• şənbə, 20 Aprel, 01:45
  • Baku Bakı 15°C

“Qazandığım uğurun cəmi 4 faizi mənimdir” - Təhsil

01.06.16 16:19 2349
“Qazandığım uğurun cəmi 4 faizi mənimdir” - Təhsil
"Kimya sevginin digər adıdır”. Feysbuk hesabındakı örtük şəklində Skot Tomsonun bu sözlərini qoyub. Təbiət elmlərinin hamısını sevdiyini desə də, onun üçün fənlər arasında kimyanın yeri başqadır. Müsahibimiz Şirvan Özəl Türk Liseyinin tələbəsi Hüseyn Babayevdir. Qeyd edək ki, Hüseyn bu il Moskvada keçirilən Mendeleyev adına Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanan iki həmyerlimizdən biridir. Onlar Lomonosov adına Moskva Dövlət Universiteti və Türkiyənin Bilkent Universitetindən dəvət alıblar və birbaşa, imtahansız həmin universitetlərdə təhsil ala bilərlər. Amma Hüseynin uğurları bununla bitmir. 2014-cü ildə ilk dəfə beynəlxalq olimpiadada çıxış edib. Nigeriyada kimya, fizika, biologiya, kompyuter və riyaziyyat fənləri üzrə keçirilən Beynəlxalq Elm Olimpiadasında qızıl medal alıb. Eyni ildə Argentinanın Mendoza şəhərində keçirilən Beynəlxalq Junior Elm Olimpiadasında da müvəffəqiyyətlə iştirak edib. Bakı şəhərində keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medalla təltif olunub. 2015-ci ilin dekabrında Cənubi Koreyada kimya, fizika və biologiya fənləri üzrə keçirilən Beynəlxalq Junior Elm Olimpiadasında gümüş medal qazanıb. Hüseyni daha yaxından tanıyaq...

"Hazırlıq dövrü çox ağır olur”

2000-ci il martın 11-də Şirvan şəhərində doğulub. 5 yaşında E.İmanov adına 10 saylı orta məktəbdə 1-ci sinfə gedib. 7-ci sinifdən təhsilini Şirvan Özəl Türk Liseyində davam etdirib. Hazırda 11-ci sinifdə oxuyur. Ailənin sonbeşiyi olan Hüseynin özündən böyük iki bacısı var. Ailəsində kimyaçı olmasa da, uşaq vaxtlarından təbiət elmləri ilə maraqlanıb və orta məktəbin yuxarı siniflərindən kimya fənnindən olimpiadalarda iştirak etməyə başlayıb. Kimya olimpiadalarında iştirak etməsi və yer tutması onun üçün stimul olub və bu fənni daha da dərindən öyrənməyə, daha çox məşğul olmağa başlayıb.
Sonuncu olimpiadada iştirakına gəlincə, dərs ilinin əvvəlində respublika daxilində olimpiada üçün seçmə imtahanın keçirildiyini dedi: "10 nəfərə yaxın şagird seçildi. Bizə 5 aya yaxın dərs keçirildi. Aprel ayının ortasında Mendeleyev olimpiadasında iştirak edəcək şagirdləri seçmək üçün yenidən imtahan oldu. 4 nəfər seçilərək Moskvaya olimpiadaya göndərildik”.
Ümumiyyətlə, beynəlxalq olimpiadalarda iştirak etmək, milli komandaya seçilmək üçün saatlarla, hətta bəzən hər gün 10 saata yaxın çalışıb: "Hazırlıq dövrü çox ağır olur. Təcrübi imtahan qruplarla olduğu üçün birlikdə işləməyi bacarmalıyıq. Bunun üçün bir çox təcrübələr etdik”.

"Həmişə qızıl almağı hədəfləyirəm”

Deyir ki, həyatda insanın mütləq məqsədi, hədəfi olmalıdır: "Nə olar olar” düşüncəsi ilə yarışlara qatılmaq çox yanlış düşüncədir və insanın məqsədsiz olmasını göstərir. Mən olimpiadalarda iştirak etməyə gedəndə həmişə qızıl almağı hədəfləyirəm”.
Olimpiadada bürünc medalla təltif edildiyini ona komanda rəhbəri və müəllimi İlqar müəllim deyib. Hüseynin sözlərinə görə, beynəlxalq olimpiadalarda bir neçə dəfə yer tutsa da, onların hər birinin öz yeri var: "Bu dəfə də sevincimin həddi-hüdudu yox idi. İlk dəfə sevincimi komanda yoldaşlarımla bölüşdüm. Çünki ən çox onlar nə qədər zəhmət çəkdiyimi bilirdilər. Növbəti olimpiadalarda qızıl medal alaraq ölkəmizin adı və bayrağının ən yüksək zirvədə olması üçün əlimdən gələni edəcəyəm”.
Hüseyn hesab edir ki, qazandığı uğurun cəmi 4 faizi onundur: "Qalan 96 faizi müəllimlərimin və valideynlərimin əməyidir. Çünki onların mənə dəstəyi, öyrənməyim üçün verdikləri motivasiya, müəllimlərin mənimlə birgə çalışması olmasaydı, bu yeri tuta bilməzdim”.

Hədəfim Massaçusets Texnologiya İnstitutunda oxumaqdır
Qeyd etdiyimiz kimi, Hüseyn olimpiadada qalib olandan sonra Rusiya və Türkiyədəki universitetlərdən orada təhsil alması üçün dəvət alıb. Amma hələ ki hansı universitetdə oxuyacağını seçməyib: "Yalnız onu bilirəm ki, tibb və ya əczaçılıq ixtisaslarını seçəcəyəm. Amma hansı ölkədə və hansı universitetdə oxuyacağımı hələ dəqiqləşdirməmişəm”.
Həm dövlət, həm də özəl məktəbdə təhsil alan müshaibimiz bu iki məktəb arasındakı fərqdən də danışdı: "Liseydə demək olar ki, bütün günümü müəllimlərim və sinif yoldaşlarımla keçirirəm, daha çox fikir mübadiləsi apara bilirik, bu yolla daha çox şey öyrənib dünyagörüşümüzü artırırıq”.
Gələcək hədəflərindən də söz açan Hüseyn ABŞ-da Massaçusets Texnologiya İnstitutunda təhsil almaq istədiyini bildirdi.
Lalə

banner

Oxşar Xəbərlər