• cümə, 19 Aprel, 03:28
  • Baku Bakı 18°C

Qazaxıstanın taxıl şirkətləri Bakıdakı Azad iqtisadi zonaya sərmayə qoymağa dəvət edilib

17.03.17 14:50 688
Qazaxıstanın taxıl şirkətləri Bakıdakı Azad iqtisadi zonaya sərmayə qoymağa dəvət edilib
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin investisiya və inkişaf naziri Jenis Kasımbeklə görüşüb. Qazaxıstanlı nazir rəhbərlik etdiyi qurumun səlahiyyətlərinə daxil olan iqtisadi-ticari və nəqliyyat sahələrinin ikitərəfli əlaqələrdə mühüm yer tutduğunu qeyd edərək gündəlikdə duran məsələlərin müzakirəsi baxımından görüşün vacibliyini vurğulayıb. Jenis Kasımbek vurğulayıb ki, vaxtilə Aktau dəniz limanının rəhbəri vəzifəsində çalışdığı müddətdə ölkəmizi yaxından tanımaq imkanı olub.
Səfir Rəşad Məmmədov isə öz növbəsində vuruğayıb ki, Qazaxıstan Azərbaycanın vacib tərəfdaşlarından biridir. Bu baxımdan Azərbaycan Qazaxıstanla iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın inkişafında maraqlıdır. Diplomat Avropa və Asiya arasında əlverişli tranzit potensialının reallaşması istiqamətində hər iki ölkədə həyata keçirilən beynəlxalq nəqliyyat infrastrukturlarının əhəmiyyətindən danışıb. Diplomat yaxınlarda işə düşəcək Bakı-Tiflis-Qars dəmir yolu xəttinin və Qazaxıstanın Xəzər sahilində inşa etdiyi yeni Kurık limanının ölkələrimizin tranzit imkanını daha da genişləndirəcəyini qeyd edib.
Rəşad Məmmədov həmçinin iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf etidirilməsinin vacibliyini vurğulayıb və bu baxımdan Azərbaycan ixracatçı şirkətlərinin cari ilin 24-25 aprel tarixlərində Qazaxıstanın Almatı və Astana şəhərlərində həyata keçirəcəyi ticarət missiyası haqında məlumat verib. Həmçinin Qazaxıstan ixraratçı şirkətlərinin də ölkəmizə belə səfər həyata keçirəcəyi təqdirdə onlara lazımi işgüzar əlaqələrin qurulması üçün bütün imkanların yaradılacağı bildirilib. Diplomat qeyd edib ki, Azərbaycan Qazaxıstan istehsalı olan lokomotivləri idxal etməyə hazırdır. Eləcə də "Bakı Gəmiqayırma Zavodu”nda Qazaxıstanın gəmi sifarişlərinin qəbulunda maraqlıdır.
Jenis Kasımbek Qazaxıstanın Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat dəhlizinə böyük əhəmiyyət verdiyini qeyd edərək, bu marşrutun inkişafı üçün Qazaxıstanda həyata keçirilən layihələr haqqında danışıb və Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışını səbirsizliklə gözlədiklərini qeyd edib. Həmçinin ikitərəfli ticari əlaqələrin inkişafının vacibliyini vurğulayan nazir sözügedən ticarət missiyasının uğurlu keçməsi üçün lazımi dəstək veriləcəyini bildirib.
Eyni zamanda, görüşdə hər iki ölkədə azad iqtisad zonalar arasında əməkdaşlığın inkişafının faydalı nəticələr verə biləcəyi qeyd edilib və Aktau dəniz limanı xüsusi iqtisadi zonasında Azərbaycan investisiyası ilə inşa edilən "Aktau istehsal və Loqistika Mərkəzinin” iqtisadi-ticari əlaqələrin artmasına təkan verəcəyi bildirilib.
Öz növbəsində səfir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın yaradılması, limanda taxıl terminalının tikilməsi barədə məlumat verib və azad iqtisadi zonada Qazaxıstanın taxıl sahəsində fəaliyyət göstərən böyük şirkətlərindən birini görməkdən Azərbaycan tərəfinin məmnun olacağını bildirib.
Görüş zamanı tərəflər həmçinin mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bu xüsusda, iki ölkə arasında birbaşa həftəlik uçuşların sayının çoxaldılması, birbaşa reyslərin coğrafiyasının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb və mövsümi çarter reyslərinin açılmasının mümkünlüyü vurğulanıb.
banner

Oxşar Xəbərlər