AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qazaxıstan koronavirusun cəngində

Qazaxıstan koronavirusun cəngində

Siyasət
14 İyul 2020, 19:16 440
Ölkədə sərt karantin qaydaları tətbiq edilir
 
Qonşu Qazaxıstanda koronavirusla bağlı vəziyyət ürəkaşan deyil. Mərkəzi Asiya respublikaları içərisində ən sərt qaydalar tətbiq edilsə də, virusa yoluxma sayı yüksək olaraq qalır. Qazaxıstan hökumətinin bu günlərdə keçirilən toplantısında səhiyyə naziri Aleksey Çoy Kasım-Jomart Tokayevə həddən artıq təşviş doğuran bir statistika təqdim edib. Nazir bildirib ki, tək iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə pnevmaniyadan ölənlərin sayı 2,3 dəfə artaraq 628 nəfər təşkil edib. "İyulun ilk həftəsi ərzində "pnevmaniya” diaqnozu ilə 57 min xəstə müəyyən olunub. Xəstə sayı kəskin çəkildə artır”, - deyə nazir bildirib. Prezident bundan sonra vəziyyəti "fövqəladə” adlandırıb. O, bununla yanaşı, ölkədə geniş yayılan şayiələrdən bəhs edib. Həmin şayiələr budur ki, ölkədə naməlum təbiətli pnevmaniya dolaşır. Ardınca da belə bir sual ünvanlayıb: " Bu nə pnevmaniyadır, varmı belə hal və ölüm halı hansı səviyyədədir?”
 Bu suala hələ ki, heç kim cavab tapa bilməyib. Fakt isə odur ki, pnevmaniya qazaxları biçə-biçə gedir. "Onun yeni "təbiəti” koronavirusdan daha təhlükəlidir”. Bunu isə dünya kütləvi informasiya vasitələri Çinin Nur-Sultandakı səfirliyinə istinadən yayıblar. Məlumatda o da bildirilir ki, pnevmaniya yaradan yeni virus hələ real hesab edilmir. Bununla yanaşı, bir çox nəşrlər Alma-Atada morqlar qarşısında çoxlu sayda insanların yığışdığı barədə video materiallar və fotolar yerləşdirirlər. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edir ki, Qazaxıstan hakimiyyət orqanları ilə sıx ünsiyyətdədir və vəziyyəti qiymətləndirib müvafiq dəstək verəcəklər. Hələ ki, Qazaxıstana yardımı Rusiya göstərir- respublikaya içərisində tibbi maska, kostyumlar və dərman olan iki təyyarə humanitar yardım göndərilib. Səhiyyə nazirinin verdiyi informasiyaya görə, preparatlar içərisində stasionar şəraitdə xəstəliyin ağır formalarının müalicəsində istifadə olunan "favipiravir” preparatı da var. Müxtəlif mənbələrdən alınan xəbərə görə, Rusiyanın Qazaxıstana yardımları bununla məhdudlaşmayacaq. Hazırda koronavirus pandemiyasının yayılması ilə bağlı ölkədə vəziyyət mürəkkəb olaraq qalır, son iki həftədə isə daha da pisləşib. Ölkə boyu 60 min insan koronavirusa yoluxub, ölü sayı isə 400-ə yaxınlaşır. Rusiyadan Qazaxıstandan kömək məqsədilə 32 həkim göndərilib. Onları Nur-Sultanın əsas infeksion müəssisələrinə göndəriliblər. Yaxın vaxtlarda isə Tatarstandan 20 tibb işçisi gələcək. Rusiyanın Həştərxan vilayətindən də Qazaxıstana həkimlər və humanitar yardım göndəriləcək. Bu barədə qubernator İqor Babuşkin məlumat yayıb. Onun sözlərinə görə, regionda koronavirusla mübarizə üçün həkim çatışmazlığı əsas problemə çevrilib: "Xüsusilə bu sahədə mübarizə üçün infeksionist, reanimatoloq, anestezioloq, epidemioloq, pulmonoloqa ehtiyac var və bunlar da məhdud sahələrdir. Qazaxıstana 5 təcrübəli həkim gedəcək”. Qubernator qeyd edib ki, həkimlərin maaşını, qalmaq və səfər xərclərini Qazaxıstan öz üzərinə götürüb.
Maraqlı olan başqa bir məsələ də var. Rusiyanın "Rosbalt” nəşri yazır ki, Qazaxıstan hakimiyyət orqanları Rusiyanın köməyindən razıdırlar. Lakin bir müddətdir ki, bu suveren dövlətdə Rusiya ilə bağlı olan nə varsa, müəyyən dairələrdə sərt reaksiya doğurur. Hətta ölkədə qısaldılmış formada "milli vətənpərvərlər” anlayışı da ortaya çıxıb. "Ia-centr.ru”  portalında "Milli vətənpərvərlər Rusiya həkimlərini qovmağı tələb edir” başlıqlı məqalə dərc edilib. Bu məqalə sosial şəbəkədə yazılan statuslar əsasında hazırlanıb. Ardınca qeyd edilir ki, son illər millətçi populistlər öz çıxışlarında bir qədər fərqli bəyanatlar səsəndirirlər. Lakin Qazaxıstanda fərqli düşünənlər də çoxdur. İki ölkənin strateji tərəfdaş olduğu qeyd edilir və bunu prezident Tokayev də gizlətmir. Hər iki ölkə MDB, Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatında müttəfiqdir. Rusiya tərəfdaşınını başının üzərində olan fəlakətə reaksiya verməli idi. Əgr belə bir bəla Rusiyanın başını üstünü kəsdirsəydi, analoji yardımı Qazaxıstan da edə bilərdi. O zaman, çətin ki, onu təbliğat fəndlərində ittiham edər, həkimlərini ölkədən qovmazdılar. Hələ vəziyyət belədir ki, Qazaxıstanda koronavirusun yüksəlişi səbəbindən sərt karantin tədbirləri həyata keçirilir. Şəhərlərarası avtobus daşımaları və sərnişin daşımaları tamamilə dayandırılıb. Ailəvi və kütləvi tədbirlər ləğv edilib. Əyləncə yerləri, idman zalları və s. yerlərin fəaliyyətinə qadağa qoyulub. Tokayev məmurlara, yaranmış vəziyyət səbəbindən yayda məzuniyyətə çıxmağı da qadağan edib. Nur-Sultanda əsas müzakirə mövzusu hzırda hökumət başçısının istefaya göndəriləcəyidir. Onun koronavirusla mübarizənin öhdəsindən gələ bilmədiyi ittihamları güclənməkdədir. Ən əsası, ölkə bir çox dərman preparatları məsəlsində də ciddi qıtlıq keçirir. Stasionar müəssisələrin sayında ciddi qıtlıq hiss olunur. Prezident Tokayevin bildirdiyi kimi, vəziyyət həddən artıq fövqəladədir. Tək koronavirus pandemiyasının yayılması səbəbindən deyil, bütövlükdə səhiyyə sistemi və farmaçevtika sahəsində belədir. Prezident bir qədər gecikmiş olsa da, hökumətin iclasında bildirib ki, ölkəni özünün dərman və tibbi məmulatları ilə təmin etməyin, idxal asılılığından qurtulmağın vaxtı çatıb. "Hanı bizim qürurumuz”, - deyə prezident sualla çıxış edib. Bir faktı da qeyd edək ki, iyulun 13-ü ölkədə koronavirusdan dünyasını dəyişən insanların xatirəsinin anım günü kimi qeyd olunub.
 
Azər NURİYEV