AZE | RUS | ENG |

Qazanxananız qaynasın...

Qazanxananız qaynasın...
Çoxumuz bu qışı soyuqda keçirsək də, “Azəristiliktəchizat” 2013-cü ildə hər binada fərdi qazanxana tikiləcəyini bildirir


“Qış gəldi, dərd gəldi” deyimi neçə illərdən bəri öz aktuallığını qorumağı bacarır. Hər kəs bu ifadəni öz probleminə uyğun səsləndirə bilər. Amma qışın ən önəmli tərəfi mənzillərin isidilməsi və insanların isti su ilə təminidir.

Bu gün paytaxtda və respublikanın bəzi yerlərində elə binalar var ki, əvvəllər istilik sistemi olsa da, indi sistem işlək halda deyil. Buna səbəb isə həmin binaların zirzəmisində müxtəlif iaşə obyektlərinin fəaliyyət göstərməsidir. Yəni həmin iaşə obyekti tikilərkən zirzəmidən keçən istilik boruları da məhv edilib. Bundan başqa, elə binalar var ki, digər səbəbdən bu il də istiliksiz qalacaqlar.

Hər kəsə maraqlıdır, görəsən bu il mənzillərin istilik təchizatı necə olacaq və qarşıdakı qarlı qışa necə hazırıq?

Qışa hazırlıq üçün hansı işlər görülüb?

Suallara cavab tapmaq üçün “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevə müraciət etdik. Onun sözlərinə görə, 2012–2013-cü illər istilik təchizatı sistemlərinin bərpası və yaxşılaşdırılması tədbirləri çərçivəsində görülmüş işlər istilik təchizatının inkişaf dinamikasında nəzərə çarpacaq dəyişikliklərə gətirib çıxarıb. Yəni istiliklə təmin edilən yaşayış binaları, təhsil, səhiyyə və digər obyektlərin sayı ildən-ilə artır: “2011-2012-ci illər istilik mövsümündə 362 qazanxana istismar edilməklə 2561 yaşayış binası, 266 məktəb, 158 uşaq bağçası, 129 səhiyyə obyekti və 310 digər sosial obyekt istiliklə təmin edilib. Bu da 2005-2006-cı illərlə müqayisədə “Azəristiliktəchizat” ASC-yə məxsus istilik mənbələrinin sayının 160 ədəd və ya 79.2%, yaşayış binalarının sayının 1042 ədəd və ya 68.6%, məktəblərin sayının 90 ədəd və ya 51.1%, uşaq bağçalarının sayının 47 ədəd və ya 42.3%, səhiyyə obyektlərinin sayının 51 ədəd və ya 65.4%, digər obyektlərin sayının 198 ədəd və ya 2.8 dəfə artırılmasına imkan verib”.

R.Əliyev qeyd etdi ki, 2012-ci ildə təsdiq olunmuş tədbirlər planına əsasən, 63 qazan aqreqatı əsaslı təmir olunub, 263 qazan isə mexaniki üsulla təmizlənib. 230 qazanxanada və 130 istilik məntəqəsində nəzarət ölçü cihazları və avtomatika avadanlıqları əsaslı təmir olunub. Bundan başqa, 232 qazanxanada tüstü yolları təmizlənib, 233 qazanxana və 130 istilik məntəqəsi kompleks yoxlanılıb. Həmçinin, 72 elektrik mühərriki əsaslı təmir olunub, 1309 çirktutan təmizlənib. 26 ədəd 200 kub-metrə qədər su tutumu olan su çənləri əsaslı təmir olunubdur.

“Azəristiliktəchizat”ın rəsmisi bildirdi ki, istilik təchizatı sistemində ən vacib və çətin sahələrdən biri istilik xətləridir: “Buna rəğmən, 2012-2013-cü illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə əhəmiyyətli işlər görülüb. 690.8 km istilik kəmərləri yuyulub və hidravliki təzyiqi yoxlanılıb. 41676 p.m məhəllə daxili və magistral istilik boruları təmir olunub, 537 istilik kamerası təmizlənib və təmir olunub: “Mövsümə hazırlıq olaraq, 348 qaz tənzimləyicisi, 532 qaz siyirtməsi cari, 48 ədəd qaz siyirtməsi əsaslı təmir edilib, 5 ədəd qaz siyirtməsi isə yenisi ilə əvəz edilib. 41 ədəd yeni qaz sayğacı quraşdırılıb, təsdiq edilmiş qrafikə uyğun olaraq 96 ədəd qaz sayğacı növbəti dövlət yoxlamasından keçirilib”.

92 binaya istilik verilməyəcək

Onu da deyək ki, bu qış paytaxtda 92 binaya istilik verilməyəcək. Xətai rayonu, Gəncə prospektindəki məlum torpaq sürüşməsi buna mane olur. Çünki, general Mehmandarov, general Şıxlınski və İnqilab İsmayılov küçələrində yerləşən 92 yaşayış binasını istiliklə təmin edən mərkəzi xətt məhz həmin sürüşmə zonasında yerləşir. “Azəristiliktəchizat” ASC isə bu il həmin binalara istilik verilməsini mümkünsüz sayır. Qurum rəsmisi durumu belə izah etdi: “Orada magistral istilik xətti sürüşmə zonasından keçdiyindən onun istismarı mümkün deyil. 2013-cü ildə hər binada fərdi qazanxana tikiləcək. Artıq layihə hazırlanıb, ekspertizadan keçib və təqdim olunub. Hazırda mühəndis-texniki hazırlıq işləri gedir, oradakı binaların hər birinin həyətində demək olar ki, bəzi məntəqələrdə artıq işə başlanılıb. Amma ümumilikdə, işlərin hamısı 2013-cü ildə nəzərdə tutulub”.

“Azəristiliktəchizat”ın səlahiyyətindən kənar məsələ

Rafiq müəllim istilik sistemi olmayan, həmçinin vaxtilə olub indi bərpa edilməyən binaların durumuna da aydınlıq gətirdi: “Ümumiyyətlə, qanunvericiliyə – həm mənzil, həm də mülki məcəlləyə görə binadaxili istilik sistemləri bina mülkiyyətçilərinin tabeçiliyindədir.

“Azəristiliktəchizat” istilik enerjisinin istehsalı və ötürülməsi ilə məşğuldur. Biz bina mülkiyyətçisi tərəfindən istiliyi qəbul eləyə bilən və buna qadir olan bütün binalara istilik veririk. O ki qaldı hazırda istilik sisteminin yararsız olduğu binalara, əgər həmin binalar da təmir olunarsa, onlara da istilik verəcəyik. Buna baxmayaraq, biz hər il 200-ə yaxın yaşayış binasını investisiya proqramı çərçivəsində bərpa edirik. Yəni sovet vaxtı tikilən və indiyədək təmir olunmayan binaların istilik sistemlərini mərhələli şəkildə bərpa edirik. Amma dediyiniz məsələni, binaların zirzəmisindəki iaşə obyektlərinin istilik sistemlərini ləğv etməsi problemini bina mülkiyyətçisi özü həll etməlidir. Buna həmin mülkiyyətçinin marağı olmalıdır, ondan sonra biz onlara dəstək göstərərik. Bunun üçün həm vətəndaşlar, həm də bina mülkiyyətçiləri məhkəmə qaydasında istilik sisteminin məcburi bərpa olunması üçün iddia qaldıra bilərlər. Biz də gücümüz çatan qədər bu işi edə bilərik, amma səlahiyyətimiz çərçivəsində deyil. Yəni mülkiyyətçi biz olmadığımız üçün mülkiyyətin bərpa olunmasını hüquqi cəhətdən tələb edə bilmirik”.

Ötən illərlə müqayisədə

Sonda qurum rəsmisindən cari ilə olan hazırlığın ötən illərlə müqayisəsini xəbər aldıq. O, qeyd etdi ki, 2012-2013-cü illər istilik mövsümündə istilik təchizatının etibarlılığının artması ilə bərabər, keyfiyyət parametrlərinin yüksəldilməsinə, əvvəlki mövsümlə müqayisədə istismar edilən 362 qazanxanadan əlavə olaraq 56 qazanxananın istismara buraxılması, o cümlədən Bakı şəhərində yerləşən bütün məktəblərin, “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil olan 170 uşaq bağçasının, 124 səhiyyə obyektinin və 315 digər sosial obyektin istiliklə təmin edilməsinə imkan verəcəkdir: “Hazırda prezident sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, “Azəristiliktəchizat” ASC tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı zəruri işlər görülməkdədir. Bu tədbirlər əvvəlki illərdə həyata keçirilmiş layihələrin davamı olaraq, Azərbaycanın istilik təchizatının yaxşılaşdırılmasına həsr olunub. Biz ekoloji cəhətdən təmiz, müasir tipli effektiv texnologiyalar tətbiq etməklə Bakı şəhərində və paytaxt ətrafı qəsəbələrdə istilik təsərrüfatı üzrə lazımi işlərin başa çatdırılması və müvafiq istilik qurğularının, mənbələrinin bərpası, modernləşdirilməsi və bununla da istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasını nəzərdə tutur”.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056