• cümə, 29 Mart, 05:54
  • Baku Bakı 7°C

Qazaxıstan üçün Tokayev, Nazarbayeva, yoxsa...

10.04.19 19:33 486
Qazaxıstan üçün Tokayev, Nazarbayeva, yoxsa...
Növbədənkənar seçkilərin elanından sonra diqqətlər yenə də Qazaxıstana yönəlib. İyunun 9-da seçkilərin keçiriləcəyini elan edən prezident Kasım Jomart-Tokayevin bəyanatı Elbaşı Nursultan Nazarbayevdən başqa hamı üçün gözlənilməz olub. Əksəriyyət gözləyirdi ki, seçkilər bir qədər gec, payız aylarında baş tutacaq. Lakin görünür, Nazarbayev prosesi sürətləndirmək qərarına gəlib. Təhlilçilər bildirirlər ki, keçid müddətinin qısaldılmasında məqsəd 78 yaşlı Nazarbayevin istefasının ardınca, ölkədə baş verə biləcək qeyri-müəyyənliyin qarşısını almaqdır. O, 1990-cı ildən prezident idi, hazırda isə Təhlükəsizlik Şurasının və hakim "Nur Otan” partiyasının lideri olaraq qalır. Mərkəzi Seçki Komissiyası artıq sənədlərin qəbulunun başlandığını elan edib. Namizəd, siyasi partiya və yaxud ictimai hərəkatın nümayəndəsi ola bilər. Əsas və başlıca intriqa hakim "Nur-Otan” Partiyasının kimin namizədliyinin üzərində dayanması olacaq – prezident Kasım-Jomart Tokayev və yaxud Senatın sədri Dariqa Nazarbayeva? Tokayev bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi barədə qərarı Nursultan Nazarbayevlə məsləhətləşdikdən sonra verib. Eləcə də, özünün etiraf etdiyinə görə, məsləhətləşmələrdə parlamentin hər iki palatasının sədri, baş nazir, Konstitusiya Şurasının sədri və sayı 7 olan siyasi partiya liderləri iştirak edib. Müxalifət partiyaları qeydiyyatda olmadıqlarından, onlar seçkidə iştirak etməyəcəklər. İndiyə qədər ölkədə keçirilən bütün parlament, prezident seçkiləri növbədənkənar keçirilib.
Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayevin qənaətincə, indiki seçkilərin ssenarisi artıq cızılıb: "İştirakçıların tərkibi, kütləvilik və baş solist də artıq təyin edilib. Müxalif namizəd, ciddi dəstəyə malik ictimai xadim də mövcud deyil”.
Postsovet məkanı üzrə ekspert Arkadi Dubnov isə diqqəti Tokayevin bəyanatındakı iki məqama ayırır. Söhbət hakimiyyətin nədən növbədənkənar seçkilərə getməsinə tələsməsindən gedir. Onun qənaətincə, məqsəd qeyri-müəyyənlikdən qaçmaq və Nazarbayevin kursuna sadiqliyin davam etməsindədir. "Qazaxıstan elitası Tokayevin müvəqqəti prezidentliyindən narahatdır. Ola bilsin, o, heç namizəd olmasın. Belə ki, Tokayev son 15 ilin hamısında ölkədə yaşamayıb. Əgər yaxın vaxtlarda Konstitusiyada dəyişiklik edilərsə, onda onun prezidentliyi reallaşmış olacaq. Tokayev 2011-ci ildən 2013-cü ilə qədər BMT baş katibinin müavini kimi Cenevrədə yaşayıb. D.Satpayev hesab edir ki, ölkə Konstitusiyası bir neçə dəfə dəyişdiyindən, texniki cəhətdən bunu etmək elə də çətin deyil. Yəni Tokayevin namizədliyinin reallaşmasında problem olmayacaq.
Rusiyanın "Nezavisimaya qazeta” nəşri isə belə bir variant irəli sürərək bildirilir ki, ssenari Dariqanın prezident olmasına yönəlib: "Bunu prosesləri sürətləndirilməsi faktı da təsdiq edir – Nazarbayev qızının timsalında kursunun davam etdirilməsini görmək istəyir”. Lakin Dariqanın seçkilərdə iştirakı hələ dəqiq deyil. Ötən gün onun köməkçisi bildirib ki, Elbaşının qızı namizədliyini irəli sürməyəcək. Lakin az sonra Dariqanın özü xəbəri təkzib edərək bildirib ki, namizədlər haqqında qərarı yalnız partiyalar verir. D.Satpayev maraqlı bir məsələyə də toxunur. Namizədin dövlət dilini çox yaxşı səviyyədə bilməsi vacibdir. Nə Tokayev, nə Dariqa qazax dilini yüksək səviyyədə bilmirlər. Tokayev ölkənin keçid prezidenti elan edildikdən sonra Nazarbayevin böyük qızı, 55 yaşlı Dariqa Qazaxıstan hakimiyyətində ikinci şəxs sayılır. D.Satpayev hesab edir ki, seçkilərdə Dariqa və Nazarbayevin qohumu Samat Abiş iştirak edə bilər. Sonuncu, dövlət təhlükəsizlik xidməti rəhbərinin müavinidir.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Volqaboyu, Qafqaz, Mərkəzi Asiyanın Tədqiqi Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin bildirib ki, Tokayevin Moskvaya səfəri onu deməyə əsas verir ki, seçkilərdə hakim partiyanın namizədi məhz o olacaq. Rəqiblər sadəcə, şərti namizəd rolunda çıxış edəcəklər. Ekspertin qənaətincə, Qazaxıstanın seçki sistemi ənənəvi olaraq elə qurulub ki, müxalifət faktiki olaraq orada təmsil oluna bilmir. "Lakin bu gün vəziyyət elədir ki, hakimiyyət legitimliyini artırmaq üçün hansısa bir müxalifət namizədini seçkilərə buraxa bilər. Bu qərar seçki kampaniyasının gedişinə hansısa bir təsir edə bilməyəcək. Proses bütövlükdə birinci prezidentin nəzarətində olacaq”, - deyə rusiyalı ekspert vurğulayıb.
Qazax politoloq Sultanbek Sultanqaliyev hesab edir ki, partiyanın namizədinin kim olacağı açıq qalır. Ən şanslı Tokayev görünür. "Dariqa da layiqli və rəqabət apara bilinəsi namizəddir. Lakin siyasi məqsədəuyğunluq cəmiyyət və beynəlxalq ictimaiyyətin diktə etdiyi addımların atılmasını zəruri edir”, - deyə ekspert bildirib. Hakim partiya 20-25 gün ərzində namizədini müəyyən edəcək. Politoloq A.Dubnov bunu qazax qanunvericiliyinin pozulması hesab edir. Qanuna görə, hakim partiya tez bir zamanda namizədini irəli sürməli idi. Şübhə yoxdur ki, seçkilərə rəqabətə fonu da daxil ediləcək. Rusiyalı ekspert hesab edir ki, qazax elitası bütün məsələlərə tez bir zamanda nöqtə qoyulmasını istəyir. "Tokayev hazırda prezident səlahiyyətlərini icra edən şəxs, necə deyərlər, texniki-keçid fiquru kimi qəbul edilir. Bu səbəbdən də seçkiləri elə keçirmək gərəkdir ki, növbəti dövlət başçısı leqal, seçkili prezident kimi qəbul edilsin. İkinci məsələ odur ki, burada Nazarbayevin səhhəti rol oynayır. O, 2020-ci ildə keçiriləcək seçkiləri gözləmək istəmir. Elbaşı seçkinin tez bir zamanda keçirilməsini və kursunun davam etdirilməsinə əmin olmaq niyyətindədir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər