AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qaz-işıq üzünə həsrətik”

“Qaz-işıq üzünə həsrətik”

Təfsilat
07 Mart 2013, 09:48 1478
Bakının mərkəzə yaxın olan bir ərazisindən artıq ikinci dəfədir ki, yazmaq məcburiyyətindəyik. Söhbət Sabunçu rayonu, Şəhər şossesi, Mədən-2 (indiki Elşən Mehdiyev) ünvanından gedir. Qəzetimizin ötən saylarından birində həmin ünvanda yaşayan sakinlərin yol problemi ilə bağlı şikayətlərini işıqlandırmışdıq. Məlum olmuşdu ki, ərazidə yollar bərbad haldadır və orada yaşayanların haqq səsini eşidən yoxdur. Biz də problemin kökünü axtarmaq üçün “Azəryolservis” ASC-dən tutmuş, Bakı Şəhər İcra Hakimiyyətinə qədər müraciət etdik. Sonuncudan sakinlərin rəsmi məktubla müraciət etməli olduğu bildirildi.

Yeri gəlmişkən, sakinlər müraciət ediblər və hazırda cavab gözləyirlər, həm də ümid edirlər ki, ən azı prezident seçkilərinədək, olmasa da, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarınadək yolları düzələcək. Sonuncu məsələyə onlarda ümid yaradan isə odur ki, məhz həmin olimpiya oyunlarınadək tikilib başa çatdırılması ölkə başçısı tərəfindən tapşırılan 60 minlik stadion 2-ci Mədən küçəsinin yaxınlığında yerləşir. Elə hazırda üzləşdikləri işıq-qaz problemi ilə bağlı da əhali qarşıdan gələn prezident seçkilərinə ümid edir.

Bəs problem nədən ibarətdir? Həmin küçənin sakini Şəfiqə xala deyir ki, Mədən-2 küçəsinin sakinləri olaraq bu soyuq qış günlərində olduqca ciddi çətinliklər yaşayırlar: “Həyətyanı sahələrdə yerləşən evlərimizin istiliyi qaz və elektrik enerjisi ilə təmin olunur. Lakin artıq aylardır ki, mavi yanacaq və enerji üzünə, demək olar ki, həsrətik. Mənzillərimizə verilən təbii qazın təzyiqi o dərəcədə zəifdir ki, bir çaynik çayı qaynatması üçün saatlarla vaxt lazım olur.

Belə olduğu halda, həmin qazdan heç istilik üçün də istifadə etmək imkanımız yoxdur. Elektrik enerjisinə gəldikdə isə, küçəmizdə sanki hələ də 90-cı illərdir. Olduqca zəif, şam işığı səviyyəsində olan elektrik enerjisi heç nəyə yaramır, hətta evlərimizin işıqlandırılmasına belə”. Şəfiqə xalanın sözlərinə görə, elektrik enerjisi verildiyi halda, evlərində şam da yandırırlar: “Yoxsa evdə uşaqlar ağlaşırlar ki, qaranlıqdı”.

Həmin küçənin digər bir sakini Yusif kişi isə deyir ki, axşamlar xəbərlərə baxmaq üçün qonşu Zabrat qəsəbəsində yaşayan oğlunun evinə gedir: “Azərbaycan neft ölkəsidir və enerji ixracatçısıdır. Ölkəmiz günü-gündən inkişaf edir, hər bir sahədə güclü təkamülün şahidiyik. Belə bir zamanda paytaxtda, həm də mərkəzə çox yaxın bir ərazidə bizim kimi şəraitdə yaşayanların olması bu inkişafa kölgə salır”.

Həbibə ABDULLA