• cümə, 29 Mart, 01:26
  • Baku Bakı 7°C

Qazax ədəbiyyatı

16.01.17 11:58 7740
Qazax ədəbiyyatı
Qazax ədəbiyyatının yaranması XV əsrə aid edilir. Onun təşəkkülü Qazı-Tuqan, Həsən Qayğılı, Şalkiiz və Dosmambetin adı ilə bağlıdır. Adlarını çəkdiyimiz bu sənətkarlar həm də eyni dərəcədə noğay və qaraqalpaq ədəbiyyatının özülünü qoyanlardır. Qazı-Tuqan, Həsən Qayğılı, Şalkiiz və Dosmambet poeziyasının başlıca xüsusiyyəti onların yaşadıqları dövr üçün xarakterik olan parlaq obrazlılığı, müşahidə incəliyi və dərinliyi, dünya qavrayışını xüsusi üsullarla vermə bacarığı ilə bağlıdır. Dosmambet yaradıcılığı təsəvvürlərimizi köçərilərin mənəvi-əxlaqi siması ilə birgə vicdan və borc, insan ləyaqəti kimi anlayışlarla zənginləşdirirsə, Şalkiiz poeziyasında biz bir qədər başqa yanaşma tərzini – itaətsizlik görürük. «Sən hökmdar – mən qul, sən şahin – mən ördəyəm”, "Nə zaman lazım gəlsə, canımı sənə qurban edərəm”. Şalkiizin bu fikirləri istedadlı şairin dövrünün əsirinə necə çevrildiyini sübut etməkdədir. Lakin eyni zamanda onu söyləməliyik ki, o, sillabik (heca) ölçülü qazax şeirşünaslığında o, iz qoymuşdur.
Qazı-Tuqan-jırau Süyinşi təxminən XV əsrin 20-30-cu illərində İtil (Volqa) çayı sahillərində Astraxan vilayətinin Krasnı Yar şəhəri yaxınlığında doğulmuşdur. Qazı-Tuqan-jıraunun həyatı haqqında dəqiq məlumatlar saxlanılmasa da, onun köçərilərin hərbi aristokratiyasına məxsus olduğu, İtil çayının qolları Axtuba və Buzan ətrafında məskunlaşmış türk qəbilələrinin tayfa başçısı və hərbi rəisi olduğu bilinməkdədir. Eyni zamanda XV əsr ərzində Dəşti-Qıpçaqda davam etmiş qəbilələrarası müharibələrdə onun kimin tərəfində vuruşduğu da məlum deyildir. Qazax ədəbiyyat tarixçiləri müəyyən etmişlər ki, XV əsrin ikinci yarısında o, özünə tabe olan qəbilələrlə İtil sahillərini tərk edərək Qazax xanlığı tərkibinə daxil olmuşdur. Bu təxminən XV əsrin 60-80-illərini əhatə edən dövrə təsadüf edir ki, bu zaman qazaxlar Mərkəzi və Qərbi Qazaxıstan ərazilərində tam möhkəmlənmişdilər.
Qazı-Tuqan-jıraunun poetik irsinin yalnız kiçik bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bu irs həm XX əsrin əvvəllərinə qədər, həm də XX əsrin 60-cı illərində çap olunmuş qazax poeziyası antologiyasına daxil edilmiş və onlardan bəziləri rus dilinə tərcümə olunmuşdur.
Məlum olduğu kimi, qazax ədəbiyyatı Orta Asiya və Qazaxıstan ərazilərində mövcud olan zəngin orta əsrlər türk xalqları ədəbiyyatının varisi olmuşdur. XVII əsrdə yazıb yaratmış jıraulardan dövrümüzə yalnız ikisinin – Jiyembet və Marqasxinin yaradıcılığı çatmışdır. Onlar bu janrda müəyyən uğurlar qazansa da, ümumi şəkildə jırau poeziyasının inkişafında xüsusi mərhələ təşkil edə bilməmişlər.
XVIII əsrin ortalarında da qazaxların cunqarlara qarşı mübarizələri davam etmişdir. Bu dövrdə tayfalararası mübarizə arxa plana keçir. Doğma elə məhəbbət insanların daxili və mənalı aləminə təsir edir. Xalqın milli şüuru yüksəlir. Akın və jırau yaradıcılığı xüsusilə güclənir. Qeyd etdiyimiz dövr üçün Axtamberdi – juraunun yaradıcılığı (1675-1768) xüsusilə səciyyəvidir. Cunqarlarla mübarizənin başçısı olan istedadlı komandan Axtamberdi, həm də bacarıqlı jırau idi. Poetik şöhrəti hələ gənclik dövründən parlamış Axtamberdi yaradıcılığı qədim qazax xalq poeziyasından rişələnməklə yetərincə məzmunlu və rəngarəng olmuşdur.
Nəzərdən keçirdiyimiz dövr qazax poeziyasının tanınmış nümayəndələrindən biri Umbetey-jırau (1706- 1778) olmuşdur. Onun yaradıcılığında qazaxların etnik həyatında yer almış eybəcərliklər dəlib-deşici satirik şeirlərinin mahiyyətinə hopmuşdur. Bundan başqa Umbetey-jırau həm də qədim fəlsəfi-didaktik tolqau (ağlayış) janrında qazaxların qəhrəmanlığını vəsf edən əsərlər müəllifi, qədim epik poemaların bilicisi kimi tanınmışdır.
XVIII əsr qazax poeziyasının inkişafında Buxara-jıraunun (1668-1781) rolu xüsusilə qeyd edilməlidir. Çoxsaylı tarixi hadisələr şahidi olan Buxara – jırau XVIII əsr qazax həyatının əksər tərəflərini əsərlərinin mahiyyətinə hopdurduğundan onlar aforistikliyi və fəlsəfi duyum tərzi ilə diqqəti cəlb etməkdədir. Buxara-jıraunun əsərlərinin estetik xüsusiyyəti, şeirlərinin ənənəvi bədii personajlarla zənginliyi, obrazlılığı, aydınlığı, poetik biçimi və hecası da diqqətçəkəndir. Buxaranın ilk bioqrafı Məşhur-Yusub onun hər hansı adı sözlərlə yox, qafiyələrlə danışdığını qeyd etmişdir. Buxara-jıraudan sonra qazaxlarda akın yaradıcılığı xüsusi vüsətlə inkişaf edir. Beləliklə, qazaxların poetik istedad sahibləri qədim ozanlar (oğuz elinin ağsaqqalı, müdrik Dədə Qorqudu yada salaq) kimi akınlar aul və obaları gəzə-gəzə toylarda, el şənliklərində, məclis və kurəkələrdə öz nəğmələrini oxuya-oxuya xalqın sevimlisinə çevrilirdilər.
Jırau yaradıcılığı ilə müqayisədə akın poeziyası bir qədər sadə təsir bağışlamaqdadır. Bu ilk növbədə akın şeirinin quruluşunda özünü büruzə verir. Akın şeirləri onbir hecalıqdan ibarət olmaqla a-a-b-a şəklində qafiyələnməklə adətən dördmisralıq bəndlərdən, yaxud yeddi-səkkizlik olub müstəqil şəkildə qafiyələnən misralardan ibarətdir. Lakin bu da qeyd edilməlidir ki, akın poeziyası mövzusuna görə kifayət qədər rəngarəngdir. Bu nümunələrdə ilk növbədə akınların diqqət mərkəzində xalq həyatında gündəlik baş verən hadisələr, adət-ənənə və məişət məsələləri ilə bağlı məqamlar öz əksini tapır.
Şal-akın (Tleyke Kuleke-ylı) (1748-1819) Kokçetav (Göyçədağ) vilayətində doğulmuşdur. Onun atası Ablay xanın yaxınlarından olmaqla Orta Cuzda tayfa ağsaqqalları arasında ən hörmətli adamlardan olmuşdur. Onların aulu təxminən 1755-1760-cı illərdə Kokçetavdan İşim çayının sahillərinə köçərək birdəfəlik bu ərazilərdə məskunlaşmışdır. Şal 16 yaşına çatanda artıq el-oba arasında akın kimi geniş tanınmaqda idi. Ömrünün ikinci yarısını ehtiyac içində yaşamış Şal-akın 1819-cu ildə yaylaqlara köç edilən zaman dünyasını dəyişmişdir. Məzarı Şimali Qazaxıstan vilayətinin Sergeyevka qəsəbəsi ərazisindəki Ayutas təpəlikləri yaxınlığındadır.
Şal-akının əsərlərinin böyük bir qismi dövrümüzə gəlib çatmamışdır. Bəzi mənbələrdə Şal-akının tarixi rəvayət və dastanlarından qidalanan qazax xalqının tarixini əks etdirən epik əsəri də olmuşdur. Günümüzə gəlib çatan şeirləri isə XX əsrin 20-ci illərindən sonra toplanmış və yalnız 1960-cı ildə nəşr olunmuşdur.
Orijinal təfəkkür sahibi Şal – akının bir sıra şeirləri "Yeri sən yaradıb bəzəmisən…”, "On beşdə ata minib, yalından bərk yapışdım…” , "Bizdə yetmiş cür yetimlik var…”, "Ölümdən xilas olmaq, qaçmaq olmaz…” və s. mövzu, məzmun, kompozisiya və s. baxımdan olduqca maraqlıdır və sanki qazax realist ədəbiyyatının banisi olan Abay Kunanbayevin əsərləri ilə səsləşməkdədir. Şal erkən parlamış istedadı sayəsində xalqın sevimlisinə çevrilmişdir. O, bütün ömrünü aullarda keçirməklə xalq şənliklərində, mərəkələrdə, məclislərdə qədim rəvayətlər, hekayətlər, dastanlar, epik nəğmələr ifa edər, bədahətən etdiyi çıxışları ilə insanları təəccübləndirərdi. Sonralar akın kasıblaşsa da, o, heç zaman öz ləyaqətini nəfsinə qurban verməmişdir. Görünür, elə buna görə də Şal-akının şeirləri xalq arasında böyük hörmətə layiq görülmüşdür. Şeirlərindən birində Şal-akın xeyli sözləri həm də kağız üzərində qoşduğunu söyləmişdir. Bununla belə, bu yazılı nümunələr hələ də ortaya çıxarılmamışdır.
Şal-akın yaradıcılığında mifik şeirlər də az əhəmiyyət kəsb etmir. Digər klassik türk aşıqları (məsələn, Yunus Əmrə, Abbas Tufarqanlı, Qurbani və b.) kimi onun insanın müxtəlif yaş dövrlərini çevrələyən, dünyanın faniliyini əks edirən şeirləri xüsusilə maraq doğurmaqdadır. Şal -akının yaradıcılığında dini motivlər onun ömrünün son illərində daha böyük üstünlük təşkil etmişdir. Şairin fikrincə xeyir tonqalını da insan alovlandırır, şər tüstüsünü də elə insanın özü buraxır; işıq – yaxşıdan, bədlik, qaranlıq pisdən gəlməklə, hər ikisi insanla bağlıdır.
Bütün bunlar Şal-akın yaradıcılığının qazax poeziyasında fərqli yeni yaradıcılıq tipi olduğunu ortaya qoyur və qazax səhralarında yeni biçimli yaradıcılıq üslubunun araya-ərsəyə gəldiyini sübut edir. Şal-akın yaradıcılığı üçün ənənəvi jırau poeziya nümunələrinə uyğun forma xarakterik deyildir. O, jırau poeziyası üçün yeddi-səkkizlik aforistik-didaktik terme-formaya da meylli deyildir, əksinə öz istəyinə uyğun olan on bir hecalıq qara olen formaya daha çox yer verirdi. Yeri gəlmişkən qeyd edək ki, bu son dərəcə mühüm forma yalnız Abay yaradıcılığı dövründə öz zirvəsinə çata bilmişdir.
Məhəmbət Ötəmisov (1804- 1846) qazax şifahi poeziyasının klassiki olmaqla yanaşı, həm də 1836-1837-ci illər xalq azadlıq hərəkatının rəhbərlərindən biri kimi tanınmaqdadır. O, 1804-cü ildə Qazaxıstanın indiki Ural vilayətinin Urdin rayonunda doğulmuşdur. Məhəmbət uşaqlıq illərini Narın səhralarında, onların nəsli-nəcabəti köç edib yaşadığı ərazilərdə keçirib. Poetik istedadı erkən parlamışdır. Rəvayətə görə Bukeyev Ordasının xanı Cahangir gənc akının bacarığından xəbər tutarkən onu öz sarayına dəvət edir. Məhəmbət xanın bu təklifini qəbul etmir. Əksinə aul-aul, qışlaq-qışlaq gəzərək regionda olan qanunsuzluqlarla bağlı öz nəğmələrini qoşub oxuyarmış. 1824-cü ildə Cahangir xan iyirmi yaşlı Məhəmbəti öz oğlu Zülqərneynlə birgə Orenburqa oxumağa göndərir. Şair burada xan oğlunun tərbiyəsi ilə beş il məşğul olur. Lakin Məhəmbətin xanla münasibətləri az keçmir korlanır. 1829-cu ilin payızında xan tərəfindən göz altına alınan akını Kalmık qalasında zindana atırlar. O, burada bir ildən artıq qalır. Məhəmbət 1831-ci ildə türmədən qaçır. Bundan sonra o, azadlıq mücahidi İsatay Taymanovla yaxınlaşaraq xalqı üsyana səsləyir. Burada Məhəmbət üsyançıların rəhbərlərindən birinə çevrilir və bu hərəkatın istiqamətverici qüvvələrindən olur. Üsyan yatırıldıqdan, onun başçıları İsatay Taymanov başda olmaqla məhv edildikdən sonra Məhəmbət nəinki silahı yerə qoyur, əksinə daha böyük əzm və mərdliklə vuruşur. Lakin qüvvələr bərabər olmadığından Məhəmbət qaçıb gizlənmək məcburiyyətində qalır. Üsyan yatırdılır. O, Xivənin hüdudlarından kənara çəkilib 1839-cu ilin sonlarına qədər oralarda qalır. "4 mart 1841-ci ildə Murtazqali Uzbekqarlıyev xana, hakim dairələrə Məhəmbətin Emba və Ural ərazilərindəki aulda gizləndiyi haqda məlumat verir. Onun axtarışına göndərilmiş dəstə Məhəmbəti qazax Tekeş Tlikeyevin arabasında görür və 17 mart 1841-ci ildə Məhəmbət Orenburqa göndərilir”.
1841-1845-ci illərdə Məhəmbət Ural çayının ətrafında yerləşən lap uzaq aullarda gizlənir. Üsyanı yatırmağa çalışan Bəymə­həmbət sultan bundan xəbər tutduqda ora öz adamlarını göndərir və 20 oktyabr 1846-cı ildə Məhəmbət Ötəmisov vəhşicəsinə qətlə yetirilir. Şairin evi dağıdılır, başı isə sultana gətirilir.
Məhəmbət şeirlərində xalqı azğın xana və çarizmə qarşı mübarizəyə səsləyir. Böyük bəlalar və əzablar bahasına başa gələn azadlıq mübarizəsində iştirakda şair vətən qeyrətini kim yüksək tuturdusa, onun bu işdə yaxından iştirakında çıxış yolu görürdü .
Məhəmbətin bizim dövrümüzə 40 şeiri və bir poeması gəlib çatmışdır. Öz xalqına məhəbbət, azğın xanlara nifrətlə dolu Məhəmbət Ötəmisovun temperamentli yaradıcılığı sonrakı qazax poeziyasının inkişafına güclü təsir etmişdir. Məhəmbət və onun döyüş dostu, üsyançıların başçısı İsatay haqqında tanınmış akın İqılman Şurekov "İsatay və Məhəmbət” adlı poema yazmışdır ki, bu əsərdə Məhəmbət və digər akınların poetik sözü ilə bərabər, xalqın öz sosial hüquqları uğrunda mübarizəsi əksini tapmışdır.
Məhəmbətin yaradıcılığında xalqın qəhrəmanlıq qələbəsinin təsviri silahlı basqına gətirən sosial səbəblər və s. kimi məsələlər bədii baxımdan relyefli əks olunmuşdur. Bui lk növbədə feodalların, xanların, çar məmurlarının, bəylərin qara camaatı istismarı ilə, onları öz oturduqları məskənlərindən perik salması ilə bağlıdır.
Üsyan iştirakçılarının qəhrəmanlığını vəsf etməkdə Məhəmbət qazax ədəbiyyatında ilk dəfə olaraq xalq mübarizəsi uğrunda qəhrəman obrazını yarada bilmiş və şair öz idealını İsatay Taymanovun timsalında tapmışdır. Məhəmbət İsataya xeyli şeirlər həsr etməklə onu doğma vətənin ləyaqətli övladı kimi dəyərləndirmişdir. Məhəmbətin şeirlərinin əksəriyyəti təbliğat xarakterlidir. Onların sırasında "Dostlara müraciət”, "Yürüşə çağırış”, "Qəmlənməyin, dostlarım”, "Biz qəhrəmanlar”, "Məhəmbətin Cahangir xana müraciəti” və s. vardır.
Məhəmbətin yaradıcılığı göstərir ki, o, öz çeşidli qiyamçı poetik təfəkkürü ilə qazax ədəbiyyatının inkişafına nəzərəçarpacaq təsir göstərmişdir.
Məhəmbət Ötəmisovun yaşadığı mürəkkəb tarixi mərhələnin təsvirini istedadlı qazax yazıçılarından olan Anuar Alimjanov azadlıqsevər Məhəmbətə həsr etdiyi "Məhəmbətin oxu” romanında təsvir etmişdir.
Nizami Tağısoy
banner

Oxşar Xəbərlər