• cümə, 29 Mart, 04:28
  • Baku Bakı 7°C

Qazanan vətəndaşlar olacaq

15.01.15 09:52 1373
Qazanan vətəndaşlar olacaq
Prezident İlham Əliyev srağagün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanda qeyd olunub ki, təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Eyni zamanda fərmanda Nazirlər Kabinetinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər də verilib.
Fərmandan irəli gələn məsələləri “Kaspi”yə şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, sözügedən sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlərini müəyyənləşdirilib. Onun sözlərinə görə, bundan sonra 2004-cü ilin 29 iyun tarixinə kimi alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır: “Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman “belə təhlükəli zonalarda” yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur. Sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasında aparılacaq. Sənəddə əhəmiyyətli məqamlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinə verilən tapşırıqlardır. Belə ki, Komitə tərəfindən birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı sahənin faktiki göstəriciləri əsasında aparılacaq. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu isə o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20, amma reallıqda 25 kvadratmetrdirsə o zaman reyestrdə real ölçülər qeydiyyatdan keçəcək”.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə gəlincə, V.Bayramov bura hətta 1948-ci ildən bu günə kimi vətəndaşlara verilən bir çox sənədlərin daxil edildiyini bildirib: “Əgər hansısa vətəndaşın evi 2004-cü il iyun ayının sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa, o zaman mülk sahibində olan və fərmanda qeyd edilən sənədlər ilə onu rəsmiləşdirə və dövlət qeydiyyatına daxil etdirə bilər. Bu isə o deməkdir ki, fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq. Bütövlükdə bu fərmandan qazanan tərəf daha çox vətəndaşlardır. Vətəndaşlar öz mülkiyyət hüquqlarını təsbit edə, rəsmiləşdirə biləcəklər. Bu da onların mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınması deməkdir. Eyni zamanda, dövlət və bələdiyyə qurumları da bundan faydalanacaqlar. Bələdiyyələr bu əmlakları vergiyə cəlb edə biləcək. Bu isə bələdiyyələrin büdcəsinin artmasına səbəb olacaq. Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi sayəsində dövlət qurumları da mülkiyyət sahibləri ilə daha sivil müstəvidə əməkdaşlıq edə biləcəklər”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev də Prezidentin fərmanı ilə sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesinə yaşıl işıq yandırıldığını söyləyib. O, bunu çox müsbət addım kimi dəyərləndirib: “Fərman imzalanana qədər məmurlar deyirdi ki, bu problemin həlli çox mürəkkəbdir, Qanun olmalıdır, problemin həll ilə bağlı mexanizmlər tapılmalıdır və sair. Amma indi məlum oldu ki, bu, mümkün imiş. Sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlarımız üçün çox mühümdür. Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta sahə müvəkkili belə, onun mənzilini sökdürə bilər. Hətta bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət elədiyini bir neçə tanışımın ailəsində görmüşəm. Digər tərəfdən, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini daha da yaxşılaşdırsınlar. Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlərin satışını demək olar ki, mümkünsüz etmişdi. Yəni, Prezidentin fərmanı, orada nəzərdə tutulan addımlar cəmiyyətə istənilən halda xeyir verəcək. Fərman yalnız magistral infrastruktur xətləri (dəmir yolu, su-kanalizasiya xətləri, qaz və elektrik xətləri) üzərində inşa olunan və neft torpaqlarında tikilən evlərin sənədləşdirməsini istisna edir. Aparılan araşdırmalar göstərir ki, bu qəbildən olan evlər sənədsiz mənzillərin yarısından da azdı. Yəni əgər, indiki mərhələdə mülkiyyət sənədi olmayan hər 100 evdən ən azı əllisi üçün bu imkan yaranıbsa, başlanğıc üçün çox yaxşıdır”.
R.Ağayev deyib ki, bu fərmana qədər Bakı, Abşeron, Sumqayıtda minlərlə ev hər hansı magistral xətt üzərində, neft ərazisində olmasa da, həmin evlərin sənədləşdirilməsi mümkün olmayıb. Ekspertin fikrincə, buna bir səbəb də daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8-ci maddəsində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün çox məhdud (cəmi 3-4) sənəd müəyyən edilməsi olub. Hazırkı fərmanla isə siyahı tam müəyyən edilib: “Məsələn, 1992-ci ilin yanvarın 1-dək yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydlərinin hüquq əsas sayılması üçün bir çox hallarda vətəndaşlar məhkəmələrdə sürünməli olurdu. İndi bu tip sənədləri Reyestr Xidməti sözsüz-söhbətsiz qəbul etməlidir. Amma vətəndaşlar onu da bilməlidirlər ki, bu fərman çoxmərtəbəli binalara aid deyil. Yeni tikilən çoxmərtəbəli binaların qeydiyyata alınması onların istismara qəbulunun aparılmaması ilə bağlıdır. Bu isə tamamilə ayrı problemdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər