• çərşənbə axşamı, 19 mart, 15:47
  • Baku Bakı 8°C

“Qazancım bir köynək və bir şala çatdı” - Keçmişdəki mən

25.01.19 12:00 2222
“Qazancım bir köynək və bir şala çatdı” - Keçmişdəki mən
"Mənim gənclik illərim 80-ci illərə təsadüf edib. O dövrdə biz SSRİ-nin tərkibində idik. Dövlətin ideologiyası başqa, mühit tamamilə fərqli idi. O dövrün özünəməxsus zövqləri, baxışı var idi. Ümumilikdə götürsək, bu gün gənclərimiz o dövrün ənənələrini davam etdirir. Vətənpərvərlik, elmə maraq, böyüyə-keçiyə olan hörmət indi də var”. Bu sözləri bizimlə söhbətində millət vəkili Aydın Hüseynov söylədi. Bu dəfə millət vəkilinin keçmişinə qiyabi səfər etdik.
Müsahibim Tovuz rayonunun Çataq kəndində beş uşaqlı ailədə dünyaya göz açıb: "Üç bacı, iki qardaş olmuşuq. Atam sürücü idi, anam isə kəndimizdəki orta məktəbdə əmək təlimi dərsi keçirdi. Bizim kənd dağların qoynunda yerləşən gözəl və balaca bir yerdir. Təxminən 60-a yaxın ev olan bu kənddə böyüyən hər kəsin uşaqlığı demək olar ki, eyni xatirələrlə yadda qalıb. Mən də öz uşaqlığımı o dağların qoynunda xatırlayıram. Qış aylarında elə gözəl qar yağırdı ki... İndi ən çox o qarın həsrətini çəkirəm. Uşaqlarla yorulub əldən düşənə qədər qartopu oynayırdıq. Yayın gəlişini də həsrətlə gözləyirdik. Əslində, hər kəsin uşaqlıq illəri maraqlı keçir, amma məncə, kənd yerinin uşaqlığı daha gözəl olur. Kəndimizdə əksər ailələr əkinçiliklə məşğul olurdu. Biz elə o illərdən özümüzü zəhmətə öyrəşdirmişdik. Kənddə hər bir uşaq təsərrüfat işləri ilə məşğul olurdu. Odun yarmaq, qoyun-quzu otarmaq uşaqların başlıca vəzifəsi idi. Hər bir ailənin fərdi təsərrüfatı var idi. Əksər ailələr kartof əkib-becərirdi. Bu işlərdə biz də valideynlərimizə kömək edirdik. Hamı öz üzərinə düşən vəzifəni bilirdi. Bu, bizim fiziki inkişafımıza müsbət təsir edirdi”.

"Kənddə hamı bir-birini tanıyırdı”
Həmsöhbətim orta məktəbi fərqlənmə ilə başa vurub: "Bizim vaxtımızda dərsə, elmə böyük həvəs var idi. Təkcə bizdə deyil, kənddəki bütün ailələr uşaqlarının təhsilinə ciddi fikir verirdilər. Müəllimlərimiz tərbiyəmiz, dərslərimizlə maraqlanmaqla yanaşı, bizə həm də həyat dərsi keçirdilər. Məktəbdə nümunəvi şagirdlərdən idim. Hələ məktəb illərində müxtəlif ictimai işlərlə məşğul olurdum. Dram dərnəklərində tez-tez müxtəlif əsərlər səhnələşdirirdik. Bu, hamı tərəfindən böyük maraqla qarşılanırdı. O vaxtı kənddə televiziya tutmurdu, evlərdə radioya qulaq asılırdı. Radio bizim ailəmizin bir üzvü idi. Bizim kənd balaca olduğundan orada hər kəs bir-birini yaxşı tanıyırdı. Böyüyə-kiçiyə hörmət var idi. Hamı kimi bizim də dəcəllik etdiyimiz vaxtlar olub. Bəzən hətta dərslərdən də qaçırdıq. Məktəbimizin direktoru rayonda həm bir pedaqoq, həm bir şəxsiyyət kimi böyük nüfuzu var idi. O, mənim valideynlərimə də dərs keçmişdi. Böyük Vətən müharibəsinin iştirakçılarından idi. Məktəbdə elə nizam-intizam yaratmışdı ki, hər kəs qaydalara əməl edirdi. Bəzən bu ciddilikdən şikayət etsək də, indi bunun əhəmiyyətini dərk edirəm. Dövrünə görə məktəbimiz çox yaxşı təchiz olunmuşdu. Kimya, fizika laboratoriyalarımız var idi. Təmizliyə xüsusi riayət edilirdi. Hətta universitet illərində oxuyarkən zibili cibimdə saxlayırdım ki, zibil qabına atım. Bu, hamıya qəribə gəlirdi. Bu vərdiş bizə məktəbdən qalmışdı. Məktəbdə oxuyarkən komsomol katibi idim. Məktəbin ictimai işləri yaxından məşğul olurdum. Bunun mənə sonradan böyük faydası oldu. İşlərimi planlaşdırmağımda məktəbdə qazandığım vərdişlər mənə çox kömək etdi”.

"Bakıda kirayə qalırdım”
1979-cu ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olan həmsöhbətim deyir ki, əslində, tarix üzrə təhsil almaq istəyirmiş: "Amma qismət belə gətirdi. Məndən böyük bacım bizdən əvvəl Bakıya gəlmişdi. Sonradan mən və əkiz bacım da universitetə qəbul olduq və Bakıya gəldik. Bakıda kirayədə yaşayırdıq. Tələbəlik illərimiz çox maraqlı keçib. Dərs başlayandan 20 gün sonra bizi bir aylıq Neftçalaya pambıq yığmağa apardılar. Orada olduğumuz müddətdə biz bir-birimizi daha yaxından tanıdıq. Çünki iş prosesində insanın yoldaşlarını daha yaxından tanıma imkanı olur. Birinci kursun sonunda bizi Rusiyanın Krasnodar şəhərinə apardılar. Orada qalmaq üçün yer də vermişdilər. Qaldığımız yerdə açılıb-yığılan dəmir çarpayılar var idi. Onların əksəriyyəti sınıq olduğu üçün özümüzə yerdən döşək salmalı olduq. Orada olduğumuz iki ay dünyagörüşümüzün artmasına xeyli təsir etdi. Çünki təsərrüfatı idarə etməyi tələbələrə tapşırmışdılar və biz əsl iş rejimini orada öyrəndik. Həmin tələbə yoldaşlarımla indi də əlaqələrimiz var. Tez-tez görüşür, məclislərdə bir yerə yığışırıq”.
Millət vəkili deyir ki, qazandığı ilk gəliri ilə özünə köynək, anasına isə yaylıq alıb. Deyir ki, o pul bu ikisinə ancaq çatıb: "Krasnodarda işlədikdən sonra qatarla Bakıya qayıtdıq. Bir-bir adlarımızı çağırmağa başladılar. Təəccübləndik ki, görəsən, bizi niyə çağırırlar? Sən demə, zəhmətimizin qarşılığında pul verəcəklərmiş. Gedib əməkhaqqı cədvəlinə qol çəkdik. O gün bizim sevincimizin həddi yox idi. Rəhbərlik fikirləşib ki, pulu orada versələr, Bakıya çatmamış xərcləyəcəyik. Bu, mənim ilk qazancım idi. Həmin pula özümə "Merkuri” adlanan köynək almışdım. O köynək mənim üçün çox əziz idi. Qalan puluma isə anama şal aldım. Səmimi desəm, qazancım elə bir köynək və bir şala çatdı”.

"Saat neçədir?”
Universiteti bitirdikdən sonra üç ay Ermənistanın Gümrü şəhərində müvəqqəti hərbi kurs keçən millət vəkili söylədi ki, universitetdə hərbi dərsləri keçdiklərinə görə hərbi xidmətə çağırılmayıb: "Həmin üç ay ərzində biz əsgəri xidmətin bütün tələblərini yerinə yetirirdik. Bundan sonra, imtahan verib zabit olmalı idik deyə, nümunəvi olmağa çalışırdıq. Hərbi xidmət başa çatdıqdan sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda riyaziyyat laboratoriyasında çalışmağa başladım. Bu, mənim ilk iş yerim idi. Orada kimyəvi proseslərin riyazi modellərini qururduq. Orada elm adamlarının mühitinə düşdüm, elmin fanatları ilə birgə işlədim. Bir müddət sonra komsomol xətti ilə Qaradağ rayonunun komsomol komitəsində, indiki Ələt qəsəbəsində azad komsomol katibi oldum. Eyni zamanda, imtahan verib İqtisad Universitetində qiyabi təhsil almağa başladım. Çünki iqtisadiyyata çox marağım var idi. Bu, elə bir dövrə təsadüf edirdi ki, artıq Qarabağda döyüşlər başlamışdı. 20 Yanvar hadisələri vaxtı Bakıda idim. O hadisələrin hamısını canlı şahidi oldum. Həmin ərəfədə Qaradağ rayonu ölkənin siyasi məkanına çevrilmişdi. Çünki İlham Əliyev 1995-ci ildə öz namizədliyini bu rayondan verdi və deputat oldu. Bir dəfə İlham Əliyevin iştirak etdiyi konfransı mən aparırdım. Çox həyəcanlı idim və yəqin ki, o, bunu hiss etmişdi. Qəfil məndən soruşdu ki, saat neçədir? Mən saata baxdım və vaxtı dedim. Elə bununla da özümə gəldim. Bir az keçəndən sonra gördüm ki, İlham Əliyevin qolunda saat var. Sən demə, o, məndən həyəcanımın keçməsi üçün vaxtı soruşub. Mənə desəydi ki, özünə gəl, həyəcanlanma, əksinə, daha çox həyəcanlana bilərdim. Bu hal zalda hər kəsə aydın olardı”.

"Hər dövrün öz tələbi var”
A.Hüseynov deyir ki, insan gənclik illərindən bir amal, məqsəd uğrunda vuruşmalıdır: "Bəzən deyirlər ki, bizim vaxtımızda hər şey daha gözəl idi, indiki gənclər yaxşı deyil. Şəxsən mən bu fikrin tərəfdarı deyiləm. Gənclərimizin çoxu kifayət qədər intellektli və dünyagörüşlüdür. Hər dövrün öz gənclik illəri olur. Bunları müqayisə etmək düzgün deyil. Mənim gənclik illərim 80-ci illərə təsadüf edib. O dövrdə biz SSRİ-nin tərkibində idik. Dövlətin ideologiyası tamam başqa, mühit tamamilə fərqli idi. Bunu indiki dövrlə müqayisə etmək məncə, kökündən yanlışdır. Bizim dövrümüzün özünəməxsus zövqləri, baxışı var idi. Ümumilikdə götürsək, bu gün gənclərimiz o dövrün ənənələrini davam etdirir. Vətənpərvərlik, elmə maraq, böyüyə-keçiyə olan hörmət indi də var. Gənclik illərində insan bir məqsəd uğrunda vuruşur. Bu, əvvəl də belə idi, indi də. Bizim vaxtımızda mobil telefonlar, kompüterlər yox idi. Amma biz də öz dövrümüzün tələbinə uyğunlaşmışıq. Bu gün gənclərimiz xalqımızı, dövlətimizi uğurla təmsil edir. Əksəriyyət çox böyük uğurlara imza atıb. Üç-beş nəfərə görə indiki gənclərə pis deyə bilmərik. Belələri bizim vaxtımızda da var idi”.
Müsahibim deyir ki, ilk sevgi hər kəsin həyatında olur: "Bu hiss tez gəlir və tez də keçib gedir. Çox vaxt biz onun sevgi olduğunu dərk edə bilmirik. Müəyyən yaş dövründən sonra bu haqda danışmaq da mənasızdır. Mən insanın alnına yazılan taleyə inanıram. 30 yaşımda qarşılıqlı sevgi əsasında ailə qurdum. Bu mənada özümü xoşbəxt insan hiss edirəm. Bir qız və bir oğul atasıyam. Oğlum əsgərlikdən yenicə qayıdıb. Qızım isə magistr pilləsi üzrə təhsil alır. Qızım diqqət və qayğını çox sevir. Bu mənada oğlumun xarakteri təmiz fərqlidir. Çalışıram ki, əlimdən gəldiyi qədər onlara vaxt ayırım”.
Sonda millət vəkili gənclərə öz tövsiyəsini də verdi: "Əslində, gənclər özü hər şeyi bizdən daha yaxşı bilir. Amma son illər oğlanların əksəriyyəti saqqal saxlayır. Bunun fəlsəfəsi mənə çatmır. Məncə, təmizlik insanın gözəlliyidir. Ötəri həvəs kimi bunu etmək olar, amma davamlı şəkildə saqqal saxlamağı anlamıram. Onlara tövsiyə edərdim ki, bundan imtina eləsinlər”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər