Qazaxıstanın latın əlifbasına keçidi müzakirə olunub
Azərbaycan, Türkiyə,
Qazaxıstan və Qırğızıstanın ortaq təşkilatı olan Beynəlxalq
Türk Akademiyası (TWESCO) Qazaxıstanda latın
əlifbasının bərpası məsələlərinə həsr olunmuş konfrans keçirib. Qazaxıstan
Prezidenti Nursultan Nazarbayevin "Egemen Qazaxıstan" qəzetində dərc olunan "Gələcəyə doğru yol: Mənəvi yenilənmə" adlı geniş
məqaləsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi məsələlərinin geniş dəyərləndirildiyi
toplantının moderatorluğunu Akademiya prezidenti Darxan
Kıdırali edib. Tədbirdə nüfuzlu ictimai-siyasi xadim Mırzatay
Joldasbekov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Ağsaqqallar Şurasının üzvü Adil Əhmədov, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü Bolat Kömekov, A.Baytursınov adına Dilçilik İnstitutunun Direktoru
Yerdən Kajıbek, habelə görkəmli türkoloq və dilçilər iştirak
edib. "Eurasian Book Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində
təşkil edilən konfransda iştirakçılar Prezident Nursultan
Nazarbayev tərəfindən qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələrdən biri kimi qazax dilinin latın əlifbasına keçidinə dair fikirlərini
bölüşüblər. Artıq
latın əlifbasına keçmiş
digər türk respublikalarının təcrübələri üzərində dayanılıb, bu prosesin aktual
məsələləri və mexanizmləri müzakirə edilib. Mütəxəssislərin ortaq qənaəti latın əlifbasına keçidin qardaş türk xalqları ilə əməkdaşlığı yeni səviyyəyə çıxararaq elmi inteqrasiyanı gücləndirəcəyi yönündə formalaşıb. Bu
baxımdan Y.Kajıbekin "Ortaq latın əlifbası mənəvi azadlığın simvoludur", A.Jünisbekin
"Latın əlifbasını
canlandırmağın
aktual məsələləri" mövzusunda məruzələri iştirakçılar tərəfindən
böyük maraqla qarşılanıb. Tədbir
çərçivəsində Beynəlxalq Türk
Akademiyasının elmi layihələrindən biri kimi prof. Alimxan Jünisbekin "Ortaq türk latın əlifbası" adlı monoqrafiyasının da təqdimatı keçirilib.