AZE | RUS | ENG |

Nailiyyətləri göz qamaşdıran 18 yaşlı pəhləvan - Portret

Nailiyyətləri göz qamaşdıran 18 yaşlı pəhləvan - Portret
O, dünya güləş tarixində böyük iz qoya biləcək potensiala sahibdir

"Elə yaşdayam ki, fiziki-texniki göstəricilərimdən çox, psixologiyamın inkişafına diqqət ayırmalıyam. Çalışmalıyam ki, mənəvi dayanıqlığımı, soyuqqanlılığımı daha da möhkəmləndirim. Müasir idmanda böyük zirvələri fəth etmək üçün maksimum dərəcədə ağıllı olmaq lazımdır".
İlk baxışdan təcrübəli, təxminən 25-26 yaşlı bir idmançının dilə gətirdiyi fikir təəssüratı yaratsa da, müəllifinin cəmi 18 yaşı var. Təsadüfi deyil ki, o, bu yaşda güləşçinin qazana biləcəyi bütün titullara sahibdir.
Azərbaycan güləş məktəbinin son illər yetişdirdiyi ən perspektivli gənclərdən biri Turan Bayramovdan bəhs edirik.
Öncə şəxsi məşqçisi Abil İbrahimovun fikirləri ilə tanış olaq: "Ona hansısa tapşırığı bir dəfədən artıq başa saldığımı xatırlamıram. Qavraması əla səviyyədə idi. Heç vaxt güləşə ötəri həvəs kimi yanaşmayıb, ilk günlərdən böyük iddiaları olub. Məşqə başladığı bir ay olardı, ya olmazdı, deyirdi ki, mən ikiqat olimpiya çempion olacağam. Ümumiyyətlə, Turan çox fərqli uşaqdır. Tarixdə böyük iz qoyan güləşçilərə xas keyfiyyətləri var. Potensialı nə Toğruldan, nə də Hacıdan azdır".
 
 
Toğrul Əsgərovun izi ilə
 
Turan Rövşən oğlu Bayramov 2001-ci ildə Gəncədə dünyaya göz açıb. Orta təhsilinin ilk səkkiz ilini şəhər 39 saylı, qalan hissəsini isə 23 saylı orta məktəbdə alan Turan, idmançı yaşıdlarının çoxundan fərqli olaraq, dərslərini yaxşı qiymətlərlə oxuyub. Dəqiq fənlərə xüsusi həvəsi olsa da, humanitar fənlərdə də yoldaşlarına nümunə olub. Bayramovun idmandankənar keyfiyyətləri tək bununla məhdudlaşmayıb. O, bir ara rəsm dərslərinə də qatılıb. Güləşlə peşəkar tanışlığı isə 11 yaşına təsadüf edib. Bu, bir qədər gec yaş sayılsa da, o, 2012-ci ilə qədər müəyyən təcrübəyə sahib idi. Belə ki, bir neçə il güləşlə məşğul olan atası Rövşən bəy, erkən yaşlarından kiçik Bayramova bu növün "əlifba"sını öyrədib. Üstəlik, o, bir müddət aykido üzrə də hazırlıq keçib.
Turan güləşin sıralarına "Dinamo" İdman Cəmiyyətində qoşulub. Bir ilə yaxın burada hazırlıq keçdikdən sonra, atasının təşəbbüsü ilə "Təhsil" İdman Məktəbinə yazılıb. Rövşən bəy deyir ki, belə qərar verməsi birbaşa sözügedən məktəbin aparıcı mütəxəssisi, olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalovun adı ilə bağlı olub: "Elçin müəllim şəhərin ən yaxşı məşqçisi idi. Toğrula qədər də onun yetirmələri Gəncədə adla deyilirdi. Hər kəs onun necə güclü, tələbkar müəllim olmasından danışırdı. Əmin idim ki, mənim oğlum da onun yanında əsl pəhləvan kimi yetişəcək".
 
 
Avropada üçüncü, dünyada ikinci
 
Əsasən Abil müəllimin rəhbərliyi altında hazırlıq keçsə də, məşqlərinə Zeynalov da nəzarət edir. Belə bir mühitdə, onlarla titullu güləşçinin əhatəsində, tezliklə yarışlara hazır vəziyyətə çatır. Zona birinciliklərindən gələn qələbə soraqları bir-birini əvəz edir. Bu yarışlarda, adətən, özündən yaşca böyük həmkarlarını üstələyən Turan, cəmi 14 yaşında olarkən, yeniyetmələrin respublika birinciliyinin də qalibləri sırasında yer alır. Ardınca isə o, Yakutiyada baş tutan "Asiya uşaqları" idman oyunlarında 58 kiloqram çəkidə hamıdan üstün olaraq, ilk beynəlxalq nailiyyətini qazanır. Beləcə, yeniyetmələrdən ibarət yığmanın heyətində möhkəmlənən Bayramov, 2017-ci ildə qitə və dünya birinciliyində ölkəmizi təmsil etmək hüququna yiyələnir. Bosniya və Hersoqovinada keçirilən əsas qitə mücadiləsində gözləniləndən aşağı səviyyədə çıxış edib, üçüncü olan Turan, Yunanıstanda baş tutan dünya birinciliyində olduqca uğurlu güləş sərgiləyir. Belə ki, o, müvafiq olaraq, üz-üzə gəldiyi Qazaxıstan, İran, Türkiyə və Qırğızıstan güləşçilərinə bir xal da vermədən, finala vəsiqə qazanır. Burada yaponiyalı həmkarı Ryuto Sakaki ilə qarşılaşan Bayramov, cəmi bir xal fərqi ilə uduzur - 2-3.
 
 
Zirvədən zirvəyə
 
Növbəti il isə o, çəki dərəcəsini dəyişməli olur. Bunu doğuran səbəb isə Yeniyetmələrin Olimpiya Oyunları idi. İlk aylarda çəkisini artırmaqda ciddi problem yaşasa da, zaman keçdikcə, 65 kiloqrama uyğunlaşır. Olimpiada yolunda ilk beynəlxalq sınağını Türkiyədə təşkil olunan ənənəvi "Zəfər kuboku"nda verən Turan, keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq, yeni çəkidə də ölkənin "1 nömrə"si olduğunu nümayiş etdirir. Beləliklə, Əsgərxan Novruzovun rəhbərlik etdiyi məşqçilər korpusu məhz onu Makedoniyada baş tutan lisenziya xarakterli Avropa çempionatına aparır.
Əvvəldən axıradək keçmiş Sovet respublikalarının təmsilçiləri ilə qarşılaşan Bayramov, sonda arzulanan vəsiqəyə sahiblənir. Belə ki, o, əvvəlcə Ukrayna, ardınca Ermənistan, yarımfinalda Gürcüstan, finalda isə Rusiyadan olan rəqiblərinə seçim yeri buraxmayaraq, "köhnə qitə"ni olimpiadada təmsil etmək hüququ qazanır.
Dördilliyin əsas yarışından əvvəl isə yeniyetmə güləşçiləri dünya birinciliyi gözləyirdi. Əsas qitə mücadiləsindən cəmi iki ay sonra Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutan sözügedən yarışa, çəkisinin əsas favoritlərindən biri olaraq qatılan 17 yaşlı pəhləvan, ardıcıllıqla Səudiyyə Ərəbistanı, Ermənistan və İran güləşçilərini yolundan uzaqlaşdırır. Finalda rusiyalı həmkarının da müqavimətini qıran Turan, Buenos-Ayresə nəinki öz çəkisinin favoriti, Azərbaycan olimpiya yığmasının əsas "qızıl" ümidi kimi yola düşür.
Püşkün nəticəsinə əsasən, o, Yeni Zelandiya və Pakistan güləşçiləri ilə birgə "A" qrupunda yer alır. Okeaniya təmsilçisi Tahi Pehi Eynsli Uesterli ilə görüşün nəticəsini bilmək üçün altı dəqiqə gözləməyə gərək qalmırsa(10-0), İnayət Ullah da Turandan xal qopara bilmir(8-0). Bayramov sadəcə, finalda iranlı rəqibinə 1 xal "bağışlayır". Əvəzində, altı xal qazanan 17 yaşlı güləşçimiz, ilə möhtəşəm damğa vurur - Avropa, dünya və olimpiya çempionluğu! Bu, əzəmətli rekord, nailiyyətlərlə bol olan Azərbaycan güləşində yeni şanlı səhifə idi.
 
 
Böyüklər arasında ölkə çempionluğu!
 
Düşünmək olardı ki, bu, ilin son uğurudur. Bu qədər zəfər qazanan idmançı, çox güman, istirahətə yollanardı. Amma yox, o, son sözünü hələ deməmişdi. Dekabrda böyüklər arasında respublika çempionatına qatılan vunderkind, yenə də zirvəni hədəfləyib. İlk baxışdan buna nail olacağı müşkül görünsə də, Turan bütün planlarda yarışa tam hazırdır. Bu da nəticə: Bütün təcrübəli rəqiblərini sıradan çıxaran gənc, finalda 23 yaşlılar arasında dünya çempionatının gümüş mükafatçısı Əli Rəhimzadəni də xalçadan məyus yola salır. Beləcə, on yeddi yaşlı Bayramov ölkənin ən güclüsüdür!
 
Üçqat dünya çempionu ilə rəqabətdə
 
Bununla da, böyüklərdən ibarət yığmamızın heyətinə cəlb olunan Turan, ilk beynəlxalq sınağını 23 yaşadək güləşçilərin Avropa çempionatında verəcək. Martın 4-dən 10-dək Serbiyanın Novı Sad şəhərində baş tutacaq mötəbər yarışla bağlı qəhrəmanımız yetərincə nikbin danışır. Hədəfi isə dəyişməzdir: "Sadəcə, çempionluq haqqında düşünürəm. İnanıram ki, bunu da bacaracağam".
Sözügedən yarışda özünü ən yaxşı tərəfdən göstərəcəyi təqdirdə, həm də Tokio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda ortaya qoyduğu iddianın da əbəs olmadığını nümayiş etdirəcək. Mübarizə apardığı çəkidə Hacı Əliyev kimi dünya şöhrətli pəhləvan yer alsa da, o, ümidini bir an da olsun, itirmir. Hətta dediklərinə əsasən, belə qənaətə gəldik ki, Əliyevdən ümumiyyətlə, çəkinmir. İstənilən halda, üçqat dünya çempionumuz ehtiyatlı olmalıdır. 
 
 
Saytiyevlə bənzərlik
 
Abil İbrahimov başda olmaqla, bir çox mütəxəssislər güləş tərzinə görə onu, əfsanəvi Buvaysar Saytiyevin kiçik qardaşı, Sidney olimpiadasının qalibi Adam Saytiyevə bənzədirlər. Bu da təsadüfi deyil. Belə ki, Turan güləşdə addım atdığı ilk vaxtlardan bu günə qədər, daim onun görüşlərinin videoyazılarını izləməklə, texnikasını mənimsəyib. Odur ki, Bayramovun kumirinin kim olduğunu qeyd eləməyə də lüzum yoxdur.
 
"İkiqat olimpiya çempionu olsam..."
 
Yanvarda 18 yaşını tamamlayan Turan, karyerasını 27 yaşına qədər davam etdirməyi düşünür: "27 yaşa qədər arzularımı gerçəkləşdirib, karyeramı bitirmək istəyirəm. Çünki həyatda hər şeyin öz yeri və vaxtı var. Yox, əgər o vaxta qədər ən böyük arzuma çatıb ikiqat olimpiya çempionu olsam, yəqin ki, üçüncü titula görə fikrimi dəyişərəm".
Güləşdənkənar maraqları elə idmanla bağlıdır. Futbol, basketbol, stolüstü tennis yarışlarını izləməyi sevən Turan, imkan düşdükcə, hər üç növdə öz məharətini də göstərir.
 
 
Portret
Bayramovun 18 yaşa sığdırdığı nailiyyətlər, sözün əsl mənasında göz qamaşdırır. İstənilən idmançı ona qibtə edə bilər. Bəs görəsən, onun "uğur resepti"ndə nələr yer alır? Çox düşünməyə gərək yoxdur: Fitri istedad, böyük zəhmət, sonsuz inam və arzuları maksimum şəkildə həyata keçirməyə zəmin yaradan mənəvi dayanıqlıq.
Sadalananların vəhdət təşkil etməsində bacarıqlı mütəxəssis işinin də rolu danılmazdır. Biz də qərara gəldik ki, son nöqtəni elə Abil müəllimin fikirləri ilə qoyaq: "Turan indiyə qədər nə söz veribsə, hamısını tutub. Buna görə də zaman keçdikcə, özüm də onun ikiqat olimpiya çempionu olacağına inanıram".
 
Sahib

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815