• cümə, 29 Mart, 04:36
  • Baku Bakı 7°C

Qazaxıstanlı qonaqlar AZƏRTAC-da olublar

13.07.15 18:15 977
Qazaxıstanlı qonaqlar AZƏRTAC-da olublar
Erjan Babakumarovun başçılıq etdiyi Qazaxıstan Respublikasının Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin nümayəndə heyəti iyulun 13-də Azərbaycan Dövlət İnformasiya Agentliyində - AZƏRTAC-da olub.
Qazaxıstanlı qonaqların səfəri informasiya texnologiyaları, əhalinin məlumatlandırılması və brendinq (ölkənin imicinin xaricdə yüksəldilməsi) sahəsində AZƏRTAC-ın təcrübəsini öyrənmək məqsədi daşıyıb.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Azərbaycan ilə Qazaxıstan arasında sıx əlaqələrdən ətraflı söz açaraq, dövlətlərimizin müstəqillik qazandıqları 24 il ərzində əldə olunmuş əhəmiyyətli uğurları vurğulayıb. Qonaqlara Azərbaycan dövlətçiliyinin inkişafı tarixinə dair məlumat verilib. Vurğulanıb ki, müsəlman Şərqində ilk parlamentli respublika məhz bizim ölkəmizdə yaradılıb. Müsəlman Şərqində ilk dəfə məhz burada kişilərə və qadınlara bərabər hüquqlar, seçmək və seçilmək hüququ, bütün azadlıqlar, o cümlədən söz azadlığı verilib, AZƏRTAC Dövlət Teleqraf Agentliyi yaradılıb.
Baş direktor A.Aslanov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər sırasına təqribən 300 qəzet, 20 informasiya agentliyi, 50 televiziya kanalı daxildir. AZƏRTAC dünyanın informasiya siyasətini müəyyən edən nüfuzlu informasiya alyanslarının rəhbər heyətlərində təmsil olunub. Məsələn, 2016-2019-cu illərdə AZƏRTAC həm Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına, həm də Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.
A.Aslanov qeyd edib ki, ölkəmiz regional və dünya səviyyəli nüfuzlu informasiya təşkilatlarına daxil olmaq üçün qardaş ölkələrin informasiya agentliklərinə, o cümlədən “Kazinform”a kömək edir.
Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin nümayəndələri dövlətimizin fəaliyyəti, təqdim olunan informasiyanın şəffaflıq səviyyəsi, onun sərbəst yayılması və bu məsələlərdə AZƏRTAC-ın rolu barədə ictimaiyyətin məlumatlılıq səviyyəsinin vəziyyəti ilə maraqlanıblar. Qonaqlar bildiriblər ki, təcrübəmizi öyrənmək istəyirlər, çünki AZƏRTAC hazırda öndə gedən agentliklərdəndir.
A.Aslanov vurğulayıb ki, ölkəmizin rəhbərliyi həmin məsələlərə böyük diqqət yetirir, həm dövlət, həm də özəl kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyət göstərməsinə hərtərəfli kömək edir, Azərbaycanda jurnalistlərin səmərəli fəaliyyətinin təşviq olunmasına hər cür şərait yaradır. O vurğulayıb ki, müasir reallıqları nəzərə alsaq, AZƏRTAC-ın siyasətinin əsas prioritetlərindən biri agentliyin saytının yeddi dildə fəaliyyət göstərməsi ilə bərabər, xəbərləri sosial şəbəkələr vasitəsilə yaymaqdır, çünki hazırda bu yol təqdim olunan informasiyanın operativliyinin və obyektivliyinin ən yaxşı qarantı sayılır.
İnformasiyanın yayılması üsullarının və texnologiyalarının inkişafı barədə fikir mübadiləsi aparan görüş iştirakçıları bu sahədəki təcrübələrini bölüşüblər.
Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
banner

Oxşar Xəbərlər