• cümə, 29 Mart, 05:53
  • Baku Bakı 7°C

Qazax politoloqdan erməni siyasətçilərinə ittiham

10.01.19 18:53 761
Qazax politoloqdan erməni siyasətçilərinə ittiham
Qazaxıstanda erməni icması üzvlərinin törətdikləri qanlı insident müəyyən qədər səngisə də, gərginlik hələ də qalır. Karaqanda şəhərində ermənilərə məxsus olan "Drevniy Rim” restoranında qətldə şübhəli bilinən Ermənistan vətəndaşı Narek Qururyan ötən gün Rusiyada saxlanılıb. Bu haqda Qazaxıstan Daxili İşlər Nazirliyinin daxili və xarici kommunikasiyalar departamentinin direktoru Almas Sadubayeva bildirib. Onun sözlərinə görə, şübhəli, Rusiyanın Omsk vilayətində saxlanılıb. Hazırda qanunvericiliyə uyğun olaraq, onun Qazaxıstana ekstradisiyası haqqında məsələ həll edilir. Ermənilərin törətdiyi qətl və bununla əlaqədar yaranan qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib. Bu barədə Ermənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Qaqik Qalaçyan bildirib. Qazaxıstanın DİN rəhbərliyi ilə görüşdüyünü deyən səfir qeyd edib ki, hadisə ilə bağlı iki cinayət işi qaldırılıb. Bunlardan biri gəncin ölümünə (yerli sakinin ermənilər tərəfindən qətlə yetirilməsi) səbəb olmuş kütləvi dava faktı ilə bağlıdır. O, qeyd edib ki, həbs edilənlər arasında Ermənistan vətəndaşları da var.
Yeri gəlmişkən, erməni mediası baş verənləri məişət zəminində törədilən insident kimi qələmə verməyə çalışsa da, Rusiya mediası tamam fərqli prizmadan məsələyə yanaşır. Məsələn, "Nezavisimaya qazeta” yazır ki, Karaqandada qazaxlarla ermənilər arasında yaşayan insident artıq beynəlxalq səviyyəyə yüksəlib: "Drevniy Rim” restoranında baş verən dava zamanı 23 yaşlı qazax Rahımjan Janseytov qətlə yetirilib. Bundan sonra insanlar antierməni şüarlarla küçələrə çıxdılar. Ardınca Ermənistanda da antiqazax çıxışlar səslənməyə başladı. Hazırda Ermənistanın istintaq qrupu Qazaxıstandadır. Ermənistanın bu ölkədəki səfiri Qaqik Qalaçyan hesab edir ki, bu insidentin etnik münaqişə adlandırılmasının əleyhinədir. Onun sözlərinə görə, erməni tərəfi Qazaxıstan hakimiyyət orqanları ilə mütəmadi əlaqə saxlayır və vəziyyət tam nəzarət altındadır. Spontan emosional çıxışlar və yaxud vitrinləri qırmaq tam şəkildə istisna edilir”. Qəzet yazır ki, faciəvi insidentə hakimiyyət orqanları bir qədər gec reaksiya veriblər: "Yalnız yerli sakinlərin hakimiyyət orqanlarının fəaliyyətsizliyinə qarşı etiraz aksiyasından sonra reaksiyalar olub. Millətçi şüarlarla çıxış edən gənclərdən ibarət qruplaşmalar ermənilərə məxsus obyektləri dağıtmağa cəhd göstəriblər. Karaqanda vilayətinin rəhbəri (akim) Yerlan Koşanov istintaq tədbirlərinin sona kimi aparılacağını və insidentdə günahı olanların həbs olunacağına söz verdikdən sonra ara sakitləşib. Lakin sosial şəbəkələrdə millətlərarası münaqişənin yaşandığı barədə çoxsaylı informasiyalar yayılmağa başladı”.
Müəllif yazır ki, Ermənistanın özündə Karaqandada baş verən hadisələr ağrılı və sərt reaksiyalara səbəb olub. Rusiya nəşri yazır ki, Qazaxıstandakı erməni diasporunun üzvləri üzrxahlıqla çıxış ediblər. "Biz Karaqanda vilayətinin erməni diasporu insan ölümü ilə nəticələnən insidentə görə üzr istəyirik. Təəssüf ki, insidentdə ermənilər iştirak ediblər. Biz baş verənlərdən təəssüflənir və üzr istəyirik”, - deyə "Erebuni” mədəni mərkəzinin rəhbəri Artur Navasardyan bildirib. Ermənilərin üzrxahlığından sonra qazax tərəfi insidentin millətlərarası xarakter kəsb etməsi barədə yayılan söhbətləri təkzib edib. Prokurorluqda bildiriblər ki, müəyyən şəxslər vəziyyəti gərginləşdirməyə, sosial şəbəkələrdə hadisənin millətlərarası zəmində baş verdiyi barədə xəbərlər paylaşırlar. Bununla da ictimai rəyi çaşdırmağa cəhd göstərirlər.
Politoloq Sultanbek Sultanqaliyev qəzetə açıqlamasında bildirib ki, hadisənin məişət zəminində baş verdiyi aydındır. Onun qənaətincə, bu münaqişəyə qazax millətçiləri və sosial şəbəkələr ictimai rezonans vermiş oldular. Politoloq bir sıra erməni siyasətçilərin qeyri-adekvat reaksiyasına da diqqəti çəkir. Onları, baş verən faciədən özlərinə siyasi kapital toplamaq səylərində ittiham edib: "Onlar qazax xalqının ünvanına məsuliyyətsiz bəyanatlar səsləndiriblər. Anlamırlar ki, bununla Qazaxıstandakı qazax və erməni xalqları arasındakı münasibətlərə neqativ təsir göstərmiş olurlar”.
Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev isə hesab edir ki, hadisənin səbəbləri onun kökünün dərin olmasında, hakimiyyətin ölkənin sosial-iqtisadi problemlərini həll edə bilməməsindədir. Politoloq xatırladıb ki, Mərkəzi Asiyada bir çox ciddi münaqişələr hər zaman bazarlarda baş verən xırda münaqişələrdən və hakimiyyətin buna susqun münasibətindən başlayıb. Ekspertin Yerevana da sualları var: "Nə üçün XİN-in, Paşinyanın bəyanatları və reaksiyaları ermənilərin guya Qazaxıstanda "soyqırımına” məruz qalmaları barədə çıxışlardan sonra olub? Belə hadisələrdə informasiya boşluğu sarsıdıcıdır”.
Məqalə maraqlı sonluqla başa şatır. Müəllif yazır ki, münaqişənin keçmişdə qaldığını iddia etmək düz deyil. Sadəcə, əhali faciəvi hadisənin nəticələrinin necə başa çatacağını gözləyir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər