• cümə axşamı, 18 aprel, 23:49
  • Baku Bakı 21°C

Qazaxıstanın itirdiyi, Azərbaycanın qazandığı istedad - Portret

30.10.17 09:00 2567
Qazaxıstanın itirdiyi, Azərbaycanın qazandığı istedad - Portret
Boks Azərbaycanda ən çox sevilən idman növlərindəndir. Boks həm də, beynəlxalq yarışlarda medal gözlədiyimiz idman növlərindəndir. Boks, medal - son vaxtlar bu iki kəlmə ilə yanaşı bir şəxsin adı da çox hallanır. Bu, Kamran Şahsuvarlıdır. O, son aylarda boks üzrə keçirilən mötəbər yarışlardan bir qayda olaraq, əliboş qayıtmır. Olimpiada, İslam oyunları, Avropa və dünya çempionatı - Kamran bu yarışların hər birində bayrağımızı dalğalandırmağa nail olub. Bu dəfə sizə son vaxtlar sabit çıxışı ilə diqqət mərkəzinə düşən boksçumuz Kamran Şahsuvarlıdan bəhs edəcəyik.
Azərbaycanda doğulan, Qazaxıstanda yetişən...
Kamran 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Ancaq maraqlıdır ki, onun barəsindəki məlumatların bir çoxunda doğum yeri kimi Qazaxıstan göstərilir. Onun bu ölkəyə ilk səfəri isə 7 yaşına təsadüf edir. Hələ çox kiçik olarkən ailəsi iş ilə əlaqədar bu ölkəyə köçür. Onun boksla tanışlığı da məhz Qazaxıstanda olur. Kamran hələ kiçik olanda idman növlərinə marağı olub. Daim dostları ilə futbol oynayırdı. Qısa müddətdə isə cüdo ilə də məşğul olmuşdu. Ancaq bir gün sinif yoldaşlarından birinin təklifi onun taleyini demək olar, tam dəyişir. Kamranın dostu ona özü kimi boksa getməyi təklif edir. İdmana böyük həvəsi olan kiçik Kamran dostunun bu təklifini düşünmədən qəbul edir. Onun bu qərarı ailədə heç bir narazılığa səbəb olmur. Beləliklə, Kamranın boks karyerası başlayır. Onun ilk məşqçisi isə Bolat Arınqaziyev olur.

...Kölgədə qalan istedad

Kamran boksla məşğul olmağa başlayanda, bu idman növü ilə bağlı demək olar, məlumatı yox idi. Sadəcə, idmanla məşğul olmaq istəyi onu rinqə gətirir. Boksla məşğul olduqca isə onda bu idman növünə qarşı bir istilik, ilk nəticələrdən sonra isə uğura inam yaranır. Ancaq Kamran böyük uğurlara imza atmaq üçün uzun müddət gözləməli olur. Qazaxıstanda yaşadığı zaman ölkənin ən perspektivli boksçularından hesab olunan Şahsuvarlı, burda yeniyetmə və gənclər arasında bir dəfə ölkə çempionatında 3-cü, bir dəfə isə Qazaxıstan oyunları yarışında 2-ci olur. Böyük nailiyyətlər isə onu doğma vətənində gözləyirdi.

Ancaq vətənə qayıdacağı günə hələ qalırdı. Həmin günədək Qazaxıstanda özünü inkişaf etdirən Kamran, burda 22 yaşadək boksçular arasında keçirilən qeyri-rəsmi turnirdə qalib gəlir. Günü-gündən özünü inkişaf etdirən Şahsuvarlı, çox çəkmir ki, öz çəkisində ölkənin ən güclü boksçusu olur. Ancaq Qazaxıstan yığmasının qapıları heç də onun üzünə tam açılmırdı. Belə ki, qazaxıstanlı məşqçilər yerli idmançılara daha çox şans verirdilər. Dünyanın bir çox ölkəsində olduğu kimi, burda da, yerli idmançının yerini almaq üçün ondan ən azı 2-3 dəfə güclü olmaq lazım idi. Boks ölkəsi olan Qazaxıstanda isə bu işin öhdəsindən gəlmək gənc Kamran üçün elə də asan deyildi. O, yeniyetmə dövründən bu ölkənin yığmasına dəvət olunsa da, heç cür əsas heyətə daxil edilmirdi. Ancaq Qazaxıstanda onu ən perspektivli gənclərdən hesab edirdilər. 2012-ci ildə Londonda təşkil edilən olimpiadaya hazırlaşan Qazaxıstanın boks yığması ilə birgə təlim-məşq toplanışına ölkənin ən perspektivli gənc boksçuları da aparılmışdı ki, onların arasında Kamran da var idi.
Vətənə qayıdış
2013-cü ildə onun karyerasında dönüş olacaq hadisə baş verir. Həmin ildə Qazaxıstanda keçirilən turnirə Kamranın doğma vətəni Azərbaycandan, "Qızıl əlcək” klubu da qatılır. Bu yarışda Kamranın döyüşünü izləyən təmsilçimizin məşqçilərində, azərbaycanlı olduğunu bilincə, ona qarşı maraq yaranır. Kamrana vətənə qayıtmaq təklif edilir. Uzun fasilədən sonra doğma torpağa ayaq basan Şahsuvarlı, bir müddət sonra yenidən Qazaxıstana qayıdır. Ancaq Kamran onun gələcəyinin vətəndə olduğunu hiss edirdi. Bilirdi ki, doğma torpaqda ona şans verəcəklər. Beləliklə, o, 2014-cü ildə yenidən Bakıya qayıdır. Qayıtdıqdan sonra Azərbaycan çempionatında 2-ci olan Kamran, bundan sonra milliyə də dəvət almağa başlayır.

İlk olimpiada, ilk medal
Ancaq Azərbaycanda da Kamrana vaxt lazım idi. Vətənə ayaq basdığı ilk vaxtlardan səviyyəsi ilə öz çəkisində olan boksçulardan fərqləndiyini göstərən Şahsuvarlı, 2015-ci ildə də ölkə çempionatını gümüş medalla başa vurur. Həmin il paytaxtımızda keçirilən Avropa oyunlarında iştiraka isə zədə mane olur.

Uşaq vaxtından ən böyük arzusu olimpiadada medal qazanmaq olan Kamran, bu fürsəti Rioda əldə etdi. Əslində, onun Braziliyada təşkil edilən dünyanın ən mötəbər idman yarışına yolu heç də rahat olmadı. Hətta olimpiadadan cəmi 1 ay öncəyə kimi onun bu yarışda çıxış edəcəyi belə dəqiq deyildi. Bakıda təşkil edilən Dünya Olimpiya Təsnifat Turnirində iştirak edən Kamran, 1/4 finalda Maykl Oreylliyə uduzur. Ancaq finala çıxan irlandiyalı boksçunun həlledici görüşdəki rəqibi, türkmənistanlı idmançı döyüşə çıxmaqdan imtina etdiyindən, Şahsuvarlı da dünyanın ən mötəbər idman yarışına lisenziya əldə edir. Olimpiadadan öncə çox az insan lisenziyanı son anda əldə edən Kamrana şans verirdi. Ancaq Şahsuvarlı tam başqa fikirdə idi.
75 kq çəkidə yarışan Kamran, növbə ilə çinli və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdıraraq, 1/4 finala yüksəlir. Burda isə onu bir boksçu kimi yetişdiyi ölkənin - Qazaxıstanın təmsilçisi gözləyirdi. Kamran, Janibek Alimxanulı ilə döyüşdə təkcə yarımfinala vəsiqə qazanaraq, ən azı, bürünc medalı təmin etməyəcəkdi, həm də onu bir qayda olaraq ikinci planda saxlayan qazaxıstanlı məşqçilərə özünü sübut edəcəkdi. Edir də... İkinci vətəninin nümayəndəsinə kiçik hesabla qalib gələn Kamran, yarımfinala adlayır. Burda isə təmsilçimizin yolunu boks ölkəsi sayılan Kuba idmançısı Arlen Lopez kəsir. Elə olimpiya qızılını da Lopes qazanır. Yalnız gələcək çempiona uduzan Kamran, Rioda ölkəmizin medal kolleksiyasına "bürünc”lə töhfə verir. Bu yarışdan sonra Şahsuvarlı daimi olaraq Bakıya köçür.

Davam edən uğurlar
Kamran Rioda qazandığı uğurla kifayətlənmir. O, sonrakı mötəbər yarışlarda da eyni tempdə çıxış etməyə davam edir. O, ilk olaraq Bakıda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında medal qazanır (gümüş). Daha sonra Ukraynanın Xarkov şəhərində təşkil edilən Avropa çempionatına yollanan Kamran, burdan da əliboş qayıtmır. Onun qitə birinciliyində qazandığı ilk medalın əyarı da gümüş olur. Bir müddət öncə, Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatından da Şahsuvarlının medal sorağı gəldi. Bu dəfə isə bürünc medal. Beləliklə, Kamran son 15-16 ay ərzində qatıldığı bütün mötəbər yarışlarda medal qazanıb.
"Bürünc”, "gümüş”... bəs "qızıl”?
Kamranın ölkə idmansevərləri arasında məşhurluğu günü-gündən artmaqdadır. Ancaq hamını düşündürən bir sual var - "Qızıl” nə vaxt gələcək?
Elə Kamranı da düşündürən budur. Ancaq o, bunu dərd etmir, əksinə, gələcək yarışlar üçün stimul hesab edir. Bütün yarışlara ciddi hazırlaşan Şahsuvarlı, hələ "qızıl” qazana bilməməsinin "günah”ını özündə görür, "qızıl medallar hələ irəlidədir” deyir:
"Hamı deyir ki, "gümüş”dən, "bürünc”dən əl çəkmirsən. İdmanda belə bir şey var, sən öz işinə xəyanət edirsənsə, bu, sənin qarşına rinqdə çıxır. Yəqin hardasa səhv edirəm ki, "qızıl” qazana bilmirəm. Ancaq yaşım hələ azdır. Mənim qazanacağım qızıl medallar hələ irəlidədir”.
Daha böyük hədəflər
Boks - dünyada ən çox maraqla izlənən döyüş idman növüdür. Peşəkar boksda hər il yüz milyonlarla dollarlar dövr edir. Bu qəbildən olan döyüşlər çoxdan adi idman yarışı statusundan çıxıb. Peşəkar boksa gedən yol isə həvəskar boksdan keçir. Artıq həvəskar boksda müəyyən uğurlar əldə etmiş Kamranı gələcəkdə peşəkar rinqdə də görə biləcəyik?

Onun hazırda əsas hədəfi 2020-ci il, Tokio olimpiadasıdır. Lakin Kamran Yaponiyada keçiriləcək olimpiya oyunlarında qazanılacaq "qızıl”la işini bitmiş hesab etməyəcək. Onun daha böyük hədəfi var - peşəkar boks. Hətta son olimpiadadan sonra da peşəkar boksa keçmək istəyib. Təkliflər də olub. Lakin olimpiadada daha yüksək nəticə qazanmaq istəyi bu arzunu müvəqqəti də olsa, təxirə salıb. "Qəbələ” İdman Klubunun üzvü olan boksçunun peşəkar rinqə yolu isə Tokioda qazanılacaq "qızıl”dan keçir.
Döyüş filmlərinin pərəstişkarı
İdmançının asudə vaxtı çox az olur. Gərgin məşqlər idmançının əlavə bir işə vaxt ayırmağına mane olur. Kamran yaranan boşluqdan səmərəli istifadə etməyə çalışır. O, bu vaxtını dostları ilə keçirməyə, film izləməyə həsr edir. Filmdən söz düşmüşkən, olimpiya medalçımızın xoşladığı janr əsasən, döyüş filmləridir. Ən xoşladığı film isə "Undisputed”dir. Hətta bəzi vacib döyüşlərdən öncə bu filmin bölümlərini təkrar izləyir. Özünün sözlərinə görə, bu, onda özünəinamı, döyüş həvəsini bir az da artırır. Bütün uşaqlar kimi onun da kumiri Məhəmməd Əli və Mayk Tayson kimi boksçular idi. Hazırda isə o, Klod Meyvezer, Gennadi Qolovkin kimi boksçuları daha çox xoşlayır. Özünün sözlərinə görə, bu boksçuların döyüşlərini izləyərkən, çalışır ki, onlardan nə isə öyrənsin.

"Yaxşı formada olsam, istənilən rəqibə qalib gələ bilərəm”
Daim məşqlərə can yandıran Şahsuvarlı, bunun bəhrəsini rinqdə görür. Lakin o, özündə olan çatışmazlıqları da duyur və həll etmək üçün öz üzərində daim çalışır. O, rejimlə (qidalanma, yuxu saatı) bağlı az da olsa, problem yaşadığını qəbul edir. Kamran "yaxşı formada olsam, istənilən rəqibə qalib gələ bilərəm” deyir.
Portret

Kasıb ailədə böyüyən Kamran, həyatda əldə etdiyi hər şeyi boksa borclu olduğunu deyir. Onun karyerası ilə bağlı verdiyi ən düzgün qərar isə vətənə qayıtmasıdır. Kamran "Qazaxıstanda qalsaydım, bu uğurları qazana bilməzdim” deyir.

Onun ən əsas xüsusiyyəti isə öz gücünə inamdır. Məhz bu inam ona bütün mötəbər yarışlarda medallar qazandırıb. Kamran həm də, ambisiyalıdır. O, hətta olimpiya "qızıl”ını belə, karyerasında "son hədd” kimi qəbul etmir, peşəkar boks barədə düşünür.

"Olimpiya oyunlarında çıxış etmək, medal qazanmaq mənim əsas yuxum idi” deyir. Əfsanəvi boksçu Məhəmməd Əli isə "yuxuları gerçəkləşdirməyin ən yaxşı yolu oyanmaqdır” deyib. Kamran bu "yuxu”dan çoxdan oyanıb. İndi onun arzuları "yuxu” yox, fəth ediləcək zirvədir. O isə bu zirvəyə doğru inamla irəliləyir.
Elnur

banner

Oxşar Xəbərlər