• cümə, 26 Aprel, 04:47
  • Baku Bakı 16°C

Qazıntı şəklində çıxarılan yanacaqdan asılılıq

19.09.19 09:45 479
Qazıntı şəklində çıxarılan yanacaqdan asılılıq
Son 30 il ərzində dünyada kömürdən istifadə 68 faiz, neftdən – 36 faiz, qazdan isə 82 faiz artıb. Hələ də enerji tələbatının 80 faizindən çoxunu təmin edən qazıntı şəklində çıxarılan yanacaqdan bəşəriyyətin asılılığı planeti parçalayır və insan hüquqlarının kütləvi pozuntularına gətirib çıxarır.
AZƏRTACxəbər verir ki, bu barədə BMT-də, sentyabrın 23-də keçiriləcək iqlim üzrə sammitin astanasında xatırladırlar.
Sammitdə təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsi və atmosferə atılan zərərli tullantıların həcminin azaldılması üzrə yeni praktik tədbirlər müzakirə ediləcək. Bu barədə BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd qurumun Nyu-Yorkdakı mənzil-qərargahında sammitə hazırlıq üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi Luis Alfonso de Alba ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
Ə.Məhəmmədin sözlərinə görə, başlıca məsələlərdən biri təkcə təbiəti mühafizə etmək deyil, həm də onun potensialından iqlim dəyişmələri ilə bağlı problemlərin həllində istifadə etməkdir. Bu baxımdan, o, tezliklə "yaşıl” iqtisadiyyata keçidin zəruriliyini xatırladıb.
BMT-də ümidvardırlar ki, dünya liderləri özləri ilə sammitə qazıntı şəklində çıxarılan yanacaqdan asılılığın azaldılması üzrə konkret planlar gətirəcəklər. Bu bəyanatla BMT-nin 12 xüsusi nümayəndəsi çıxış edib. "İstixana qazlarının və atmosfer tullantılarının böyük bir hissəsi kömürün, neft və qazın yanması nəticəsində əmələ gəlir. Çirklənmə iqlim dəyişməsinə gətirib çıxarır ki, bu da planetin bütün regionlarında insan hüquqlarının pozulmasına səbəb olur”, - deyə hüquq mühafizəçilərinin bəyanatında bildirilir.
Daha dağıdıcı və davamlı olan təbiət kataklizmləri, buzlaqların əriməsi və dünya okeanının qalxması, quraqlıq, güclü istilər dövrü, meşə yanğınları, havanın çirklənməsi, səhralaşma, ekosistemin dağılması, biomüxtəlifliyin itirilməsi, infeksiyaların yayılması – bütün bunlar insan fəaliyyətinin ekoloji nəticələrinin tam siyahısı deyil.
Ekspertlərin xatırlatdığı kimi, nəticədə, insanın yaşamaq, sağlamlıq, ərzaq, su və sanitariya hüquqları pozulur, sağlam ətraf mühit və normal həyat tərzi, əmlak, inkişaf və mədəniyyət üzərində hüquqları pozulur. Bəyanatın müəllifləri etiraf edirlər ki, qazıntı şəklində çıxarılan yanacaq bəşəriyyətə iqtisadi tərəqqiyə nail olmağa şərait yaradıb. Ancaq bu nailiyyət üçün çox böyük vəsait ödəmək lazım gəlir.
Bəyanatda iqlim dəyişmələri ilə mübarizədə yerli xalqların rolu xüsusi vurğulanıb. "Onların meşələri, biomüxtəlifliyi və digər resursları mühafizə etməyə imkan verən nəsillərdən-nəsillərə ötürülən təcrübə və biliklərini qorumaq lazımdır”, - deyə ekspertlər vurğulayırlar. Ekspertlərin sözlərinə görə, yerli xalqların hüquqlarının qorunması, xüsusən, onların məskunlaşdıqları ərazilərdə çıxarılan bərpaolunan enerji mənbələri layihələrindən istifadədən söhbət gedirsə, çox mühümdür.
Bəyanatın müəllifləri beynəlxalq birliyi hər il yüz milyardlarla dollar ayırmağa səsləyib. Bu, aşağıgəlirli ölkələrin yeni iqlim şəraitinə adaptasiyası, həmçinin inkişaf etməkdə olan və daha az inkişaf etmiş ölkələrə aviasərnişinlərdən əlavə rüsum hesabına maliyyələşdiriləcək yardım fondu yaratmaq üçün nəzərdə tutulub. "Zəngin dövlətlər və digər iri atmosfer "çirkləndiriciləri” bu səylərə rəhbərlik etməli və zəruri maliyyələşmənin böyük hissəsini təmin etməlidirlər”, - deyə ekspertlər hesab edirlər.
banner

Oxşar Xəbərlər