• çərşənbə, 08 May, 15:49
  • Baku Bakı 16°C

Qazaxıstan alternativ kəmər axtarışında

10.04.14 09:12 1332
Qazaxıstan alternativ kəmər axtarışında
Rusiya və Ukrayna arasında yaşanan proseslər qonşu Qazaxıstanı bir sıra addımlar atmağa sövq edib. Rəsmi Astana Krım məsələsində Rusiyanın mövqeyini müdafiə etməsinə baxmayaraq, alternativ qərarlar qəbul etməyə hazırlaşır. Bəlli olub ki, Qazaxıstan istehsal etdiyi nefti Rusiya Federasiyasından yan keçəcək alternativ kəmərlər vasitəsilə nəql etmək yollarını arayır. Qazaxıstan ehtiyat edir ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edər və bu da qazax neftinin dünya bazarlarına çıxmasını əngəlləyər. Bu səbəbdən də Astana alternativ yollar axtarışına çıxıb.
Ölkənin neft və qaz naziri Uzakbay Karabalinin sözlərinə görə, belə olan təqdirdə, əsas yük Azərbaycan ərazisindən keçib getməklə Xəzər istiqamətinə düşmüş olacaq. Ekspertlərin gəldiyi qənaət bundan ibarətdir ki, Karabalinin bəyanatının arxasında siyasi məqsədlər var. Qazaxıstan Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etmək istədiyi üçüncü sanksiyalar paketinin reallaşacağından narahatdır. İşdir, əgər məsələ enerji sektorunu da əhatə edərsə, onda bundan ən böyük və ciddi zərər çəkən məhz Qazaxıstan olacaq. “Belə olan təqdirdə bizim ixracat imkanlarımız xeyli məhdudlaşacaq. Bu səbəbdən də digər nəql vasitələri axtarıb tapmaq gərək olacaq. Bu gün biz ən müxtəlif variantları nəzərdən keçiririk” - deyə qazax nazir parlamentdə “hökumət saatı”nın iclasındakı dinləmələrdə vurğulayıb. Sanksiyalar reallaşarsa, onda Qazaxıstanın 32 milyon ton nefti yığılıb qalmış olacaq. Məhz bu həcmdə nefti Qazaxıstan Xəzər boru xətti vasitəsilə Rusiyanın Novorossiysk şəhərinə, oradan da dünya bazarlarına nəql edir.
Qazax nazir bəyan edib ki, bu istiqaməti yalnız Azərbaycan və hissə-hissə İranla da əvəzləmək mümkün ola bilər. “Mümkün variantlardan biri nefti Xəzər dənizi vasitəsilə (kəmərin mövcud imkanları və gücü nəzərə alınmaqla-müəllif) Azərbaycana, sonra Gürcüstan və Butumi limanı vasitəsilə Qara dənizə aparmaqdır” - deyə nazir fikirlərini ifadə edib. “İrana gəldikdə, əgər bu ölkəyə qarşı Qərbin sanksiyaları ləğv edilərsə, onda bizim imkanlarımız genişlənə bilər. Neftimizi Aktau limanı vasitəsilə İranın Neka limanına da daşımaq mümkün olar” - deyə nazir aydınlıq gətirib. O, həmçinin xatırladıb ki, Qazaxıstan üçün neftin ixracı marşrutları sırasında Çin istiqaməti də əhəmiyyətli marşrut kimi qalır. “Eləcə də biz yaxşı başa düşürük ki, bu istiqamətdə Özbəkistan və Türkmənistanda da neftə tələbat duyurlar. Bu istiqaməti də nəzərdən keçirmək gərəkdir. O cümlədən neft məhsullarının daşınmasını da” - deyə o əlavə edib. Qeyd edək ki, hələ Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilən zaman Astana və Bakı arasında Qazaxıstan neftinin bu kəmər vasitəsilə daşınması barədə söhbətlər ortaya çıxmışdı. Kəmər inşa edilən zaman da əsas məqsəd Rusiyadan yan keçəcək xəttin inşası idi. Sonradan bu kəmərə qazax neftinin də qoşulması nəzərdə tutulurdu. Rusiya nəşrləri yazır ki, hazırda bu kəmər qazax neftini gözləyir və yarısı boşdur. Qazaxıstan hazırda bu kəmər vasitəsilə simvolik olaraq 290 min ton neft nəql edir.
Rusiya nəşrlərinə müsahibəsində Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Bakı Astananın nəqlin həcmini nə vaxt artıracağını gözləyir. “Qazaxıstan üçün öz neftini Azərbaycan ərazisindən ixrac etmək daha əlverişlidir. Ölkələr arasında müvafiq müqavilə bazası da mövcuddur. Astana ixracın həcmini hələ iki il bundan əvvəl, “Kaşaqan” yatağı kəşf edilən zaman artıra bilərdi. Lakin işlərə başlanması müxtəlif səbəblərdən təxirə salındı” - deyə ekspert İlham Şaban “Nezavisimaya qazeta”ya bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan məhdudiyyətsiz formada Qazaxıstan neftini qəbul etməyə hazırdır. “Özü də qazax neftinin ixracı müxtəlif marşrutlar üzrə ola bilər - BTC vasitəsilə Gürcüstanın Kulevi və Batumi limanları. BTC-nin gücü ildə 60 mln. ton neft ixrac etməyə imkan verir. Hazırda isə bu rəqəm 32,7 mln. tondur. Kulevinin gücü isə 10 mln. tona çatır. Əgər bu, Astana üçün kifayət etməzsə, onda Bakı-Supsa və Xəzər donanması hesabına da prosesi gücləndirmək olar. Azərbaycan ən iri dəniz donanmasına malikdir - hər tanker 100 min barel nefti daşımaq iqtidarındadır” - deyə ekspert bildirib. Lakin qazax tərəfi bu qənaətdədir ki, neftin böyük həcmdə daşınması üçün bu kifayət etmir. Bu səbəbdən də yeni layihə - Qazax Xəzər Nəql Sistemini reallaşdırmağa ehtiyac duyulur. Bu layihə Esken-Kurık neft boru xətti və Transxəzər (Kurık-Bakı) sisteminin yaradılmasının özündə birləşdirir. Bu kəmər vasitəsilə Gürcüstana, oradan isə Türkiyəyə çıxış əldə etmək olar. Bu istiqamətdə yük daşıma qabiliyyəti isə ildə 60 mln. ton barel ola bilər. O ki qaldı Çin istiqamətinə - Qazaxıstanın neft və qaz naziri bildirib ki, Atasu-Alaşankou yaxın günlərdə tam gücü ilə işə düşməlidir və il ərzində bu yolla 20 mln. ton neft daşınacaq. “Bizim bununla bağlı proqramımız var və bu plan iki il ərzində bu istiqamət üzrə 20 milyon neft daşımaq üçün Çin marşrutunu gücləndirməyi nəzərdə tutur” - deyə qazaxıstanlı nazir bəyan edib.
Rusiyalı ekspertlərin məsələyə qısqanc münasibəti isə özünü dərhal göstərib. “Burada təəccüblü bir məsələ yoxdur. Qazaxıstan buna qədər də müəyyən fors-major hallardan qurtulmaq üçün Çin istiqamətində ehtiyat qaz kəmərləri inşa edirdi, Xəzər üzrə əlaqələr qururdu” - deyə Rusiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Əjdər Kurtov bildirib. Lakin əlavə edib ki, qazaxıstanlılar nə qiymət məsələsində, nədə ki BTC məsələsində mənfəət əldə etmədilər. “İqtisadi nöqteyi-nəzərdən bu, ağıllı siyasətdir. Ancaq qeyd etmək istərdim ki, Rusiya neftinin digər marşrutlar üzrə daşınması zərurəti yaranmayacaq. Bu səbəbdən də Astanaya ehtiyatlanmaq üçün əsas yoxdur. Bununla sadəcə Moskvadan iqtisadi xarakterli əlavə preferenslər almaq məqsədi güdülür” - deyə ekspert bildirib. Onun qənaətincə, qazax nazirin bu bəyanatı sadəcə çoxqütblü siyasət çərçivəsində atılıb. O bildirib ki, Astana Krım məsələsində rusiyayönümlü mövqe nümayiş etdirib və bundan çıxış edərək də müəyyən addımlar atmalıdır. “İndi səsləndirdikləri bəyanatlar da bununla bağlıdır” - deyə rusiyalı ekspert sonda bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər