• cümə axşamı, 28 mart, 18:56
  • Baku Bakı 13°C

“Qazprom” erasının sonu

14.05.15 06:47 1037
“Qazprom” erasının sonu
“The Hill” yazır ki, Rusiya Avropa bazarını Azərbaycan, ABŞ və İrandan ixrac olunan qazdan qorumaq üçün qiymətləri aşağı sala bilər
Amerika Birləşmiş Ştatlarının nüfuzlu “The Hill” qəzetində Aqnisa Qriqasın “Avropada “Qazprom” erası sona çatır” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, keçən ay Avropanın Rusiyanın milli qaz şirkəti olan “Qazprom”u antiinhisar qanunlarını pozmaqda ittiham etməsi rus qazının Avropada çiçəkləndiyi dövrün bitməsinin siqnalını verir: “Bir neçə onillik ərzində “Qazprom”un əsas qaz bazarı Avropa ölkələri olub. Lakin rus qazından asılılıq və Moskvanın regionda təsir gücünün artması Avropa İttifaqını enerji resurslarının diversifikasiyası (şaxələndirilməsi) üçün addımlar atmağa vadar edib. Son onillikdə “Qazprom”un Avropada rolunun dəyişməsi Avropa İttifaqının antiinhisar siyasətinə təsir edən bir çox faktordan biridir. Lakin indidən nə Rusiyanın enerji resursları sayəsində əldə etdiyi təsir gücünü, nə də ki Avropa İttifaqının enerji sahəsində olan islahatlarının təsir gücünü kiçiltmək olar”.
Yazar qeyd edir ki, Avropa Komissiyası “Qazprom” şirkətini Mərkəzi və Şərqi Avropa ölkələrinə “ədalətsiz qiymətlər” qoymaqda, Avropa qaz bazarını parçalamaqda və boru kəmərlərinin keçdiyi ölkələrə qarşı təhqiramiz münasibətdə ittiham edir: “Rusiya qazından tamamilə asılı olan Bolqarıstan, Estoniya, Latviya, Litva və Polşa “Qazprom”un hədəfində olan əsas ölkələrdir. Buna görə də Avropa Komissiyası 2012-ci ildən başlayaraq Rusiya şirkətinin son onillikdəki fəaliyyəti haqqında araşdırmalara başlayıb. Artıq Avropa Komissiyası “Qazprom”u “ENİ”, “OMV” və “EON Ruhrgas” şirkətləri ilə müqavilələrə xitam verməyə məcbur edib. Lakin komissiyanın 2015-ci ildə Rusiya şirkətinə qarşı hər hansı cərimə tətbiq edib-etməyəcəyi məlum deyil. Amma “Qazprom” Mərkəzi və Şərqi Avropada Avropa İttifaqının standartlarına uyğun fəaliyyət göstərməlidir”.
A.Qriqasin sözlərinə görə, “Qazprom” şirkəti 2000-ci ilə, yəni dünyada baş verən iqtisadi böhrana qədər, qaza tələbatın yüksək və neftin qiymətinin yuxarı olduğu bir vaxtda daha çox uğur əldə etmişdi: “Bu dövrdə Avropa qaz bazarının əsas oyunçusu Rusiya idi. Buna görə də “Qazprom” Avropanın enerji aktivlərini daha aşağı qiymətə almağa və “Şimal axını” layihəsini həyata keçirməyə çalışırdı. Bu zaman rəsmi Moskva qazdan Avropa ölkələrinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirdi. Rusiya ilə Ukrayna arasında 2006-cı və 2009-cu illərdə baş verən “qaz müharibəsi” buna əsas misal ola bilər. Bu zaman rəsmi Moskva Ukrayna başda olmaqla bir çox Avropa ölkələrinə qaz nəqlini azaltmışdı. Bu hadisə Avropa İttifaqı üçün həyəcan təbili idi. Litvalı həmkarlarım ilə Çexiyaya səfərimiz zamanı Praqanın soyuq günləri də mənim yadımda qalıb. Avropa İttifaqına daxil olan bir çox ölkələrin xarici işlər nazirləri Kremlin bu siyasətindən narahat olduqlarını bildirirdilər. Bu narahatlıq başadüşülən idi”.
Yazar vurğulayır ki, hazırda “Qazprom”u Avropa Komissiyasının antiinhisar araşdırmalarından daha çox ABŞ-da baş verən enerji bumu narahat edir: “Son beş ildə ABŞ əsas qaz istehsalçılarından birinə çevrilib. Artıq Litva başda olmaqla bir çox Avropa ölkələri enerji resurslarının şaxələndirilməsinə can atır və ABŞ-dan daha çox sıxılmış qaz alırlar. ABŞ hökuməti azad ticarət müqaviləsi olmadan belə, Avropa ölkələrinə ildə yüz milyard kubmetr olmaq şərti ilə sıxılmış qaz satılmasına icazə verib. Bu göstərici Rusiyanın Avropa ölkələrinə satdığı qazın üçdə ikisi qədərdir. Həmçinin Azərbaycan və İran da Avropa ölkələrinə qaz ixrac edəcək”.
Məqalədə bildirilir ki, qaz sektorunda baş verən inkişafın əksinə olaraq, “Qazprom”un qaz istehsalını artırmaq potensialı effektiv və şəffaf olmayan idarəçiliyə görə sual altındadır: “Artıq 2014-cü ildə “Qazprom”un Avropa ölkələrinə qaz ixracatı keçən ilə nisbətən 9% azalıb. Buna səbəb qışın isti keçməsi, enerji səmərəliliyinin və qaza olan tələbatın azalması olub. Bunlar “Qazprom” şirkətinə böyük təsir göstərib: şirkətin xalis gəliri 2014-cü ildə 2013-cü ilə nisbətən 86% azalıb. Lakin indidən “Qazprom”u Avropa bazarlarından silmək düzgün deyil. Hazırda Avropa İttifaqına daxil olan Estoniya, Latviya, Finlandiya və Bolqarıstan 100% rus qazından asılıdır. Həmçinin Ukrayna ərazisindən keçən kəmər vasitəsi ilə Avropa İttifaqının 13 üzvü də “Qazprom” şirkətinin qazını alır. “Cənub axını” layihəsi həyata keçirilmədikdən sonra hazırda Rusiya Türkiyəyə “Türk axını”nı reallaşdırmaqda təzyiq göstərir. Xəzər dənizindən əldə olunan qazın Türkiyə vasitəsi ilə “Cənub” Qaz Dəhlizi və Trans Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Avropa bazarlarına çıxarılması “Türk axını” üçün əsas rəqib layihədir. Həmçinin Rusiya prezidenti Vladimir Putin Yunanıstan və Macarıstana daha çox və sərfəli qiymətə qaz verilməsi ilə bağlı söz verib. Rusiya Avropa bazarını Azərbaycan, ABŞ və İrandan ixrac olunan qazdan qorumaq üçün qiymətləri aşağı sala bilər”.
Yazar sonda qeyd edir ki, Avropa Komissiyasının sonuncu antiinhisar siyasəti “Qazprom”un Avropada nüfuzunun dəyişməsini göstərən növbəti hadisədir: “Rəsmi Moskvanın getdikcə artan gözlənilməz və aqressiv xarici siyasəti, həmçinin Rusiyanın qaz və neftdən siyasi silah kimi istifadə etməsi Avropa ölkələrini öz enerji resurslarını şaxələndirməyə vadar edir. Bu uzunmüddətli şaxələndirmə siyasəti və yeni enerji infrastrukturunun axtarışı Avropa İttifaqına daxil olan Mərkəzi və Şərqi Avropa ölkələri üçün çox vacibdir. Rusiyanın xarici siyasəti ilə mübarizə aparan Avropa və ABŞ siyasətçiləri “Qazprom”un Avropa ölkələrində olub-qalan son gücü ilə üzə-üzə qalmaq məcburiyyətindədirlər”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər