• cümə axşamı, 25 aprel, 17:01
  • Baku Bakı 23°C

Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxır

24.04.18 21:16 669
Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxır
Qazaxıstan Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Əfqanıstana göndəriləcək xüsusi yüklərinin tranziti üçün "Aktau” və "Kurık” limanlarından istifadə məsələsi ilə bağlı razılığını verib. Bu barədə sənədi Qazaxıstan Senatı ratifikasiya edib, yaxın günlərdə isə sənədi prezident Nursultan Nazarbayev imzalayacaq. Ekspertlər hesab edir ki, "Aktau” bazası "tranzit xətti” və yaxud "mərkəz” adlandırılmasından asılı olmayaraq, Pentaqon və onun müttəfiqlərinin bazasına çevriləcək. Birləşmiş Ştatların təklifi ilə Əfqanıstana göndəriləcək yüklər Gürcüstandan Azərbaycana, daha sonra Xəzər dənizi ilə Qazaxıstana, oradan isə dəmir yolu vasitəsilə Sarıağac, Keles və yaxud Beyney-Qaraqalpak stansiyaları ilə Özbəkistana, oradan isə Əfqanıstana göndəriləcək. Bunu Qazaxıstan parlamentinin aşağı palatasının iclasında xarici işlər naziri Kayrat Abdarahmanov bildirib. Nazir deputatlara xatırladıb ki, ABŞ və Qazaxıstan hökumətlərə arasında 2010-cu il iyunun 20-də imzalanan sənəd ABŞ tərəfinin xahişi ilə dəyişdirilib. Burada söhbət yüklərin tranzitindən gedir. Nəzarət-buraxılış məntəqələrinin sırasına "Aktau” və "Kurık” limanları da əlavə olunub. "Bütün bunlar ABŞ tərəfindən strateji müttəfiq olaraq qəbul edilən Qazaxıstanın maraqları, eləcə də qonşu Əfqanıstanda sülh və əmin-amanlığın qorunması naminə edilir”, - deyə XİN rəhbəri vurğulayıb. Onun sözlərinə görə, Nazarbayevin Birləşmiş Ştatlara səfərindən sonra Qazaxıstan və Birləşmiş Ştatlar arasında qarşılıqlı münasibətlər konkret məzmun kəsb etməyə başlayıb. Xatırladaq ki, Nursultan Nazarbayev bu ilin yanvarında ABŞ-da olub və amerikalı həmkarı Donald Trampla görüşüb. Qazaxıstan prezidenti "Bank of New York Mellon”da saxlanılan Qazaxıstan Milli Fondunun aktivləri üzərindən həbslərin götürülməsi barədə razılaşma əldə etməyə müvəffəq olub. Söhbət 22 milyard dollardan gedir. Bu barədə qərar moldovalı biznesmen Anatoli Staninin və onun şirkətinin Qazaxıstan hökumətinə qarşı iddiası əsasında qoyulub.
"Nezavisimaya qazeta” yazır ki, ABŞ və Qazaxıstan arasında Xəzərin "Aktau” limanından yüklərin mümkün daşınması barədə danışıqların getməsi məsələsini ilk dəfə olaraq "WikiLeaks” 2013-cü ildə yazıb. Bundan sonra Nazarbayev da danışıqların getdiyini təsdiq edib. Əfqanıstan üzrə İstanbul prosesinin Alma-Atada XİN rəhbərləri səviyyəsində 2013-cü il 28 aprelində keçirilən toplantısında o bildirib ki, Qazaxıstan NATO-ya Xəzər dənizindəki "Aktau” limanından tranziti və geriyə marşrutunu təklif etməyə hazırdır. "İlkin olaraq marşrutun Rumıniya, Yunanıstan və İtaliya limanları, Qara dəniz vasitəsilə və yaxud Volqa-Don kanalı ilə Xəzər dənizinə keçməsi nəzərdə tutulurdu. Eləcə də, Almaniya, Baltik dənizi ilə Volqa-Xəzər kanalları vasitəsilə tranziti nəzərdə tutan Şimal marşrutunu da işə salmaq nəzərdə tutulurdu. Lakin bu, birbaşa olaraq Rusiyanı dövlət maraqlarına təhlükə idi. Bu səbəbdən də layihənin qarşısı alındı. ABŞ çoxdan Volqa-Don kanalını məcburi daşınma adı altında istifadə etməyə çalışır. Buna nail olmaqla BMT və digər beynəlxalq strukturlar qarşısında Volqa-Don kanalına xüsusi status verilməsinə çalışır. Qazaxıstanın Birləşmiş Ştatlara doğru istiqamətlənməsi antirusiya formatı kəsb edir. Bu, bütövlükdə Rusiyanın maraqlarına zidd olmasa da, Birləşmiş Ştatların hərbi və yaxud qeyri hərbi yük gəmisinin Xəzər akvatoriyasında görünməsi arzuolunmaz haldır”, - deyə Ənənəvi Mədəniyyətlər Mərkəzinin mədəni, elmi və təhsil layihələrinin direktoru Aleksandr Sobyanin bildirib. Ekspertlər diqqəti ona yönəldirlər ki, Qara dəniz limanlarından istifadə və daha sonra Azərbaycandan Xəzər dənizi vasitəsilə "bərpa edilən” marşrut çox əyri və aloqik loqistikadır. Bu səbəbdən də indiki razılaşma ABŞ-ın hərbi-siyasi maraqlarının zorla yeridilməsidir. Yüklərin daşınması üzrə nəzərdə tutulan Şimal marşrutu ABŞ və NATO-nun Əfqanıstan üçün nəzərdə tutulan daşımalarının cəmi 7-10 faizi deməkdir. Daşınma xərcləri də ABŞ-ın mütəmadi olaraq istifadə etdiyi Cənub marşrutundan 2-3 dəfə ucuzdur.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Aleksandr Vorobyov hesab edir ki, Qazaxıstanın ABŞ-a verdiyi razılıq, özündə bir sıra üstünlükləri nəzərdə tutur. "Birincisi, bu, kommersiya tranzitidir, yəni, əvəzində pul verirlər. İkincisi, rəsmi Astana hesab edir ki, ABŞ yüklərinin daşınması ölkənin nəqliyyat-loqistika potensialının güclənməsinə gətirib çıxaracaq. Qeyd etmək gərəkdir ki, "Kurık” limanı Çin tərəfindən də "Bir dəhliz-bir yol” təşəbbüsünün reallaşması üçün istifadə edilir. Üçüncüsü, belə bir addımla Qazaxıstan ABŞ-la bir sıra məsələləri birbaşa həll etməyə çalışır”, - deyə Vorobyov bildirib. Belə bir qərarın Xəzərdə sabitliyə və Rusiyanın maraqlarına necə təsir etdiyinə gəldikdə, ekspert bildirib ki, bu qərar Moskva üçün hər hansı bir təhlükə yaratmasa da, onun üçün əlverişsiz və mənfəətsizdir. O bildirib ki, ABŞ hərbi yüklərinin "Aktau” və "Kurık” limanları vasitəsilə daşınmasını həyata keçirəcək korporasiyada tək Qazaxıstan deyil, Özbəkistan və Azərbaycan da iştirak edir. Lakin Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının üzvü olan Astananın bu qərarı Vaşinqtona öz yüklərini Xəzər dənizi vasitəsilə daşınmasını həyata keçirməyə imkan verib. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazevin qənaətincə, ABŞ-ın hərbi tranziti üçün "Aktau” və Kurık limanlarından istifadəsi Xəzərin onsuz da kövrək olan arxitekturasını dağıda bilər. İndiki ABŞ-Rusiya və ənənəvi ABŞ-İran gərginliyi və qarşıdurması fonunda belə bir "tranzit” Moskva ilə yanaşı, Tehranda qıcıq yaradacaq. Ekspert sonda bildirib ki, bu cür qarşıdurma Xəzərin hüquqi statusunun müəyyən olunmasında da maneə ola bilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər