Qazaxıstan Prezidenti Azərbaycanın Aktaudakı Logistika Mərkəzi ilə tanış olub
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev
Aktau şəhərində "Azərbaycan İnvestisiya Şirkəti” ASC və "Azərsun Holdinq”in
birgə layihəsi olan "Azərsun İstehsal və Logistika Mərkəzi” ilə tanış olub.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev məlumat
verib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək
səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması
ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait
yaradır. Belə layihələrdən biri də "Aktau Dəniz
Limanı” Xüsusi İqtisadi Zonasında yerləşən "Azərsun İstehsal və Logistika Mərkəzi”dir.
Logistika Mərkəzi barədə məlumat verən Şahin Mustafayev mərkəzin inşasına
dair razılığın 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə
toplantısı çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə əldə
edildiyini və bu istiqamətdə dövlət başçıları tərəfindən müvafiq tapşırıqların
verildiyini diqqətə çatdırıb. Həmin il Logistika Mərkəzinin
inşasına dair Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, "Azərsun
Holdinq” və Qazaxıstanın "Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonası arasında
Anlaşma Memorandumu imzalanıb. Təməli 2014-cü ilin 28 iyun
tarixində qoyulan və 2015-ci ilin
dekabrında fəaliyyətə başlayan "Azərsun İstehsal və Logistika Mərkəzi”nin ümumi anbar sahəsi 8730 m2 olan quru və soyuducu
anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 mln. ABŞ dolları olan Logistika Mərkəzi
Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir
sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat
vasitələri ilə təchiz edilib. İqtisadiyyat naziri Şahin Mustafayev "Azərsun İstehsal və
Logistika Mərkəzi”nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi
üçün xüsusi gömrük rejiminin tətbiq olunmasının məqsədəuyğunluğunu diqqətə
çatdırıb.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan
və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli
icrasını yüksək qiymətləndirib və xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı Qazaxıstanın
aidiyyəti orqanlarına müvafiq göstəriş verib.
Qeyd edək ki, 25%-i dövlətə məxsus olan "Azərsun İstehsal və
Logistika Mərkəzi” Azərbaycanın xarici ölkələrdə ilk Logistika Mərkəzidir. Logistika Mərkəzi Azərbaycanda
istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və
digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı
üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət
əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yük
daşımalarının artırılması baxımından Logistika Mərkəzinin
fəaliyyəti xüsusilə əhəmiyyətlidir.