirməsi layihədə maraqlı olan tərəflərə yeni impuls verməli idi. Lakin Moskva hələ də bunun əleyhinə çıxdı. Rusiyanın ardınca İran da layihənin reallaşmasına qarşı çıxdı.
Belə bir mürəkkəb vaxtda "Qazprom” "umu-küsünü” bir kənara qoyaraq, Türkmənistana sözün əsl mənasında hücuma keçdi. Çıxılmaz vəziyyətdə olan Türkmənistan da razılıq verdi. "Qazprom”un rəhbəri Aleksey Miller martın sonunda bu il artıq üçüncü dəfə Aşqabada səfər edib və onlarla türkmən qazının Rusiyaya ixracının bərpasını müzakirə edib. İxracın həcmi və qiymət barədə hər iki tərəf susur. Əvvəllər "ən yaxşı hallarda” "Qazprom” türkmənlərdən il ərzində 40 mlrd. kub metr qaz alır və onu Avropaya satırdı. Lakin indi həmin həcmdən danışmaq olmaz – yataqlardan çıxarılan qaz yalnız Çinə gedir. Eləcə də, "Qazprom”un yeni yataqların işlənməsinə nə vaxt başlayacağı da bəlli deyil. Buna baxmayaraq, Rusiya nəhəngi türkmən qazının ixracının qarşısını alaraq Transxəzər layihəsini qəbirə basır. Müəllif yazır ki, Azərbaycan Cənub Qaz Dəhlizi boru xəttinin dolması üçün türkmən qazının öz ərazisi ilə tranzitində maraqlıdır. Yəni tranzit ölkə funksiyasının reallaşdırmaqda maraqlı tərəf kimi çıxış edir. Bütün bunlara baxmayaraq, Bakıdan "Qazprom” və Türkmənistan arasındakı sövdələşməyə hər hansı bir irad və narahatçılıq yoxdur.
Müəllif daha sonra yazır ki, Aşqabad TAPİ layihəsinin reallaşması üçün bütün vasitələri işə salır - hətta Yaponiya və Bəhreyndən də vəsait almağa çalışır. Lakin 8 mlrd. dollarlıq layihəyə vəsait qoyan tapılmır. Belə olan halda "Qazprom” Aşqabad üçün xilasedici halqa rolunu oynaya bilər - əgər türkmənlər onu "deşməsələr”. Və sonda bu qənaətə gəlinir ki, Qərb, xüsusən də ABŞ nə qədər Türkmənistana vədlər versə də, bunları reallaşdıra bilməyəcək. Ola bilsin ABŞ "Qazprom”la əməkdaşlığa görə Türkmənistana qarşı sanksiyalar tətbiq etsin. Lakin çətin ki, bu addımı atsın və Mərkəzi Asiyanın hansısa bir dövləti ilə regionda nüfuz məsələsində mübahisəyə girsin.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər