• cümə axşamı, 25 aprel, 05:16
  • Baku Bakı 19°C

“Qazprom” Avropa bazarında yeni rəqibin peyda olmasını istəmir

08.06.17 13:00 1903
“Qazprom” Avropa bazarında yeni rəqibin peyda olmasını istəmir
"Cənub Qaz Dəhlizi” ("Şahdəniz-2”, "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), TANAP və TAP) dünyanın ən böyük enerji layihələrindən biridir. Bu dəhliz ilk dəfə olaraq Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Sözügedən layihə Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi, enerji maraqlarını təmin edəcək, ölkəmizi dünya üçün daha önəmli dövlətə çevirəcək. Layihənin BP-nin əməliyyatçısı olduğu hissələri çərçivəsində bu vaxtadək imzalanmış müqavilələr təxminən 15 milyard dollar həcmindədir. "Cənub Qaz Dəhlizi” Avropada gələcək bir neçə il ərzində ümumi investisiya həcmi 45 milyard dollardan çox olan ən böyük infrastruktur layihələrindən biridir. Qeyd edək ki, inşası başa çatandan sonra CQBKG, TANAP və TAP boru kəmərlərindən ibarət olan 3500 kilometr uzunluğu malik "Cənub Qaz Dəhlizi” boru kəmərləri sisteminin ilkin gücü əlavə qaz təchiz etmək məqsədilə təxminən iki dəfə artırıla bilər. Layihə çərçivəsində Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz təchiz edilməsi nəzərdə tutulur. Bu, "Cənub Qaz Dəhlizi” boyunca yerləşən hər bir paytaxt şəhərin qaz ehtiyaclarını ödəmək üçün kifayətdir. Layihənin həyata keçirilməsi üçün 11 şirkətin, 7 hökumətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığı tələb olunur. Hazırda "Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir.

Sadalanan faktlara rəğmən, bu günlərdə Rusiyanın "Qazprom” şirkətinin idarə heyətinin sədr müavini Aleksandr Medvedyev Azərbaycanın reallaşdırdığı "Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini və effektiviliyini şübhə altına alan bəyanatla çıxış edib. O bildirib ki, guya TAP kəmərinin dolmamaq riski var. Avropanın qaz təchizatı bazarında inhisarını əldən vermək istəməyən Rusiya qaz nəhəngi rəsmisinin arqumentinə görə, Azərbaycan əsas neft yataqlarında hasilatı saxlamaq üçün laylara getdikcə daha çox qaz vurmağa məcburdur və bu, ölkəmizin qaza tələbatını artır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili mövzu ilə bağlı fikirlərini "Kaspi”yə açıqlayaraq deyib ki, "Cənub Qaz Dəhlizi” layihəsi çox uğurla həyata keçirilir. Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avropa ərazisində nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq sona çatdırılıb: "Cənub Qaz Dəhlizi” yalnız Azərbaycan qazının Avropaya ixracına hesablanmayıb. Bu dəhliz Azərbaycan-Gürcüstan, Gürcüstan-Türkiyə və Türkiyə-İtaliya ərazisində olan bir neçə kəmərdən ibarətdir. İnşası başa çatmaqda olan bu dəhliz Azərbaycan qazını 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdıracaq. "Şahdəniz-2” yatağından hasil olunacaq qazın bu kəmərlə nəql olunması ilə bağlı bütün müqavilələr imzalanıb. Yəni, bu yataqdan çıxacaq qaz indidən satılıb. Bu fakt bir daha onu göstərir ki, alıcıların, istehlakçıların, eyni zamanda investorların bu qaz kəmərinə böyük inamı var. Eyni zamanda, istehlakçı dövlətlər Azərbaycan dövlətinə də inanır və bu layihədə aktiv iştirak edirlər. Bununla yanaşı, beynəlxalq təşkilatlar, nüfuzlu dünya bankları bu layihəyə böyük məbləğdə kreditlər ayırıblar. Hər bir beynəlxalq qurum hər hansı layihəyə investisiya yatırmazdan, kredit ayırmazdan öncə həmin layihə barədə geniş araşdırma aparır, strateji əhəmiyyəti, perspektivi, gəlirli olub-olmaması, iqtisadi-siyasi çəkisi təhlil edilir. Sözsüz ki, "Cənub Qaz Dəhlizi” layihəsinə kredit ayrılarkən də bu araşdırma aparılıb. Əgər araşdırmaların nəticəsi qənaətbəxş olmasaydı həmin qurumlar bu layihəyə kredit ayırmazdılar. "Cənub Qaz Dəhlizi” regiona lazım olan, yalnız Azərbaycanın deyil, bütünlükdə bölgənin iqtisadi inkişafına təsir edəcək bir layihədir. Cənub Qaz Dəhlizi kifayət qədər stratejidir, uğurludur və kimin hansı formada şərh verməsindən asılı olmayaraq, onlara verilən ən tutarlı cavab layihənin çox yaxın vaxtlarda həyata vəsiqə alması olacaq”.

"Ekonomiks” Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovda bizimlə söhbətində qeyd edib ki, uzun müddət Avropanın qaz bazarında hegemonluq edən Rusiya artıq bir neçə ildir mövqelərinin itirməkdədir. Onun sözlərinə görə, Avropa iqtisadi əməkdaşlığı bir saat ərzində siyasi motivlərlə poza bilən Rusiya ilə tərəf-müqabillikdən çoxdan yorulub: "Elə bu səbəbdəndir ki, qoca qitə daima Rusiyanın qaz asılılığından yaxa qurtarmağın alternativ yollarının axtarışındadır. Vaxtilə ABŞ-ın da dəstəyi ilə on milyardlarla dollar xərc çəkərək Norveç qazını Avropa bazarına çatdırılmaqda məqsəd Rusiya qazından asılılığın minimuma endirilməsi idi. Buna baxmayaraq, bu gün Avropanın qaz təminatının 1/3-nə qədəri Rusiyanın payına düşür. Bu asılılıqdan yaxa qurtarmağın alternativ yollarından biri də Xəzər hövzəsindəki qazın Avropaya çatdırılmasıdır. TAP xətti ilə başlanğıcda Avropaya nəql ediləcək qazın həcmi ildə 10 milyard kubmetr olacaq. Bu, Avropanın qaz təchizatı üçün bir o qədər böyük rəqəm deyil və ilk baxışda bundan narahat olmağına dəyməz. Lakin məsələnin başqa prinsipial tərəfləri var. İlk öncə "Şahdəniz 2” yatağından hasil ediləcək qazın TAP xətti vasitəsilə Avropa bazarına çatdırılması bu bazarda yeni müstəqil oyunçunun meydana çıxması demək olacaq”.

İqtisadçı ekspert bildirib ki, gələcəkdə tək "Şahdəniz 2” yatağından deyil, böyük ehtiyatlara malik digər yataqlardan hasil ediləcək qazın, eləcə də İran, İraq, Türkmənistan və başqa ölkələrin qazının TANAP və TAP xətti vasitəsilə Avropaya nəqlini reallaşdıra bilər: "Bu, kifayət qədər realdır. Bax, "Qazprom”un bugünkü narahatçılığının kökündə dayanan əsas məsələlər bunlardır. "Qazprom” Avropa bazarında yeni rəqibin peyda olmasını istəmir. Ancaq burada əsas olan satıcının deyil, alıcının istəyidir. Yaxşı olardı ki, "Qazprom” rəhbərliyi, başqaları ilə yersiz ironiya ilə danışmaq əvəzinə, Avropaya qaz nəqlini nəzərdə tutan layihələrinin taleyi barəsində düşünsün. Çünki Avropa Rusiyanın qaz şantajından artıq doyub. Əgər bu gün Avropa Birliyi Rusiyadan aldığı qazın başqa alternativ variantını taparsa, düşünmədən siyasi təzyiq düyməsi ilə idarə olunan Rusiya qazından imtina edərdi. "Qazprom” rəhbərliyi bunun fərqində olarsa, daha yaxşıdır. Azərbaycanın yerinə rahatsız olmağına isə dəyməz. Əgər "Cənub Qaz Dəhlizi” layihəsinin icrası başa çatdıqdan sonra hasil ediləcək qaz cənab Medvedevin təsəvvür etdiyi kimi TAP kəmərini tam doldurmağa çatmasaydı, onda hər bir addımını yüz ölçüb, bir biçən BP kimi bir nəhəng bu layihəyə milyardlarla dollar vəsait xərcləməzdi”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər